Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Oxu təliminin metod və priyomları



Yüklə 1,54 Mb.
səhifə68/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
15.2 Oxu təliminin metod və priyomları.

Təlim - müəllimlə şagird arasında qarşılıqlı təsirə malik məqsədyönlü prosesdir. Bu prosesdə müəllim və şagirdlərin birgə iş qaydalarının köməyi ilə bilik, bacarıq və vərdişlər əldə edilir. K.D.Uşinski qeyd etmişdir ki, uşağı oynaya-oynaya da təlim etmək olar, lakin həyat oyunlardan ibarət deyil. Uşaq böyüyəndə həyatda ciddi çətinliklərlə qarşılaşacaq. I sinifdən başlayaraq onları həmin çətinlikləri aradan qaldırmağa hazırlamaq lazımdır. Bunun üçün bəzən onlara xoşlamadıqları, zəhlələri gedən, lakin öyrənilməsi vacib olan şeyləri öyrətmək lazımdır. Bu yolda müəllim bütün bilik və bacarıqlarından istifadə etmlidir. Müəllimin şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmələrini təşkil edərkən istifadə etdiyi iş qaydası metod hesab olunur.

Şagirdlərin proqram materialını şüurlu mənimsəmələri üçün əsas bilik mənbəyi müəllim və kitabdır. Bundan əlavə, ətraf aləm, televiziya, radio, jurnal və qəzet, bir sözlə, İKT də bilik mənbəyidir. Müəllim biliyi ya özünün rabitəli nağılı ilə, ya düşünülmüş sualların köməyi ilə, ya da şagirdlərlə dialoq prosesində verir. Birinci halda şagirdlər hazır nağılı qavrayırlarsa, ikinci halda əvvəllər əldə etdikləri bilikləri sistemə salır, düşünür, üçüncü halda müzakirə açır, müəllimlə bərabərhüquqlu tərəf kimi fəaliyyət göstərir, fəallaşır, biliklərə müstəqil yiyələnməyə çalışırlar.

Oxu təliminin optimallaşdırılması, təlimin tərbiyələndirici və inkişafetdirici effektinin təmin edilməsi o vaxt mümkündür ki, müəllim yeni bilikləri şərh etməyin, şagirdlərin fəaliyyətini təşkil etməyin metodlarını bilsin, həmin metod və priyomları düzgün seçməyi, onlardan səmərəli istifadə etməyi bacarsın.

Həm məktəb praktikasında, 0həm də nəzəri ədəbiyyatda tez-tez metod və priyom anlayışı eyniləşdirilir. Hər hansı metod müəyyən priyomlar sisteminə malikdir. Priyom metodun müəyyən hissəsidir. Metodun tərkibinə daxil olan priyomlar mexaniki şəkildə birləşməyib, düşünülmüş sistem təşkil edir. Hər hansı metodun tətbiqi prosesində müxtəlif priyomlardan istifadə etmək mümkündür. Metodlar şagirdlərin zəruri biliklərə yiyələnmələrini təmin edirsə, priyomlar həmin bilikləri cəld və qüsursuz tətbiqetmə bacarığının yaranmasına kömək göstərir.

Təlim metodları oxunun məqsədi və məzmunundan asılı olaraq seçilir və tətbiq edilir. İbtidai təlim didaktikasında tarixən, başlıca olaraq iki növ təlim metodu fərqləndirilmişdir:

1) İnkişafetdirici metodlar

2) Doqmatik metodlar

Bu metodları sadə şəkildə belə xarakterizə etmək olar: doqmatik metodlara əsasən tədris prosesində materialı müəllim özü izah edir. İnkişafetdirici metodlarla tədris prosesində sual-cavabdan istifadə olunur. Şagirdlər müəyyən problemin həll edilməsi üçün düşünməli, araşdırmalı, öz mövqelərini bildirməli olurlar.

Elmi-kütləvi materiallardakı düşünməyi tələb edən mövzunu şagirdlərə çatdırmaq üçün xüsusi metod və priyomlardan daha çox izahdan istifadə olunmalıdır. İzah müəllim tərəfindən, bəzən onun rəhbərliyi altında şagirdlərin iştirakı ilə aparılır. Şagirdlərin əldə etdikləri elmi biliklər terminlərdə, sxemlərdə, təriflərdə, təcrübədə, praktik işlərdə, müşahidə və ekskursiyalarda möhkəmlənir. Ona görə də elmi-kütləvi mətnlər oxunarkən praktik işlər, ekskursiya və tədqiqatçılıq metodları mühüm yer tutur. Bunlar isə müqayisə və tutuşdurma priyomlarından istifadə etmək zəruriyyətini irəli sürür. Burada müşahidədən bir priyom kimi istifadə olunur.

Oxu dərslərində metod və priyomların seçilməsi əsərin janrından da asılı olur. Nəsr parçası oxunarkən nəzm əsərlərindən fərqli olaraq məzmunun nəql edilməsi və planın tərtibi tələb olunur. Əgər mətn süjetli və dialoqludursa, seçmə nəqletmə, səhnələşdirmə kimi priyomlardan istifadə olunur.

Oxu dərslərində illüstrasiya və demonstrasiya metodları, yazıçı və aktyorların ifasında ədəbi parçaların yazıldığı qrammafon vallarından, maqnitofon yazılarından istifadə edilə bilər. İllüstrasiya metodu yalnız hazır şəkillər üzrə iş deyil, həm də şagirdlərin mətnə şəkilli plan tutmalarını, onun epizodlarını əks etdirən rəsm çəkmələrini əhatə edir.

İbtidai siniflərdə tətbiq olunan ənənəvi təlim metodlarından bir-ikisindən necə istifadə edildiyini nəzərdən keçirək:

Müəllimin şərhi: Materialın müəllim tərəfindən şərhi dedikdə, sözün və əyani vəsaitinin köməyi ilə müəllimin yeni biliyi tam və ardıcıl şərh etməsi, şagirdlərin isə həmin materialları qavramaları, mənimsəmələri nəzərdə tutulur. Şərh prosesində müəllim fikrini sübut etmək üçün nümunə gətirir, mühakimə yürüdür, müxtəlif əməliyyatlar yerinə yetirir. Müəllimin mühakiməsi inandırıcı olmalı, saf, aydın faktlarla təsdiq edilməlidir.

Bəzən yenilik xatirinə müəllimlər izahdan qaçır, müsahibəni şərhin yeganə yolu hesab edirlər. V.N.Bezdenejnix yazır: “Belə düşünmək olmaz ki, şagirdin təfəkkürü müsahibə zamanı fəal, müəllimin məlumatı zamanı qeyri-fəal olur”. Təfəkkür prosesinin fəallaşdırılması müəllimin materialın izahını müsahibə və ya məlumat şəklində verilməsi ilə deyil, metodik cəhətdən düşündürücü şəkildə verməsi ilə, müəllimin müsahibəsi, həmçinin məlumatının keyfiyyəti ilə müəyyən edilir O, izahın qiymətliliyini aşağıdakılarda görür: 1) Şagird diqqətlə dinləməyi və mənimsəməyi öyrənir; 2) Tədris vaxtına qənaət olunur; 3) Müqayisə, analogiya, tutuşdurma, ümumiləşdirmə, mücərrədləşdirmə kimi fərdi proseslərin sürəti əhəmiyyətli dərəcədə artır; 4) Şagirdlər müəllimi müşayiət etməklə həmin prosesləri tez mənimsəyirlər.

Müəllimin şərhi izah, doqmatik məlumat, müəllimin nəqli şəklində olur. İzah qaydanın analitik-sintetik sübutu, yaxud uşaqlarda anlayışların yaranmasına rəhbərlikdir İzah prosesində müəllimin uzun-uzadı danışmasına, materialı ətraflı şərh etməsinə yol verməməli, şagirdlərin fəallığı təmin olunmalıdır.

Yalnız bu mühazirəyə aid ədəbiyyat:

1.Y.Ş.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2010



2. I sinif ücün “Azərbaycan dili” dərsliyi , iş dəftəri və “Müəllim ücün metodik vəsait” Bakı,2012

3. Ş.Z.Nəbiyeva “Ana dili dərslərində şagirdləri fəallaşdıran tapşırıqlar” Bakı, 2010
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin