Neftdə həllolmuş qaz rejimi. Bu rejimdə layda neftin quyu dibinə hərəkəti ondan ayrılan qaz qabarcıqlarının genişlənilməsi nəticəsində baş verir. Belə rejimlə xarakterizə olunan yataqlarda ətraf suların təsiri özünü göstərmir. İşlənilmə proseslərində lay təzyiqləri kəskin azalır. İşlənilmənin ilk dövründə qaz hasilatı nisbətən az, sonradan isə kəskin artır. Son dövrlərdə belə yataqlar qazsızlaşır və lay neftlərinin özlülüyü artır. Təbiidir ki, bu cür mexanizm yataqların ehtiyatlarının müvəffəqiyyətlə realizəsini təmin edə bilməz.
Bu rejimlə işləyən neft yataqlarının işlənilmə səmərəliliyini artırmaq üçün laya hasil edilmiş neftdən ayrılan qaz ya da hava vurulur; konturdaxili, yaxud konturyanı sulaşma üsulu tətbiq edilir. Yataqdan qaz tamamilə tükəndikdən sonra qravitasiya rejimi meydana çıxır.
Neftdə həllolmuş qaz rejiminə misal olaraq Azərbaycanın neft yataqlarında qırməki lay dəstəsi obyektlərini göstərmək olar. Burada uzun müddət intensiv işlənilmə proseslərin aparılmasına baxmayaraq qeyri-aktiv lay enerjisinin təzahürü nəticəsində cari neftvermə əmsalının yalnız 0,20-0,35 səviyyəsinə çatdırılmasına nail olunmuşdur.
Bu tip yataqlarda son neftvermə əmsalının 0,30-0,35 səviyyəsi optimal hesab edilir.
Qravitasiya rejimi.Bu rejimli yataqlarda nefti quyudibinə hərəkət etdirən amil onun özünün ağırlıq qüvvəsidir. Belə rejimlər sərbəst formada (az dərinliklərdə yatan laylarda) və süni (texnoloji) dəyişmələr nəticəsində - işlənilmə prosesində neftdə həll olmuş qaz rejiminin tükənən anlarında yaranır. Bu rejimdə neft layın yuxarı hissələrindən aşağılara doğru axır. Odur ki, aşağı hipsometrik dərinliklərdə yerləşən quyuların hasilatı yuxarı hissələrdəki (məsələn, tağ hissələrində) quyuların hasilatından çox olur. Qeyd etmək lazımdır ki, qravitasiya rejimi ilə səciyyələnən yataqların işlənilmə intensivliyi zəif olur.
Son neftvermə əmsalı 0,10-0,20 təşkil edir.
Qarışıq rejim. Yataqların işlənilməsində neftin hərəkətinə eyni zamanda bir neçə təbii enerji təsir edirsə, ona qarışıq rejim deyilir. Qarışıq rejimlər təbii və texnogen mənşəli olurlar.
Təbii qarışıq rejim yataqların əmələgəlmə prosesin sonunda yaranır. Bu halda strukturun tağ hissəsində qazbasqı rejim, aşağı hissələrində isə neftdə həll olmuş qaz rejimi və yaxud yatağın konturətrafı zonalarında subasqı rejimi, mərkəzi hissələrində isə neftdə həll olmuş qaz rejimi özünü büruzə verir. Təbii qarışıq rejimin digər formalarına da rast gəlmək olar.
Texnogen qarışıq rejim. Adından göründüyü kimi işlənilmə prosesinin təsiri nəticəsində yaranır və müxtəlif formada özünü büruzə verir. Məsələn, işlənilmənin ilk dövründə yataqda qeyd olunan neftdə həll olmuş qaz rejimi sonralar qravitasiya rejiminə keçir.
Qarışıq rejimli yataqların işlənilməsini səmərəli aparmaq üçün burada lay enerjisini təşkil edən amillərin rolunu nəzərə almaq lazımdır. Bütün mümkün hallarda yatağa süni təsir üsulları tətbiq edilməlidir.