PEYĞƏMBƏRLƏR – NÜBÜVVƏTİN İSMƏTİ
İnsanlar arasında ilahi peyğəmbərlərin zahir olması əvvəlki fəsildə qeyd olunan vəhy nəzəriyyəsini bir daha təsdiqləyir. Çünki ilahi peyğəmbərlər vəhy və nübüvvət iddiası edərək öz risalətləri üçün qəti və yetərli höccətlər gətirmişlər; ilahi dinin “ilahi xoşbəxtlik qanunu”ndan ibarət olan maddələrini xalqa təqdim etmiş və onların ixtiyarında qoymuşlar. Vəhy və nübüvvət qüvvəsi ilə yaraqlanan peyğəmbərlər hər bir zamanda zahir olmuşlarsa, onların sayı bir, yaxud bir neçə nəfərdən artıq olmamışdır; Allah sair insanların hidayətini Öz peyğəmbərlərinə verdiyi tə`lim və də`vət mə`muriyyəti ilə təkmilləşdirib sona çatdırmışdır.
Buradan aydın olur ki, ilahi peyğəmbərlər ismət sifətinə malik olmalıdırlar. Yə`ni, Allah tərəfindən vəhyin alınmasında, onun saxlanılmasında və xalqa çatdırılmasında səhvdən, xətadan uzaq olub günah etməməlidir (qanunu pozmamalıdır). Çünki qeyd olunduğu kimi, vəhyin alınması, qorunması və xalqa çatdırılması təkvini hidayətin üç əsas sütunudur və təkvin aləmində xətaya yol verilməsinin heç bir mə`nası yoxdur.
Qeyd etmək lazımdır ki, öz təbliğ və də`vətlərinin əksinə gedərək günah etmələri onların də`vət və məqsədlərinin ziddinə olan bir əməl olardı; camaat arasında e`tibar və e`timadın əldən verilməsi ilə nəticələnər, bundan əlavə də`vətin düzgün olmasını, onun hədəf və məqsədini puça çıxarardı.
Allah-taala Öz kəlamında peyğəmbərlərin ismət məqamına işarə edərək buyurur:
“Biz peyğəmbərləri Öz tərəfimizə doğru topladıq (onlar Bizdən başqasına sitayiş etmir, Bizdən başqasının əmrinə tabe olmurdular) və Biz onları düz yola çatdırdıq.”1
Başqa bir ayədə isə belə buyurur:
“Qeybi bilən yalnız Odur və Öz qeybini peyğəmbərlərindən – bəyəndiyi şəxslərdən başqasına agah etməz. Bu halda onun (peyğəmbər, yaxud vəhyin) arxasından və önündən kamil nəzarət qoyur ki, onlar öz ilahi peyğamlarını çatdırsanlar.”2
Dostları ilə paylaş: |