6.3. VERGILƏRIN TƏSNIFLƏŞDIRILMƏSI
İqtisadi cəhətdən inkişaf etmiş hər hansı bir dövlət iqtisadiyyatına və öz gəlirlərinin formalaşmasına dolayı təsir vasitəsi kimi çoxsaylı vergilərdən istifadə edir. Bütün bu vergilər isə öz növbəsində müəyyən kriteriya, əlamət və xassələrinə görə təsnifləşdirilməlidir. Vergilərin təsnifləşdirilməsi onlar arasındakı oxşar (fərqli) cəhətləri müəyyən etməyə və qruplaşdırmağa imkan verir ki, bu da onların dərindən öyrənilməsini və praktiki tətbiqini asanlaşdırır.
Qanunvericiliklə müəyyən olunmuş bütün vergi, rüsum, yığım və digər məcburi ödəmələr müəyyən kriteriyalarına, əlamətlərinə və özünəməxsus xüsusiyyətlərinə görə qruplara bölünür (təsnifləşdirilir). Bu meyarlara vergilərin tutulması üsulu, vergi subyektləri, tətbiq edilən vergi dərəcələrinin xarakteri, vergitutma mənbəyi (obyekti), verginin daxil olduğu büdcənin səviyyəsi, verginin məqsədyönümlü istiqaməti aiddir.
Vergilərin bu və ya digər meyara əsasən təsnifləşdirilməsi elmi və praktik baxımdan mühüm əhəmiyyət kəsb edir. Vergilərin təsnifləşdirilməsində əsas məqsəd – dövlətin öz qarşısında qoyduğu iqtisadi-sosial siyasətin həyata keçirilməsində vergi mexanizmi kimi təsirli vasitədən optimal şəkildə istifadə olunmasının təmin edilməsidir.
İstifadə olunan əsas təsnifləşdirici əlamətlərdən asılı olaraq bütün vergilər müxtəlif əlamətlərinə görə aşağıdakı qruplar üzrə təsnifləşdirilir:
a) vergitutma üsuluna görə (verginin tutulması xarakterinə görə) – birbaşa və dolayı (vasitəli);
b) vergi ödəmələrinin köçürüldüyü büdcənin səviyyəsinə görə – dövlət, muxtar respublika və bələdiyyə (yerli);
v) istifadə edilməsi qaydasından asılı olaraq (məqsədli təyinatına görə) – ümumi və xüsusi;
q) vergitutma subyektlərinə görə: fiziki və hüquqi şəxslərdən tutulan vergilər;
d) vergitutma obyektinə görə.
Dostları ilə paylaş: |