Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə103/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   99   100   101   102   103   104   105   106   107
Ritorlar - natiqlik sənətindən dərs deyən müəllimlər öz şagirdlərini daha çox Demosfenin nitqlərinin təsir gücü ilə yetişdirməyi faydalı hesab etmişlər. Bu nitqlər ritorika məktəblərində bir növ dərslik rolu oynamışdır. Tarixdə mövcud olan çoxlu faktlardan birinə diqqət yetirək. Yeni eranın dördüncü əsrində yaşayıb-yaratmış yunan ritoru Libani (314-393) açdığı və dərs dediyi ritorika məktəbində demək olar ki, Demosfenin nitqlərinin öyrənilməsinə üstünlük vermişdir. Hər bir nitqə bir neçə təcrübi məşğələ ayrılmışdır. Şagirdlər müəllimin rəhbərliyi altında nitqlərin planını qurmuş və onu bölmələr üzrə təhlil etmişlər. Nəzəriyyə ilə praktikanın bu səpkidə vəhdəti faydalı nəticə vermişdir.

Libaniyə və onun başçılıq etdiyi ritorika məktəbinə imperator Yulian ehtiram bəsləmişdir. Xristian kilsəsinin bir sıra görkəmli xadimləri - Vasili, Qriqori, İoann və başqaları bu ritorika məktəbini bitirmişlər.

Demosfenin oğlu Demosfen eramızdan əvvəl 384-cü ildə varlı ailədə anadan olmuşdur. Yalnız yeddi yaşına qədər ata üzü görmüşdür. Atası öləndən sonra həm Demosfenə, həm də kiçik bacısına xeyli sərvət qalır: bir silah, bir mebel istehsal edən emalatxana, yaraşıqlı ev, otuz beş min manata yaxın (14 talant) qızıl pul və s.2 Demosfen və bacısı kiçik olduğuna görə sərvət qəyyumların ixtiyarına keçir. Günlər həftəyə, həftələr aya, aylar illərə qovuşur. Demosfenin uşaqlıq dövrü qurtarır, gənclik illərini yaşayır... O, bir dəfə maraqlı bir məhkəmə prosesində iştirak edir. Fivanlılar Orop şəhərini özlərinə tabe etdikləri üçün sərkərdə Xabri və natiq Kallistrat məhkəməyə verilmişdi. Afinalıların fikrincə, şəhərin təslim olması üçün məsuliyyət bu iki nəfərin üzərinə düşürdü. Kallistrat məhkəmə prosesində gözəl bir nitq söyləyir. Həmin nitq gənc Demosfenə güclü təsir göstərir, onun həyatını başqa istiqamətə yönəldir - qəlbində Kallistrat kimi natiq olmaq arzusu baş qaldırır. Elə həmin ildə - eramızdan əvvəl 366-cı ildə on səkkiz yaşlı Demosfen dərk edir ki, ona qalan var-dövləti qəyyumlar vicdansızcasına talan etmişlər, onları məhkəməyə vermək lazımdır. Belə də edir. Məhkəmədə iddia işi qaldırmaq asan deyildi. Bunun üçün hüququ, məhkəmə qaydalarını və natiqlik sənətini dərindən öyrənməli idi. Qəyyumluq sahəsində şöhrət qazanmış loqoqraf-natiq İsey Demosfenə çox şey öyrədir.

Demosfen iki il öz üzərində ciddi çalışdığına görə zəhməti hədər getmir. Eramızdan əvvəl, 364-cü ildə o, məhkəmədə beş dəfə nitq söyləməli olur, nəhayət, qalib gəlir.

Var-dövləti xərcləyib özləri də kasıblaşan qəyyumlardan sərvəti geri almaq mümkün olmasa da, iyirmi yaşlı gəncin ilk mənəvi qələbəsi idi. Həmin qələbə Demosfenin həyatında dönüş yaradır, onun natiqlik ilhamına qol-qanad verir. O, bundan sonra - 364-cü ildən 322-ci ilə qədər bütün həyatını, ömrünün qırx iki ilini natiqlik sənətinə həsr edir. Demosfen eramızdan əvvəl IV əsrdə çiçəklənən yunan natiqlik məktəbinin zirvəsinə çevrilir. Ancaq bu zirvə birdən-birə ucalmayıb, müxtəlif mərhələləri əhatə edə-edə yüksəlib.

Birinci mərhələ Demosfenin vəkillik-loqoqraflıq fəaliyyətini əhatə edir. Məhkəməyə işi düşən müştərilər üçün nitq yazır, muzd alır, maddi vəziyyətini xeyli yaxşılaşdırır. Lisi kimi Demosfen də bu zaman işin mahiyyətini, məhkəmədə çıxış edən adamın biliyini, dünyagörüşünü, cəmiyyətdəki mövqeyini, peşəsini, xarakterini və başqa incəlikləri dərindən öyrənəndən sonra nitq yazır: «Malikanəyə ziyan vuran Kallik əleyhinə», «Cehiz haqqında Spudi əleyhinə» və s. nitqləri bu dövrün məhsuludur. Birinci mərhələdə nəzəri cəlb edən ikinci cəhət Demosfenin natiqlik müəllimi olmasıdır. O bu dövrdə bir ritor kimi natiqlik sənətindən dərs deyir, şagirdləri natiq kimi yetişdirməyə çalışır.

Bəzi mənbələrin verdiyi məlumata görə, Demosfen on il loqoqraf kimi fəaliyyət göstərib və bu sahədə şöhrət qazanıb. Onu da qeyd edək ki, nə natiqlik müəllimi, nə də vəkillik Demosfeni mənəvi cəhətdən təmin etməyib. O. siyasi xadim-natiq olmağa can atıb. Bu isə asan iş deyildi. Afinalılar qarşısında siyasi nitq söyləmək natiqdən böyük məharət, həyat təcrübəsi, dərin ağıl, xüsusi istedad və bilik tələb edirdi. Demosfen o vaxta qədər məhkəmə işlərini yaxşı bilirdi, müştərilər üçün nitq yazırdı. Lakin Afina dövlətinin siyasi həyatını, iqtisadi mövqeyini, diplomatiyasını dərindən öyrənməyə hələ imkan tapa bilməmişdi. Digər tərəfdən o, kütlə qarşısında nitq söyləmək təcrübəsi qazanmamışdı. Fiziki cəhətdən də o qədər sağlam deyildi. Danışıq orqanlarında, zahiri hərəkətlərində bir sıra qüsurlar var idi: danışanda əsəbiləşir, sağ çiynini tez-tez atır, cır səslə qışqırıb özünü yorur, «r» səsini düzgün tələffüz etmir və səs tonuna, intonasiyasına xüsusi məna verməyi bacarmırdı. Bir qədər də pəltək idi. Belə qüsurları olan adam əslində natiqlik sənətindən əl çəkməlidir! Demosfen isə inadından dönmür, qarşıya qoyduğu məqsədə çatmağa can atırdı. Bir neçə dəfə siyasi nitq söyləyir, uğursuzluğa, hətta məğlubiyyətə düçar olur. Afinalılar onun nitqinə qəhqəhə çəkib gülürlər.

İbrətamiz cəhət burasıdır ki, Demosfenin yerinə başqası olsaydı, bu məğlubiyyətdən sonra ruhdan düşüb, siyasi natiqliyin heç adını tutmazdı. O, belə etmir, Demosfen olaraq qalır.

Aktyor Satir müvəffəqiyyətsizliyin səbəblərini düzgün aydınlaşdırır. Demosfen öz üzərində yenidən işləməyə, bir növ məşqə başlayır. Birinci növbədə Afina dövlətinin xarici və daxili siyasətini, iqtisadiyyatı dərindən öyrənir. Əl-qol atmağı, sağ çiynini tez-tez çəkməyi, mimikadan yersiz istifadə etməyi səbr və təmkinlə aradan qaldırır, «r» səsinin düzgün tələffüzünə nail olur, səs tonu və intonasiyanın gücü ilə nitqə yeni məna verməyə yiyələnir, məntiqi və həyəcanlı vurğudan məqamına görə istifadə etməyi vərdişə çevirir. Demosfenin öz üzərində inkişaf etdirmək üçün dilinin altına xırda daş qoyub dəniz sahilində saatlarla nitq söyləyirmiş! Sağ çiynini tez-tez atmamaqdan ötrü tavandan qılınc asırmış ki, nitq zamanı çiyninə batsın, bu vərdiş aradan götürülsün və s. Rəvayət öz yerində, bu bir həqiqətdir ki, Demosfen siyasi natiq olmağa bütün varlığı ilə can atıb, inadından dönməyib və öz arzusuna çatıb! Otuz il bu sahədə xidmət göstərib. Afinalılar onu çox seviblər.

Demosfen siyasi natiq kimi Afina dövlətinin bir sıra məsuliyyətli işlərini öz öhdəsinə götürmüş və onları müvəffəqiyyətlə başa vurmuşdur.

Demosfenin elm aləminə altmış bir nitqi və altı məktubu bəllidir. Onun on doqquz nitqi 1954-cü ildə rus dilində çıxmışdır.1

Demosfen zəhmətkeş ziyalılar dəstəsinə mənsub olub. Likurq, Hegesipp, Hiperid və b. kimi Afina demokratik dövlət quruluşunun keşiyində durub. Bütün nitqlərində o, Afinanın sədaqətli, mübariz vətənpərvər bir natiq oğlu kimi nəzərə çarpır.

Böyük natiq bütün siyasi nitqlərində afinalıları dostu ilə düşmənini tanımağa, sayıq olmağa, daxili və xarici düşmənlərə qarşı mübarizə aparmağa, döyüşməyə, əxlaqi düşgünlükdən əl çəkməyə, birliyə, öz şöhrətini, şərəfini qorumağa çağırmışdır. O demişdir: «Bəli, sizi gözləyən təhlükə başqa təhlükələrə bənzəmir. Axı Filipp bizi sadəcə özünə tabe etmək fikrində deyil, dövlətimizi tamamilə məhv etməyə çalışır»1. «Dövlətin daxilində fəaliyyət göstərən düşmənləri əzmədən onların havadarları olan xarici düşmənləri məğlub etmək olmaz»2. «Mən vicdanlı vətəndaşın vəzifəsini onda görürəm ki, o, dövləti xilas etməyi, gözəl nitq söyləyib şöhrət qazanmaqdan üstün tutsun».3

Demosfenin nitqlərindəki belə çağırışlar Afinanın siyasət aləmində az rol oynamamışdır.

Demosfen natiqlik sənətinə ehtiramla yanaşdığı üçün əvvəlcədən, düşünüb-düşünəndən və ciddi hazırlaşandan sonra nitqlərini yazıya alırmış. Bununla da kifayətlənmir, nitq üzərində yenidən işləyir, sözlərin öz məqamına düşməsinə, ahəng­darlığa, bir sözlə, məzmun və forma gözəlliyinə dönə-dönə nəzər salırmış. O, hər bir nitqini gecələr çıraq işığında hazırlamış. Siyasi əleyhdarlarından biri, sonralar satqın çıxmış natiq Pifey Demosfeni ələ salmaq üçün deyərmiş: «Sənin nitqlərindən çıraq yağının iyi gəlir». O da belə cavab verərmiş: «Gö­rünür, mənim çırağı yandırmağım səni qorxuya salır!»

Nitqin məzmunu natiqin birinci, yaxud başqasından sonra danışmasından da asılı idi. Birinci danışan natiq, hadisə barəsində geniş məlumat verib dinləyicilərdə bitkin təsəvvür yaratmalı idi. Başqasından sonra danışan natiqin geniş məlumat verməsinə ehtiyac duyulmurdu. Buna görə də öz fikrini, irəli sürdüyü təklifi əsaslandırırdı. Bu cəhət Demosfenin də nitqlərində özünü göstərir. O, əvvəlcə nitq söyləmək üçün başqa natiqlərə imkan verirdi, onlardan sonra danışmağı üstün tuturdu.

Demosfen öz nitqlərində ritorikanın beş tələbinə ciddi əməl edirdi: a) məzmun - faktların, sübutların seçilməsi, nitq üçün material toplamaq; b) plan - seçilmiş, toplanılmış materialların, sübutların, faktların nitqdə məqsədəuyğun yerləşdirilməsi; v) məzmunun sözlə ifadəsi; q) nitqi öyrənib yadda saxlamaq; ğ) onu dinləyicilər qarşısında «ifa» etmək.

Demosfen natiqlik sənətində böyük əhəmiyyət kəsb edən iki növ sübutdan - faktik və dərin mühakiməyə, əqli nəticəyə, müdrikliyə əsaslanan dəlillərdən məharətlə istifadə etməyi bacarırdı. Onun siyasi nitqləri ciddi bir sxem üzrə qurulub: giriş, əsas hissə, nəticə. Hər hissə əhatə etdiyi, nəzərə çarpdırılan məsələlərdən, natiqin güddüyü məqsəddən asılı olaraq paraqraflara bölünür. Libani Demosfenin nitqlərinin planını qurarkən bu cəhətləri ön plana çəkmişdir.

Demosfenin nitqlərinin dinləyicilərə göstərdiyi təsirdən söhbət açmaq çox çətindir. Əvvələn, natiqin səs tonu, intonasiyası, jesti, mimikası, müxtəlif maneraları dinləyicilərə təsir göstərən başlıca amillərdən biridir. Bu barədə elmi mənbələrdə çox az məlumat verilir. Dionisi Qalikarnasski «Demosfenin natiqlik məharətinin heyrətamiz təsiri haqqında» əsərində səs tonundan, mimika və jestlərindən az da olsa bəhs etmiş, bu cəhətləri başlıca təsir göstərən vasitələrdən biri kimi qiymətləndirmişdir. Digər tərəfdən, biz, rus dilinə tərcümə olunmuş nitqlərə əsaslanıb mühakimə yürüdürük, onları dinləmirik, bir ədəbi əsər kimi oxuyuruq. Bu əsərlərdə təkrir, bədii sual və nida, antiteza, xitab, mükalimə (sual-cavab forması) və s. mühüm rol oynayır. «Filipp əleyhinə üçüncü nitq»inə diqqət yetirək. Nitq belə başlanır: «Xalq məclisinin demək olar ki, bütün iclaslarında, Afina vətəndaşları, Filippin törətdiyi cinayətlər barəsində çox danışılır... «Demosfen bu məşhur nitqini bu səpkidə yekunlaşdırır: «Demək, mənim fikrim belədir: bu barədə mən yazılı təklif verəcəyəm. Və mən fikirləşirəm ki, əgər bunları həyata keçirsək, elə indi də bizim işlərimiz sahmana düşə bilər. Ancaq içərinizdə mənim dediklərimdən daha yaxşı təklif irəli sürən varsa, o da danışsın, öz məsləhətini versin. Lakin sizin qərarınız, onu necə qəbul edirsinizsə - edin, qoy bizim üçün - bütün allahlar onu həyata keçirməyə kömək göstərsinlər! - xeyir gətirsin». Yaxud: «İndi bəlkə də gözlənilmədən demək istədiyim, lakin bu bir həqiqətdir, odur ki, keçmişdə bizim üçün pis olan bir şey gələcək üçün çox əlverişli şəraitə çevrilir. O nədir. Bax budur: əgər indi işlərimiz pis vəziyyətdədirsə, deməli, siz öz vəzifələrinizi həyata keçirməmişsiniz - nə az, nə də çox. Əgər siz hər şeyi olduğu kimi yerinə yetirsəydiniz, daha onu yaxşılaşdırmağa ümid yeri qalmazdı. Filipp həqiqəti sizin dövlətinizə yox, laqeydliyinə, başısoyuqluğunuza qalib gəlib. Siz təkcə məğlub olmamışsınız, hətta yerinizdən də tərpənməmisiz».

Adını çəkdiyimiz nitqdə altı dəfə «Afina vətəndaşları» xitabı, otuz beş dəfə sual, on dəfə bədii nida, yeddi dəfə sual-cavab, iki dəfə sual-nida, otuz dəfə əlavə fiqurundan istifadə edilmişdir. Nitq yetmiş altı paraqrafdan ibarətdir. «Zevsə and olsun», «Zevsə and içirəm», «Zevsə və Appolona and içirəm!», «Zevs xatirinə!», «Qoy bütün allahlar kömək etsin!» kimi and səciyyəli frazeoloji vahidlərdən də Demosfen bu nitqində istifadə edib. O, «Afina vətəndaşları» xitabını daha çox cümlənin ortasında işlədir və adi intonasiya ilə deyir.

Demosfen bir böyük natiq kimi özünəməxsus deyim tərzini - fərdi üslubunu yaratmışdır. Bu deyim tərzi onu dövrünün başqa natiqlərindən fərqləndirir, təkrarolunmaz və mükəmməl tərzdir!

Demosfen yazdığı nitqləri mükəmməl şəkildə öyrəndikdən sonra kütlə qarşısında ehtirasla, böyük həvəslə danışardı.

Demosfenin ölümü də ibrətamizdir. Aleksandrın hakimiyyəti dövründə xəzinədar Qarpal İrandan külli miqdarda pul götürüb altı min nəfər əsgərlə Yunanıstana qaçır, Afinadan sığınacaq istəyir. Əvvəlcə ona sığınacaq verilmir. Afinalıların üsyan etməsi üçün şərait yaranır, natiq Hiperid də bunu istəyir. Lakin Demosfen buna razılıq vermir, Hiperid Demosfenlə dostluq əlaqələrini kəsir. Qarpal «sığınacaq xahişi» ilə yenidən Afinaya gəlir, özü ilə xeyli qızıl gətirir. Onu Afina vətəndaşlığına qəbul edirlər. Antipatr və Aleksandrın anası Afinaya etiraz məktubu göndərir. Qarpal qaçmağa imkan tapır. Məsuliyyət Demosfenin üzərinə düşür. Məhkəmə prosesi başlanır. Dinarx, Pifey və b. görkəmli natiqi ittiham edirlər. Demosfen müqəssir bilinir, Afinadan qaçır. 323-cü ildə Aleksandr ölür. Afinalılar üsyan edirlər. Demosfen də bu üsyana qoşulur. Afinaya yenidən qayıdır, çalışır ki, xalq azadlıq müharibəsinə qalxsın. Antipatr qalib gəlir, Afinadakı demokratik quruluşu ləğv edir. Antipatr Demosfeni, Hiperidi Afina üsyanında təqsirləndirir. Hər iki natiq qaçıb gizlənir. Satqınlar Hiperidin və Demosfenin yerini xəbər verirlər. Hiperid ələ keçir, onu öldürürlər. Demosfen Kalavri adasındakı Poseydon ibadətgahında gizlənir. Arxi bir dəstə qoşunla onu tapır, inandırmağa çalışır ki, heç bir cəza verilməyəcək, Demosfen ona inanmır, özünü tabe kimi göstərib məktub yazmağa icazə alır. Qamışın ucunda saxladığı zəhəri udur, ibadətgahdan çıxan kimi qapının ağzında yıxılır. Azadlıq carçısının həyatı 322-ci ildə sona yetir.

Ölümündən qırx iki il sonra 280-ci ildə Afinada Demosfenin heykəli ucaldılmışdır. Heykəl üzərində bu sözlər həkk edilmişdir: «Demosfen, qoy ağlın kimi səndə elə bir qüdrətli güc yaransın ki, hətta makedoniyalı Aresin özü də yunanları məğlub edə bilməsin».

Demosfenin ölümü yunan natiqlik məktəbinin süqutuna səbəb olduğu üçün sonralar natiqlik sənətinin zirvəsinə qalxa bilən görkəmli natiq yetişmir. Ellinizm dövründə cəmiyyətin ictimai-siyasi həyatında natiqlərin gur səsi, alovlu nitqləri az eşidilir. Əsas diqqət natiqlik sənətinin məktəblərdə öyrədilməsinə, bu sahədəki nəzəri fikirlərin dərinləşdirilməsinə və təbliğinə yönəldilir. Antik üslubdan fərqli olaraq «Asiya üslubu» yaranır. Bu yeni üslubda zahiri keyfiyyətlər - sözçülük, dəbdəbəli ifadələr, fikrin təmtəraqlı tərzdə deyilişi mühüm rol oynadığı üçün natiqlik sənəti hətta bir qədər gözdən düşür. Kiçik Asiyadan çıxmış ritor (natiqlik müəllimi) Hegesipp bu cərəyanın banisi hesab olunur. (O, eramızdan əvvəl üçüncü əsrdə yaşamışdır). Afinada on il (317-307) Makedoniyanın valisi olmuş Demetri, Demosfenin bacısı oğlu Demoxar (360-275) öz nitqlərində «Asiya üslubu»na üstünlük veriblər.1


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin