İlkin məlumatların tədqiqi Axtarış və kəşfiyyat işləri nəticəsində strukturlar aşkar edilir və onlarda karbohidrogen yığımlarının olub-olmaması haqqında ilkin məlumatlar əldə edilir. Strukturun yerləşdiyi hövzəyə xas olan ümumi məlumatlarla yanaşı, yeni spesifik məlumatlar əsasında onun forması haqqında ilkin mülahizələr nəzərdən keçirilir. Quyularla açılmış layların isə geoloji-fiziki parametrlərinin qiymətləri əsasında onların paylanma sahələri, yatma dərinliyi, qalınlığı, süxurların kollektor xassələri, lay təzyiqi və temperaturu və s. ətraflı tədqiq edilir. İlkin öyrənilənlər kompleksinə, təbii ki, karbohidrogenlərin ehtimal olunan həcmi haqqında məlumatlar da daxildir.
Göstərilən bu və ya digər məsələlərin həlli yalnız müvafiq məlumatlara əsaslanır. Onlar isə aşağıda göstərilən üsullarla həyata keçirilir.
Geoloji üsullar. Bu üsullarla yatağın ilkin öyrənilməsi kompleks məlumatlara istinad edir. Qazıma prosesində onun kəsilişini səciyyələndirən süxur nümunələri (kernlər) götürülür və onların əsasında məhsuldar layların aşağıdakı göstəriciləri haqqında məlumatlar əldə edilir:layların yatma dərinliyi və qalınlığı; süxurların kollektor xüsusiyyətləri (məsaməlik, keçiricilik və s.); məsamələrdə yerləşən neft, qaz və suyun fiziki-kimyəvi xassələri; məsamələrin neftlə, qazla doyma dərəcələri; lay təzyiqi və temperatur ölçüləri ilə konkret yatağın hidrodinamikasının proqnozlaşdırılması və s.
Nəzərə almaq lazımdır ki, quyuların qazılması prosesində müxtəlif dərinliklərdən çıxarılmış süxur nümunələri yer səthində tədqiq olunur. Bu isə onun laydakı vəziyyətindən fərqli məlumatların alınmasına gətirir. Bu çatışmamazlıqları aradan götürmək üçün son vaxtlar təcrid olunmuş nümunə götürən cihazlardan, xüsusi hesablama qrafiklərindən və s. istifadə edilir.
Geofiziki üsullar. Quyuların geofiziki tədqiqatlarının yataqların öyrənilməsində rolu durmadan artır. Müasir dövrdə yatağın neftlə-qazla doyma dərəcəsinin təyinində quyu kəsilişinin geofiziki üsullarla tədqiqi xüsusilə əhəmiyyətlidir. Elektrik, radioaktiv, akustik, qaz karotajı üsulları ilə yanaşı inklinometriya, kavernometriya, termometriya quyu kəsilişlərindən maksimum məlumatların alınmasına imkan verir.
Hidrodinamik üsullar. Bu üsullardan kollektor süxurların göstəricilərinin (o cümlədən, məhsuldarlığının) təyin edilməsində istifadə edilir. Lay təzyiqinin dəyişməsi ilə məsaməli mühitdə baş verən flüid yerdəyişməsinin proqnoz qiymətlərinin alınmasında hidrodinamik üsullar xüsusi ilə effektlidir.
Qeyd etmək lazımdır ki, quyuların və layların tədqiqi əsasən kompleks şəkildə həyata keçirilir. Lay parametrlərinin təyinində çox variantlı yanaşma isə alınan məlumatları daha etibarlı edir. Belə ki, geoloji, geofiziki, hidrodinamiki üsulların verdiyi hər bir nəticə müqayisəli təhlil edildikdən sonra konkret lay parametrinin daha dürüst qiyməti qəbul edilir.