Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə16/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

Becərilmə aqrotexnikası. Növbəli əkində paxla gübrələnmiş məşğullu heriyə əkilən buğdadan sonra yerləşdirilir. Özü bir çox bitkilər üçün yaxşı sələf və yaxşı herik bitkisidir.

Taxıllardan sonra əkiləcəksə kövşənlik 6-8 sm dərinlikdə üzlənməli, sonra alaq toxumlarını cücərtmək üçün aldadıcı suvarma aparılmalıdır. Səpinə bir ay qalmış cücərtilər sahədə göründükdə 28-30 sm dərinliyində şum edilir. Sahə malalanmalı və səpinə 10-15 gün qalmış arat edilməlidir. Sahəyə çıxmaq mümkün olduqda arat malalanmalı və kultivatorla başdan-başa becərilməlidir.

Paxla bitkisi gübrələrə çox həssasdır. Peyinin sələf bitkilər altına verilməsi məsləhətdir. Adətən, sələf bitkisi altına 15-20 ton çürümüş peyin verilir. Təsir edici maddə hesabı ilə əsas şum altına 60-70 kq, fosfor və 30-40 kq kalium gübrəsi verilir. Səpinlə birlikdə cərgələrə yandan 15-20 kq superfosfat verilir.

Səpin üçün xəstəlik və zərərvericilərlə sirayətlənməmiş toxumlar seçilir.

Səpindən əvvəl toxumlar dərmanlanır, mikroelementlər və rizotorfinlə işlənilir. 1 ton toxuma 1 kq fentiuram və ya 4 kq TMTD sərf olunur.

Ən yaxşı səpin müddəti oktyabr ayının ortaları və noyabrın əvvəlləridir. Paxla yazda da səpilir, lakin, məhsuldarlıq payızlığa nisbətən aşağı olur. Yazda fevral və mart ayında səpilir.

Paxla gencərgəli nöqtəvi üsulda səpilir. Cərəgə arası 60 sm götürülür. Toxumun iriliyindən asılı olaraq hektara 100-300 kq toxum səpilir. Toxumlar 6-8 sm, ağır, qaysaqlı torpaqlarda 4-5 sm dərinlikdə basdırılır.

Cücərtilər göründükdə rotasiya toxası ilə cərgələrin əksinə və diaqonal istiqamətində, günün 2-ci yarısında mala çəkilir. Vegetasiya müddətində 1-2 dəfə kultivasiya çəkilməli və suvarma üçün şırımlar açılmalıdır.

Birinci suvarma budaqlanma başlandıqda, 2-ci qönçələmə – çiçəkləmə fazasında, 3-cü suvarma isə paxlalar əmələ gəlməyə başladıqda aparılır.

Alaqlarla mübarizə məqsədi ilə səpinqabağı kultivasiya altına prometrin verilir.

Cərgələrarası qovuşduqda – yəni paxla kütləvi əmələ gəldikdə ucvurma aparılması müsbət nəticə verir.

Yığıma 2-3 həftə qalmış ammonium şorasının 10-15% -li məhlulu ilə defolyasiya aparılması yaxşı nəticə verir.

Paxla hissə-hissə üsulla yığılır. Kütlə torpaqdan 6-8 sm hündürlükdə biçilir. Biçilmiş kütlə quruduqda və dəndə 16-18% nəmlik olduqda adi döyüm maşınları ilə döyülməlidir. Təmizlənməli və anbarlarda saxlanılmalıdır.


Mövzu: 11. Üçlüyarpaqlılar, lobya, soya və İnəknoxudunun, əhəmiyyəti,

bioloji xüsusiyyətləri və becərilmə texnologiyası


Mühazirənin planı:



  1. Üçlüyarpaqlıların əhəmiyyəti, tarixi və yayılması.

  2. Üçlüyarpaqlıların botaniki quruluşu və bioloji xüsusiyyətləri.

  3. Üçlüyarpaqlıların əkin sahələri, məhsuldarlığı və onun artırılması yolları.

  4. Üçlüyarpaqlıların toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Üçlüyarpaqlıların əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri).

  6. Məhsulun yığılması.


Ədəbiyyat
S. C. Əliyev və baş. - «Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu»,

Kirovabad, 1988, 41 s.

M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

texnologiyası», Bakı, 2000, 264s.

H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.

C. Ə. Əliyev və baş. - «Azərbaycan SSR-in suvarma şəraitində soyanın

yetişdirilməsi», Bakı, 1982, 51 s.


  • П.П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.

  • Б.В. Федесоев - «Механизированная технология возделывание и уборки

бобовых культур», Москва, «Расселхозиздат», 1983, 183с.

  • Д. Гберт, И. Фокке, В. Клейн - «Вырашивание зернобобовых культур на

промышленной основе», Москва, «Колос»,1981, 159 с.

  • Д. Шпаар и др. - «Зернобобовые культуры»., Минск, 2000, 264 с.

  • Г.Т. Лавриенко и др. - «Соя», Москва 1978, 187 с.

  • Д.А.Aлиев, З. И. Акперов - «Фотосинтез и урооай сои», Москва-Баку,1995,

116 s.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 с.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 с.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356



Üçlüyarpaqlılar, lobya, soya və İnəknoxudunun, əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Əhəmiyyəti. Lobya qiymətli ərzaq bitkisidir. Ərzaq kimi onun həm dənindən, həm də yaşıl paxlasından təzə və konservləşdirilmiş halda istifadə edilir. Yaxşı bişən və həzmə gedən dənin tərkibində əla dad keyfiyyətinə malik olan 28-30 % zülal var. Quru kütləyə görə lobyanın yaşıl paxlasının tərkibində 15,7 %-ə qədər zülal, çoxlu şəkər və hər 100 qramda 22 mq C vitamini vardır. Lobyanın bəzi növlərini bəzək bitkisi kimi də istifadə etmək olar.

Bitkinin tarixi və yayılması. Lobya bitkisi Amerika mənşəlidir. Qədim zamanlardan Mərkəzi və Cənubi Amerika ölkələrində becərilmişdir. XVI əsrin sonunda lobya Avropaya gətirilib və XVII – XVIII əsrlərdə Avropadan Rusiya ərazisinə yayılmışdır. Xırda toxumlu lobyalar (maş) 5-6 min il əvvəl Cənubi Asiya ölkələrinin (Çin, Hindistan, Yaponiya və s.) əkinçiliyində istifadə olunub.

Dünya əkinçiliyində əkin sahəsinə görə lobya soyadan sonra dənli-paxlalı bitkilər içərisində ikinci yeri tutur.



Botaniki təsviri. Lobya (Phaseolus) cinsi 200-dən çox botaniki növü əhatə edir. Onlardan 12 ərzaq, 8-i isə yem, yaşıl gübrə və bəzək bitkisi kimi becərilir.

Çıxış mənbəyinə görə lobyanın bütün növləri iki qrupa bölünür. 1-ci Amerika lobyası, 2-ci Asiya lobyası.

Amerika lobyası paxlalarının iri, yastı, az toxumlu, əyri nəhayətli, toxumlarının iri, yarpaqaltlıqlarının pazşəkilli və xırda, Asiya mənşəli növlər isə paxlalarının nisbətən xırda, silindir formalı, çox toxumlu, toxumlarının xırda, yarpaqaltlıqlarının enli olması ilə xarakterizə olunur.

Amerika qrupundan əsas əhəmiyətə malik olan növlər:



  1. Adi lobya – Phaseolus vulgaris

  2. Lim lobyası – Phaseolus lunatus

  3. Sivriyarpaq lobya – Phaseolus acutifolus

  4. Çoxçiçəkli lobya - Phaseolus multiflorus

Asiya qrupundan isə qızılı lobya (maş) - Phaseolus aureus növüdür. El arasında piyada lobya da deyilir. Bunlardan əsasən yeyintidə istifadə ediləni və dən məhsulu üçün becəriləni adi lobyadır.

Bioloji xüsusiyyətləri. Adi lobya istilik sevən bitkidir. Onun toxumları 10 0C temperaturda cücərməyə başlayır, çıxışlar isə 12-13 0C-də formalaşır. Çıxışlar - 0,5-1 0C temperaturda məhv olur. Eyni zamanda -2 0C şaxtada cücərti verən sortlar da var.

Lobya əsasən toxumun cücərməsi, çiçəkləmə fazasında və paxla bağlama dövründə nəmliyə xüsusi tələbat göstərir. Bu dövrlərdə tarla rütubət tutumunun normada olması olduqca vacibdir.

Lobya qısa gün bitkilərinə aiddir. Eyni zamanda günün uzunluğuna müsbət və neytral reaksiya göstərən sortları da vardır. Nisbətən strukturlu, orta nəmlikli, torpaqlar (pH= 6,5-7,5) onlar üçün yararlıdır.

Azərbaycanda rayonlaşdırılmış sortları: Yerli Qalibiyyət, Yerli Piyada, Krasnoqradskaya – 5, Sevinc, AzNİİZ – 352.

Becərmə texnologiyası. Növbəli əkində yeri və torpağın becərilməsi digər dənli-paxlalı bitkilərdə olduğu kimidir. Noxuda nisbətən lobya torpağa çox tələbkardır. Humus qatı az olan torpaqlarda sələf bitkisi altına üzvi gübrələrin verilməsi zəruridir.

Lobyanı toxumun basdırılma dərinliyində temperatur 12-13 0C-yə çatdıqda səpirlər. Bu təxminən mart ayının axırı, aprel ayına təsadüf edir.

Lobyanı gencərgəli cərgəarası 60 sm olmaqla əkirlər. Səpin norması hektara 250-400 min ədəd cücərmə qabiliyyətli toxumdur. Xırda toxumlu sortlar üçün hektara 70-80 kq, iri toxumlular üçün isə 100-150 kq-a qədər ola bilər. Lobya ləpə yarpaqlarını torpaq səthinə çıxardığına görə onu dərin basdırmaq (3-5 sm) olmaz. Üst qatı quraq olan torpaqlarda nisbətən dərin (6-8 sm) basdırmaq məsləhətdir.

Birinci cüt həqiqi yarpaqlar əmələ gəldikdə və sonralar əsas qulluq işi cərgələr qovuşana qədər cərgə aralarının becərilməsidir.

Alaqlarla mübarizə məqsədi ilə çıxışlar alınmazdan 2-3 gün əvvəl hər hektara üç kq 50 %-li prometrin herbisidinin çilənməsi məsləhət görülür.

Lobyanı əsasən paxlalar saraldıqda yığmağa başlayırlar. Bu dövrdə yarpaqlar əsasən tökülür, paxlaların 70-80 %-i yetişmiş olur. Lobyanın paxlaları aşağıda yerləşdiyinə görə onu mexanikləşdirilmiş üsulla yığmaq çətinləşir. Odur ki, iki mərhələdə yığmaq məsləhətdir. Əvvəlcə bitkini biçərək (FA -4) tirələrdə saxlayırlar, ikinci mərhələdə lobya yığan CK-4 kombaynla döyürlər.


Soya
Əhəmiyyəti. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33-45% zülal, 25-27% yağ və 25-27% sulu karbonlar vardır (hətta zülal 52%-ə də çatır).

Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur.

Soya ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır.

Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak boyaq sənayesində də istifadə olunur.

Bitki yağını istehsalına görə soya dünyada birinci yer tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür.

Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalisinin amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir. Lizin, triptofan və metionin kimi amin turşuları soyanın tərkibində vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya ununda 27 qram lizin vardır.

Soya unu və jmığı heyvanlar üçün çox dəyərli yemdir. Jmıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki xırda davarlar (qoyun) tərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloza vardır.

Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.



Bitkinin tarixi və yayılması. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər.

Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya dünyada birinci yeri tutur. Dünya əkinçilik sistemində 2003-cü ildə onun əkin sahəsi 83 mln hektar olmuşdur. Soya bitkisi təxminən 50-yə yaxın ölkədə becərilir. Soyanın əkin sahəsi ABŞ-da təxminən 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14-15 sentnerdir.

Rusiyada soyanın əkin sahəsi yarım milyon hektardan çoxdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentnerə çatır.

Botaniki təsviri. Soya (Gilisine hispida L.) – 40 - dan çox növü əhatə edən birillik bitkidir. Mil kök sisteminə aiddir. Gövdəsi möhkəm, dik dayanan, güclü budaqlanan 1,5 m - ə qədər hündürlüyündə kol əmələ gətirir. Yarpaqları üçlüdür, yığım zamanı tam tökülür. Çiçəkləri xırda, yarpaq qoltuğunda salxım şəklində oturan (3 – 5 çiçək) ağ yaxud açıq-bənövşəyi rənglidir. Soya bitkisində öz-özünü tozlama üstünlük təşkil edir, çiçəkləmənin qapalı getməsinə görə təbii hibridlər nadir hallarda olur. Paxlalarının forması və rəngi müxtəlif, 1-5 toxumlu olur. Soyanın gövdəsi, yarpaqları və paxlaları sıx sərt tükcüklərlə örtülüdür. Toxumları oval yaxud girdə formalı olmaqla sortdan asılı olaraq sarı, yaşıl, qonur yaxud qara rəngli olur.

Mədəni soya növü aşağıdakı coğrafi-ekoloji yarımnövlərə ayrılır.



Hindistan yarımnövü – kolu 200 sm hündürlüyündə, gövdəsi budaqlanandır. Çiçəkləri xırda, paxlaları orta irilikdə, toxumları xırdadır. Sortları nisbətən gecyetişəndir.

Çin yarımnövü - kolu 100 - 150 sm hündürlüyündə, gövdəsi nazik, yaxşı budaqlanan və zəif sarmaşandır. Lakin yerə yatmağa da meyllidir. Yarpaqları nazik və zərifdir. Çiçəkləri orta irilikdə, mavi rəngli, paxlaları orta irilikdə və xırdadır. Toxumları xırda, yastıdır.

Mancuriya yarımnövü - kolu 60 - 90 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanandır, nisbətən yoğundur, sarmaşan deyildir, ancaq yerə də yatmır. Çiçək salxımı qısa, az çiçəklidir. Paxlaları orta uzunluqda 4,0 – 4,8 sm, toxumları orta irilikdə şişkindir.

Yaponiya yarımnövü - kolu 60 - 100 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanan, yoğun qabadır. Yarpaqları və çiçəkləri iridir. Çiçək salxımı uzun, çoxçiçəkli, paxlaları iri və orta irilikdədir. Toxumları iri, kürəşəkilli, azacıq yastıdır.

Bioloji xüsusiyyətləri. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25 0C temperatur tələb edir. Toxumlar 6-8 0C temperaturda cücərir. Soyanın cücərtisi –2-5 0C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dəndolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5-7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.

Azərbaycanda rayonlaşdırılmış sortları: Plamya, Majesta, Umanskaya – 1

Becərilməsi. Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s. soya üçün yararlıdır.

Növbəli əkində soyanı dənli taxıl, qarğıdalı və pambıq bitkisindən sonra becərmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz.

Sələf dənli taxıl bitkiləri olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənməlidir.

Birinci üzləməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə, əgər ehtiyac varsa 2-ci üzləmə BDT-2,5 və BDT-3 markalı ağır diskli malalarla 10-12 sm dərinlikdə aparılır. Üzləmədən 10-15 gün sonra sahə ПЯ-5-35 markalı kotanla 28-30 sm dərinlikdə şumlanmalıdır.

Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.

Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P2O5, 35 kq K2O mənimsəyir. Əsas şum altına N 60-90 kq, P2O5 60-90 kq, K2O 30-54 kq verilməlidir. Azot gübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dəndolma dövründə verilməlidir. Gübrələr RUM-5,1; RMQ-4 markalı gübrə səpən maşınlarla verilə bilər.

Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar götürülməlidir.

Səpindən əvvəl toxum rizotorfinlə hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1,2 litr suda həll edilərək toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma 1-2 kq 70%-li taciqran işlənilməlidir.

Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentouramın tətbiqi yaxşı nəticə verir. 60%-li fentouramdan 1 ton toxuma 4,6 kq işlətmək məsləhət görülür.

Toxum PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulla dərmanlana bilər. Mütləq kütlədən asılı olaraq hektara 50-90 kq (400-600 min ədəd) cücərə bilən toxum səpilməlidir. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm olmaqla səpilə bilər.

Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla suvarılmamış sahələrdə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.

Səpin əkin qatında temperatur 10-12 0C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Arat olunmayan yerlərdə isə səpindən sonra dərhal suvarma aparılmalıdır. Səpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır.

Kütləvi çiçəkləmə, paxlaların əmələ gəlməsi və dənin dolması mərhələlərində soya nəmliyə ən çox tələbat göstərir. Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500-600 m3, şırımlarla infiltrasiya yolu ilə 700-800 m3 su normasında keçirilir.

Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya dövründə cargə araları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.

Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofosun 30%-li emulsiyası ilə hektara 1-1,5 kq, fosfamidlə Bİ-5,8 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.



Məhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, SKD-5M, "Sibiryak" kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın dövrü dəqiqədə 400-500 dəfə dövr etməlidir. Yetişməni sürətləndirmək məqsədilə tezyetişən sortlar əkilən sahələrdə desikasiya aparılır. Bu iş dəndə nəmlik 40-45% olduqda maqnezium – xlorat preporatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya aparılmır.

Yığılmış toxumda nəmlik 14% - dən çox olarsa asfalt meydançada günəş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.


Viqna (İnəknoxudu)
Əhəmiyyəti. Viqna, yəni inəknoxudu ərzaq və yem istiqamətində becərilən bitkidir. Ərzaq məqsədi üçün toxumundan, yarpağından və paxlasından istifadə olunur. Xırdalanmış və buğa (par) verilmiş dəni cavan heyvanların, xüsusilə də donuzların kökəldilməsində qiymətli zülallı konsentratdır. Bir neçə ölkələrdə lif verən bitki kimi istifadə olunur. Çiçək salxımının oxundan alınan lifdən kəndir və toxuculuq (hörmə) məmulatı istehsal edirlər. Viqna siderat bitki kimi geniş becərilir, hər hektar torpaq sahəsinə 300 kq-a qədər azot toplayır. Tərkibində 24-28 % zülal, 60-63 % sulu karbonlar, 1,0-1,3 % yağ, mineral maddələr və s. vardır.

Viqnanın paxlaları dəmir və kalsium duzları ilə də zəngindir. Pəhriz xüsusiyyətlərinə görə ondan ürək, ciyər və böyrək, şəkər, aşağı mədə sekresiyası və qastrit xəstəliklərinə qarşı müalicədə istifadə edilməsi məsləhət görülür.



Yayılması və məhsuldarlığı. Viqna bitkisinin yayılması tropik və subtropik coğrafi en dairəni əhatə edir. Yer kürəsində onun əkin sahəsi 5 milyon hektardan çoxdur. Əsas əkin sahəsi Afrika kontinentində cəmlənmişdir. Bu bitkini Meksika, Kolumbiya, Çin, Yaponiya və Misirdə kiçik sahələrdə becərirlər.

Viqnanın dən məhsuldarlığı aşağıdır, xüsusən Afrikada hektardan 4-6 sentner, yüksək əkinçilik mədəniyyəti şəraitində isə 16-20 sentnerə qədər məhsul götürülür.



Botaniki təsviri. İnəknoxudu – Viqna cinsinin 57 növü müəyyən edilmişdir. Onlardan 42-si çox yayılmışdır. Təsərrüfat üçün qiymətlisi və çox becəriləni iki növdür.

1. Viqna katyanq – Vigna catjang – paxlaları dik vəziyyətli, möhkəm qabıqlı, toxumları xırda, silindirdir.

Bu növ o qədər də əhəmiyyətə malik olmadığına görə az yayılmışdır. İnkişaf etdiyi rayonlarda əsasən yaşıl yem üçün becərilir.

2. Viqna sinensis – Vigna sinensis – paxlaları aşağıya doğru əyilmiş , sortlarından asılı olaraq qısa, yaxud olduqca uzun (40-50 sm), nazik və möhkəm qabıqlıdır. Yetişməmiş paxlaları və tam yetişmiş dənləri yeyintidə geniş miqyasda istifadə edilir. Eyni zamanda yaşıl gübrə və yem üçün də becərilir.

Viqna birillik paxlalı bitkidir, hündürlüyü 60 sm-dən 300 sm-ə qədərdir. Böyümə xarakteri və yarpaqlarının üçlü olmasına görə lobyaya oxşayır, lakin çiçəyin qayıqcığı burulmur, burun hissəsi geriyə qatlanmışdır. Öz-özünü tozlayan bitkidir. Toxumlarının forması və rəngi adi lobyada olduğu kimidir. Dənin forması girdə (dəyirmi), böyrəkşəkillidir. Dənin mütləq kütləsi növdən asılı olaraq 60 - 350 qr-a qədər dəyişir.

Viqna - «quşqonmaz lobya» növü - paxlalarının uzunluğu 90 sm-ə çatır. Bu növün sortları əsasən tərəvəz kimi istifadə olunur.



Yapon viqnası – quşqonmaz lobya - sarmaşandır, kolunun hündürlüyü 4-5 metr, paxlasının eni 1,5 sm, uzunluğu 1 metrə qədər, toxumu qara rənglidir.

Çin viqnası - quşqonmaz lobya - sarmaşandır. paxlasının eni 1sm, uzunluğu 1 metrə qədər, toxumu darçını rənglidir.

Hər iki sortun paxlaları sıyrımsızdır. Onları ərzaq kimi süd yetişkənlik fazasında paxlaların uzunluğu 50 sm-i keçmədikdə, pörtləmiş, qızardılmış və konservləşdirilmiş formada istifadə edirlər. Bu lobyanın tərkibindəki tam qiymətli zülalın miqdarı balıq və heyvan ətinə yaxındır.



Kolşəkilli viqna – əvvəlcə kol əmələ gətirir, sonra isə sarmaşır. Paxlalarının uzunluğu 25 sm, toxumları tünd rəngli xırdadır. Ərzaq məqsədi üçün istifadə olunmur.

Bioloji xüsusiyyətləri. Tropik mənşəli bitki kimi viqnanın istiliyə münasibəti yüksəkdir. Onun toxumları 12 0C temperaturda cücərməyə başlayır. Vegetasiya müddətində boy atması, çiçəkləmə və dəndolma dövrü üçün optimal temperatur 24-28 0 C-dir. 35 0C-dən yuxarı temperaturda əsas gövdənin və yan budaqların artım tempi aşağı enir, paxlalar və çiçəklər tökülməyə başlayır, fır bakteriyalarının bioloji azotu təsbit etmə fəaliyyəti dayanır. Bu bitkinin cücərtiləri şaxtaya davamsızdır.

Viqna atmosfer quraqlığına yaxşı dözür, lakin torpaq quraqlığına davamsızdır. Ona görə də quru subtropiklərdə mümkün qədər suvarmaq lazımdır. Toxum cücərməsi üçün öz kütləsinin 100-120 %-i qədər nəmlik qəbul etməlidir. Bitkinin nəmliyə tələbatı çiçəkləmə və paxlaların formalaşması dövründə daha çoxdur.

Viqna qısa gün bitkisidir. Günün uzunluğu bitkinin vegetasiya dövrünün uzanmasına, boyuna, yarpaqların əmələ gəlməsinə və bitkinin məhsuldarlığına təsir edir.

Bitki torpaq münbitliyinə çox tələbat göstərmir. Viqna qumsal və gilli torpaqlarda yaxşı inkişaf edir və yüksək turşuluğa yaxşı dözür. Tropik rayonlarda onu qırmızı, sarı və s. torpaqlarda becərirlər.

Vegetasiya müddətində sortun bioloji xüsusiyyətlərindən asılı olaraq 80-120 və hətta 200 gün ərzində bitkidə 40 ədəddən 300-ə qədər çisək əmələ gəlməsinə baxmayaraq 60 %-i, bəzi hallarda 80 %-i tökülür.

Becərilmə texnologiyası. İnəknoxudunu becərmək üçün torpağı payızda şumlayırlar. Şumdan əvvəl hər hektara 300-500 sentner üzvi gübrə, 3 sen. superfosfat və 2 sen. kalium xlorid mineral gübrəsi verilir.

Yazda torpağın səthi quruyan kimi malalayırlar və alaq otları əmələ gəldikdə torpaq yumşaldılır. Səpin qabağı torpağı dırmıqla hamarlayırlar.

Xəstəlik və zərərvericilər tərəfindən zədələnmiş toxumları səpin qabağı çeşidləyərək kənarlaşdırmaq lazımdır. Sonra toxumları səpinə bir gün qalmış 30-35 0C isti suda isladırlar.

Viqnanı cərgəvi üsulla cərgəarası 60 sm, bitki arası 10 sm olmaqla 3-5 sm dərinlikdə basdırırlar. Toxum basdırılmamışdan öncə cərgə aralarını bol-bol suvarırlar. Çıxışların tez alınması üçün polietilen örtüklərdən də istifadə etmək səmərəlidir. Havanın temperaturu + 150 C olduqda erkən əkilmiş sahələrdən polietilen örtüklər götürülür.

Dayaq bitkisi kimi viqna əkinlərində qarğıdalıdan istifadə edilir. Bu halda viqna və qarğıdalı paralel cərgələrə əkilir.

Əkinlərə qulluq – cərgə aralarının yumşaldılması, toxalama və bitkilərin sarmaşmasıdır. Bitkinin boyu 5-7 sm-ə çatdıqda cərgə aralarında kiçik dərinlikdə ehtiyatla birinci yumşaldılma, eyni vaxtda bitki arası məsafəni 40 sm saxlamaqla seyrəltmə aparılır. İki həftədən sonra toxalama və bitkilərin dibinin doldurulması da daxil olmaqla cərgə aralarının ikinci yumşaldılması aparılır. Viqnanın məhsuldarlığını artırmaq üçün torpağın yumşaldılması ilə yanaşı 4-5 yarpaq əmələ gələnə qədər suvarma aparılır, sonra suvarmalar azaldılır.

Qönçələmə fazasında yemləmə gübrəsi verilir

Bitkilərin boyu 2,0-2,5 m-ə çatdıqda ucvurma aparılmazsa, bitkinin inkişafı payızın sonuna qədər davam edər və məhsul yetişə bilməz.

Ərzaq məqsədilə pörtlətmək yaxud konservləşdirmək üçün viqnanı süd və süd-mum yetişkənlik fazasında yığırlar. Bu vaxt paxlalar yaşıl rəngli olurlar.

Dən məqsədi üçün gövdə, yarpaq və paxlaların qabığı açıq-sarı rəng aldıqda quşqonmaz lobyanın yığımına başlanılır. Dövri olaraq içərisində yetişmiş toxumlar olan qurumuş paxlaları yığırlar. Paxlalardan dəni ayıraraq yaxşı havalanan yerdə günəş altında qurudurlar. Viqnanın toxumlarını gələcəkdə əkin materialı kimi istifadə etmək üçün quru şəraitdə +5 0C temperaturda saxlamaq lazımdır. Quru hava şəraitində alınmış toxumlar cücərmə qabiliyyətini 5-6 il saxlayır.


Mövzu: 12. Noxudun əhəmiyyəti, bioloji xüsusiyyətləri və

becərilmə texnologiyası

Mühazirənin planı:


  1. Noxudun əhəmiyyəti, tarixi və yayılması.

  2. Noxudun botaniki quruluşu və bioloji xüsusiyyətləri.

  3. Noxudun sahələri, məhsuldarlığı və onun artırılması yolları.

  4. Noxudun toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Noxud əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri).

  6. Məhsulun yığılması.


Ədəbiyyat
S. C. Əliyev və baş. - «Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu»,

Kirovabad, 1988, 41 s.

M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

texnologiyası», Bakı, 2000, 264s.

H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.

C. Ə. Əliyev və baş. - «Azərbaycan SSR-in suvarma şəraitində soyanın

yetişdirilməsi», Bakı, 1982, 51 s.


  • П.П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.

  • Б.В. Федесоев - «Механизированная технология возделывание и уборки бобовых культур», Москва, «Расселхозиздат», 1983, 183с.

  • Д. Гберт, И. Фокке, В. Клейн - «Вырашивание зернобобовых культур на промышленной основе», Москва, «Колос»,1981, 159 с.

  • Д. Шпаар и др. - «Зернобобовые культуры»., Минск, 2000, 264 с.

  • Г.Т. Лавриенко и др. - «Соя», Москва 1978, 187 с.

  • Д.А.Aлиев, З. И. Акперов - «Фотосинтез и урооай сои», Москва-Баку,1995,

116 s.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 с.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 с.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356


Noxudun intensiv texnologiya ilə becərilməsi
Əhəmiyyəti. Noxud əsas dənli-paxlalı bitkilərindəndir. Ondan həm ərzaq, həm də heyvandarlıqda yem kimi istifadə olunur. Qarışıq yemlərin hazırlanmasında bitki zülalı kimi əsasən noxudun toxumlarından geniş istifadə olunur. Noxudun toxumunun 1yem vahidində 120-185 qr. asan həzm olunan zülal vardır ki, müqayisədə qarğıdalı dənində 59, arpada 20, vələmirdə 83 q-a bərabərdir. Noxudun tərkibində olan zülal əvəzsiz amin turşuları ilə zəngindir. Lizinin miqdarı 6,5%-dir ki, bu da dənli taxıl bitkilərinin zülalında olanlardan 2 dəfə çoxdur.

Noxudun yaşıl kütləsi həm təmiz, həm də qarışıq əkinlərdə becərilir. Qarışıq əkinlərdən hazırlanan silos keyfiyyətinə görə qarğıdalını ötüb keçir, ona görə ki, qarışıqda çoxlu zülal və karotin olur. Noxudun yaşıl kütləsi tez inkişaf etdiyinə görə, onu aralıq bitkisi və kövşənlik yerinə əkməklə bir ildə 2 məhsul almaq olar.

Noxud fır bakteriyalarının hesabına öz məhsulunda çoxlu zülal toplamaq qabiliyyətinə malikdir.

Noxudun müasir sortları qabaqcıl təsərrüfatlarda hektardan 35-40 sentner toxum məhsulu vermək qabiliyyətinə malikdir.

Noxudun tərkibində qiymətli amin turşuları ilə yanaşı A, B1, B2, C vitaminləri və mineral duzlar vardır. Noxudun paxlasında 25-30%-ə qədər şəkər vardır. Ondan konserv sənayesində geniş istifadə olunur. Yetişmiş dənində 24-28%, yaşıl kütləsində 12-13% və samanında 5-8% zülal vardır. Bütün kənd təsərrüfatı heyvanları noxudun toxumunu, silosunu, doğranmış otunu və samanını həvəslə yeyirlər. Noxud bitkisi hektara 105 kq-a qədər bioloji azot toplaya bilir ki, onun da 40 kq-a qədəri torpaqda qalır. 1 kq dəndə 1,17 yem vahidi, 195 qram həzm olunan zülal vardır. Bir sentner yaşıl kütləsində 13 yem vahidi, 25 qram həzmolunan zülal, 1 sentner samanında 23 yem vahidi, 31 qram həzm olunan zülal var.

Dünya əkinçiliyi sistemində dənli-paxlalı bitkilərin əkin sahəsi 160 mln. hektara yaxındır ki, bunun da 24 mln. hektarı noxudun payına düşür.

Noxud Avropanın bütün ölkələrində, Çində, ABŞ-da, Kanadada və Hindistanda becərilir.

Quraqlığa və yüksək temperatura az davamlı olduğuna görə cənubda və xüsusilə Azərbaycanda az yayılmışdır. Ən çox yayılan və payızda səpilən çöl noxudu növüdür.

Noxud paxlalılar (Fabaceae) fəsiləsinin Pisum cinsinin sativum növünə aiddir.

Sativum - adi səpin noxudu, Arvenze - tarla noxudu.

Təsərrüfat əhəmiyyətinə görə noxud iki qrupa bölünür: Toxumluq qrup - bunlar yüksək boylu olur və yem məqsədi üçün təmiz və qarışıq əkinlərdə becərilir. Hal-hazırda qısa gövdəli, yarpaqsız bığlı formaları alınıb ki, onların vegetasiya müddəti də qısadır. Eyni zamanda intensiv texnologiya ilə becərmək üçün layiqlidir. Noxud tez yetişən dənli-paxlalı bitkidir. Sortdan və becərilmə şəraitindən asılı olaraq vegetasiya müddəti 70-140 gün arasında dəyişir. Noxud ləpə yarpaqlarını torpaq səthinə çıxartmır. Öz-özünə tozlayan bitkidir. Kökü torpağın 1-2 m dərinliyinə işləyən mil kök və yan köklərdən ibarətdir.

Digər dənli-paxlalı bitkilər kimi noxudun əsas xüsusiyyətlərindən biri havanın molekulyar azotunu təsbit etmək və məhsulun formalaşmasında ondan istifadə etməkdir. Bioloji azot, yəni molekulyar azotun təsbit olunması imkan verir ki, azot gübrəsinə qənaət edilsin, məhsulda nitratların toplanması aradan qaldırılsın və ətraf mühit çirklənməsin. Bioloji azotun təsbit olunması mürəkkəb fizioloji prosesdir. Yüksək məhsul almaq üçün aşağıdakı şərtlər vardır:

Torpağın reaksiyası, optimal torpaq nəmliyi, torpağın havalanması, torpaqda fosfor, kalium və mikroelementlərin miqdarı, aktiv və virulent ştamların olması və fotosintez prosesinin yüksək səviyyədə saxlanılması.

Noxudun inkişafında çıxış, qönçələmə, çiçəkləmə və yetişmə fazaları mövcuddur. Çıxışların alınmasından yetişmənin başlanğıcına qədər olan müddət dörd dövrə bölünür.

I dövr – çıxışdan çiçəkləmənin başlanğıcına qədər olan dövr sortdan və şəraitdən asılı olaraq 30-45 gündür. Yarpaqlar, gövdə və fırlar əmələ gəlir.

II dövr – çiçəkləmə və paxlaların əmələ gəlməsi 14-20 günə bərabərdir. Bu dövrdə yarpaq səthi və kütləsi sürətlə artır. Artım davam edərək dövrün axırında bitkinin boy artımı dayanır, lakin, çiçəkləmə və paxlaların əmələ gəlməsi davam edir.

III dövr – paxlaların inkişaf dövrüdür ki, axırda maksimum böyüməyə çatır. Bu dövrdə vahid sahədə toxumların sayı təyin olunur. Üçüncü dövrün axırında maksimal yaşıl kütlə məhsulu qeyd olunur. Bu dövrdə yüksək gövdəli bitkilər yatır.

IV dövr – bu dövrdə toxumun (dəndolma) dolması həyata keçir. Plastik maddələrin xüsusən azotun başqa orqanlardan toxuma axması gedir (ottok ionov). Toxumun kütləsinin artması bu dövrdə başlıca prosesdir. Bu dövrdə 1000 ədəd toxumun kütləsi məhsuldarlıq elementi kimi təyin edilir. Sonra yetişmə dövrü başlanır ki, bu zaman tədricən toxumda nəmlik azalır.

Demək olar ki, ikinci dövr çiçəkləmə və paxlaların əmələ gəlməsi dövrü məhsulun yaranması üçün vacib və böhran dövrdür.

Üçüncü dövrdə əlverişsiz şərait olarsa, paxlaların miqdarı azala bilər. Hektarda bir milyon ədəd bitki sıxlığı olarsa (1m2- 100 bit.) 30 sentner dən məhsulu götürmək mümkündür. Belə olduqda bir bitkidə yığım zamanı 3-5 paxla (1m2- də 350-500 paxla) və 12-16 toxum (1m2-də 1200-1600 toxum) olarsa, 1000 ədəd toxumun kütləsi 200-250 qrama bərabər olar.

Noxud uzun gün bitkisidir. Uzun gün işığında tez çiçəkləyir, çiçəkləmə intensiv gedir və inkişaf sürətlənir. Noxud nisbətən istiliyə az tələbkardır. Minimal temperatur 1-2 0C-dir. Belə temperaturda çıxışların alınması 20 gündən çox davam edir. Alınan çıxışlar zəif olur. Çıxışların normal alınması üçün 4-5 0C temperatur lazımdır. Çıxışlar 10 0C istilikdə 5-7 günə alınır. Cücərtilər –4 0C şaxtaya dözürlər.

Vegetativ orqanlar 12-16 0C temperaturda yaxşı əmələ gəlirlər. Yüksək temperatura tələbat paxlaların əmələ gəlməsi dövründə 16-200C-dir. Dəndolma dövründə isə 16-22 0C olur. Faydalı temperaturun miqdarı 1200-1600 0C-dir.

Noxud nəmliyə tələbkar bitkidir. Toxumların şişib cücərməsi üçün öz kütləsindən 100-120% artıq nəmlik qəbul etməlidir.

Noxud ən çox qönçələmə, çiçəkləmə və paxlaların əmələ gəlməsi dövründə nəmliyə tələbkardır. Bəzən nəmliyin çatışmaması üzündən çiçəklər və körpə paxlalar tökülür.

Noxud bitkisi torpağa yüksək tələbkardır. O, qara torpaqlarda, orta mexaniki tərkibli boz torpaqlarda yaxşı havalanma şəraiti olarsa yaxşı inkişaf edir.

Bitkinin məhsuldarlığı kök sisteminin inkişafından asılıdır. Dənli taxıl bitkilərinə nisbətən noxud torpağın sıxlığına tələbkardır. Optimal torpaq sıxlığı 1,1q/sm3-dir. 1,2 q/sm3 sıxlıqda bitkinin məhsuldarlığı azalır. Əkin qatının sıxlığı 1,4 q/sm3 olduqda bitki sürətlə məhv olur və məhsuldarlıq aşağı enir.

Növbəli əkində yeri. İntensiv texnologiya ilə becərmək üçün noxud bitkisi gübrələnmiş sələflərdən sonra əkilməlidir. Ən yaxşı sələflər payızlıq taxıllar, cərgəarası becərilənlərdən kartof, qarğıdalı və şəkər çuğundurudur.

Noxudu yazlıq taxıllardan sonra yerləşdirmək də yaxşı nəticələr verir. Bunun üçün sahə yaxşı gübrələnməli və alaq otlarından təmizlənməlidir.

Zaqavqaziyada və Azərbaycan şəraitində noxud özü yaxşı herik bitkisi olmaqla, həmçinin taxıl yığıldıqdan sonra kövşənlik əkini üçün əlverişlidir.

Noxud bitkisi öz əvvəlki yerinə 5-6 ildən sonra qaytarılmalıdır ki, ziyanverici və xəstəliklərin çoxalmasının qarşısı alınsın. Nəmlik az olan bölgələrdə isə kök çürüməsi xəstəliklərinin qarşısını almaq üçün bu müddət 7-8 ilə çatdırılır. Bundan əlavə, noxudu digər dənli-paxlalı bitkilər və paxlalı yem otları ilə növbələndirmək olmaz. Noxud paxlalı bitkilərdən 500 metr aralı əkilməlidir. Növbəli əkində noxudu günəbaxandan sonra yerləşdirmək məqsədə müvafiq hesab edilmir. Növbəli əkində yerləşdirmək üçün noxudun torpağa olan bioloji tələbatını nəzərə almaq lazımdır. Torpağın reaksiyası neytral reaksiyaya yaxın olmalıdır. Fosfor və kaliumun miqdarı 100 qr torpaqda 12-15 mq-dan az olmamalıdır.



Torpağın becərilməsi. Becərmə əsasən sahənin alaqlardan təmizlənməsi, nəmliyin saxlanması, torpağın fiziki xassəsinin yaxşılaşdırılması və mikrobioloji proseslərin aktivliyindən ibarətdir. Dənli taxıl bitkilərindən sonra noxud əkiləcək sahənin üzlənməsi (5-7 sm) və şumun vaxtında qaldırılması vacibdir.

Erkən şumdan sonra alaqlar əmələ gəldikcə kultivasiya və malalama aparılır. Alaqlar məhv edildikdən sonra torpağın səthi düzəldilərək yumşaldılır.

Noxudu intensiv texnologiya ilə becərərkən əkinçiliyin zonal sistemi nəzərə alınmaqla torpağın becərilməsindəki bütün əməliyyatları keyfiyyətlə yerinə yetirmək xüsusilə vacibdir.

Belə ki, zəif alaqlanmış torpaqlarda şumdan qabaq LDQ-10 markalı üzləyicilərlə 7-8 sm dərinliyində üzləmə aparmaq lazımdır. Əgər sahə köküpöhrəli alaqlarla zibillənibsə 2 həftədən sonra gavahınlı üzləyici ilə 10-12 sm dərinliyində üzləmək və sonra ön kötancıqlı kotanla şumlamaq lazımdır.

Əgər tarla kökümsov gövdəli alaqlarla zibillənibsə sahəni uzununa və köndələninə 10-12 sm dərinliyində BDT-7 ağır diskli mala ilə diskləmək (malalamaq) lazımdır. Çıxışlar alınandan sonra 25-27 sm dərinlikdə şumlanır.

Şum apararkən nəmlik elə olmalıdır ki, torpaq yaxşı dağılmış olsun və kotanın bıçaqlarına yapışmasın və bitki qalıqları torpağa tam basdırılmış olsun. Şumun dərinliyi lazımi səviyyədə aparılmalı və torpaq hissəciklərinin diametri 10 sm-dən yuxarı olmamalıdır.

Torpağın səpinqabağı becərilməsində əsas məqsəd, nəmlik itkisinin qarşısını almaq və toxum basdırılan dərinlikdə yaxşı yumşaldılmış xırda hissəcikli torpaq qatı yaratmaqdır. Torpaq səthinin yaxşı hamarlanması və toxumun səpin zamanı lazımi dərinliyə bərabər yerləşdirilməsi yığan maşınların keyfiyyətli işini təmin edir.

Gübrələmə. Bir ton toxum yaratmaq üçün yaşıl kütlə ilə birlikdə noxud bitkisinə 45-60 kq azot 16-20 kq fosfor, 20-30 kq kalium, 25-30 kq kalsium, 8-13 kq maqnezium və müəyyən miqdarda mikroelementlər tələb olunur.

Azotla qidalanma. Noxud yüksək zülalı bitki kimi çoxlu azot tələb edir ki, bu da taxıl bitkilərindən 2 dəfə çoxdur noxudun azot elementinə münasibəti vegetasiya müddətində müxtəlif bərabərlikdədir.

Məhsul əmələ gətirmək üçün azot elementinin çox hissəsini noxud bitkisi fır bakteriyalarının həyat və fəaliyyəti nəticəsində havanın sərbəst azotundan istifadə edirlər. Mineral azot gübrəsinin yüksək normada verilməsi isə fır bakteriyalarının inkişafına öldürücü mənfi təsir göstərir.



Fosfor kaliumla qidalanma. Üç ton toxum məhsulu yaratmaq üçün noxud hektardan 50-60 kq fosfor və 90-110 kq kalium aparır. Kalium fosfordan iki dəfə çox tələb olunur. Kalium bitkiyə ən çox çiçəkləmə və paxlaların əmələ gəlib inkişaf etməsi dövründə daxil olur.

Fosfor-kalium gübrələrinin noxud altına verilməsi üçün planlaşdırılmış məhsulu nəzərə almaq lazımdır. Yadda saxlamaq lazımdır ki, bu elementlərin istifadə olunma əmsalı torpağın nəmliyindən və bioloji azotun təsbit olunmasından asılıdır. Əgər bioloji azotun udulması effektli olarsa, deməli fosfor və kaliumun həm torpaqdan həm də gübrədən səmərəli istifadəsini artırmaq olar.

Fosfor-kalium gübrəsini əsas şum altına verirlər. Bundan əlavə təsiredici maddə hesabı ilə hektara 10-20 kq səpinlə birlikdə cərgələrə verilir. Noxud üçün molibden gübrəsi lazımlıdır. Belə ki, torpaqlarda onun miqdarı 0,3 mq/kq olduqda bioloji azotun təsbit olunması güclənir. Cərgələrə molibdenləşdirilmiş superfosfatın verilməsi ilə bu məsələni həll etmək mümkündür.

Toxumun səpinə hazırlanması. Noxudu intensiv texnologiya ilə becərmək üçün birinci sinfə aid olan kondisiyalı toxumdan istifadə olunur. Toxumun təmizliyi 99%, cücərmə qabiliyyəti isə 95%-dən az olmamalıdır. İri və orta toxumların seçilib əkilməsi vacibdir ki, çıxışlar yaxşı alınsın.

Çeşidlənib səpinə hazırlanmış toxumlar dərmanlanaraq molibden və bor elementlərinin preparatları ilə işlənməli sonra isə rizotorfinlə (nitraginlə) yoluxdurulmalıdır. Əgər toxumun nəmliyi 17% və ondan yüksəkdirsə səpinə bir ay qalmış isti havada qurudulmalıdır. Bunu 30-350C temperaturda 2-3 gün müddətində fəal ventilyasiya olunan qurğularda aparırlar. Bu üsul toxumun cücərmə enerjisini artırır. Qaratorpaq olmayan zonalar üçün bu üsul xüsusilə vacibdir.

Askoxitoz və fuzarioz xəstəliklərinə qarşı toxumu dərmanlamaq üçün TMTD-nin 80%-li preparatından 1 ton toxuma 3-4 kq, kök çürüməsi və bakterioza qarşı 65%-li fenturamdan 4-6 kq, 50%-li fundazoldan 3 kq, ən yaxşısı isə taciqran preparatının 1-2 kq tətbiq olunmasıdır.

Preparatın toxumun səthinə yapışması üçün örtük əmələ gətirən natrium duzundan (karboksimetilsellüloza NaKMC) hər ton toxuma 0,2 kq və polivinil spirtindən 0,5 kq istifadə olunur.

Toxum PSŞ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulda dərmanlamalıdır. Səpinə ən azı 3-4 həftə qalmış toxumun dərmanlanması başa çatdırılmalıdır.

Bilavasitə səpin aparılan günü toxumlar molibden və borlu mikrogübrələrlə, eyni zamanda rizotorfinlə (nitraginlə) işlənilməlidir. 5 litr suda 125 qr bor və ammonium- molibdanat həll edilməli və sonra rizotorfin əlavə olunmalıdır. Alınan işçi məhlul PSŞ-5, PS-10 maşınlarında 1 ton toxumla qarışdırılmalıdır.

Səpin zamanı toxumun rizotorfinlə işlənilməsi zəruridir, çünki, həmin sahədə virulent və effektli ştammların hüceyrələri olmaya bilər. 1 qr. rizotorfin preparatında 2,5 milyard fəal fır bakteriyası hüceyrələri vardır. Rizotorfin paketlərdə 200 qr. şəklində buraxılır ki, bu da hektarlıq toxumun normasıdır. Rizotorfindən istifadə olunması toxumun tərkibində zülalın miqdarını 2-5%-ə qədər artırır. Hər 100 kq toxuma 25-30 qr. ammonium –molibdanat və borat turşusu işlədilir.

Səpin müddəti, üsulu norması. Əgər torpaq yetişibsə noxud faraş səpinlərə tələbkardır. Bu imkan verir ki, ekoloji faktorlardan tam istifadə olunsun belə ki, toxumun minimal cücərmə temperaturu 1-2 0C, çıxışların alınması 4-5 0C-dir. Çıxışlar mənfi 4-6 0C-yə dözürlər. Bundan əlavə bitki torpaqda olan payız-qış nəmlik ehtiyatından yaxşı istifadə edir və çiçəkləmə üçün əlverişli şərait (fotoperiodizm-uzun gün) yaranır.

Respublikamızın aran rayonlarında noxud sentyabrın axırı və oktyabrın ortalarında və ya yazda fevralın axırı martın əvvəlində səpilməlidir.

Noxud bitkisini intensiv texnologiya ilə becərərkən, hektarda lazımi miqdarda bitki olması və yığıma qədər həmin bitkiləri saxlamaq, birinci növbədə səpin norması ilə təyin olunur.

Noxud üçün ən yaxşı səpin üsulu cərgəarası 15 sm olan adi cərgəvi üsuldur. Gencərgəli və lent üsulu ilə də səpmək mümkündür.

Noxudun səpin norması sortun xarakteristikasından, zonadan, torpağın mexaniki tərkibindən, qida maddələri ilə təmin olma dərəcəsindən və başqa faktorlardan asılı olaraq hektara 0,8-1,4 mln. ədəd çıxış verə bilən toxumdur.

Noxud SZ-3,6; SZA-3,6; SZP-3,6 markalı aqreqatlarla adi cərgəvi üsulla səpilir. Noxudun toxumları taxılların toxumlarından bir neçə dəfə ağırdır. 1000 ədədin kütləsi 200-250 qrama bərabərdir. Toxumlar 6-8 sm dərinliyə basdırılır, dayaz basdırıldıqda quraq illərdə çıxışlar pis alınır və malalama zamanı zədələnirlər. Mexaniki tərkibi ağır olan torpaqlarda 4-5 sm dərinlikdə basdırmaq nəzərdə tutulur. Qumsal torpaqlarda isə basdırılma dərinliyi 10 sm-ə çatır. Səpin zamanı sahədə torpağın bərkiməsi gedir, bunun qarşısını almaq üçün saşniklərin aşağı tyaqasına asma yumşaldıcılar bağlamaq olar ki, torpağa yapışmasın. Torpağı yastı kəsən aqreqatla becərdikdə noxudu CZS-2,1 markalı aqreqatla səpilir. Səpindən sonra xüsusən quraq havada ZKKŞ-6 aqreqatı ilə sahənin işlənməsi tez və keyfiyyətli çıxışların alınmasını təmin edir. Becərmələrin səpin qabağı və səpinlə birlikdə vaxtında və yüksək keyfiyyətlə aparılması sayəsində optimal bitki sıxlığı yaranır.



Əkinlərə qulluq. Əkin sahəsi arat edilməyibsə səpindən sonra dərhal sahə sulanmalıdır. Arat olunmuş sahələrdə torpaqda kifayət qədər nəmlik qalarsa sahə suvarılmamalıdır.

Sahəni malalamaq alaqlara qarşı mübarizədə ən sadə və faydalı üsuldur. Belə ki, cücərti alınana qədər və cücərti 3-5 yarpaq fazasında olduqda 1-2 iz malalama birillik alaqları 60-80% məhv edir. Bundan başqa malalama qaysağı dağıdır və torpağı yumşaldır. Cücərtilər görünənə qədər sahə yalnız rotasiya malası ilə malalanmalıdır. Cücərtilər 6-8 sm hündürlükdə olduqda və bığcıq göründükdə sahəni malalamaq olmaz.

Qönçələməyə qədər birinci suvarma, çiçəkləmə fazasında ikinci suvarma, toxumlar yetişməyə başladıqda üçüncü suvarma aparılır. Alaqlarla ən yaxşı mübarizə kimyəvi üsuldur. Noxud 3-5 yarpaq fazasında olduqda 2M-4M 80%-li suda həll olan tozundan hektara 2,5-3,8 kq və ya 48%-li baziqrandan 3-4 kq verilir. Herbisidlər POU, OH-400 markalı ştanqlı çiləyicilərlə işlənilir.

Noxud alaqlardan çox ziyan çəkir, məhsuldarlıq 30-50% aşağı düşür. Əkinlərin malalanması alaqlarla ən faydalı mübarizə üsulu sayılır. Eyni zamanda torpaq qaysağı dağılır, nəmlik itkisi azalır və havalanma yaxşılaşır. Səpindən 4-5 gün sonra çıxışların alınmasına qədər malalama aparılır. Çıxışdan sonra aparılan malalamanı gündüz saatlarında 4-5 km/saat sürətlə yerinə yetirmək lazımdır. Herbisid tətbiq olunana qədər sahəni malalamaq məsləhət görülür. Zədələnmiş yarpaqların herbisidə davamlığı zəifləyir. Ehtiyac duyulduqda herbisid çilədikdən 2-3 gün sonra sahəni malalamaq olar. Baziqranın 48%-li məhlulundan hektara 3-4 litr çilənməsi faydalı kontakt herbisiddir. Bu herbisid noxudun 5-6 yarpaq fazasında çilənir. Çiləmədən 3-4 gün sonra ikiləpəli alaqlar məhv olur. Quru və isti havalar baziqranın səmərəsini aşağı salır. Odur ki, çiləməni axşam saatlarında aparmaq lazımdır.

Bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi üçün ən yaxşı üsul aqrotexniki metoddur. Bunun üçün növbəli əkinin tətbiqi, torpağın optimal becərilmə sistemi, bütün texnoloji proseslərin keyfiyyətli və müasir səviyyədə yerinə yetirilməsi xəstəliklərin inkişafını və zərərvericilərin miqdarını azaltmağa imkan verir.

Cücərti fazasında noxuda yumru uzunburun çox ziyan verir. Onlara qarşı insektisidlərdən hektara 80%-li xlorofosdan 1,5-2,5 kq və ya 20-40%-li metafosun qatılaşdırılmış emulsiyasından müvafiq olaraq 0,5-1,0; 0,25-0,5 litr normasında işlədilir. Qönçələmə fazasında yarpaqyeyənə və noxud mənənəsinə qarşı mübarizə üçün 40%-li fosfamidin qatılaşdırılmış emulsiyasından hektara 0,5-1,0 litr preparat 100 litr suda qarışdırılaraq OVT-18, OH-400-3 çiləyiciləri ilə çilənməlidir. Əgər hər bitkidə 10-15 mənənə fərdi sahənin kənarında müşahidə olunarsa dərman həmin yerə, əgər bütün sahə sirayətlənibsə onda sahəni başdan-başa dərmanlamaq lazımdır.



Məhsulun yığılması. Yığım mürəkkəb texnoloji prosesdir. Əsas yığım üsulu hissə-hissə yığımdır. Bu üsulda paxlaların 60-70%-i qonur rəng aldıqda JRB biçin maşını ilə və ya PB-2,1, PBA-4 qurğusu ilə təchiz edilmiş KS-2,1 markalı otbiçənlə laylarla sərilməlidir. İtkiyə yol verməmək üçün sahə qısa müddətdə yığılmalıdır. Dəndə 16-18% nəmlik olduqda kütlə PPT-3, PPT-3A layqaldırıcı ilə təhciz edilmiş SK-5, SKD-5 və ya SK- 5A markalı kombaynlarla biçilməlidir. Biçindən 2-3 gün sonra döyüm aparılır. Əgər nəmlik 15% aşağı olarsa döyüm zamanı toxum xırdalana bilər, eyni zamanda nəm toxum da şiddətli zədələnmiş olar.

Təsərrüfatlarda, yetişən zaman toxumları tökülməyən sortların geniş tətbiq olunması imkan verir ki, paxlalar tam yetişdikdə və gövdələr quruduqda birbaşa kombaynla yığım aparılsın. Bu iqtisadi cəhətdən də səmərəlidir. Noxud dənli taxıl bitkiləri üçün yaxşı sələf olduğundan yığımdan dərhal sonra saman sahədən çıxarılmalı və torpaq becərilməlidir. Samanın yığılması zamanı 2 texnoloji üsuldan istifadə etmək olar. a) samanı presləyib lafetlərlə sahədən çıxarmaq, b) yaxud xırdalayıb arabalarla daşımaq. Samanın xırdalanıb daşınması daha faydalıdır. Bu üsulla samanı daşımaq üçün hər kombayna PUN-5 markalı saman doğrayanla yanaşı 2-3 ədəd 2 PTS-4-68-7A markalı araba qoşulmalıdır.

Azərbaycanda suvarılan şəraitdə payızlıq noxudun təmiz səpinində uzun və nazik gövdələr əmələ gəlir. Bitkilər yerə yatır və çürüyür. Hətta kombaynla yığım çətinləşir. Yatmanın qarşısını almaq üçün noxudun arpa ilə qarışıq əkinlərindən geniş istifadə olunur. Qarışıq əkin üçün arpanın təmiz səpinində hektara səpin normasının 70-75%-ni, noxudun təmiz səpinində hektarlıq normanın 25-30%-i miqdarında toxum götürülməlidir. Yəni təmiz səpində hektara 200 kq arpa planlaşdırılıbsa qarışıq səpində 150 kq (75%), noxudun təmiz səpininə 300 kq toxum planlaşdırılıbsa qarışıq səpində 90 kq (30%) toxum götürülməlidir.

Yığımdan sonra toxumun işlənməsi qurudularaq saxlanması. Noxud kombaynla yığılan zaman quru toxumla yanaşı nəm qatışıqlar da olur. Noxudun bərabər yetişməməsi üzündən yığım zamanı qatışıqda yetişməmmiş toxumlar, gövdə qırıqları və alaqların toxumları ola bilər.

Buna görə də toxumu təcili olaraq qabaqcadan təmizləyici aparatlar OVP-20A, ZAV-10, ZVS-20-dən buraxmaq lazımdır. Təmizlədikdən sonra toxumun nəmliyi 17%-dən çox olarsa quruducu qurğularda qurutmaq lazımdır.

Toxum qurudan qurğularda SZŞ-0,8, SZŞ-16 toxum 35-400C-dən artıq qızdırılmamalıdır və nəmlik bir dəfədə 4%-dən artıq aşağı salınmamalıdır.

Kondisiya nəmliyinə qədər qurudulmuş toxumlar (14-16%) sortlaşdırılaraq quru, havalandırılmış və anbar zərərvericiləri ilə yoluxmamış binalarda hündürlüyü 2,5 m-dən artıq olmayaraq yığılır və saxlanılır.




Mövzu: 13. Soyanın əhəmiyyəti, bioloji xüsusiyyətləri və

becərilmə texnologiyası

Mühazirənin planı:


  1. Soyanın əhəmiyyəti, tarixi və yayılması.

  2. Soyanın botaniki quruluşu və bioloji xüsusiyyətləri.

  3. Əkin sahəsi, məhsuldarlığı və məhsulun artırılması yolları.

  4. Soyanın toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Əkinlərə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəlik törədicilərinə qarşı mübarizə tədbirləri).

  6. Məhsulun yığılması.


Ədəbiyyat
S. C. Əliyev və baş. - «Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu»,

Kirovabad, 1988, 41 s.

M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

texnologiyası», Bakı, 2000, 264s.

H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.

C. Ə. Əliyev və baş. - «Azərbaycan SSR-in suvarma şəraitində soyanın

yetişdirilməsi», Bakı, 1982, 51 s.


  • П.П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.

  • Б.В. Федесоев - «Механизированная технология возделывание и уборки бобовых культур», Москва, «Расселхозиздат», 1983, 183с.

  • Д. Гберт, И. Фокке, В. Клейн - «Вырашивание зернобобовых культур на промышленной основе», Москва, «Колос»,1981, 159 с.

  • Д. Шпаар и др. - «Зернобобовые культуры»., Минск, 2000, 264 с.

  • Г.Т. Лавриенко и др. - «Соя», Москва 1978, 187 с.

  • Д.А.Aлиев, З. И. Акперов - «Фотосинтез и урооай сои», Москва-Баку,1995,

116 s.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 с.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 с.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin