1. Fərdi VBIS-lər adətən fərdi VB-nin və onunla işləmək üçün tətbiqi proqramların yaradılması üçün istifadə edilir. Fərdi VBIS-lərdən və ya onların vasitəsilə hazırlanan tətbiqi proqramlardan çoxistifadəçili VBIS-lərin kliyent hissələrində geniş istifadə olunur.
2. Çoxistifadəçili VBIS-lər VB serverindən və kliyent hissəsindən ibarət olub, həmcins olmayan hesablama mühitində, yəni müxtəlif tipli kompüterlərdə və əməliyyat sistemlərində işləyə bilirlər. Odur ki, çoxistifadəçili VBIS-in əsasında kliyent-server texnologiyası ilə fəaliyyət göstərən informasiya sistemini yaratmaq olar. Çoxistifadəçili VBIS-in universallığı və fəaliyyət dairəsinin genişliyi onun qiymətinin yüksək olmasında və tələb olunan kompüter resurslarının çoxluğunda özünü göstərir.
Verilənlərin modelinə görə VBIS-lərin təsnifatı Verilənlərin təsviri üçün istifadə olunan modelin tipinə görə VBIS-ləri aşağıdakı qruplara ayırmaq olar: iyerarxik, şəbəkə, relasiya, obyekt-relasiya, obyekt-yönlü və s.
Iyerarxik və şəbəkə modelli sistemlər 1-ci nəsil VBIS-lər hesab olunur. Əsasən böyük hesablama maşınları (mainframe) üçün qurulan bu sistemlər qapalı olub, əlverişli interfeysə malik deyildirlər və proqram təminatı mobil xarakter daşımırdı. Müasir relasiya modelli VBIS-lərlə müqayisədə bu sistemlərin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
- istifadə edilmənin mürəkkəbliyi;
- VB-nin fiziki təşkilini bilmək tələbi;
- tətbiqi proqramların VB-nin fiziki təşkilindən asılılığı;
- VB-nin layihələndirilməsinin avtomatlaşdırılması üçün vasitələrin olmaması;
- çox baha olması.
Bütün bu çatışmamazlıqlarla yanaşı, 1-ci nəsi VBIS-lərdə aşağı səviyyədə xarici yaddaşda verilənlərin idarə edilməsi üçün güclü vasitələr və əl üsulu ilə səmərəli tətbiqi proqramlar qurulması imkanı var idi.
Relasiya modelli sistemlər VBIS-in təkamülündə 2-ci mərhələ E.Koddun təklif etdiyi relasiya modelinin verilənlərin təsviri və idarəedilməsi üçün tətbiqini əhatə edir. Relasiya modelinin və onu reallaşdıran VBIS-lərin meydana gəlməsi VB-nin yaradılmasında mütərəqqi addım oldu.
Relasiya modelində nisbət adlanan ikiölçülü cədvəllər şəklində təsvir olunan verilənlər arasındakı qarşılıqlı əlaqələr açar mexanizmi ilə asanlıqla reallaşdırılır. Riyazi çoxluqlar kimi nisbətlər üzərində çoxluq əməliyyatlarının aparılması imkanı relasiya modelli müasir VBIS-lərin hamısında nəzərə alınır. Bununla da istifadəçinin sorğusunda tələb olunan seçimi asanlıqla yerinə yetirmək mümkün olur.
Relasiya modelli VBIS-də relasiya prinsiplərinin reallaşdırılması hazırlıqsız istifadəçilər üçün asan qavranılan və istifadə edilən sadə sorğu dillərinin yaradılmasına imkan verdi. Beləliklə, istifadəçilərin hazırlığına təlabat azaldığından, VB-nin istifadəçilərinin dairəsi xeyli genişləndi.
Relasiya modelli verilənlər bazalarının inkişafının ilkin mərhələsində bir neçə sorğu dili yaradılmışdır. Onlardan ən çox yayılanı QBE (Qiery By Example – nümunəyə görə sorğu), QUEL (Query Lanquage – sorğu dili) və SQL (Structured Query Language – strukturlaşdırılmış sorğu dili) dilləridir.
Hazırda relasiya modelli VBIS-lər geniş tətbiq edilir və onlara müasir informasiya sistemlərinin standart VBIS-i kimi baxmaq olar. Yuxarıda adları çəkilən tamfunksional, fərdi və çoxistifadəçili VBIS-lərin hamısı relasiya modelli sistemlərdir.