Simurq quşu
Uşaqlıqda oxuduğum nağıllarda ən çox xoşuma gələn Simurq quşu olurdu. Qəhrəmanları bəlalardan xilas edən, uzaq yolları yorulmadan qət edən. Ən maraqlısı isə onun yanıb kül olması və sonra öz külündən doğulması idi. Alışıb öz oduna yanmaq, sonra yenə öz külündən yaranmaq! Nağıllar həyatda baş verənlərmiş, sən demə! Amma bir fərqlə: nağılları qoşanlar həyatın acığına sonluğu öz ürəkləri istədikləri kimi verirdilər. Yazıq uşaq bunu hardan bilsin! Elə bilir o da dara düşəndə qara qoçla ağ qoç gələcək. Elə bilir, qaranlığa düşsə belə Simurq quşu özünü yetirəcək, o da 40 tuluq su, 40 tikə ətlə uçub qonacaq şahlıq taxtına.
Bəli, nağıllar həyatın bir anı, bir məqamıdır. İnsan doğulur, böyüyür, arzular yaranır, planlar qurulur… Nə isə alınmayanda, məhv olanda, insan əvvəl bir ruh düşkünlüyünə düşür, həyatdan küsür. Sonra yavaş-yavaş içində bir enerji, qüvvə tapır, yeni arzular, yeni planlar… yeni bir insan doğulur. Lap Simurq kimi. Amma gün gəlir insanın ruhu yorulur – məhv olub doğulmaqdan, yarımçıq arzuları dəfn eləməkdən. Ruh elə yorulur ki, artıq nə sönmüş ocağın kənarından çəkilə bilir, nə də yenidən qalanmağa, alışıb yanmağa içində bir həvəs, bir güc tapır. Məcbur olur külün soyuğunu dünyanın ən isti, ən gur yanan ocağı sansın.
Seçim
Allah insana seçim verdi. Allah insana düzgün seçim etmək üçün ağıl verdi. Allah ağılın seçdiyini həyata keçirtmək üçün iradə verdi.
Bunlar insanın varlığında, mahiyyətindədir.
Seçim xeyir və şər, yalan və doğru, əyri və düz arasında olmalı, haramdan qurtarıb halala aparmalıdır.
Dünya get-gedə cırlaşır. Bəlkə də dünya elə həmin dünyadır, cırlaşan insanlardır. İnsanın seçim meyarları dəyişib.
Əvvəllər gözlər gözəl və kifir arasında müqayisə apara bilir, gözəli dəyərləndirə bilirdi. İndi gözəllik çoxalmış çirkinliklərin kölgəsində itib-batıb. İnsanlar artıq gözəlliyi görə bilmirlər. Məcburdurlar kifirlərin gözəlini seçsinlər.
İnsanlar artıq o qədər şər görüblər ki, xeyirin ölçülərini unudublar. Məcburdurlar şərin xeyirlisini seçsinlər.
Haram o qədər doğmalaşıb ki, halal insanlara yadlaşıb. Məcburdurlar haramın halalını tapsınlar.
Sevgi o qədər maddiləşib ki, mənəvi tərəfi mənasızlaşıb. İnsanlar məcburdurlar ki, qısa zaman kəsiklərinin ötəri maddi həzzlərini eşq adlandırsınlar.
İradə ağıla çətin şərtlər qoyanda, ağıl da seçimi sərtləşdirir.
İradə zəifləyəndə ağlın dərin qatlarının aktivləşməsinə ehtiyac qalmır. Səthi ağlın seçimi isə hisslərin həddindən o yana keçmir. Belə olanda ruh da mürgüləyir, könül də.
Sükut
Sən susmağı bacırırsan?
Ürəyin min bir sözlə dolu olduğu, haray saldığı bir vaxtda dilin susmağı bacırır? Ürəyin hər yoldan ötəndə, daş-divarda özünə həmsöhbət axtaranda sən susa bilirsən?
Dinləyənin yoxdursa, susmağa məcbursan! Səsinin səslər xaosunda itməsindən qorxursansa, susmalısan! Səsini səhv salırlarsa, susmalısan!
Bax, onda sən hər şey danışırsan. Sükutunu gizlətmək üçün. Hamı ilə həmsöhbət olursan, əsl həmsöhbətinlə susmaq üçün. Bütün sözlərini deyirsən, sükutla dediyindən başqa.
Sən sükutla söhbət etməyi bacarırsan?
Sözlər ürəyindəkiləri çatdırmağa aciz qalanda sükut köməyə çatır. Dilin demədiyini gözlər deyəndə, sükutdan yaxşı yardımçı olmur. Sözlərin aça bilmədiyi qıfılları sükut açır.
Sən heç sükutun harayını eşidibsən?
Ürəyin dedikləri içində həbs olunanda, dillə düşmən kəsiləndə sükut haray salır. Qulaqların o harayı eşitməsin deyə daha çox, daha bərkdən danışırsan. Bilirsən ki, sussan sükutun harayını eşidəcən. Bu haraydan bütün bildiklərini unudacan, bütün etdiklərini yadırğayacan.
Sən bilirsən sükut nə rəngdədir?
Sükut ürəyin dilidir, deməli, ürəyin də rəngindədir. Qaranlıq ürəyin sükutu nə qədər qorxunc, dəhşətlidirsə, nurlu ürəyin sükutu da bir o qədər məsum, həzin, ecazkardır. Qaranlıq ürəklərlə sükuta dalmaq insanı nə qədər qaraldırsa, nurlu ürəklərin sükutu bir o qədər nurlandırır. Qaranlıq sükut vəhşətlə doludur, nurlu sükut sevgi ilə. Yəqin buna görə sevdiyinlə susmaq da gözəldir.
Bunlar dilin sükutudur. Bəs ürəyin sükutu necə olur?
Ürək susanda dil susmağı bacarmır. Elə hey boş söz yığnağı ilə danışır.
Ürək susanda ruh susur, ruh susanda nur kəsilir, nur kəsiləndə İNSAN ölür, bioloji varlıq olan, ancaq heyvanla müqayisə oluna bilən insan qalır.
Dostları ilə paylaş: |