mərhum əllamə məClisinin Göstərişi
Bu yolun yolçularından biri böyük alim, rəbbani arif mərhum Əllamə Məhəmməd Təqi Məclisidir. O, yazır: «Mən riyazətlə və nəfsimi paklaşdırmaqla məşğul olduğum dövrdə əldə etdiyim şeylər təfsiri mütaliə etdiyim vaxtlara aiddir. Bir gecə yuxu ilə ayıqlıq arasında Həzrət Məhəmmədi (s.ə.v.v) müşahidə etdim, öz-özümə dedim ki, yaxşı olar o Həzrətin (s.ə.v.v) kamal və əxlaqına yaxşı diqqət edim. Nə qədər çox diqqət yetirdimsə, o Həzrətin (s.ə.v.v) əzəmət və nuraniyyəti də bir o qədər genişləndi və getdikcə nuru hər yeri əhatə etdi. Bu zaman ayıldım (özümə gəldim), mənə ilham oldu ki, Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) əxlaqı Qur’andır. Gərək Qur’anda dərindən düşünüb təfəkkür edim. Ayələrdə nə qədər çox diqqət etdimsə, daha artıq həqiqətləri dərk etdim. Nəhayət bir dəfə qəlbimə çoxlu həqiqət və mə’rifət nazil oldu. Hər bir ayəyə diqqət yetirdikəcə hər dəfə mənə belə bir ne’mət əta olunurdu. Əlbəttə, belə mətləbləri belə müvəffəqiyyətə nail olmayan şəxslər üçün təsdiq etmək çox çətindir. Hətta, adətən qeyri-mümkündür. Lakin mənim məqsədim din yolunda olan qardaşlarıma yol göstərməkdən ibarətdir.
Riyazət və nəfsin saflaşdırılmasının göstərişi aşağıdakılardan ibarətdir:
Faydasız sözlərdən, hətta Allahın zikrindən başqa sözlər danışmaqdan belə, çəkinmək. Ləzzətli yeməklərdən, içməklərdən, libaslardan, gözəl mənzillərdən və zövcələrdən çəkinmək, zəruri miqdarla kifayətlənmək. Allah övliyalarından başqaları ilə oturub-durmaqdan çəkinmək. Çox yatmaqdan çəkinmək, Allaha zikr etməyi kamil müraqibət ilə davam etdirmək.
Allah övliyaları “ya Həyyu ya Qəyyum, ya mən la ilahə illa ənt” zikrinə davam etməyi təcrübə etmiş və böyük nəticələr almışlar. Mən də həmin zikri sınaqdan çıxarmışam. Lakin mənim zikrim əksər hallarda “ya Allah”dır. Bu, Allahdan başqalarını qəlbdən çıxarmaq və yalnız Allaha diqqət yetirməklə baş verir.
Əlbəttə əsas və mühüm məsələ Allahı zikr etməyin kamil müraqibətlə yanaşı olmasıdır, sair işlər zikrin dəyərinə çatmaz. Əgər bu əməl qırx gecə-gündüz davam edərsə, ilahi hikmət və məhəbbət nurları (qapıları) insanın üzünə açılır. Sonra insan “fəna fillah” və “bəqa fillah” məqamına nail olur.» 1
Axund molla Hüseynqulu Həmədaninin məktubu
Rəbbani və ilahi alim, zahid və arif mərhum Axund Molla Hüseynqulu Həmədani (rəhmətullahi ələyh) Təbriz alimlərindən birinə belə bir məktub yazır:
«Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Vəssəlatu vəssəlamu əla Muhəmmədin və alihit-tahirin və lə’nətullahi əla ə’daihim əcməin.
Dini qardaşlara gizli qalmasın ki, bütün hərəkətlərdə, sükunətlərdə, danışıqlarda, anlarda və sairədə şərif şəriətə tam dəqiqliklə əməl etməkdən başqa yolla Allah dərgahına yaxınlaşmaq olmaz. Zövqi xurafatlar, hətta əgər bu məqamdan başqa yerlərdə yaxşı olsa da belə, bu, cahillərin və sufilərin adətidir və insanı məqsəddən daim uzaqlaşdırır. Hətta bir şəxs saqqalını qırxmamağa və ət yeməməyə adət etsə, imamların ismətinə iman gətirmiş olsa belə, həmçinin zikrin keyfiyyətində də mə’sum imamlardan (ə) nəql edilənlərdən başqasına əməl edərsə, başa düşməlidir ki, yenə də Allahdan uzaqlaşacaqdır. Buna əsasən, şərif şəriəti hər şeydən qabağa salmalı və ona əməl etməyə cidiyyət göstərməlidir. Şəriətdə diqqət yetirilən hər şeyə, eləcə də bu zəif bəndənin əqli və nəqli dəlillərdən əldə etdiyinə görə, Allah dərgahına yaxınlaşmaq üçün mövcud olan yolların ən mühümü günahı tərk etməkdə ciddi sə’y göstərməkdir. Bu xidməti etməyincə nə zikrin, nə də fikrin qəlbin halına faydası olmayacaqdır. Çünki, Sultanı inkar edib ona qarşı çıxan bir şəxsə xidmət və peşkəş etmək faydasızdır. Bilmirəm hansı sultan əzəmətli şəriət sahibi olan bu Sultandan böyükdür?! Hansı ədavət onunla olan ədavətdən daha qəbahətlidir?!
Sənə xatırlatdıqlarımdan başa düş ki, ilahi məhəbbəti tələb etdiyin halda günaha düçar olmağın nalayiq bir işdir. Ciddi şəkildə günahın nifrətə səbəb olması və nifrətin də məhəbbətlə zidd olmasını bildiyin halda bilməmisən ki, günahı tərk etmək dinin həm əvvəlidir, həm də axırı. Həm batinidir, həm də zahiri. Belə isə, günahlara qarşı cihada qalx, bütün sə’ylərini toplayıb sübh yuxudan durduğun vaxtdan, axşam yatdığın vaxta qədər bütün anlarda ciddiyyətlə müraqibəyə (özünə nəzarətə) məşğul ol. Haqq-Təalanın müqəddəs hüzurunda ədəb qaydalarına riayət et. Bil ki, sən bütün vücudunun hissələri ilə belə zərrə-zərrə Onun qüdrəti dairəsində əsirsən. Onun hüzurunun şərif hörmətinə riayət etməlisən. Elə ibadət et ki, sanki Onu görürsən, sən Onu görməsən də O səni görür. Daim Onun əzəmətinə, özünün isə həqir və zəlilliyinə, Onun yüksək məqamına, özünün alçaq məqamına, Onun izzətinə, özünün zillətinə, Onun qəniliyinə, özünün isə başdan-ayağa ehtiyaclığına diqqət yetir. Onun müqəddəs dərgahından qafil olma. Çünki O, həmişə sənə diqqət yetirir. Onun hüzurunda zəlil və zəif bir bəndənin dayandığı kimi dayan. Onun hüzurunda, şahın ayaqlarına düşüb yalvaran bir qul kimi ol. Şərəf və fəxr baxımından sənə elə bu kifayətdir ki, sənə bu çirkin və aludə, günah nəcasətinə bulaşdırdığın, günah çirkləri ilə aludə etdiyin dilinlə Onun əzəmətli adını zikr etmək icazəsi veribdir.
Ey Əziz! Bu kərim və rəhim Allah dili nur dağının, yə’ni şərif zikrin xəzinəsi qərar vermişdir. Sultanın xəzinəsini nəcasətlə, qeybət, yalan, söyüş, əziyyət və s. kimi günahlarla aludə etməyin bihəyalıqdır. Sultanın xəzinəsi ətirli, gülablı olmalıdır, nəcasətlə dolu yox!. Şübhəsiz, müraqibət zamanı diqqətsiz olduğundan sənin yeddi üzvün – yə’ni gözün, dilin, qulağın, əlin, ayağın, bətnin və fərcin nə qədər günah etdiyini, nə qədər od yandırdığını bilmirsən!!! Bilmirsən ki, öz dilində nə qədər fəsad işlər törətmisən! Öz dilinin inkarçı qılıncı ilə qəlbinə necə yaralar vurmusan! Əgər öldürməmiş olsan, çox yaxşıdır. Əgər bu fəsadları şərh etmək istəsəm, bir kitaba sığmaz. Bu halda bir vərəqdə, bir səhifədə nə yaza bilərəm?! Sən ki, öz bədən üzvlərini günahlardan təmizləməmisən, qəlbinin əhvalını şərh etməyimi nə cür gözləyə bilərsən?! Belə isə, dərhal sidq ürəkdən tövbə et, sonra isə Allahın əmr və fərmanlarına ciddi yanaşıb müraqibəni (nəfsə nəzarəti) tezləşdir.
Bir sözlə, müraqibə mərhələsində çalışdıqdan sonra, əlbəttə, Allah dərgahına yaxınlığı tələb edən şəxs səhər çağları oyaq qalıb gecə namazı qılmağı əldən verməz. Gecə namazını özünün məxsus ədəbləri və hüzuri-qəlb ilə qıl. Əgər vaxtın çox olsa, həmin vaxtı zikr, münacat və təfəkkürə sərf et. Lakin gecənin məxsus bir qədərini hüzurla zikrə məşğul ol. Bütün hallarda (günahlar barədə) hüznü qəlbindən çıxartma. Əgər hüznün yoxdursa, səbəbləri ilə onu əldə et. Onu qurtardıqdan sonra Fatimeyi Zəhranın (s.ə) zikrini de, “Tövhid” surəsini on iki dəfə oxu, sonra on dəfə “la ilahə illəllahu vəhdəhu la şərikə ləh ləhul-mulk” ayəsini axıra qədər oxu, yüz dəfə “la ilahə illəllah”, yetmiş dəfə istiğfar et və Qur’andan bir qədər tilavət et. Səhərin məşhur dualarını, yə’ni “Ya mən dələə lisanəs-səbah”-ı axıra qədər oxu. Həmişə dəstəmazlı ol. Həmişə dəstəmaz alandan sonra iki rək’ət namaz qılsan çox yaxşıdır. Çox ehtiyatlı və ayıq ol ki, başqalarına heç bir vəch ilə əziyyət verməyəsən. Müsəlmanların, xüsusilə alimlərin, onların içində də təqvalıların hacətlərinin rəva olunmasında ciddi çalış. Günaha düşmə ehtimalı verilən hər bir məclisdən, əlbəttə ki, uzaq ol! Hətta qəflət əhli ilə oturub-durmaq da, zərurət halından başqa, zərərlidir, günahdan uzaq olsa belə. Çoxlu öyünmək, çox zarafat etmək, boş-boş sözlər danışmaq, boş sözlərə qulaq asmaq qəlbi öldürür.
Əgər müraqibə olmadan zikrə və fikrə məşğul olsan, hal yarada bilsə də, faydasız olacaqdır. Çünki hal davamlı olmur. Müraqibə olmadan zikrin gətirdiyi hala aldanmaq olmaz. Çox taqətim yoxdur, sizin hamınızdan çox-çox iltimasi-duam vardır. Təqsiri və günahı çox olan bu həqir bəndəni unutmayın. Cümə gecələrində “Qədr” surəsini yüz dəfə və cümə günləri axşam çağı yüz dəfə oxuyun.1
Dostları ilə paylaş: |