Üzərrix (Büt.ş.) – üzərrik. “Dərman məqsədilə üzərriyin həm otundan, həm də toxumlarından istifadə olunur” [30, s.90].
Üşyarpax (C.) – meniant. Çoxillik bitki olub, yerlə sürünən kökümsov gövdəyə malikdir. Yumurtavari yaşıl yarpaqları üç-üç yerləşdiyindən üçyarpaq adlandırılır. “Müasir tibdə meniant (üçyarpaq – T.Q.) yarpağından dəmləmə tinstura və qatı ekstrakt şəklində, eləcə də, bir sıra başqa Qalen preparatlarının tərkibində iştahartırıcı, həzm prosesinin yaxşılaşdırıcı dərman kimi istifadə olunur” [77, s.77].
Ciyirtkan (Büt.ş.) – gicitkən. Dalayıcı tüklərə malik olan tünd yaşıl yarpaqlı, qollu-budaqlı bitkidir. Gicitkən ənov (qarın ağrısı), yel xəstəliklərinə xeyirdir. Dəmlənib içilir, duzla ovulub yeyilir.
Çilədağ (Büt.ş.) – quraqlıq düzənlikdə bitir. Kökü iri turpa bənzəyir. Kökündən məlhəm şəklində bərk yaraları, əyri bitmiş sınıq, qırıqları yumşaltmaq, bişirilməsi isə qadın xəstəliklərini müalicə etmək məqsədilə işlədilir.
Çobanyastığı (Əks.ş.) // çobanəppəyi (Q., Cava.) – uzun saplaqlar üzərində yerləşən səbətşəkilli xoş iyli çiçəkləri olur. Çəmənliklərdə bitir. Çiçəkləri yığılıb yeyilir. Dərman məqsədilə elmi təbabətdə istifadə edilir.
Cırtaquş (Büt.ş.) – zoğları qaynadılıb safraya (tez-tez sıfraq etməyə) qarşı müalicə məqsədilə içirdilir. Kolu yandırılıb külü yağla qarışdırılaraq sarıyaraya (yara adı) sürtülür.
Halğaduzu (Büt.ş.) – dəmirov, ziyil (dəri xəstəlikləri) xəstəliklərinin müalicəsində istifadə olunur. “Azərbaycan dilinin dialektoloji lüğəti” kitabında səhvən “halağaduzu” kimi verilmişdir [20, s.418].
Həmərsün // itburnu (Büt.ş.) – kol bitkisidir. May-iyun aylarında ətirli ağ, surəngi güllər açır. Meyvəsi payızda yetişir. Böyrəkdaşına qarşı müalicəvi əhəmiyyəti vardır. Yetişmiş meyvələri dəmlənib içilir, mürəbbəsi bişirilib yeyilir. Meyvələri elmi təbabət üçün tədarük edilir.