Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə, İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Məmun öz dəstxətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam Riza (əleyhissəlam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədlə əlaqədar Yəhya ibn Əksəm Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu məsələdə şahid duraraq onu təsdiqlədilər.1 Ramazan ayının onuncu günü cümə axşamı təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Riza əleyhissəlama beyət etdi. Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam əleyhissəlama tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş onun ardınca isə baş vəzir Fəzl ibn Səhl saray müftisi Yəhya ibn Əksəm ordu başçısı Abdullah ibn Tahir daha sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas əyan-əşrafı o Həzrətə beyət etmişdilər.2
İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi təbii ki o Həzrətin dostları üçün baş ucalığı idi. Lakin İmam Riza əleyhissəlamın özü bu hadisədən çox narahat və qəmgin idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu: “Bu işə bel bağlayıb sevinmə çünki baş tutmayacaq!”3