Əhəmiyyəti. Kənd təsərrüfatı bitkiləri içərisində insanların qidalanmasında və kənd təsərrüfatı heyvanlarının yemləndirilməsində zülalla zəngin olan paxlalı bitkilərin rolu olduqca böyükdür. Bunların toxumlarında zülalın miqdarı dənli-taxıl bitkilərinə nisbətən 2-3 dəfə artıqdır.
Paxlalı bitkilərin dənlərində insan və heyvan orqanizmi üçün lazım olan bütün amin turşuları vardır. Karbohidratlardan əsas etibarı ilə nişasta çoxdur (45-50%). Zülal ilə azotsuz maddələrin miqdarı (nisbəti) 1:5 və 1:2 təşkil edir.
Qeyd etmək lazımdır ki, paxlalı bitkilərin vegetativ və generativ orqanları digər bitkilərə nisbətən zülalla (2-3 dəfə) zəngindirlər.
Kənd təsərrüfatı heyvanları dənli taxıl bitkiləri və dənli-paxlalı bitkilərin qarışığı ilə yemləndirildikdə (90%+10% və ya 70%+30%) taxıl bitkilərində olan zülalın mənimsənilmə səviyyəsi 20-50% artır.
Əvəzedilməz 8 amin turşusunu (valin, lizin, leysin, izoleysin, metionin, trionin, triptofan və fenilalanin) insan və heyvan orqanizmi sintez edə bilmir. Lakin, hazır formada qida vasitəsilə alır. Bu amin turşularına yaşlı insan orqanizminin gündəlik tələbatı 4-5 qr-a yaxındır. Orqanizmdə kifayət qədər triptofan, lizin və metionin çatışmadıqda zülal sintez olunmur və həyat üçün zəruri olan başqa bioloji maddələrin də sintezi dayanır. Həmin amin turşularının miqdarı dənli-paxlalı bitkilərdə, dənli taxıl bitkilərinin dənindəkinə nisbətən 4 dəfə çoxdur.
Paxlalı bitkilərin zülali hissəsinin 80-90%-i heyvan orqanizmi tərəfindən yaxşı mənimsənilən, suda və duz məhlulunda həll ola bilən fraksiyalardan ibarətdir.
Paxlalı bitkilərin bir üstünlüyü də ondan ibarətdir ki, onlar torpağı azotla zənginləşdirirlər.
Əgər buğda hektardan 30 sentner dən verdikdə 360 kq zülal yarada bilirsə, noxud o qədər dən məhsulu ilə 690 kq, soya 1260 kq zülal yarada bilir.
Dənli-paxlalı bitkilərin 1 kq dənində, o cümlədən noxudda 158, gülüldə 186, lərgədə 210, yem paxlasında 211 və lüpində 245 qr. zülal vardır.
Bu bitkilərin üçüncü üstünlüyü ondan ibarətdir ki, paxlalıların yaratdığı zülal təsərrüfata çox ucuz başa gəlir. Belə ki, noxudun 1 ton həzm olunan zülal hissəsi dənli bitkilərdə olduğuna nisbətən 2,5-3,0 dəfə, 1 ton soya cecəsində olan zülal isə 15-18 dəfə ucuz başa gəlir.
Paxlalıların digər üstünlüyü, onların paxlalı olmayan digər bitkilər üçün yaxşı sələf olmasıdır. Paxlalı bitkilər kök və kövşən qalıqları ilə torpaqda əhəmiyyətli miqdarda azot və başqa faydalı elementlər saxlayır.
Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı bitkilər, yağ artıq olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Soya dənində 33-45% zülal, 20-25,7% sulu karbonlar vardır. Soyanın külündə çoxlu miqdarda kalium, kalsium, fosfor və dənində A, B, C və E vitaminləri olur. Dəndə fitin və saponin çoxdur. Soya dənində həzm olunan zülal arpa dənindəkinə nisbətən 3,6 qarğıdalı dəninə nisbətən 4 dəfə çoxdur. Soyanı digər dənli-paxlalı bitkilərdən fərqləndirən onun zülal hissəsinin amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir.
Əvəzolunmaz amin turşuları lizin, metionin və triptofan ilə soyanın dəni zəngindir. Bütün yemlərin dəyərliliyi bu amin turşularının olub-olmaması ilə ölçülür.
Bir kq buğda ununda 2,5 q lizin olduğu halda, 1 kq soya ununda 27 q-dır.
Təmizlənmiş soya yağı məişətdə ərzaq məhsulu kimi istifadə olunur. Soya dənindən süd alınır ki, ondan da adi süddə olduğu kimi müxtəlif məhsullar hazırlanır. Marqarin hazırlamaq üçün soya yağından geniş istifadə edilir. Sabun bişirmədə, qliserin, yağlı boyalar, linoleum, müşəmbə, mətbəə boyası və maşın yağı istehsalında soya çox qiymətli xammaldır. Soyadan lesitin alınır, jelatin və qənnadı məmulatı hazırlanır. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır.
Soyanın unu və jımığı heyvanlar üçün çox dəyərli yemdir. Onun jımığında 47%-ə, ununda isə 40%-ə qədər zülal var. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qr. həzm olunan zülal olur.
Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Qarğıdalı və sorqo ilə qarışıq əkinlərdə yaxşı silos və biçənək verir. 100 kq yaşıl soya kütləsində 21 yem vahidi, 3500 qr. həzm olunan zülal vardır. Hər 100 kq otda 51 y. v., 100 kq samanda isə 32 y. v. vardır.
Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.
Tarixi. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. Soya çinlilərə bizim eradan 6000 il əvvəl məlum olub. Avropada nisbətən gec, XVIII əsrdən becərilməyə başlanıb.
Hazırda dünya ölkələrində 160 mln. Hektardan çox soya becərilir. Soya ABŞ-da, Çində, Braziliyada, Hindistanda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və cənubi Amerikada becərilir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Soya – Glycine hispida birillik mədəni bitki olub Fabaceae paxlalılar fəsiləsinə aiddir.
Bizim ölkədə becərilən əsas mədəni sortları Mancuriya yarımnövünə aid olub kolları kip və ya yarımkip formada olur. Gövdəsi, əsasən dikduran, 40 sm-dən 100 sm-ə qədər hündürlüyündə olur. Cücərən zaman ləpə yarpaqlarını torpağın səthinə çıxartdığına görə, tarpağın yaxşı hamarlanmasına və toxumların çox da dərinə basdırılmamasına tələbkardır.
Mil kök sisteminə aiddir, torpağın 1,5-2 m-ə qədər dərinliyinə işləyir. Əsas kök kütləsi torpağın 50 sm dərinliyində toplanır.
Köklərində fırlar əmələ gəlir ki, orada olan fır bakteriyaları (rhizobium) havanın bioloji azotunu udmaq qabiliyyətinə malikdirlər. İstilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək (18-20 0C) temperatur tələb edir. Toxumları 6-8 0C-də cücərir. Cücərtilər 2-5 0C yaz şaxtalarına dözür. Çiçəkləmə və dəndolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600- dür. Çiçəkləmə 15-40 gün, gec yetişən formalarda 80 gün davam edir. Qısa gün bitkisidir. Neytral reaksiyalı torpaqlarda yaxşı inkişaf edir. Soya öz-özünə tozlayan bitkidir. Çiçəkləri çox xırda yarpaq qoltuğunda 3-8 qotaz kimi toplanmışdır. Paxlaları 10-15 sm yuxarıda (torpaqdan) yerləşir, paxlaları açılmır. Əgər paxlalar aşağıda olarsa yığım çətinləşir. 1000 ədəd toxumun kütləsi sortdan və becərilmə xüsusiyyətindən asılı olaraq 130-170, 100-250 qr arasında dəyişir. Bitkidə paxlaların miqdarı sıxlıqdan və qidalanma şəraitindən, nəmlikdən və xarici şərait amillərindən asılı olaraq dəyişir. İntensiv texnologiya ilə becərmə soyanın bioloji tələbatını ödəyir və hər 1m2-də 700-800 paxla əmələ gəlməsinə şərait yaradır. 1m2-də 40 ədəd bitki olarsa, onlardan hər biri 20 paxla əmələ gətirməlidir. Təxminən hər paxlaya 2 toxum düşür. Əgər 1000 ədəd toxumun mütləq kütləsi 150 qr. 1m2-də 1500-1600 toxum və ya 225-240 q/m2 və yaxud hektara 2,2-2,4 ton.
Soyanın əsas bioloji xüsusiyyətlərindən biri də fır bakteriyalarının iştirakı ilə (simbioz) havanın bioloji azotunu udmaq qabiliyyətinə malik olmasıdır. Onu da qeyd etmək lazımdır ki, bu proses müəyyən şəraitlərdə: faydalı və virulent bakteriyalar olduqda, torpaq məhlulunun reaksiyası neytral olduqda, torpaqda havalanma və optimal nəmlik olduqda, lazımi səviyyədə fosfor, kalium və mikroelementlər olduqda, bitkinin fotosintetik fəaliyyəti yaxşı olduqda, fır bakteriyaları sulu karbonlarla təmin olunduqda və s.
Adətən soyanın vegetasiya müddəti 110-140 gün davam edir. Fenoloji fazalar aşağıdakı kimidir:- çıxış, gövdələşmə, qönçələmə, çiçəkləmə və yetişmə. Səpindən 8-10 gün sonra çıxış alınır, ləpə yarpaqlardan sonra birinci sadə yarpaq 3-4 gündən sonra, 1-ci üçlü yarpaq isə çıxışdan 5-7 gün sonra əmələ gəlir. 3-5 yarpaqdan sonra budaqlanma başlayır, eyni zamanda yan budaqlar da inkişaf edir.
Bitkinin inkişafı və məhsulun əmələ gəlməsi ayrı-ayrı dövrlərə bölünür.
Səpindən çıxışın əmələ gəlməsinə qədər olan dövr vacibdir ki, gələcək məhsulun formalaşması bununla ölçülür. Lakin, bu dövrdə fotosintez olmur, üzvi maddənin sintezi getmir, yalnız ehtiyat qida maddəsinin hesabına proses davam edir. Yaxşı olar ki, bu dövrdə toxumlar hamısı eyni səviyyədə nəmlik alaraq şişsinlər, eyni sıxlıqda çıxış versinlər. Çıxışdan yetişmə dövrünə qədər xüsusən məhsulun formalaşmasında vegetasiya müddətini 4 yerə bölürlər.
-
Çıxış, çiçəkləmənin başlanğıcı;
-
Çiçəkləmə və meyvənin əmələ gəlməsi;
-
Meyvənin inkişafı;
-
Dəndolma.
Çıxışdan çiçəkləmənin başlanğıcına qədər kök sistemi və budaqlar, yeni yarpaqların əmələ gəlməsi və çiçək tumurcuqlarının başlanğıcı qoyulur.
Çiçəkləmədən meyvə əmələgəlmə dövrünə qədər yarpaq səthi intensiv inkişaf edir. Eyni zamanda aşağıdan yuxarıya doğru çiçəkləmə və mayalanma gedir. Becərmə şəraitindən və sortdan asılı olaraq bu müddət 15-40 gün davam edir. Eyni zamanda bu dövrdə fotosintezlə yanaşı azotfiksasiya prosesi də intensiv gedir.
Soyanın paxlalarının inkişafı hiss olunmur, fotosintezin məhsulu meyvəyə axır.
Dəndolma 15-20 gün davam edir. Bu müddətdə toxum irilənməyə başlayır.1-2 həftəyə toxum lazımi kütləyə çatır, nəmlik tez aşağı düşür, 55-60%-dən 15%-ə qədər.
Soya istisevən bitkidir. Toxumun cücərməsi üçün optimal temperatur 14-18 0C-dir. Toxum 8-10 0C-də cücərməyə başlayır. Çıxışlar belə temperaturda 20-30 günə əmələ gəlir.
Soya çiçəkləmə və meyvə əmələ gətirmə dövründə temperatura ən çox tələbkardır. (20-24 0C). Temperaturun 10-14 0C-yə enməsi bitkinin boy və inkişafını dayandırır. Effektli temperaturun miqdarı sortdan, yetişmə müddətindən asılı olaraq 1700 0C-dən 3200 0C-yə qədər dəyişir.
Soya quraqlığa dözümlü bitkidir, lakin, toxumun şişməsi və cücərtilərin alınması dövründə nəmliyə çox tələbkar bitkidir.
Soya qısa gün bitkisidir, şimala doğru getdikcə vegetasiya müddəti uzanır. Torpağa çox tələbkardır (pH=6,0-7,0), alaqlı və duzlu torpaqları sevmir.
İntensiv texnologiya ilə becərilməsi. Soyanı intensiv texnologiya ilə becərərkən istilik, su, hava və qida rejimlərinin vegetasiya müddətində yaradılmasına və tənzimlənməsinə diqqət yetirilməlidir ki, yüksək məhsul əldə etmək üçün imkan yaranmış olsun. Soyanın intensiv texnologiya ilə becərilməsi elmi əsaslarla işlənmiş kompleks, texnoloji tədbirlərdir. Burada məqsəd çoxlu məhsul əldə etmək üçün müasir texnikadan yüksək səviyyədə istifadə etməkdir.
Soyanı intensiv texnologiya ilə becərən zaman bitkinin bioloji xüsusiyyətindən, səpindən və hava şəraitindən asılı olaraq bütün işlərin yerinə yetirilməsinə diqqət yetirmək lazımdır.
Növbəli əkində yeri. Soya əkini üçün su ilə yaxşı təmin olunmuş neytral reaksiyalı, açıq-şabalıdı, şabalıdı, boz-qonur, qəhvəyi və s. torpaqlar ayrılır.
Növbəli əkində soyanı dənli taxıl, qarğıdalı və pambıq bitkisindən sonra əkmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalı və çoxillik paxlalı yem bitkilərdən sonra əkmək olmaz.
Sələf dənli taxıl bitkisi olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənməlidir. Üzləməni iki dəfə aparmaq olar:
1-ci üzləmə 6-8 sm dərinlikdə LDQ-5 və ya LDQ-10 markalı diskli üzləyicilərlə, 2-ci üzləməni isə BDT-2,5 və ya BDT-3 markalı ağır diskli malalarla 10-12 sm dərinlikdə üzlənməlidir.
Qarğıdalı yığıldıqdan sonra sahə iki istiqamətdə ağır diskli mala ilə disklənməli və yalnız bundan sonra əkin qatı dərinliyində 25-27 sm-dən az olmayaraq şumlanmalıdır.
Soyanı birillik ot bitkilərindən sonra da əkmək mümkündür.
Torpağın becərilməsi. Soya torpağın əsas və səpinqabağı becərilməsinə tələbkar bitkidir. Sahənin planirovkasını DT-75M+P-4 və ya PA-3 aqreqatı ilə aparırlar.
Şumdan sonra çoxillik alaqları KPQ-4 və KPS-4 kultivatoru ilə məhv edirlər. Yazda torpağın 5-8 sm qatına KPS-4 kultivatoru ilə treflon herbisidi hektara 1-1,5 kq hesabı ilə verilir.
Bəzən herbisidi BDT-7, BD-10 aləti ilə də vermək olar. Səpindən qabaq və yaxud səpinlə eyni vaxtda toxum basdırılan dərinlikdə səpinqabağı UMSK-5,4A kultivatoru ilə aparılır.
Soyanı müasir texnologiya ilə becərərkən çoxlu traktor əməliyyatları aparıldığından torpaqda bərkimə (sıxlaşma) gedir. Bu vaxt bitkinin inkişafı zəifləyir və fır bakteriyalarının miqdarı azalır. Ona görə də traktor əməliyyatlarının birləşdirilməsi tövsiyə olunur. Əməliyyatlar kombinə edilmiş aqreqatla aparılır.
Gübrələmə. Soya gübrələməyə həssas bitkidir. Soya torpaqdan çoxlu qida elementləri aparır. Təcrübələrlə müəyyən olunmuşdur ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün torpaqdan 142 kq azot, 32 kq fosfor və 35 kq kalium mənimsəyir. Soya becəriləcək sahəyə şumdan əvvəl balans üsulu ilə 60-90 kq azot və 30-45 kq kalium verilməlidir. Azot gübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində iki dəfəyə, o cümlədən 40%-i çıxış alındıqdan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dəndolma dövründə verilməlidir. Fosfor və kalium əsas şum altına verilir. Gübrələr RUM-5,1, RMQ-4A markalı gübrəsəpənlə verilə bilər.
Çiçəkləmə fazasında və meyvələrin əmələ gəlməsi dövründə qida elementlərinə tələbat 2-3 dəfə artır. Dənə dolma dövründə azot əsasən başqa orqanlardan dənə axır.
Kökdə olan fır bakteriyalarının hesabına, ümumi azota olan tələbatının 40-70%-ni soya bitkisi bioloji (N2) azotun hesabına ödəyir.
Bioloji azotun faydalı təsbit olunması üçün yaxşı strukturlu, neytral reaksiyalı, havalanma şəraiti əlverişli, tarla rütubət tutumu 70-80%, lazımi miqdarda mineral azot birləşməsi və başqa elementlərin torpaqda optimal nisbətdə miqdarı olmalıdır. Bundan əlavə həm nisbi rütubət, həm də əlverişli temperatura olmalıdır. Belə əlverişli şəraitdə aktiv və virulent ştamların iştirakı ilə soya bitkisi yüksək dən məhsulunu molekulyar azotun hesabına verə bilər.
Əgər faktorlardan birinin çatışmaması sayəsində, azotun təsbit olunması (fiksasiyası) zəifləyərsə bitki normal inkişaf edə bilməz, çiçək və qönçələr tökülər və beləliklə məhsuldarlıq azalmış olar.
Fır bakteriyaları əmələ gəlməsə və ya zəif olarsa, eyni zamanda fırların içərisində hemoqlobin yoxdursa deməli bitkiyə azot bioloji yolla yox, torpaqdakı ehtiyat azotun hesabına daxil olur.
Buna görə soya bitkisinə yazda hektara 40-60 kq azot gübrəsini kultivasiya ilə vermək məsləhət görülür.
Səpindən qabaq toxumların rizotorfinlə işlənməsi çox yaxşı səmərə verir. Hektarlıq toxum normasına 200 qr. rizotorfin sərf olunmalıdır. Toxumun rizotorfinlə işlənməsi səpinlə bir gündə aparılmalıdır. Göstərilən miqdarda bakterial gübrə (rizotorfin) 1 litr suda qarışdırılıb toxuma çilənməlidir.
Soyanın yaxşı inkişafı və bioloji azotun fəal udulması üçün mikroelementlərin böyük rolu vardır.
Bakterioz, kök çürüməsi aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi ilə səpinə ən azı 3-4 həftə qalmış TMTD-nin 80%-li nəmlənən tozundan 1 ton toxuma 3-4 kq və ya fundazolun 50%-li nəmlənən tozundan 3 kq, yaxud 70%-li taçiqrandan 1-2 kq işlədilməlidir. Məftil qurdlarına və bakterioz xəstəliklərinə qarşı fenturamın tətbiqi yaxşı nəticə verir. 65%-li fenturamdan 1 ton toxuma 4-6 kq işlətmək məsləhət görülür.
Toxum PSŞ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulda dərmanlana bilər.
Toxumun səpinə hazırlanması. Səpin üçün yaxşı kalibrlənmiş və seçilmiş, rayonlaşdırılmış sort götürmək lazımdır. Yaxşı olar ki, hər bir təsərrüfatda müxtəlif vegetasiya müddəti olan 2-3 sort səpilsin. Soya əkinlərində tövsiyə olunur ki, 1-ci sinif toxumlardan istifadə edilsin. Belə toxumların çıxışı 90%, təmizliyi 98%, başqa bitkilərin toxumlarının qarışığı 1kq toxumda 10 ədəd, o cümlədən alaq otlarının toxumlarının miqdarı 5 ədəddən artıq olmamalıdır.
Toxumlar eyni ölçüdə iri olmalıdır ki, cərgələrə bərabər yerləşdirilsin. Belə olduqda çıxışlar yaxşı və tez alınır. Səpinə 25-30 gün qalmış toxumları xəstəliyə qarşı 80%-li TMTD-dən və fenturamdan hər ton toxuma 3-4 kq işlədilir. Səpin zamanı 1 ton toxum 50%-li fundazoldan 3 kq və eyni zamanda nitraginlə bir vaxtda işləmək olar. Səpin zamanı toxumların nitraginlə işlənməsi zəruridir. Çünki, nitragin həm məhsuldarlığı, həm də toxumda zülalın toplanmasını artırır.
Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Daha yaxşısı səpinə bir həftə qalmış təsiredici maddə hesabı ilə 1,5 kq treflon herbisidi 200-300 l suya qarışdırılaraq POU, ON-400 və OVT-1 yerüstü çiləyicilərlə torpağa çilənməli və başdan-başa becərilən kultivatorla suvarılmamış sahələrdə BDT-2,5 və ya BDT-3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır. Herbisid torpağa qarışdırıldıqdan sonra torpaq səthdən volokuşa və ya yerli tapanlarla hamarlanmalı və kipləşdirilməlidir.
Səpin müddəti, üsulu və norması. Səpin müddəti torpaqda temperaturun və nəmliyin miqdarından asılı olaraq keçirilir. Torpaqda nəmlik lazımi səviyyədə və temperatur 12-14 0C olduqda səpinə başlanılır. Hədsiz tez səpinlərdə torpaq gec isindiyinə görə toxum uzun müddət cücərmir, xəstəliyə tutulur və çıxış seyrək alınır.
Səpin torpağın üst qatında temperatur 10-12 0C olduqda aparılır. Toxumlar mümkün qədər arat olunmuş sahələrə səpilməlidir. Arat olunmamış sahələr isə səpindən sonra mütləq suvarılmalıdır.
Səpin üsulunu torpaq-iqlim şəraitindən, sortun xüsusiyyətindən, torpağın münbitliyindən və texnikadan asılı olaraq seçmək lazımdır. Bu şərtlərdən asılı olaraq cərgəaralarının eni 45, 60 və 70 sm ola bilər. Bəzən nəmlik çox olan zonalarda soyanı daraqşəkilli üsulla da səpirlər. Bu üsulla səpinlərin su, hava və istilik rejimləri torpaqdakı qida elementlərindən istifadə əmsalı (kofisienti) yüksəlir.
Zonadan, torpaq şəraitindən, sortun bioloji xüsusiyyətlərindən, tarlanın alaqlarla zibillənmə dərəcəsindən və başqa faktorlardan asılı olaraq səpin norması optimal bitki sıxlığını təmin etməlidir.
Adətən lazımi bitki sıxlığını əldə etmək üçün birinci sinif toxumları normadan 30% artıq səpmək lazımdır. Zonadan, sortdan və toxumun mütləq kütləsindən asılı olaraq səpin norması hektara 50 kq-dan 120-140 kq-a qədər dəyişə bilər.
Toxumun basdırılma dərinliyi torpaq tipindən və onun nəmliyindən asılı olaraq dəyişir. Yada salmaq lazımdır ki, soya ləpə yarpaqlarını torpağın səthinə çıxardır. Odur ki, ağır torpaqlarda toxumu 4-5 sm, yüngül torpaqlarda isə 6-7 sm dərinliyə basdırmaq lazımdır. Soyanı müxtəlif səpici aqreqatlarla səpmək mümkündür.
Cərgəaraları 45 sm olduqda çuğundur səpən aqreqatdan (SST-12A) istifadə etmək olar. Bu aqreqata STƏ-3100 tərtibatı əlavə olunur. Bu aqreqat yüksək keyfiyyətli səpin aparmaqla yanaşı, cərgələrə yandan gübrə verilməsinə də imkan yaradır.
Cərgəarası 70 sm götürüldükdə SUPN-8 və SPÇ-6MF diskli aqreqatlardan istifadə olunur. Aqreqatın hərəkət surəti saatda 3 km-dən artıq olmamalıdır. Bundan əlavə taxılsəpən SZ-3,6, SZSŞ-3,6 aqreqatlarından da istifadə etmək olar.
Əkinlərə qulluq. Çıxışdan əvvəl və çıxışdan sonra alaq otlarını məhv etmək üçün malalama aparılır. Malalanma zamanı kəltənlər xırdalanır və havalanma yaxşılaşır. Malalamanı 2 yarpaq fazasında aparmaq mümkündür. Malalamanı saatda 3-4 km surətlə BZSS-1, engötürümlü SQ-21 malası ilə aparırlar. Malalama adətən günortadan sonra cərgələrə köndələn aparılır, bu dövrdə bitkinin turqor vəziyyəti azalır.
Su-hava rejimini yaxşılaşdırmaq, treflon herbisidinə dözümlü alaqları məhv etmək üçün 1-2 cərgəarası kultivasiyalar 5-6 və 8-10 sm dərinliyində aparılır. Soya qida elementlərinin 80%-ni paxlaların əmələ gəlməsi və fizioloji yetişkənliyi dövründə istifadə edir.
Kütləvi çiçəkləmə paxlaların əmələ gəlməsi və dənin dolması mərhələlərində soya nəmliyə ən çox tələbat göstərir. Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə suvarılmalıdır. 1-ci suvarma budaqlanma dövründə, 2-ci çiçəkləmənin başlanğıcında, 3-cü paxlalar əmələ gəldikdə, 4-cü dən dolmağa başladıqda aparılır. Ümumiyyətlə soyanın normal böyüməsi və inkişafı üçün torpaqda nəmlik 0-60 sm dərinlikdə çiçəkləməyə qədər torpağın tarla rütubət tutumunun 70%-dən, çiçəkləmə-dəndolma dövründə 75-80%-dən az olmamalıdır.
Suvarmanı DDA-100M «Freqat», «Dnepr», «Voljanka» süni yağışyağdıran maşınları ilə hektara 500-600 m3 su normasında və ya şırımlarla infiltrasiya yolu ilə hektara 700-800 m3 su normasında keçirilir.
Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN -38 və ya torlu mala ilə malalayırlar. Malalama günortadan sonra (turqora görə) aparılmalıdır.
Vegetasiya müddətində ən azı 2 dəfə KRN-4,2 kultivatoru ilə cərgəaraları yumşaldılmalıdır.
Əgər təsərrüfatda mexaniki suvarma maşını yoxdursa, hər dəfə suvarmadan qabaq şırım açılmalıdır.
Cərgəaraları qovuşmazdan əvvəl daimi şırımlar üçün axırıncı kultivasiya çəkilir.
Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq və ya fosfamidlə (raqor) 1 kq normada çiləmə aparılmalıdır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir. Bu məqsədlə hektara 30 kq kükürd tozlandırılmalıdır. İnsektisidləri POU, OVT-1 və ON-400 markalı maşınlarla çiləmək olar.
Məhsulun yığılması. Yetişərkən soyanın paxlaları açılmır, ona görə də dən itkisi az olur. Dən məqsədilə əkildikdə yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların saralmağa başladığı dövrdə (yetişmə fazası) dənin tərkibində 14-16% nəmlik olduqda yığım aparılır. Yığımı CK-5 «Niva», CK-4A, CKD-5P, CKD-5 «Sibiryak» kombaynları ilə həyata keçirirlər. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizamlanmalıdır.
Dənin qırılmasının qarşısını almaq üçün barabanla deka arasındakı məsafə CK-4A, CK-5 kombaynlarında girəcəkdə 40 mm, çıxacaqda isə 28 mm-dən az olmamalıdır. Baraban dəqiqədə 400-500 dəfə dövr etməlidir. Kütlə nəm olarsa, ara məsafəni müvafiq olaraq 22 və 10 mm-ə nizamlayırlar.
Yetişməni sürətləndirmək məqsədilə tezyetişən sortlar əkilən sahələrdə desikasiya aparılır. Buna dəndə nəmliyin miqdarı 40-45% olduqda başlanılır. Bunun üçün maqnezium xloratdan istifadə olunur. 20 kq maddə 300 litr suda həll edilərək traktor çiləyiciləri vasitəsilə çilənir. Təyyarə ilə çiləmədə 100 litr su işlədilir. Əgər soyanın samanı yem kimi istifadə olunacaqdırsa desikasiya aparılmır.
Yığılmış toxumda nəmlik 14%-dən çox olarsa günəşli gündə asfalt meydançada qurudulmalı və alaq toxumlarından, qarışıq dənlərdən təmizlənilməlidir.
Yığımdan sonra toxuma qulluq. Soya dəninin tərkibində çoxlu zülal və yağ olduğundan o, yüksək hiqroskopikdir və əlverişsiz şəraitdə tez xarab olaraq cücərmə qabiliyyətini itirir. Yığımdan sonra toxum dərhal başqa iri qatışıqlardan və yetişməyən paxlalardan (OVP-20) təmizlənir. Toxum yüksək nəmli olduqda təmizləndikdən sonra fəal havalanma üsulu ilə (OBV-160) qurudulur. Üfürülən havanın temperaturu 32-35 0C-dən yuxarı olmalıdır. Toxumu lazımi nəmliyə çatdırdıqdan sonra toxumsəpən aqreqatlardan ZAV-10, ZAV-20, ZAV-40, «Petkus-giqant»-dan istifadə edərək sortlaşdırırlar. Toxumtəmizləyən və qurudan KZS-10Ş, KZS-20Ş, KZS-40, KZR-5 kompleksindən istifadə olunur.
Toxumu saxlamaq üçün nəmliyin və temperaturun əhəmiyyəti böyükdür.
Toxumun tərkibində nəmlik 14-15% olduqda bütün qışı yaxşı saxlanılır. Yazda səpinə qədər toxumun çıxışını (cücərmə qabiliyyətini) yoxlamaq lazımdır. Toxumu təmiz quru, yaxşı havalanan və nəmlik 13%-ə qədər olan binada saxlamaq məqsədə uyğundur. Belə halda toxumlar cücərmə qabiliyyətini bir il müddətinə saxlayır.
Mövzu: 14. Kökümeyvəlilər. Şəkər və yem çuğundurunun
əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texrologiyası
Mühazirənin planı:
-
Şəkər çuğundurunun əhəmiyyəti, yayılması, tarixi və becərilməsi.
-
Çuğundurun botaniki quruluşu və bioloji xüsusiyyətləri.
-
Çuğundurun sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi, gübrələmə.
-
Toxumların səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
-
Çuğundur əkinlərinə edilən qulluq işləri (suvarma, alaqlarla, xəstəlik törədiciləri və ziyanvericilərlə mübarizə).
-
Məhsulun yığılması.
Ədəbiyyat
-
M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və
yığılma texnologiyası», Bakı, 2000, 264 s.
-
S. C. Əliyev, A. Ə. Aslanov - «Şəkər çuğunduru», Bakı, 1991, 36 s.
-
H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.
-
П. П. Вавилов - «Растениеводство», Москва, 1986, 512с.
-
С. В. Ильевич F. A. Ливинский - «И назвали свеклу сахарной», Москва,
1988, 173 с.
-
Г. В. Коренева и др. - «Интенсивные технологии возделывания сель –
скохозяйственных культур», Москва, 1988, 300 с.
-
Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 c.
-
Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 c.
-
A. В. Dобротворцева - «Aгротехника сахарной свеклы на семена».,
Москва, 1986, 189 с.
-
Q.Y. Məmmədov, M M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.
Şəkər çuğundurunun əhəmiyyəti,
bioloji xüsusiyyətləri və becərilmə texnologiyyasi
Kökümeyvəli bitkilər qrupuna çuğundur – beta: yerkökü – daucus carota; şalğam – brassica napus; yem turpu – brassica repa və sair cins və növlər daxildir. Bu bitkilər botaniki cəhətcə müxtəlif olmalarına baxmayaraq eyni bioloji xassəyə malik olmaqla birillik və çoxillikdirlər.
Səpilmiş toxumdan vegetasiyanın birinci iliyoğunlaşmış ətli kök, kökün başcıq hissəsində yarpaqlar, yarpaq qoltuqlarında isə yatmış tumurcuqlar əmələ gəlir. Həyatının ikinci ili tumurcuqlarinkişaf edərək gövdə tipli zoğ əmələ gətirirlər ki, bunlar da meyvə (toxum) verir. Beləliklə səpindən yeni toxum alınana qədər iki il keçir.
Bəzi hallarda bitkilərin müəyyən hissəsihələ kökümeyvənin tam inkişaf etmədiyi və lazımı qədər ehtiyat qida maddələri toplamadığı halda birinci ili gövdələşmə və hətta meyvəvermə fazasına da keçir. Belə sürətli inkişaf cavan bitkilərin yarovizasiya mərhələsinin sürətli keçməsinə səbəb olan alçaq temperaturun təsirindən irəli gəlir. Buna gövdələşmə deyilir. Gövdələşmə kökümeyvənin tez oduncaqlaşmasına və şəkərin azalmasına səbəb olduğu üçünnormal hal hesab edilmir.
Əhəmiyyəti. Şəkər çuğunduru vacib texniki bitkidir. Ondan həm şəkər istehsalı üçün həm də heyvandarlıqda yem kimi istifadə olunur. Bu bitki Azərbaycanda yeganə şəkər istehsalı mənbəyidir. Dünya ölkələrinin 50-dən çoxu şəkəri şəkər çuğundurundan istehsal edirlər. 70-ə yaxın ölkələr isə şəkəri şəkər qamışından alırlar. Şəkər çuğundurunun tərkibində 18-22% şəkər vardır.
Yemlilik dəyərinə görə şəkər çuğunduru yem çuğundurundan 2 dəfə üstündür. Yarpaqları xüsusilə qida elementləri ilə daha zəngindir. Yarpaqlarda 2-3% zülal, 0,4% yağ və müxtəlif vitaminlər vardır.
Şəkər çuğundurunun 1 sentneri 26 yem vahidi yaxud 1,2 kq proteinə bərabərdir. Yarpağın bir sentneri isə 20 y.v.-nə bərabərdir.Yem çuğunduru müvafiq olaraq 12 və 9 y.v.-ə bərabərdir. Şəkərin emalından sonra zavodlarda çoxlu tullantılar (30 ton məhsuldan 24 ton tullantı) alınır ki, bu tullantılardan spirt, gliserin, pektin kleyi, süd və limon turşusu istehsalı üçün istifadə edilir. Eyni zamanda bu tullantıdan heyvandarlıqda yem kimi və təsərrüfatlarda üzvi gübrə kimi də istifadə olunur. Tullantının quru halda 1 sentneri 80-85 yem vahidinə bərabərdir.
Onu da qeyd etmək lazımdır ki, şəkər çuğundurunun yarpaqları ilə heyvanların çox yemləndirilməsinə yol vermək olmaz. Belə ki, yarpaqlarda həm təmiz halda, həm də siloslaşdırılmış formada çoxlu quzuqulağı turşusu olur ki, bu da heyvanlarda kalsium elementinin mübadiləsini pozur.
Bitkinin tarixi. Tədqiqatlarla müəyyən edilmişdir ki, şəkər çuğunduru yabanı halda bitən, yarpaq çuğundurundan «Monqold» növmüxtəlifliyindən əmələ gəlmişdir. Yabanı çuğundur bitkilərinə Kiçik Asiya, Zaqafqaziya, Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz sahillərində rast gəlinir. Bu bitkinin becərilməsinə eramızdan 1500 - 2 min il əvvəl başlanılmışdır. Dəclə və Fərat çayları vadilərində yaşayan insanlar bu bitkinin yarpaqlarından müxtəlif xörəklər hazırlayırlarmış. Kökümeyvə kimi şəkər çuğunduru yarpaq çuğundurunun təbii hibridinin və şəkərliliyi aşağı olan yemçuğunduru tipli kökümeyvədən seçmə you ilə alınmışdır. Şəkər çuğundurun becərilməsinə XVIII əsrlərin əvvəllərindən başlanılmışdır.
Çuğundur İran sözü olub müxtəlif dövrlərdə «çundur», «çuvundar», «çakendar», «şaqonder», «şuqundar», «çuğundur» və s. adlandırılmışdır.
Çuğundur sonralar Aralıq dənizi ölkələrinə, Fransa, İtaliya, İsveçrə, İspaniyaya və s. yerlərə yayılmışdır.
Çuğundurda saxaroza olduğunu 1747-ci ildə Markqraf (Almaniya) qeyd etmişdir. Şəkər çuğundurundan zavod üsulunda şəkər istehsalına başlamaq təklifini 1799-cu ildə Axard vermişdir. Şəkər çuğundurundan şəkər istehsal edən birinci şəkər zavodu 1801-ci ildə Almaniyada tikilmişdir. Rusiyada ilk dəfə 1792-ci ildə İ. Bindqeym kökümeyvəli çuğundurdan şəkər alınmağı təklif etiışdır. 1802- ci ildə Rusiyada Tula quberniyasının Alyabevo kəndində Yesipov tərəfindən ilk şəkər zavodu tikilmişdir.
Yayılması və məhsuldarlığı. Şəkər çuğunduru əsasən Ukraynada, Rusiyada, Çində, Fransada, Polşada, Almaniyada, İtaliyada, İngiltərədə çox yayılıb. Onu Belarusda, Yaponiyada, Belçikada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və ABŞ – da becərilir.
M. Q. Pavlov çuğundurun Moskva ətrafında becərilməsinin mümkünlüyünü sübut etmişdir. Yer kürəsində becərilən şəkər çuğunduru əkinlərinin 80%-i Avropanın payına düşür.
Dünya əkinçiliyi sistemində 10 milyon hektardan çox əkin sahəsi mövcuddur.
Respublikanın şəkərə olan illik tələbatı 300 min tondur.
Çuğundur yüksək məhsuldar bitkidir. Orta məhsuldarlıq Rusiyanın Krasnodar diyarında hektardan 450 sen. Ukraynada isə 300-400 sentnerə çatır.
Azərbaycanda bu bitkinin əkin sahəsi 7,1 min hektar, ümumi məhsul istehsalı 312,6 min ton və hektardan orta məhsuldarlıq 490 sen. (2016-cı il) olmuşdur.
Botaniki təsviri. Çuğunduru (Beta) cinsi unluca (tərəçiçəklilər) (Chenopodiaceae, маревые) fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik növləri (14 yabanı və 1 mədəni) özündə birləşdirir (ing. Supar beef, rus. сахарная свекла). Tarixinə görə o Aralıq dənizi floristik vilayətinə daxildir. Çuğundur (Beta)cinsinin bir neçə yarımnövü vardır. Onlardan adi çuğundur ssp.vulqaris polimorf olmaqla çuğundurun bütün mədəni birillik və ikiillik formalarını özündə birləşdirir. Öz növbəsində bu yarımnöv bir neçə növmüxtəlifliyinə bölünür: şəkər çuğunduru (v. saccharifera), mətbəx çuğunduru (v. eskulenta), yem çuğunduru (v. crassa) və yarpaq çuğunduru (v. cicla).
Şəkər çuğunduru (Beta saccharifera) ikiillik bitki olduğu üçün birinci ili yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili isə zoğ verərək çiçəkləyir və meyvəsini verir (yəni toxumunu). Bəzən həyatının birinci ilində çiçək verən bitkilərə də təsadüf edilir. Belə hal adətən yarovizasiya və işıq mərhələsini birinci ildə keçirən bitkilərdə rast gəlinir. Mədəni çuğundurun kökümeyvəsi iri olub 2-8 kq şəkərliyi 18-20%, bəzən də 24-25% olur. Meyvəkök ağ rəngli və konus şəkillidir. Meyvəkök üç hissədən ibarətdir: a) yarpaq rozetinin yerləşdiyi- başcıq; b) tumurcuqları və yan kökləri olmayan- boyuncuq; v) yan köklərin meyvəyə birləşdiyi ən aşağı hissə-quyruqcuq.
Şəkər çüğundurunun yarpaqları kökün üzərində rozet şəklində düzülür. Yarpaq ayası enli, saplaqları isə uzun olur. Hər bitkidə 50-80 ədəd yarpaq əmələ gəlir. Yarpağın ömrü 25-70 gün arasında dəyişir. İlk dəfə əmələ gələn yarpaqların həyat fəaliyyəti daha uzun olur. İlk yarpaqların ayası dəyirmi, sonrakılar isə uzunsov-ürəkvari olur. Bitkinin həyatının ikinci ilində kökümeyvədə əvvəlcə rozet yarpaqlar, sonralar isə yarpaqlı zoğlar əmələ gəlir. Zoğun aşağı hissəsində yarpaqlar iri yuxarı hissəsində isə xırda olur. Çiçəkləri ikicinsli qruplarda toplanmışdır. Hər qrupda 2-6 çiçək olur. Hər çiçəkdə 5 ləçək vardır. Erkəkciklər tez yetişdiyindən çarpaz tozlanırlar.
Çuğundurun meyvəsi xırda qozcuğdur. Yetişən zaman meyvələr bir-biri ilə birləşərək kələfcə əmələ gətirirlər. Hər kələfdə 2-6 toxum yerləşir. Meyvənin mütləq kütləsi 20-50 qram arasında dəyişir. Toxumları böyrəkşəkilli və parlaqdır. Toxumluq kələflər kələ-kötür, qonuru-sarı rəngli olur. Toxum rüşeymdən və ehtiyat qida maddələrindən ibarətdir. Toxum rüşeym şəklində bükülmüş halqa olur. Rüşeym kökcükdən iki ləpədən və ləpəaltı dizcikdən (gələcək boyuncuq) ibarətdir. Yəni ləpəalti dizcik toxumla kökcük arasında yerləşir.
Bioloiji xüsusiyyətləri. Şəkər çuğundurunun toxumları 4-5 0C temperaturda cücərməyə başlayır lakin, cücərti torpaq səthinə gec çıxır. Çıxışların tez alınması üçün (5-6 gün) 15-20 0C temperatur lazımdır. Temperaturun 23 0C-dən çox olması üzvü maddənin sintezini ləngidir. Normal böyüyüb kökümeyvə məhsulu yaratmaq üçün 2200-2600 0C aktiv temperatur lazımdır. Bitki 1ton kökümeyvə əmələ gətirmək üçün 8 ton su sərf edir. Toxumun cücərməsi üçün öz kütləsinin 170%-i qədər nəmlik tələb edir. Bitkinin normal inkşafı üçün nəmlik torpaqda ən azı tarla rütubət tutumunun 70%-i həddində olmalıdır. Transpirasiya əmsalı 240-400 arasında dəyişir.
Şəkər çuğunduru işıq sevən uzun gün bitkisidir. Yarovizasiya mərhələsini 0-8 0C temperaturda keçirir. Yaz səpinlərində yarovizasiya mərhələsi yazda başa çatmadığından bütün il boyu davam edir. Bəzi bitkilərdə yarovizasiya mərhələsi qısa müddətdə başa çatdığından onlar birinci ili zoğ verib toxum əmələ gətirirlər. Normal bitkilər ikinci il çiçəkləyib toxum verir. Bitkinin vegetasiya müddəti 1-ci ili 150-170 gün, 2-ci ili isə 130 günə qədər davam edir.
Çuğundurn inkişafı həyatının birinci ilində üç dövrə ayrılır. 1-ci dövr 1,5-2 ay davam edir, bu dövrdə yarpaqlar və kök sistemi əmələ gəlir, 2-ci dövrdə meyvələr sürətlə böyüyür, 3-cü dövrdə isə kökümeyvələrdə şəkərin toplənması sürətlə gedir.
Şəkər çuğundurunun suya tələbatı həyatının müxtəlif dövrlərində eyni deyildir. Toxumun cücərməsi və cücərtilərin kök əmələ gətirməsi dövründə bitki suya daha çox tələbat göstərir.
Şəkər çuğunduru üzvi maddələrlə zəngin yüngül və orta qranulometrik tərkibli şabalıdı, qonur və qəhvəyi torpaqları sevir. Ağır, möhkəm qaysaq əmələ gətirən gilli boz torpaqlar, daşlı, çınqıllı torpaqlar şəkər çuğunduru becərmək üçün yaramır.
Qranulometrik tərkibi ağır olan torpaqlarda çuğundur pis inkşaf edir. Zəif turş və neytral reaksialı (pH=6,5-7,5) torpaqlar çuğundur üçün daha əlverişli hesab olunur. Torpaq reakçiyasının pH=5-dən aşağı olması bitkinin böyüməsinə mənfi təsir göstərir, zərərverici və xəstəliklərin təsirinə məruz qalır.
Qumlu və qumsal torpaqlardan yüksək məhsul götürmək üçün üzvi gübrədən istifadə edilməlidir.
Şəkər çuğunduru üçün torpağın əkin qatında optimal sıxlıq (həcmi kütlə) 1,0-1,2 q/sm3 həddində olmalıdır.
Digər bitkilərdən fərqli olaraq çuğundur torpaqdan xeyli artıq qida elementləri mənimsəyir. Bir ton əsas və əlavə məhsulla torpaqdan 4-7 kq azot, 1,0-3,5 kq fosfor və 5-9 kq kalium elementi aparır.
Azot qidası çatışmadıqda yarpaqlar zəif inkşaf edir, saralır və tez məhv olur. Azotun çatışmaması fotesintezin intensivliyinə mənfi təsir göstərir. Belə ki, kökümeyvənin böyüməsi və onda şəkər toplanması zəifləyir.
Fosfor çatışmadıqda bitkidə şəkərin sintezi azalır. Fosfor zülalın artmasına, azot elementindən daha yaxşı istifadə edilməsinə və bitkinin vegetasiya müddətinin qısalmasına səbəb olur.
Kalium bitkinin şaxtaya və quraqlığa davamlılığını artırır. Kalium çatışmadıqda yarpaqların kənarı quruyur və kökümeyvədə şəkərin miqdarı tezliklə aşağı düşür.
Kükürd çatışmadıqda yarpaqlarda qonur ləkələr əmələ gəlir və saralmağa başlayır. Dəmir çatışmadıqda yarpaqlarda xloroz xəstəliyi baş verir.
Məhsuldarlığın yüksəldirməsində və şəkərliliyin artırılmasında bor, sink, molibden və kobalt kimi mikro elementlərin də böyük rolu vardır.
Növbəli əkində yeri. Şəkər çuğundurunu alaq otlarından təmiz, münbit və nəmliklə kifayət qədər təmin olunmuş tarlalarda becərmək məqsədə uyğundur. Şəkər çuğundurundan ötrü ən yaxşı sələflər – gübrələnmiş payızlıq buğda, payızlıq arpa, qarğıdalı, birillik dənli-paxlalı bitkilərdir. Şəkər çuğundurunun özü müxtəlif bitkilərdən ötrü – qarğıdalı, darı və dənli-paxlalılar üçün yaxşı sələfdir. Yaxşı olar ki şəkər çuğunduru öz tarlasına 3-4 ildən sonra qaytarılsın.
Torpağın becərilməsi. Becərmədə əsasən alaq otları məhv edilir və torpağın ehtiyat nəmliyi qorunub saxlanılır.
Üzləmə. Payızlıqların yığılması ilə eyni zamanda və ya dərhal ondan sonra kövşən 5-7 sm dərinlikdə diskli üzləyicilər vasitəsilə, kökümsovgövdəli alaqlarla zibillənmiş tarlalarda isə gəvahinli üzləyicilərlə 12-14 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini gücləndirmək üçün üzləmədən sonra sahədə 600-700 m3/ha həcmində aldadıcı suvarmalar aparılır və 3-4 həftədən sonra şum qaldırılır. Əgər çuğundur əkiləcək sahə çoxilik köküpöhrəli alaqlardan tarla qanqalı, cəhrayı qanqal, tarla sarmaşığı ilə zibillənmiş olarsa şumdan qabaq hektara 2,5-3,0 kq miqdarında başdan-başa 2,4 D-nin amin duzu və ya 1,0-1,5 kq 2,4 D-nin butil efiri 10 kq ammonium şorası ilə qarışdırılaraq 300 litr su ilə sahəyə çilənməli, sonra şum qaldırılmalıdır.
Dondurma şumu. Şum 28-30 sm dərinlikdə edilir. Şum qatı kifayət qədər dərin olmayan torpaqlarda torpaqdərinləşdirici tətbiq etmək lazımdır. Üzləmədən sonra dondurma şumu önkotancıqlı kotanla oktyabr ayında gələcək səpinin eninə edilməlidir. Dondurma şumundan əvvəl torpağa üzvi-mineral gübrələr verilir.
Yaz becərməsi. Rütubəti saxlamaq üçün fevral ayında tarlanı şumun eninə malalayırlar. Malalamadan sonra 10-14 sm dərinlikdə kultivasiya edilir. Əgər payız-qış aylarında tarla suvarılmayıbsa səpinqabağı suvarma aparılır. Çünki, ağır torpaqlarda səpsuvar keçirilməsi qaysaq əmələ gətirir və cücərtilər bunun altından çıxa bilmirlər. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı kultivasiya aparılır və mala çəkilir. Kultivasiyanın altına alaqlarla mübarizə məqsədilə müvafiq herbisidlərin biri verilir.
Səpinqabağı hazırlıq bilavasitə çuğundur səpininə 3-4 gün qalmış aparılır. Səpinqabağı kultivasiya şumun istiqamətində, toxumların basdırılacağı dərinlikdə (3-4 sm) aparılır.
Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yerləşdiriləcəksə sələf bitkisinin məhsulu yığılan kimi sahə ön kotancıqlı kotanla şumlanır və payız-qış dövründə müvafiq becərmələr aparılır.
Gübrələmə. Yüksək məhsul almaq üçün üzvi və mineral gübrələrin verilməsinin böyük əhəmiyyəti vardır. Gübrə norması sələf bitkisindən və torpaqların qida maddələri ilə təmin olunma dərəcəsindən asılı olaraq planlaşdırılır. Yaşıl gübrələr də məhsuldarlığı xeyli artırır. Payızlıq taxıllar yığıldıqdan sonra noxud, soya, gülül, lüpin səpilir və sentyabrın axırında şumlanır. Şəkər çuğunduruna gübrələr planlaşdırılmış məhsula görə balans üsulu ilə verilməlidir. Respublikanın açıq şabalıdı suvarılan torpaqları şəraitində hektardan 500 sentner kökmeyvə məhsulu almaq üçün hektara 20 ton peyin və təsiredici maddə hesabı ilə N140P150K100 verilməlidir. Fosfor və kaliumun qalan hissəsi əsas şum altına, azotun 30%-i səpinqabağı becərmədə kultivasiya altına, 70%-i yemləmə gübrəsi kimi 2 dəfəyə –yarısı seyrəltmədən sonra 3-4 cüt yarpaq fazasında və ikinci dəfə 7-8 həqiqi yarpaq fazasında cərgəaraları qovuşanadək verilməlidir. Hektara təsiredici maddə hesabı ilə 1,5 kq bor və 2,2-2,6 kq manqan verilməsi yaxşı nəticə verir.
Kökdənkənar yemləmədə hektara 20 kq fosfor, 20 kq kalium 50 litr suda həll edilərək çilənir. Yemləmə gübrəsi peyin şirəsi ilə də aparılır. Bunun üçün cərgələrin başında çala qazılır, peyin şirəsi ilə doldurulur və suvarma suyu ilə axıdılır. Toxumların baktnrial gübrələrlə işlənilməsi də müsbət nəticələr verir.
Toxumun səpinə hazırlınması. Şəkər çuğundurunun becərilmə texnologiyasının bir çox elementləri – səpin norması, səpin üsulu, bitki sıxlığı və s. əkiləcək toxumun keyfiyyətindən asılıdır. Səpin üçün rayonlaşmış sortların I-ci reproduksiyaya aid olan toxumları işlədilməlidir. Səpiləcək toxumun cücərmə enerjisi 85% laboratoriya cücərmə qabaliyyəti 90%-dən və təmizliyi 98 %-dən az olmamalıdır. Dəqiq səpin aparmaq üçün səpiləcək toxum 3,5-4,5 mm və ya 4,5-5,5 mm diametrində olmaqla birtoxumlularda cücərmə faizi 96-dən az olmamalıdır.
Toxumlar səpindən qabaq cilalanmalı, çoxtoxumlu kələfciklər ayrı-ayrı təktoxumlu meyvəciklərə xırdalanmalı, kalibrləşdirilməli və səthində qidalı maddələrin, pestisidlərin örtüyü əmələ gətirilməlidir. Səpinqabağı, bilavasitə təsərrüfatlarda 8 litr su və 1qr. kəhrəba turşusu qatışdırılaraq 100 qr. toxuma çilənməsi çox yaxşı nəticə verir.
Səpin müddəti, üsulu, norması və toxumun basdırılma dərinliyi. Şəkər çuğunduru torpağın 5 sm dərinliyində temperatur 6-80C olduqda səpilməlidir. Səpin qısa müddətdə 3-5 günə başa çatdırılmalıdır. Respublikanın əksər rayonlarında şəkər çuğundurunu fevralın axırı – martın əvvəlində səpmək olar.
Suvarma şəraitində ən yaxşı səpin üsulu cərgəarası 60 sm olan gencərgəli nöqtəvi səpindir. Pambıqçılıqla məşğul olan təsərrüfatlarda 60-90 sm-lik cərgə aralarına və qarğıdalı-tərəvəz təsərryfatlarında 70 sm-lik cərgələri becərməyə imkan verən kompleks maşınlar olur. Ona görə də əgər təsərrüfatda çuğundurun becərilməsinə aid xüsusi, komleks çuğundur maşınları olmazsa, onda bu bitkinin becərilməsində pambıq, qarğıdalı və ya tərəvəz texnikasından istifadə etməyə imkan verən səpin üsulu seçilməlidir (CCT-8, CCH-12, CK-18, CKP-12, CCT-12A).
400-500 sentner kökümeyvə məhsulu almaq üçün yığımqabağı hektarda 95-100 min bitki olmalıdır. Cərgəarası 60 sm olan suvarma zonalarında bitkiarası məsafə 10-15 sm götürülür. Hal-hazırda punktir səpin üsulu daha geniş tətbiq olunan əlverişli üsul sayılır. Bu üsulda toxumlar arasında məsafə qoyulur, normal cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır. Hər metrə 20 toxum səpilir. Cərgəarası 60 sm olduqda səpin norması hektara 10-12 kq, 45 sm olduqda isə 30 kq götürülür.
Səpin norması aşağıdakı adi düsturla təyin olunur:
N=
Burada,
N – hektara səpiləcək toxum, kq-la;
B – hektarda tələb olunan bitki, mln. ədədlə;
S – 1000 ədəd toxumun kütləsi, q;
T – səpiləcək toxumun yararlılıq dərəcəsi, %-lə.
Torpaq səpinə yaxşı hazırlandıqda və səpin üçün yüksək keyfiyyətli toxum işlətdikdə hər metr cərgəyə 10-15 toxum səpib 6-7 cücərti almaq məsləhətdir. Səpin zamanı aqreqat saatda 4-5 km sürətlə hərəkət etməlidir. Toxum torpağın qranulometrik tərkibindən asılı olaraq ağır boz torpaqlarda 2,5-3 sm, yüngül və orta gilli şabalıdı, qonur və qəhvəyi torpaqlarda 3-5 sm, kövşənlik əkinlərində isə 2-3 sm dərinliyə basdırılmalıdır.
Əkinlərə qulluq. Əkinə qulluq vegetasiya suvarmalarından, cərgə aralarının becərilməsindən, yemləmə gübrəsinin verilməsindən, alaqlara, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə aparmaqdan ibarətdir. Şəraitdən asılı olaraq çuğundurun cücərtiləri 8-20 günə alınır. Çıxışı yaxşılaşdırmaq üçün səpindən 4-5 gün sonra, cücərtilərin boyu 0,5 sm-ə çatana qədər sahənin köndələninə mala çəkilir. Cücərti varsa zədələməmək üçün aqreqatın hərəkrt surəti saatda 2,5-3,0 km-dən artıq olmamalıdır. Cücərtilər görünəndə 1-ci kultivasiyanı cərgələrin uzununa 4-5 sm dərinliyində apararaq cərgələr yumşaldılır və 8-10 sm cərgədən aralı müdafiə zonası saxlanılır. Məqsəd cücərtilərin üzərini torpaqla basdırmamaqdır. Normal bitki sıxlığı yaratmaq üçün seyrəltmə aparılır. Sıx əkinlərdə çatal fazasında 6-7 günə seyrəltmə apararaq bitki sıxlığını 90 minə çatdırırlar. 2-ci becərmə seyrəltmədən sonra 10-12 sm dərinliyində aparılır. Suvarmalardan 2-3 gün sonra kultivasiya çəkilir. Oktyabrın axırında yığımqabağı cərgəaraları 8-10 sm dərinlikdə yumşaldırlar ki, yığımın keyfiyyəti yaxşılaşsın.
Şəkər çuğunduru toxumu səpilmiş sahə arat olub-olunmamasından asılı olmayaraq səpin zamanı açılmış şırımlarla hopdurma yolu ilə suvarılmalıdır. Suvarmadan sonra traktorun sahədə hərəkəti mümkün olan kimi, təxminən suvarmadan 4-6 gün sonra, cücərtilər 6-7 mm olanda kultivatorla və ya mala ilə cığıraçanın izi ilə malalanmalıdır. Vegetasiya dövründə 4-5 dəfə və daha çox cərgəarası yumşaltma aparıla bilər. İkinci və sonrakı cərgəarası becərmə 8-10 sm dərinlikdə aparılmalıdır. İkinci kultivasiya seyrəltmədən sonra, üçüncü və sonrakılır hər 10-14 gündən bir və ya ehtiyac olduqda aparılmalıdır. Bir qayda olaraq suvarma qabağı şırım açılmalı, suvarmadan sonra torpaq ensiz sərt pəncələrlə yumşaldılmalı və sonra növbəti suvarmaya qədər alaqları mexaniki üsul ilə məhv etmək üçün yastıkəsici ülgüclər və ikitərəfli kəsən pəncələri, cərgələri mühafizəedici diskləri olan kultivatorla cərgəarası becərmə aparılmalıdır. Cərgələr qovuşmamışdan qabaq suvarma üçün şırımlar açılmalıdır.
Şəkər çuğunduru respublikanın dağətəyi və aran rayonlarının suvarılan torpaqlarında becərilir və vegetasiya müddətində Mil-Qarabağ, Muğan, Şirvan bölgələrində 6-8 dəfə və Gəncə-Qazax bölgəsində 8-10 dəfə suvarılır. Mütərəqqi suvarma üsulları ilə, cərgələr arasında açılmış şırımlarla (infiltrasiya) və yağışyağdırma üsulu ilə suvarılmalıdır. Vegetasiyanın əvvəlində və axırında suvarma normaları yüksək olmayıb 500-700 m3/ha təşkil edir. Yayın ortalarında çuğundur güclü surətdə inkişaf edir, böyük miqdarda su sərf edir. Buna görə də suvarma normaları 800-1000 m3/ha-a qədər artırılmalıdır. 1–ci suvarma kökün qabıqdəyişmə dövründə, 2-ci suvarma seyrəltmədən sonra aparılır. Sonrakılar hər 10-15 gündən bir aparılır. Suvarmaların sayı, müddəti və norması torpaq-iqlim şəraitindən və bitkinin vəziyyətindən asılı olaraq aparılır.
Şəkər çuğundurunun xəstəlik və zərərvericilərinə qarşı mübarizədə ilk növbədə aqrotexniki və bioloji mübarizə üsullarından istifadə edilməlidir. Xüsusi hallarda kimyəvi preparatlardan istifadə etmək olar. Şəkər çuğunduruna müxtəlif həşəratlar ziyan vururlar. Bunlar çuğundur birəsi, yarpaq və kök mənənəsi, yarpaqyeyən tırtıllar, çəmən kəpənəyi, məftil qurdları, minalı çibinlər və s.-dir. Bunun üçün növbəli əkinlər yüksək aqrotexniki tədbirlərlə yanaşı bioloji və kimyəvi mübarizə üsulları da tətbiq edilməlidir. Bioloji mübarizə tədbiri kimi, trixoqrammadan və biopreparatlardan (hektara 2 kq bitoksibatsilin və 1 kq denderobatsilin) istifadə edilir.
Zərərvericilərdən torpaqda qidalananlara qarşı mübarizə növbəli əkin, torpağın becərilməsi və səpin qabağı hektara 100 kq dənəvər fosfamidin tətbiqidir. Çıxışları zədələyən həşaratlara qarşı mübarizə məqsədilə insektisidlərdən istifadə olunur (hektara 80%-li dirol 3 kq, qamma-izomir 50% 0,8 kq, polixlorkanfenon 50%-li 3 litr, leboysid 50%-li 1 litr, metafos 40%-li 1 litr).
Xəstəliklərdən unlu şeh, pas, yarpaq ləkəsi, kök çürümə, dəmgil (qoturluq), serkosporioz, pernosporioz, virus xəstəliyi mozaika, sarılıq, xloroz və s.-dir.
Çuğundura çuğundur uzunburun böcəyi, mənənələr çox ziyan verə bilir. Bu zərərvericilərlə mübarizə üçün onlar müşahidə edildikdə aşağıdakı maddələrdən biri: 40 faizli metafos 1,0 kq/ha; 40 faizli bazudin 2,5 kq/ha; 50 faizli aktelik 2,0 kq/ha və ya əldə olan yeni preparatlarların biri çilənməlidir. Tarla kəpənəyinin tırtıllarına qarşı da yuxarıdakı insektisidlərdən birini və ya tırtılların kiçik yaşlarında biopreparatlardan bitoksibasillin – 3 kq/ha və ya entobakterin 3-4 kq miqdarında tətbiq oluna bilər.
Serkosporioz xəstəliyinə qarşı mübarizə məqsədilə, xəstəlik müşahidə edilidikdə sahəyə aşağıdakı preparatların biri – 1 %-li bordo mayesi 6 kq/ha və unluşehə qarşı 1 %-li kolloid kükürd suspenziyası 4-6 kq/ha çilənməli və ya döyülmüş kükürd çiçəyindən hektara 12-15 kq tozlanmalıdır.
Məhsulun yığılması. Şəkər çuğundurunda şəkər toplanması havanın orta sutkalıq temperaturu 6-8 0C-yə enənə qədər davam edir. Respublikamızda belə temperatur noyabr ayının birinci yarısında müşahidə olunur. Ona görə də şəkər çuğundurunun yığımına oktyabr ayının sonunda başlanılmalı və noyabr ayının 10-a kimi başa çatdırılmalıdır. Vegetasiyanın sonuna yaxın yarpaqlardakı qida maddələri kökümeyvəyə axır və yarpaqlar tədricən saralıb quruyur. Yığım texniki yetişgənlik dövründə, yəni kökümeyvələrdə şəkər faizi ilə əlaqədar aparılır. Əgər tarlada yaşıl yarpaqlı massivlər olarsa yığımı gecikdirmək lazımdır.
Məhsul üçcərgəli kombaynla CKEM-3 və ya altıcərgəli BM-6A, KS-6, RKS-6 markalı kombaynla yığılır. Kombayn çuğunduru çıxarıb sirkələyərək torpağını tökür, yarpaqlarını kökdən ayırıb hər birisini ayrılıqda xırda tığlara yığır.
Mövzu: 15. Köküyumrular. Kartof və topinamburun (yerarmudu)
əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Mühazirənin planı:
-
Kartof əhəmiyyəti, yayılması və becərilmə tarixi.
-
Kartofun botaniki təsviri və bioloji xüsusiyyətləri.
-
Kartofun sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi.
-
Əkin materialının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
-
Kartof əkinlərinə qulluq işləri (suvarma, alaqlar, xəstəlik törədiciləri və zərərvericilərə qarşı mübarizə).
-
Məhsulun yığılması.
Ədəbiyyat
-
M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və
yığılma texnologiyası», Bakı, 2000, 264 s.
-
H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367s.
-
П. П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.
Г. В. Коренева и др. - «Интенсивные технологии возделывания
сельскохозяйственных культур», Москва, 1988, 300 с.
-
С. М. Бугай - «Растениеводство», Москва, 1963, 517 с.
-
Н. Я. Чмора, В. В. Aрнаутова - «Картофель», Москва, 1953, 566 с.
-
Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 c
-
Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 c
-
Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356
s.
-
Г. В. Коренева и др. – Интенсивные технологии возделывания сельскохозяйственных культур. Москва, 1988, 300 с.
Dostları ilə paylaş: |