Ayə 15, 16, 17, 18, 19, 20:
﴿فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ﴾﴿وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ﴾﴿كَلَّا بَل لَّا تُكْرِمُونَ الْيَتِيمَ﴾﴿وَلَا تَحَاضُّونَ عَلَى طَعَامِ الْمِسْكِينِ﴾﴿وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا﴾﴿وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا﴾
15. “Rəbbi insanı sınağa çəkib əziz tutanda və nemət verəndə, (o qürrələnib) deyir: “Rəbbim məni əziz etdi.”; 16. “Amma onu sınağa çəkib ruzisini azaltdıqda deyər: “Rəbbim məni xar etdi.”; 17. “Belə deyil! Əslində siz yetimi əziz tutmursunuz”; 18. “Bir-birinizi yoxsullara təam verməyə rəğbətləndirmirsiniz”; 19. “Mirası (haqlı-haqsız) bütöv yeyirsiniz”; 20. Var-dövləti çox sevirsiniz.”
Nöqtələr
◘Əzizliyi Allahın lütfü saymaq yaxşıdır. Amma insan hörmət-izzəti öz ləyaqəti bilərsə bu pisdir. Bu ayədə “ikram” sözü iki dəfə işlədilmişdir: birinci dəfə insan öz izzətini Allahdan bilir, ikinci dəfə onu öz ləyaqəti sayır. Quranda insanın izzəti Allaha, onun alçalması özünə aid edilir.
◘”Əklən ləmm” dedikdə bir şeyi halal-haramlığına baxmadan yemək mənası anlaşılır. Bəzən insan yediyində başqasının payı olub-olmadığını düşünmür.
◘Allahın Rəsulu (s) buyurur: “Mən və yetimi himayəyə götürən kəs behiştdə bir yerdəyik.”1 (Qeyd)
◘Allahın qəti sünnə və proqramlarından biri Onun insanları sınağa çəkməsidir. Əlbəttə ki, Allah insanı tanıyır və sınaqlar tanışlıq üçün deyil. Sadəcə insanların xislətləri üzə çıxarılır ki, o dəlillər əsasında mükafatlandırılsın və ya cəzalandırılsın. Allah müxtəlif yollarla sınağa çəkir. İnsan bəzən var-dövlət, bəzən yoxsulluqla sınanır. Tələskən insan sınağın sonunu gözləməyib yersiz mühakimələr yürüdür, Allahdan gileylənir.
Bildirişlər
1. İlahi sınaqlar Allahın insanı daim izlədiyini göstərir.
2. Sınaq tərbiyə və təkamül vasitəsidir.
3. İnsanın qazancları onun haqqı yox, Allahın lütfüdür. Belə ki, əldə etdiyimiz nemətlər bizi qürrələndirməsin.
4. Yoxsulluq həqarət, var-dövlət kəramət nişanəsi deyil. Həm yoxsulluq, həm də var-dövlət bir sınaqdır.
5. Yetimin cismindən də mühümü onun ruhudur. Yetimi əzizləmək lazımdır.
6. Mənəvi ehtiyacları ehtiram və məhəbbətlə ödəyin. (Yetimlərin ilk ehtiyacı onların şəxsiyyətinə ehtiram göstərilməsidir.)
7. Allahın işləri ilə bağlı tələsik mühakimə yürütməyək. Ruzi çətinliyini Allahın etinasızlığı saymayaq. Bu çətinliklər insanın öz əməllərinin nəticəsidir.
8. İnsanın ətrafdakılara ehsanı mühüm əhəmiyyətə malikdir.
9. Yoxsullar ac qalmamalıdır. İnsan ya özü onlara infaq etməli, ya da imkanlıları həvəsləndirməlidir.
10. Əlinizə gələnlərə diqqətli olun. Bəzən halala haram qatılır.
11. Var-dövlətə bağlılıq təbii bir bağlılıqdır. Məzəmmət olunan isə var-dövlətə əsir olub axirəti unutmaqdır.
12. Allahın sizə ehtiramı sizin yetimlərə ehtiramınıza səbəb olmalıdır.
Dostları ilə paylaş: |