Var-dövlət
Bu dünya çox zəngindir. Rəngarəng təbiəti, çeşidli bitkiləri, heyvanları, al-əlvan çiçəkləri. Bu dünyada zənginliklər həm çoxdur, həm də müxtəlifdir. Kiminin pulu-parası, kiminin oğul-uşağı, kiminin evi-tarlası, kiminin də elmi-savabı. Bu dünyanın zənginləri də çoxdur. Əslində zənginliklərin növlərinə baxsaq, bu dünyada çox az adamın kasıb olduğunu görərik. Ancaq bunu dərk edənlər azdır, yəni əsl var-dövlətini tanıyıb, onun dəyərini bilənlər azdır.
Maraqlıdır, var-dövlətin mahiyyəti, meyarı kim tərəfindən təyin edilib? O da maraqlıdır ki, nə zamandan bəri var-dövlət tərəzi və rəqəmlərlə ölçülməyə başlayıb? Bunu kəşf edən kəs tərəzi ilə ölçülə bilməyən, rəqəmlərə sığmayan var-dövlətə nə üçün bir ölçü vahidi düşünməyib? Əbu Turxan deyir:
…….
Böyük kəşf olardı, amma nə yaxşı,
Mənəvi sərvətin ölçüsü yoxdur.
Kimin tərəfindən kəşf edildiyini bilməsəm də, bu tərəzinin çox əhəmiyyətli rolu olduğunu bilirəm. Bilirəm ki, tərəzinin bir gözünə qoyulmuş var-dövlət nə qədər ağır gəlirsə, digər gözündə oturmuş sahibini bir o qədər yuxarı qaldırır. Amma bu işdəki paradoksu izah edə bilmirəm: var-dövlət ağırlaşdıqca, sahibi yüngülləşir?! Var-dövlət artdıqca insan öz çəkisini itirir?! İnsanlıqdan çıxır?! Amma onu da bilirəm ki, doğurdan da son nəticədə var-dövlət öz sahibindən daha ağır və «hörmətli» olur? Yəqin bu «ucalmaya» düçar olmamaq üçün var-dövlət tərəzisinin o biri gözündən uzaq qaçmağı bacarmaq lazımdır. Yəni, bu mümkündürmü? Yenə Əbu Turxan yazır:
Həyatda saxlanma qanunu varmı,
Pak admı üstündür, dövlətmi, varmı?
Biri azalanda o biri artsa,
Məcmuyu bunların sabit qalarmı?
Bəli, təəssüf ki, ancaq tərəziyə gələn, rəqəmlə hesablanan şeylərə var-dövlət deyilir. Başqa şeyləri eyni adla adlandıranda mütləq yanına bir «məcazi məna» ifadəsi də artırırlar. Yoxsa sənə gülərlər ki, bir çiçək balaya da var-dövlət deyirsən. Sənə ağılsız deyib məsxərəyə qoyarlar… malik olduğun dərin təfəkkürünə, sonsuz ideyalarına var-dövlət desən! Sən də ağıllı olmaq üçün bir tərəzi almalısan. Sənin də səsini eşitsinlər deyə «ucalmalısan», malik olduğun dərin təfəkkürünü rəqəmlərə sığdırmalısan.
Yox, əslində bu dünyanın sayıla bilən, rəqəmlərə sığan zənginliyi heç də çox deyil. Bir şey ki, nəyə isə sığa! Əslində o, sadəcə bir ovucdur. Dünya əlindəki bu bir ovuc var-dövləti hər gedəndən alıb təzə gələnlərin başını qatır. Yunus Əmrə demiş:
Mal sahibi, mülk sahibi
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Al, bir az da sən oyalan.
Bu dünyanın daha böyük bir xəzinəsi var. Düşünməyi bacaran, içində ilahi hiss, böyük eşq gəzdirən kəslər tapır o xəzinəni. Könlünün səsini qızılın cingiltisi ilə səhv salmayan, onu dinləməyi bacaran tapır o xəzinəni. Bu dünyaya məxsus olanla insanın öz könlü üçün nəzərdə tutulmuş var-dövləti fərqləndirə bilənlər faydalana bilir o xəzinədən.
Bu xəzinənin adını bilmirəm, onu təsvir etsəm də anlaşıqlı olmaz. Axı hər kəsin öz xəzinəsi var! Ancaq bu xəzinənin açarının adını bilirəm: eşq. Ən qəliz qıfılları aça bilən sadə və gözəl bir açar. Bilənlər onunla qapılar açırlar, bilməyənlər tərəzinin gözünə qoyurlar ki, ağır gəlsin, bir az da «ucalsınlar».
Dostları ilə paylaş: |