Bildirişlər
1. Tarix ən yaxşı müəllim və ən doğruçu vaizdir. Tarixdən ibrət götürməyən kəs məzəmmətə layiqdir.
2. Allahın xəbərdarlıqlarına ciddi yanaşaq.
3. Tarixi dəyişikliklər Allahın əlindədir.
4. Elm təklikdə bəs etmir, ibrət də lazımdır. Onlar baş verənləri görsələr də qəflətdədirlər.
5. Qəzəbə gəlib xaraba qalmış hər bir məntəqə düşüncə sahibləri üçün ibrətdir.
6. Tarixi abidələri təkcə əyləncə xatirinə seyr etməyək. Yalnız düşüncəsiz insanlar bu qalıqlardan ibrət götürmür.
7. Hər insan ibrət gözü ilə baxa bilmir. Yalnız nəfsini bulaşıqlıqlardan qoruyan insanlar ibrət götürürlər.
8. Tarixin fəlsəfəsi var və səbəb-nəticə qanununa əsaslanır. Bəli, keçmiş qövmlər müəyyən əsaslarla məhv edilmişlər. Əgər bu gün də uyğun əməllər təkrarlansa, eyni fəlakətlərlə üzləşərik.
9. Bütün işlərin nizamlanması, möhlət verilməsi ilahi bir sünnədir. Əks-təqdirdə, günahkarlar dərhal məhv edilərdi. (Hər ümmət üçün müəyyənləşdirilmiş bir vaxt var.)
10. Əzabın təxirə düşməsi imansız zalımları arxayınlaşdırmasın.
11. Allah yalnız höccəti tamamladıqdan sonra günahkarları əzaba düçar edir.
12. İnsanlar proqram və vaxt bölgüsü əsasında ömür sürürlər.
● Ayə 130:
﴿فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ آنَاء اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَى﴾
“Onların dediklərinə səbir et. Günəş doğmamışdan və qürub etməmişdən öncə Rəbbinə sitayişlə Ona təsbih de. Gecənin bəzi vaxtlarında və gün ətrafı təsbih söylə. Ola bilsin ki, razı qalasan (xoşhal olasan).”
Nöqtələr
Allah-təala Qurani-kərimdə 19 dəfə Peyğəmbərə (s) səbir göstərişi verir.
Bu ayə də “Bəqərə” surəsinin 45-ci ayəsi kimi Peyğəmbəri (s) səbrə və Rəbbinə sitayişə çağırır. Ayədə zahirən Peyğəmbərə (s) müraciət olunsa da, göstərişlər ümumi ünvanlanmışdır.
Bəzi rəvayətlərə və bəzi təfsirçilərin nəzərinə əsasən, ayədə gündəlik yövmiyyə namazları, gün uzunu qılınası namazlar nəzərdə tutulur. “Gün ətrafı” dedikdə isə gündəlik müstəhəb nafilə) namazlarına işarə olunmuşdur.
Bildirişlər
1. Allahın tədbirinə, əzabın qanunauyğunluğuna, ilahi sünnələrə diqqət səbir və təsbih üçün müqəddimədir.
2. İnsanın səbri onun rastlaşdığı çətinliklər həddində olmalıdır.
3. Allaha həmd-səna və onun təsbihi düşmənin inadkarlıqları və təbliğatları qarşısında ruhiyyəni gücləndirən vasitədir.
4. Allaha sitayiş və həmd-səna yolu ilə Ona tasbih edilir.
5. Çirkinliklərdən təmizlənmək yaxşılıqlarla zinətlənməkdən öndə gəlir. Təsbih (Allahı pak bilmək) həmddən müqəddəmdir.
6. Quran təbii meyarlardan istifadə etməklə vəzifələr üçün zaman müəyyənləşdirir.
7. İlahi təsbih və həmd-səna günəşin tülu (doğuş) və qürubundan öncə xüsüsi təsirə malikdir.
8. Vaxtımızı ilahi zikrlə keçirək. Belə etsək, boş fikirlərə yer qalmaz.
9. Gecə təkcə yatmaq üçün deyil. Onun bir hissəsini ibadət üçün ayırmaq lazımdır.
10. Bütün şərtlər ödəndikdə Allahın zikri böyük nəticələr verir. (Allah zikri təklikdə bəs etmir, səy, vəhdət, ixlas kimi digər şərtlər də ödənməlidir.)
11. Təkamülün ən üstün dərəcəsi razılıq məqamıdır. (Təkamülün dərəcələri var: Səbir, Allahı pak bilmək, Allaha həmd-səna, sitayiş, Allahın qəza-qədərindən razılıq.)
● Ayə 131:
﴿وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى﴾
“Heç vaxt onlardan bir dəstəsinə verdiyimiz dünya malına göz dikmə. (Dünya malı) dünya həyatının bir cilvəsidir və bununla onları sınamaq istəyirik. Rəbbinin ruzisi isə daha üstün və daha davamlıdır.”
Nöqtələr
Nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzanar, qeyzi yerində qalar.”1
Qurani-kərim dünya malını xeyir, fəzl, zinət saysa da2 ona əsir olmağı məzəmmət edir. Çünki dünya həyatının ömrü çiçək tək qısadır və bir küləklə sona çatır.
Bildirişlər
1. Yalnız dünyanın bər-bəzəyinə uymayan insan Allahın razılıq məqamına çata bilər. (Bəli, maddiyyata vurğun insan daim əskiklik hiss edir və Allahdan razı qalmır.)
2. İnsan təbii şəkildə maddiyyata meyl göstərir. Amma bu meyl cilovlanmalıdır.
3. Əsarət və bağlılığın müqəddiməsi baxışdır.
Gözün də, qəlbin də, əlindən aman,
Könül bəndə düşür göz görən zaman.
4. Ümmətin rəhbərinin başqalarının malında gözü olmamalı, diqqəti maddiyyata, başqalarının dəbdəbəli həyatına yönəlməməlidir.
5. Maddi görüntülər hətta peyğəmbərlər üçün təhlükə yarada bilər.
6. Hər dünya malı və hər ləzzət vasitəsi ilahi nemət sayılmır.
7. Kafirlər arasında dünyadan ləzzət almayanlar da var.
8. Dünya görüntüləri heç zaman açmayan qönçə kimidir.
9. Dünya həyatının görüntüləri insan üçün sınaq vasitəsidir.
10. Başqalarının əlində olan yox, öz əlimizdə olanlar haqqında düşünək.
11. Ruzi vermək Allahın rübubiyyət şənindəndir.
12. İnsan öz ixtiyarında olanların hamısından faydalana bilmir. Bəzilərinin bütün imkanları olsa da, çox az şeylərdən istifadə edirlər.
13. İstənilən bir şeyi dəyərləndirmək üçün iki meyar var: Xeyirlilik və davamlılıq.
● Ayə 132:
﴿وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى﴾
“Ailənə namazı əmr et. Özün bu işdə möhkəm ol. Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. (Yaxşı) aqibət təqva əhli üçündür.”
Dostları ilə paylaş: |