Nöqtələr
Çoxsaylı rəvayətlərdə bildirilir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay ardıcıl Əli (ə) və Fatimənin (s) qapısını döyüb buyururdu: “Namaz!” Sonra həzrət “Təthir” ayəsini oxuyurdu.1
Həzrət Peyğəmbər (s) sıxıntıya düşdüyü vaxt bu ayəni oxuyar və ailəsinə namaz göstərişi verərdi.2
“İstəbir ələyha”, yəni həm namazın icrasında, həm də ona çağırışda möhkəm ol.
Bildirişlər
1. Əmr be məruf (yaxşılığa əmr) maddiyyat əsiri olmayanlara daha çox təsir göstərir.
2. İslam cəmiyyətinin rəhbəri öz ailəsindən xəbərsiz olmamalıdır.
3. Kişi öz ailəsinin etiqadına görə məsuliyyət daşıyır. Ailənin təkcə maddi ehtiyaclarını ödəmək yetərli deyil.
4. Əmr be məruf üçün ən mühüm ünvanlardan biri insanın ailəsi və yaxınlarıdır. (“Əhl” dedikdə təkcə ailə-övlad yox, bütün ev əhli nəzərdə tutulur.)
5. Təbliğatçı ilkin mərhələdə öz ailəsini doğru yola çağırmalıdır.
6. Tərbiyənin ilk mərhələsi ailə ocağında gerçəkləşir.
7. Bütün göstərişlər arasından namaz göstərişinə önəm verilməsi ailə üzvlərinin sığortalanma rəmzidir.
8. Dünya bağlılıqları və dəbdəbəsindən namaza sığınaq.
9. Namaz xeyir əməlin ən bariz nümunələrindəndir.
10. Namazın ailə üçün mühüm əhəmiyyəti var. Valideyn bu məsələyə diqqətli olmalıdır.
11. Əmr be mərufda davamlılıq və möhkəmlik şərtdir.
12. İbadətlərimizin Allaha heç bir faydası yoxdur. Namaz özümüz üçün faydalıdır.
13. Yaxşılığa çağırış ciddi olmalı, işin sonu açıqlanmalıdır.
14. Namaz paklıq və təqva üçün zəmin yaradır.
15. Xoş aqibət maddiyyat yox, ilahi təqva sayəsində əldə olunur.
● Ayə 133:
﴿وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَى﴾
“(Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə və nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil və nişanə gəlməmişdimi?!”
Nöqtələr
Müşriklər tələb edirdilər ki, İslam Peyğəmbəri (s) də həzrət Musa kimi möcüzələr göstərsin. Amma Allah-təala buyurur: “Quran möcüzəsinin bütün əvvəlki möcüzələrdən üstün olduğunu bilmirsinizmi?! Məgər həmin möcüzələr qarşısında inadkarlıq göstərmədilərmi?!”
Əvvəlki kitablar dedikdə Tövrat, İncil və Zəbur nəzərdə tutulur.
Bildirişlər
1. Bəhanə xarakterli tələblərə məhəl qoymamaq lazımdır. (Bu sayaq tələblər inadkar və təkəbbürlü insanlara aiddir. Onlar aşkar dəlili bir kənara qoyub, başqa tələblər irəli sürürlər.)
2. Əsas məsələ möcüzə yox, qarşı tərəfin qəbul ruhiyyəsidir.
● Ayə 134:
﴿وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَى﴾
“Əgər Biz onları (Peyğəmbərin (s) gəlişi və Quranın nazil olmasından) əvvəl əzab göndərib həlak etsəydik deyərdilər: «Pərvərdigara! Nə üçün bizə peyğəmbər göndərmədin? Biz zəlil və xar olmazdan öncə Sənin ayələrinə itaət edərdik.»”
Bildirişlər
1. Peyğəmbərlərin gəlişində məqsəd höccəti tamamlamaq, yetərli dəlillər gətirmək və bəhanəyə yer qoymamaqdır.
2. Qanun elan edilməmiş cəzalandırılmaq ədalətdən kənardır.
3. Xalq dinləsə də, dinləməsə də dinin təbliği vacibdir. Təbliğ olmayan yerdə insanların etiraz haqqları var.
4. Peyğəmbərlərə tabeçilik izzət və hörmət səbəbidir.
● Ayə 135:
﴿قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَى﴾
“De ki, (biz və siz) hər birimiz intizardayıq. Gözləyin, tezliklə kimlərin doğru yolda olduğunu və kimin hidayət tapdığını biləcəksiniz.”
Nöqtələr
“Doğru yol səhabələri” dedikdə məsum imamlar, “hidayət tapanlar” dedikdə onların ardıcılları nəzərdə tutulur.1
İmam Kazim (ə) uyğun ayə ilə bağlı buyurur: “Doğru yol bizim Qaimin (imam Mehdinin (ə)) yoludur. Yalnız ona itaət edənlər hidayət tapanlardır.2
Bildirişlər
1. Peyğəmbər xəbərdarlıq edib qorxutmağa vəzifəlidir.
2. Zaman və tarix bütün qaranlıqlara işıq salır.
3. Kafirlər özlərini doğru yolda sayırlar.
4. İslam ifrat və təfritdən uzaq olan orta məktəb, müsəlmanlar isə doğru yolu (hidayət) tapmış kəslərdir.
“ƏNBİYA” SURƏSİ (21-ci surə, 112 ayə) On yeddinci cüz “Ənbiya” surəsinin siması
112 ayədən ibarət olan “Ənbiya” surəsi Məkkə surəsidir. Surədə Allahın lütfünü qazanmış 16 peyğəmbərin əhvalatına işarə olunur. Bu surəni oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü, Peyğəmbərlə (s) görüş bu bərəkətlərdəndir. Bir şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun.1
Eləcə də, “Ənbiya” surəsində müjdədən daha çox xəbərdarlıqla rastlaşırıq.
﴿بسم الله الرحمن الرحيم﴾
bağışlayan və mehriban Allahın adı ilə
● Ayə 1:
﴿اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ﴾
“İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxa çevirmişlər!”
Dostları ilə paylaş: |