Diaqram 2.7. Uşaqların ölkələrə görə cinsi
dəyərləndirilməsi (CB 2010)(11)
Cənubi Qafqaz ölkələrinin qadın respondentləri arasında azərbaycanlı qadınlar (20%) oğlan uşaqlarına digərlərindən (Ermənistan 50%, Gürcüstanda 37%) daha az üstünlük vermişlər. “Fərqi yoxdur” deyənlər arasında azərbaycanlı qadın respondentlər kəskin fərqlənmişlər (68%).
1990–2016-cı illərdə Azərbaycanın şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbəti barədə DSK-nın məlumatlarına diqqət yetirsək görərik ki, doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı 1990-2003-cü illər arasında 107-dən 118-ə qədər artmış, 2003-2018-cı illərdə isə 118-dən 114-ə qədər qalxıb enmişdir. 1995-2006 illər arasında şəhər yerlərində, 2006-2016 illərdə isə, kənd yerlərində cinsi disbalans daha yüksək olmuşdur (cədvəl 1.3).
Diaqram 2.8. Azərbaycanda dünyaya gələn uşaqların cinsinə
görə nisbəti tendendiyası (1980-2010) (DSK, 2010)
DSK-nın 2010-cu ildən 2016-cı ilədək şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbətinə diqqət yetirsək görərik ki, bu göstərici nisbətən aşağı düşmüşdür.
2017-ci ilin əvvəlinə Azərbaycanda əhalinin cins və yaş üzrə tərkibinə diqqət etsək görərik ki, cinslər arasında bir disbalans vardır. Əhalinin cins və yaş üzrə (1000 nəfər) bölgüsü barədə DSK-nın məlumatlarına diqqət yetirsək görərik ki, yeni doğulanlar arasında qızlar 74.6 min (46.8%), oğlanlar isə 84.9 min (53.2%) nəfər təşkil edirlər. Cinslərin nisbətinin ən çox pozulduğu yaş qrupu 20-24-dür.
Cədvəl 2.2. 1990–2016-cı illərdə şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbəti (doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı)
Diaqram 2.9. 2017-ci ilin əvvəlinə Azərbaycan Respublikası əhalisinin cins və yaş üzrə tərkibi (min nəfər)
20-24 yaş qrupunadək kişilərin sayının qadınlara nisbətən üstünlük təşkil etməsi, oğlan uşaqlarının daha çox doğulması ilə izah olunur. Kişilər arasında ölüm səviyyəsinin daha yüksək olması, 20 və yuxarı yaşda olan qadınların sayının kişilərə qarşı artmasına səbəb olur. Lakin, Azərbaycanda 2005-ci ildən 5 yaşadək uşaq ölümü əmsalı iki dəfə aşağı düşmüşdür (1990-cı ilə nisbətdə). Biz, statistikaya müraciət etsək görərik ki, 5 yaşadək uşaq ölümü əmsalında qız və oğlanlar arasında böyük bir fərq yoxdur.
Diaqram 2.10. Azərbaycan Respublikası üzrə 5 yaşadək uşaq ölümü əmsalı (hər 1000 nəfər diri doğulana)
25 yaşdan başlayaraq qadınların sayı tədricən kişilərin sayını üstələyir. Bu fərq, 60 yaşından sonra daha bariz şəkildə ortaya çıxır. Cinslərin bütün yaş qruplarının göstəricilərinin cəmi təqribən bərabər olur (50.1% - 49.9%). Bu nisbətdə balans, kişilərin qadınlara nisbətən daha tez vəfat etməsi ilə təmin olunur. Evlilik yaşlarında (20-40) cinslərin nisbətlərində də təqribən bərabərlik müşahidə olunur. Cinslərin evlilik yaşında bərabərləşməsinin əsas səbəblərindən biri, bu yaşda olan kişilərin başqa ölkələrə əmək miqrasiyası ilə bağlı ola bilər. Biz, 2 milyondan çox evlilik yaşında olan azərbaycanlının (20-40) başqa ölkələrə (xüsusilə, Rusiyaya, Qazaxıstana) miqrasiya etdiklərini və onların əsasən kişilərdən ibarət olduğunu nəzərə alsaq, doğum mərhələsində olan cinslərarası disbalansın sonradan necə tənzimləndiyini anlaya bilərik.
Cədvəl 2.3. Əhalinin cins (%) və yaş üzrə (1000 nəfər)
bölgüsü (2017 - DSK)
2017-ci ildə doğulan qızların (74.6 min) və oğlanların (84.9 min) arasındakı fərq 10 minə yaxındır. 2016-cı ildə də eyni göstərici olmuşdur (158.1 min). 2016-cı ildə abortların sayı 34.6 min olmuşdur (22%). 2016-cı ildə doğulacaq 5 uşaqdan 1-i (34.6 min) abort olunmuşdur. Onlar arasında selektiv aborların payı az deyildir.
Selektiv abortlarda gender assimmetriyasının pozulduğu ölkə və regionlardan bəhs edərkən, həmin ərazilərdə yaşayan fərqli bölgələrdən danışmaq daha doğru olardı. Çünki bir ölkə ərazisində selektiv abortlara gender prizmasından yanaşmada fərqli yanaşmalar mövcuddur. Bu yanaşmalar, şəhər və kənd yerlərinə, etnik ənənələrə, dini baxışlara və mədəni stereotiplərə görə fərqli ola bilər.
Selektiv abortların geniş yayıldığı ölkələr ərazisində gender bərabərliyinin qismən inkişaf etmiş əraziləri də vardır. Bunlar, adətən modernləşmiş şəhər əraziləridir. Əyalətlərə nisbətən şəhərlərdə bu kimi hallara az təsadüf olunur. Çünki gender bərabərliyinin təmin olunduğu modernləşmiş şəhərlərdə qızlar oğlanlarla müqayisədə sosial baxımdan daha fəal olurlar. Onların işlə təmin olunmasından və maddi gəlir əldə etməsində böyük problemlər yaşanmır. Buna görə də, şəhər yerlərində ənənəvi stereotiplər tədricən öz əhəmiyyətini itirir. Bu kimi, stereotiplər əyalətlərdən şəhərlərə köç edən ailələr arasında öz varlığını qoruyub saxlayır. Çünki stereotiplərin ortadan qalxması uzun müddət tələb edir. Cəmiyyətdə gender stereotiplərinin ortadan qalxma müddəti, gender bərabərliyinin inkişaf sürətinə bağlıdır.
Azərbaycanda bəzi tibbi istisnalar olmaqla 12 həftədən sonra abort etmək qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv abortların qarşısı hüquqi olaraq alınmışdır. Çünki hamiləliyin 12 həftəliyində USM embrionun cinsiyyətini müəyyən edə bilmir. Lakin, reallıq göstərir ki, Azərbaycanda selektiv abortlar geniş tətbiq olunur. Bu, qeyri-qanuni əməllər necə baş verir?
Buna aşağıdakı müsahibə aydınlıq gətirir:
“15 il iş stajı olan qinekoloqun dedikləri: “Bu gün azərbaycan ailəsi üç uşaqdan artıq uşaq istəmir. Bu da, o zaman baş verir ki, ilk iki uşağı qızdır, deməli, üçüncü oğlan olmalıdır. Oğlan doğulanadək qadın 5-6 abort etdirə bilər.” Sual verilir: “Dövlət xəstəxanalarında hamiləlik dövrü çox olanda (12 həftədən çox) abort edirlər?” Həkim-gineqoloqun cavabı: “Əlbəttə, onlar sadəcə olaraq qadının 13-14 həftəlik deyil, 10 həftəlik hamiləlik dövründə olduğunu yazırlar.”
Dostları ilə paylaş: |