Elastik subasqı rejimi. Belə rejimdə lay enerjisinin mənbəyini kənar suların basqısı təşkil edir. Lakin, subasqı rejimindən fərqli olaraq burada süxur kollektorlarının və onların məsamələrində yerləşən mayenin elastik qüvvələri də enerji mənbəyinin formalaşmasında iştirak edir. Bu halda işlənilmə prosesində laydan götürülmüş maye həcmini kənar sular tam kompensasiya etmir və lay təzyiqi tədricən aşağı düşür. Nəticədə, lay süxurlarının və suyun genişlənilməsi baş verir, yaranmış enerji isə neftin quyu dibinə süzülməsinə müsbət təsir göstərir.
Bu rejim işlənilmə üçün kifayət qədər əlverişli hesab olunur və layların neftveriminin 0,50-0,60 səviyyəsinə çatdırılmasına imkan verir.
Qazbasqı rejimi (qaz papağı rejimi). Qazbasqı rejimi strukturun tağ hissəsində toplanmış böyük təzyiqli qaz yığımlarının (qaz papağının) enerjisinin təzahürü nəticəsində əmələ gəlir. İşlənilmə prosesində genişlənən qazın yaratdığı təzyiq nefti quyu dibinə doğru sıxışdırır və nəticədə qaz-neft kontaktı strukturun aşağı hissələrinə tədricən hərəkət edir.
Qaz papağı çox böyük olduqda işlənilmə zamanı bir müddət təzyiq sabit qalır. Neftli hissədə ilk lay təzyiqi təxminən doyma təzyiqinə bərabər olduğundan neftin ilkin hasilatı zamanı yataqda öncə həllolmuş qaz rejimi meydana çıxır. Depressiya qıfının genişlənilməsi nəticəsində qaz papağı da genişlənir. İşlənilmənin sonrakı dövrlərində bu prosesin inkişafı nəticəsində yatağın tağ hissəsinə yaxın zonalarda yerləşən quyularda qazlaşma intensivliyi özünü göstərir. İşlənilmə prosesində yataqda ilk lay təzyiqinin düşməsi baş verir.
Bu rejimdə qaz-neft kontaktı durmadan neftli hissəyə doğru hərəkət etdiyindən qaz amili artmağa başlayır və hətta quyularda təmiz qaz fontanı baş verə bilir. Qazbasqı rejimi üçün süxurların yüksək məsaməliyi, layların daha dik yatması və neftin özlülüyünün az olması daha əlverişli hal sayılır.
Bəzən qaz papağında təzyiq o qədər aşağı düşür ki, neft qaz papağına tərəf hərəkət edir. Bu isə arzu edilən hal deyildir: qaz papağının yerləşdiyi sahələrdə neft kollektorlara axaraq, onların məsamələrinə hopur və işlənilmənin sonrakı dövrlərində onun hasilatı qeyri mümkün olur. Odur ki, qazbasqı rejimi olan yataqlarda qaz papağındakı qazı hasil etmək və ya quyuları yüksək qaz amili ilə istismar etmək düzgün deyildir.
Burada işlənilmə prosesi əvvəlcə neftli sahədən başlanmalıdır və ehtiyatın realizə dərəcəsi layihə səviyyəsinə çatdırıldıqdan sonra yatağın tağ hissəsində yerləşən qaz yığımlarını hasil etmək lazımdır. Yataqlarda lay enerjisini saxlamaq üçün çox zaman qaz papağı zonasına yenidən süni olaraq neftdən ayrılmış qaz vurulur.
Qazbasqı rejimində neftvermə əmsalı maksimum 0,40-0,50-ə çatdırıla bilər.