● Ayə 124:
﴿وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى﴾
“Hər kəs Məni xatırlamaqdan daşınsa, həqiqətən, onu sıxıntılı və çətin bir həyat gözləyir. Biz onu qiyamətdə səhnəyə kor gətirərik.”
● Ayə 125:
﴿قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنتُ بَصِيرًا﴾
“(Qiyamətdə) deyər: «Pərvərdigara! Nə üçün məni kor məhşur etdin? Axı (dünyada) görürdüm?»”
Nöqtələr
Ötən ayədə haqq ardıcıllarına müjdə verildi. Bu ayədə isə haqqa arxa çevirənlərə xəbərdarlıq olunur. Bəli, ümid və qorxu yanaşı olduqda səmərə verir.
Rəvayətlərdə Əhli-beyt (ə) xəttindən çıxmaq və ya vacib göstəriş olan həcci tərk etmək Allahdan üz çevirmək nümunələri sayılmışdır.1
İnsanı sıxıntıya salan təkcə yoxsulluq deyil. Bir çox sərmayə sahibləri hərislik, qorxu, stress səbəbindən ağrılı günlər keçirirlər.2
Sual: Günahkarların kor məhşur edilməsi onların öz əməl naməsini oxuması xəbəri ilə bir araya sığırmı?
Cavab: Qiyamətin müxtəlif dayanacaqları var. İnsan bir dayanacaqda gördüyü halda, o biri dayanacaqda kor ola bilər.
Bir çox rəvayətlərdə bildirilir ki, “Qiyamət korluğu” dedikdə insanın haqq və xeyir yolu görməməsi nəzərdə tutulur.3
İmam Səccad (ə) “sıxıntılı həyat” təbiri ilə bağlı buyurur: “And olsun Allaha! Həqiqətən, qəbir ya behişt bağıdır, ya da cəhənnəm dərəsi.”4 Demək, sıxıntılı gediş bərzəx aləminədək davam edir.
Bildirişlər
1. İnsanlara seçim azadlığı verilib.
2. İnsan fitrəti allahpərəstlik əsasında qurulub. Peyğəmbərlər və səmavi dinlərin işi yalnız xatırlatmaqdır. (“Zikr” dedikdə insanın unutduğu bir şeyi onun yadına salmaq nəzərdə tutulur.)
3. İnsan sərvət sahibi olsa da, Allah zikrindən uzaqlıq onu iztirab, heyrət və həsrətdən qurtulmağa qoymur.
4. Yalnız Allah zikri sayəsində aram və şirin həyat yaşamaq olar.
5. Mənəviyyatın maddi həyatda da mühüm rolu var.
6. Dünyada həqiqətlərə göz yuman insan qiyamət səhnəsinə kor gətirilər.
7. İmansız insan dünyada məşəqqət içində yaşayır, axirətdə görmək nemətindən məhrum qalır.
● Ayə 126:
﴿قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنسَى﴾
«(Allah cavab olaraq) buyurar: “Ayələrimiz sənə yetişən vaxt onları unutduğun kimi, bu gün özün unudulmusan.”»
● Ayə 127:
﴿وَكَذَلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِن بِآيَاتِ رَبِّهِ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى﴾
“Həddi aşıb israf edən və Rəbbinin ayələrinə iman gətirməyən hər kəsə bu sayaq cəza verərik. Şübhəsiz, axirət əzabı daha şiddətli və davamlıdır.”
Nöqtələr
Allah zikrinin bariz nümunələrindən biri namazdır. Allah-təala buyurur: “Məni yada salmaq üçün namaz qıl.”1 Şübhəsiz ki, Allahı yada salan insanı Allah da yada salasıdır. Bu, Allahın vədidir.2 Allahı unudan kəsləri Allahın da unudacağı şübhə doğurmur.
Allahın rəsulu (s) buyurur: “Quran oxuyub, ona əməl etməyən kəsi Allah kor halda məhşur edər. Həmin bəndə nə üçün səhnəyə kor gətirildiyini soruşduqda xitab olunar ki, onu cəhənnəmə aparın.”3
İmam Sadiq (ə) “unudulmuş ayələr” təbiri ilə bağlı buyurur: “Allahın ayələri məsum imamlardır. Onlara arxa çevirən kəs qiyamət günü oda atılacaq.”4
Bildirişlər
1. Bütün ilahi cəzalar ədalətlidir.
2. İnsanın itaətsizliyi etinasızlıqdan qaynaqlansa cəzalandırılasıdır. İxtiyarsız şəkildə baş vermiş xətalara görə məzəmmət yoxdur.
3. Allah öncə höccəti tamamlayır, yetərli dəlillər gətirir, sonra qəhr-qəzəbini və əzabını nazil edir.
4. Nemətlərin israfı və onlardan səmərəsiz istifadə küfr üçün zəmin yaradır.
● Ayə 128:
﴿أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى﴾
“Bu günkülərə xəbərdarlıq üçün bəs etmədimi ki, bundan öncə evlərinə get-gəl etdikləri xalqlar qəhr-qəzəbimizə düçar oldu?! Həqiqətən, bunda ağıl və düşüncə sahibləri üçün nişanə və ibrətlər var.”
● Ayə 129:
﴿وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى﴾
“Əgər Rəbbinin sünnə və təqdiri, müəyyənləşdirilmiş bir vaxt olmasaydı, hər halda ilahi əzab qaçılmaz olardı.”
Nöqtələr
“Nuhyə” sözünün cəm forması olan “Nuha” sözü insana çirkin işləri qadağan edən şey mənasını bildirir. Bu səbəbdən də ağıl “nuhyə” adlandırılmışdır. Çünki ağıl insanı azğın istəklərdən qoruyur. Demək, həqiqi ağıl düşüncədən əlavə təhlükə və pisliklərdən uzaqlıq səbəbidir.
“Qərn” dedikdə eyni bir dövrdə yaşamış qövm, xalq nəzərdə tutulur. Bəzən zamanın özü də “qərn” adlandırılır. “Lizam” sözü zəruri və qəti iş mənasını bildirir.
“Kəlimətun-səbəqət” dedikdə Allahın həzrət Adəmə “yerə enin” buyruğu nəzərdə tutulur.1
Məkkə əhli səfərə çıxarkən Ad və Səmud qövmünün yaşadığı yerlərdən keçər, onlardan qalan xarabalıqları görərdilər. Allah bu ayələrdə onlara xəbərdarlıq edir ki, həmin qövmlərin acı taleyini unutmasınlar, bu nişanələri düşünüb ibrət götürsünlər.2
Dostları ilə paylaş: |