Klinika. Talassemiya müxtəlif klinik əlamətlərlə xarakterizə olunur. Bəzi xəstələrdə simptomsuz, bəzilərində yüngül anemiya kimi, digərlərində isə ağır klinik əlamətlərlə müşahidə oluna bilər. Xəstəlik kodominant autosom yolla irsə verilir. β talassemiya iki formada olur: a) homoziqot β talassemiya-talassemiya geni mutant gendaşıyıcı olan hər iki valideyndən irsi olaraq verilir.b) heteroziqot β talassemiya- talassemiya geni bir valideyndən irsi olaraq verilir.
β talassemiyanın klinik formalarının təsnifatı xəstəliyin simptomlarının ağırlığına əsasən təyin edilir.
1.Böyük βtalassemiya-homoziqot halda olur (Kuli anemiyası-thalassemia major).
2.Aralıq β talassemiya (thalassemia intermedia) homoziqot bəzən də heteroziqot olur.
3.Kicik β talassemiya (thalassemia minor)-heteroziqot xəstələrdə müşahidə edilir.
4.Minimal β talassemiya (thalassemia minima)-heteroziqot xəstələrdə müşahidə edilir.
Homoziqot β talassemiya-thalassemia mayor. Klinik əlamətlər xəstənin 1 və ya 2 yaşında aşkar olunur. Altı aydan kicik uşaqlarda adətən xəstəlik əlamətsiz kecir, çünki bu dövrdə qanda fetal hemoqlobinin miqdarı cox olur. 3-6 aydan başlayaraq γ zəncirin sintezi dayanır və A hemoqlobinin tərkibinə daxil olan β zəncir sintez olunmağa başlayır. Talassemiyada β zəncirin sintezi pozulduğu ucunγ zəncirin sintezi davam edir. Artıq miqdarda olan αzəncir eritrositlərdə toplanır və onların yaşama müddətini 7-22 sutkaya qədər qısaldır.
Xəstəlik zamanı dalaq çox böyüyür, dəri örtükləri, selikli qişalar kəskin avazıyır və sarımtıl-boz torpaq rəngində olur. Sümük iliyində qanyaranmanın kəskin hiperplaziyası skelet dəyişikliyinə, ekstramedulyar hemopoezin yaranmasına, hemoxromatoz, hepato-splenomeqaliya və dərinin piqmentasiyasına gətirib çıxarır. Yaranan hemoxromatoz xəstəliyin patogenezində vacib rol oynayir. Onların həyat keyfiyyətinə, xəstəliyin proqnozuna təsir edir. Xəstələr ücün kvadrat qülləvarı kəllə, almacıq sümüklərinin önə çıxması, göz yarığının daralması, diş və çənənin patologiyası xarakterdir. Rentgen müayinəsində kəllənin süngər maddəsi qalınlaşmış olur. Xəstələr üçün “tüklü kəllə” yaxud, “iynəli periostoz” simptomu xasdır. Uşaqlarda fiziki və cinsi inkişaf zəifləyir, boylari qısa olur, infeksiyaya qarşı müqavimət azalır.
Xəstələrdə anemiyanın səviyyəsi də müxtəlif olur. Homoziqot talassemiyada hemoqlobin 30 q/l-dən az olur, eritrosit və hematokritin səviyyəsi aşağı düşür. Eritrositlərin hipoxromiyası, mikrositoz, morfoloji olaraq anizositoz, hədəfvari hüceyrələr, eritrositlərin bazofil punktasiyası aşkar olunur. Hədəfvari hüceyrələr talassemiya ücün patoqnomik əlamət deyil. Çünki az miqdarda belə hüceyrələr dəmir defisitli anemiyada, splenektomiyadan sonra və qurğuşun zəhərləmələrində də olur. Eritrositlərin orta həcmi (MCV) və eritrositlərdə hemoqlobinin orta tutumu (MCH) azalır. Retikulositlərin miqdarı artır (2,5-4%). Leykosit və trombositlərin miqdarı norma həddində olur və ya az miqdarda artır.
Eritrositlərin osmotik rezistentliyi artır. β talassemiya üçün qeyri-düz bilirubinin artması xarakterdir. Eritrositlərin yaşama müddəti qısalır. Hiperbilirubinemiyanın əsas səbəbi sümük iliyində çox miqdarda tərkibində hemoqlobin olan eritrokariositlərin parçalanmasıdır. Zərdabda dəmirin səviyyəsi yüksəlir, ferritin artır. Sümük iliyində isə sideroblastların miqdarı çoxalır.
Homoziqot variantın ən ciddi ağırlaşmalarından biri dəmirin orqanizmdə toplanmasıdır. Dəmir orqanizmə hemotransfuziya olmasa da toplanır, transfuziyalar zamanı isə iki qat toplanır.
M.İ.Pippard (1979) göstərir ki, homoziqot talassemiyada dəmirin sorulmasının tənzimlənməsi pozulur. Transfuziyasız 2-5 qrama qədər, transfuziya almış xəstələrdə isə 5-10 qrama qədər dəmir toplanır. Dəmir artıqlığı zamanı transferrin dəmirlə tam doyur və plazmada transferrinlə birləşməyən dəmir fraksiyaları yaranır. Bu isə sərbəst hidroksil radikalların əmələ gəlməsinə və toxumaların zədələnməsinə səbəb olur. Orqanizmdə antioksidant fermentlərin olmasına baxmayaraq (katalaza, qlütationperoksidaza) onlar da dəmirin artıqlığı zamanı toxumaları zədələnmədən qoruya bilmirlər. Dəmirqovucu preparatlar almayan xəstələrdə tədricən qara ciyər, daxili sekresiya vəzləri zədələnir.
Çox miqdarda dəmirin ürəyə toplanması nəticəsində hipertrofiya, miokardın yığılma qabiliyyətinin pozulması, aritmiya, hissəvi və ya tam blokada, ürək liflərinin degenerasiyası, nadir halda fibrozu yaranır. Xəstələrin yaşama müddəti ürəyin dəmirlə yüklənmə dərəcəsindən asılıdır. Əgər xəstə dəmirqovucu preparatlar almırsa, bu zaman qaraciyərin sirrozu həyatın ilk 10 ilində yaranır. Hepatositlər də ürək əzələsi kimi transferrinlə birləşməyən dəmiri udur. Bəzən bu prosesə transfuziya zamanı xəstəyə ötürülən hepatiti C, B də qoşulur. Qara ciyərin sirrozu böyük β talassemiyada ölümün əsas səbəblərindəndir.
Homoziqot β talassemiyada endokrin sistemdə hemoxromatozun inkişafı nəticəsində daxili sekresiya vəzlərinin bəzən də hipofizin ön payının funksiyası pozulur. 50% oğlan və qızlarda cinsi yetişkənlik zəifləyir. 25% qızlarda aybaşı tsikli olmur. 5%-ə qədər xəstələr şəkərli diabetdən əziyyət çəkirlər. Bu dəmirin mədəaltı vəzə toplanması ilə əlaqədardır. Xəstəliyin klinikasında hipersplenizm və immunitetin zəifləməsinin də rolu əhəmiyyətlidir.
Homoziqot β talassemiyanın β0, β+ və β++ forması ayırd edilir. β 0 talassemiyadaβ qlobinin sintezi tam pozulur, β+ talassemiyada isə β zəncirin sintezinin kəskin azalması müşahidə edilir (10%).β++ talassemiyada isə qlobin zəncirin sintezi cüzi azalır.
Homoziqot talassemiyanın ağır formasında xəstələr 1 yaşa çatmamış tələf olurlar. Orta ağır formada 5-8 il yaşayırlar, yüngül formada isə böyük yaşlara da çata bilirlər. Bu xəstəliyin intermedia formasında müşahidə edilir. Lakin homoziqot β talassemiyada bu forma həmişə olmur.
Homoziqot β talassemiya bəzən infeksiya ilə ağırlaşaraq uşağın ölümünə səbəb olur. Uzun borulu sümüklərin nazilməsi nəticəsində sümük sınıqları olur. Ekstramedulyar qırmızı qanyaradıcı toxumanın kütləvi toplanması nəticəsində bəzən periferik sinirlər sıxılır. Dalaqın ölcüləri tədricən böyüyür-hipersplenizm əlamətləri yaranır. Trombositopeniya, leykopeniya olur.
Homoziqot β talassemiyanın diaqnozunu eritrositlərdə fetal hemoqlobinin öyrənilməsi təsdiq edir. Fetal hemoqlobin 20-90%-ə qədər artır. HbA2 də arta bilər. Ancaq β talassemiya ilə δ talasemiyanın müştərək formasında həm β, həm də δ zəncirin sintezinin pozulması nəticəsində HbA2 normal olur və ya kəskin azalır.
Heteroziqot β talassemiya. Xəstəlik valideynlərin biri tərəfindən irsə ötürülür, simptomsuz yaxud yüngül klinik əlamətlərlə, nadir halda isə nəzərəçarpan klinik simptomatika ilə gedir. Xəstələr zəiflik, tez yorulma, əmək qabiliyyətinin azalmasından şikayət edirlər. Dəri və selikli qişalar bir qədər avazıyır, yüngül ikteriklik müşahidə edilir. Hemosideroz əlamərləri zəif olur və gec başlayır.
Dalağın böyüməsi tez-tez rast gəlinən simptomdur, lakin az halda böyük ölçülərə çatır (6%). Bəzən qaraciyər də böyüyür. Heteroziqot βtalassemiyanın kicik və minimal formasında qeyri-effektiv eritropoez və dəmir mübadiləsinin pozulması aşkar edilmir.
Heteroziqot formada hematoloji göstəricilər müxtəlifdir. Eritrositlərin bazofil punktasiyası xarakterdir. Retikulositlərin miqdarı 2-5% arasında tərəddüd edir. Sümük iliyi qıcıqlanmış olur və tərkibində hemoqlobin olan yetişmiş eritrokariositlərin miqdarı azalır, dəmir qranulaları artır. Amma dəmir qranulalı sideroblastlar nadir halda aşkar olunur. Zərdabda dəmirin miqdarı norma olur, bəzən də artır. Ehtiyat dəmir ferritinə əsasən artır.
Heteroziqot β talassemiyada eritrositlərin osmotik resiztentliyi artır. 75% xəstələrdə qeyri-düz bilirubinin səviyyəsi az miqdarda yüksəlir (24-31 mk mol).
Intermedia forma β talassemiya həm homoziqot həm də heteroziqot ola bilər. Yüngül klinik əlamətlərlə xarakterizə olunur. Böyük β talassemiyadan fərqli olaraq xəstəliyin əlamətləri böyük yaşlarda təzahür edir. Hemoqlobin 70-100 q/l səviyyəsində saxlanılır. Xəstələrdə inkişafdan qalma, skelet dəyişikliyi daha zəif olur. Dalaq boyüyə bilər, nadir halda qara ciyərin olcüləri də artır. Aralıq formada hemotransfuziyaya az halda ehtiyac olur. Eritrositlərdə morfoloji dəyişikliklər-anizositoz, poykilositoz, hədəfvari eritrositlər, bazofil punktasiya, retikulositoz qeyd olunur. Fetal hemoqlobinin səviyyəsi 10-90% arasında tərəddüd edir.
Kicik β talassemiya (thalassemia minor) xəstəliyin heteroziqot formasıdır. Klinik əlamətlərinə görə dəmirdefisitli anemiyaya daha cox oxşayır-hipoxromiya, mikrositozolur, hemoqlobinin və hematokritin səviyyəsi yungül azalır. Thalassemia minorda hemoqlobin 100-110 q/l arasında tərəddüd edir, kompensator olaraq yüngül eritrositoz yaranır. MCV və MCH kəskin azalır. Anizositoz, poykilositoz, hədəfvari hüceyrələr aşkar olunur. Bəzi xəstələrdə splenomeqaliya müşahidə edilir. Zərdab dəmirinin defisiti və ya artmasıkicik β talassemiyada qeyd olunmur. Bəzən qanın müayinəsindəki dəyişikliklər cox zəif olduğu ücün diqqətdən kənarda qalır və xəstəyə səhvən dəmir preparatları təyin edirlər. Belə bir vəziyyətdə dəmir preparatlarının effekti olmur.
Minimal talassemiya (thalassemia minima) heteroziqot β talassemiyanın klinik formasıdır. Xəstəlik simptomsuz kecir. Çox zaman təsadüfi müayinələr zamanı aşkar olunur. Hemoqlobinin səviyyəsi norma həddində olur. Bəzən hipoxromiya, yüngül eritrositoz, mikrositos yaranır.
Heteroziqot β talassemiyanın diaqnozu HbA2-yə əsasən qoyulur. HbA2-4,2-8,9%-ə qədər, xəstələrin yarısında isə HbF 2,5-7%-ə qədər artır. Diaqnozu dəqiqləşdirmək üçün ailə anamnezinin araşdırılması da əhəmiyyətlidir.
α talassemiya. α zəncirinin sintezi β zəncirdən fərqli olaraq iki cüt eyni olmayan gen tərəfindən kodlaşdırılır. Ona görə də α talassemiyanın müxtəlif variantları mövcuddur.
Alfa zəncirin tamamilə olmaması və 4 genin funksiyasının homoziqot pozulmasınəticəsində döldə fetal hemoqlobin sintez olunmur və odem yaranır, döl tələf olur (Hb Bart). Bu α talassemiyanın homoziqot variantıdır. Barthemoqlobin 4 γ zəncirdən ibarətdir. Hb Bart oksigenlə aktiv birləşməsinə baxmayaraq onu orqan və toxumalara ötürə bilmir və hemoqlobinin bu xüsusiyyətinə görə ağır forma anemiya yaranır. Hamilə qadınlarda öz-özünə abort baş verir. Döl ya ana bətnində, ya da doğulandan bir necə saat sonra ağır hipoksiyadan tələf olur. Hepatosplenomeqaliya, ağır hemoliz nəticəsində bütün orqan və toxumalarda hemosideroz, dölün ödemi yaranır. Hemoqlobinin tərkibi 80-100% Hb Bartdan ibarət olur.
3 α genin delesiyası zamanı H hemoqlobinopatiyası yaranır. H hemoqlobinopatiyası α talassemiyanın ağır variantlarından biridir. Alfa talassemiyanın bu formasında əsasən H hemoqlobin, az miqdarda isə hemoqlobin A fraksiyası yaranır. Hemoqlobin H qeyri-stabil tetramerdir (β4) və qələvi elektroforezdə bütün hemoqlobinin 5-40%-ni təşkil edir. Xəstəlik ağırlıq dərəcəsinə görə də müxtəlif olur. Qara ciyər, dalaq böyüyür, qeyri-düz bilirubin artır, sümüklərdə xarakter dəyişikliklər yaranır. Hb 70-80 q/l-dən az olur. Retikulositlər 5-10% arasında tərəddüd edir. Qan yaxmasında mikrositoz, hipoxromiya, hədəfvari eritrositlər, eritrosit fraqmentləri, bazofil punktasiya qeyd olunur. Eritrositlərdə H hemoqlobindən ibarət qeyri-adi hissəciklər aşkar olunur vəbrilyant krezil abısı ilə rənglənən yaxmada onlar qolf topu formasına bənzəyirlər. Eritrositlər qan dövranında bu hissəcikləri itirərək daha da kövrək olurlar. Nəticədə eritrositlərin yaşama müddəti qısalır. Talassemiyanın digər formalarında olduğu kimi burda da qeyri-effektiv eritropoez yaranır.
α zəncirində iki genin delesiyası zamanı kicik α talassemiya, bir genun delesiyası zamanı isə simptomsuz daşıyıcılıq yaranır.
Kicik α talassemiya zamanı yüngül hipoxrom anemiya, mikrositoz, hədəfvari eritrositlər, bazofil punktasiya, retikulositlərin zəif artması, sümük iliyinin qıcıqlanması, hiperbilirubinemiya, zərdab dəmirinin, osmotik rezistentliyin artması müşahidə edilir. Bəzən dalaq böyüyür, qaraciyər isə nadir halda böyüyə bilər.
Simptomsuz daşıyıcılarda hematoloji dəyişikliklər olmur, yaxud az miqdarda mikrositoz ola bilər. Bu əlamətlə genetik defekti aşkar etmək mümkün deyil. Kicik α talassemiya və simptomsuz daşıyıcılarda diaqnostika bir qədər çətindir. Qan yaxmasında elliptositlərin və hədəfvari hüceyrələrin olmasına diqqət yetirmək lazımdır.
α talassemiyanın β talassemiyadan fərqi ondan ibarətdir ki, α talassemiyada HbF və HbA2-nin miqdarı artmır. Çunki HbF, HbA2 və həmçinin HbA fraksiyalarinin hamısında alfa zəncir var və fraksiyalar arasında nisbət pozulmur. Xəstədə klinik əlamətlər β talassemiyaya oxşayır, lakin müayinə zamanı HbA2, HbF artmırsa,bu zaman α talassemiya haqda fikirləşmək lazımdır. Bəzən yenidogul-muşlarda α talassemiyanın diaqnozunu təyin etmək olur.Hal-hazırda α talassemiyanın diaqnozu α zənciri kodlaşdıran 4 genin DNT quruluşunu öyrənməklə təsdiq edilir.
Dostları ilə paylaş: |