IV. Kifayət qədər əsaslandırma qanunu. «Hər bir irəli sürülən hökm lazımı qədər əsaslandırılmalıdır»
Kifayət qədər əsaslandırma qanunu (principium rationis sufficientis) ritorika və məntiq tərəfindən ta qədimdən istifadə olunsa da, antik dövr filosoflarının heç biri bu qanunu formulə etməyib: onun nəzərdə tutduğu tələblər, görünür, çox aydın olduğundan bu qanunu formulə etməyə ehtiyac duyulmamışdı.
Hər halda məntiq (geniş götürsək həm də ontoloji) qanunu kimi bu qanunun da tələbləri nisbətən gec – XVII-XVIII əsrlərin hüdudunda artıq formulə edildi. Bu formulə məşhur alman filosofu Leybnisə məxsusdur və belə səslənir: «Kifayət qədər əsaslandırılmadan nə bir hadisə həqiqət və ya gercək, nə də bir fikir doğru ola bilməz, ona görə də məsələ başqa cür deyil, məhz belədir».
Kifayət qədər əsaslandırma qanunu əsassız hökmlərin daha doğrusu faktiki olaraq dildən sui-istifadənin qarşısını alır, xüsusən istənilən fikri söyləməyə imkan vermir. Kifayət qədər əsaslandırma qanunu ilə əlaqədar yaranan əsas suallar belədir: Nəyi əsaslandırma, nəyi isə kifayət qədər əsaslandırma kimi hesab etmək lazımdır? Əsaslandırılmış hökmlər dəyəndə adətən yoxlanılması və ya təsdiqi səbəbindən özü-özündən artıq heç bir əlavə sübuta ehtiyacı olmayan hökmlər (və ya hökmlər qrupu) nəzərdə tutulur. Kifayət qədər əsaslandırılmış hökmlər deyəndə isə adətən aşağıdakılar nəzərdə tutulur:
Birinci, bəşəriyyət tarixində artıq qəti şəkildə əsaslandırılmış hökmlər, məsələn, aksiom, teorem, qanunlar, prinsiplər, postulatlar, maksima və s.
İkinci, bilavasitə insan təcrübəsinə əsasən təsdiqlənmiş hökmlər (məsələn, günəş şərqdə çıxır, qərbdə batır, sutkada iyirmi dörd saat var və s.).
Üçüncü, əvvəllər artıq müstəqil olaraq əsaslandırılmış və ya əqli nəticə formasında digər mühakimələrin doğru olmasından meydana gələn xüsusi hökmlər (düzgün mühakimələr – sillogizmlər və s.).
Ritorika elmi fənndir.
Elmi fənnlər ali məktəblərdə öyrənilir.
(Nəticə)
Ritorika ali məktəblərdə öyrənilir.
Beləliklə, bütün məntiq qanunları içərisində kifayət qədər əsaslandırma qanunu hər şeydən əvvəl hökmlərin sübut edilməsini təmin edir. Məhz bu qanunla əlaqədar olaraq, danışan zəruri sübutlara malik olmalıdır, daha doğrusu o, buna hazır olmalıdır, amma artıq qeyd edildiyi kimi, heç də həmişə müzakirə zamanı bütün sübutlardan istifadə etməyə ehtiyac yoxdur. Belə hesab olunur ki, hamıya məlum olan fikirləri həmişə aydın şəkildə formulə etmək zəruri deyil: onlardan yalnız fon kimi istifadə etmək və əgər zərurət yaranarsa aktivləşdirmək olar.
Bir qayda oalraq, müzakirəyə çıxarılan, yəni tezis, əsaslandırılır. Ümumən qəbul edilmiş hökmlərə gəldikdə isə, onlar tezis kimi çıxış edə bilməzlər: məsələn, «rus dili slavyan dilləri qrupuna aiddir» kimi fikri müzakirəyə çıxarmaq yəqin ki, az adamın ağlına gələr. Əlbəttə də ki, bunun üçün həmin adamın əlində rus dilinin ukrayna və ya belorus dilinə nisbətən fars və ya portugal dilinə daha oxşar olmasını sübut etmək üçün inandırıcı sübutlar olmalıdır.
Buna görə də kifayət qədər əsaslandırma qanunu yalnız hökmün nə ilə əsaslandırılmasına deyil, həm də məhz nəyin əsaslandırılmasına diqqət yetirir: sübut edilmək üçün yararlı olan və olmayan hökmlərin fərqləndirilməsi də – kifayət qədər əsaslandırma qanununun fəaliyyət sahəsinə aiddir.
Bundan başqa, kifayət qədər əsaslandırma qanun həm də sübutetmə prorsesinin özünü, daha doğrusu, müvafiq məntiqi prosedurların düzgünlüyünü təmin edir. «Duyğu» orqanları ilə əldə olunanlar (bilavasitə şəxsi təcrübənin nəticəsi kimi) heç də həmişə, məsələn, fəlsəfi və ya sadəcə olaraq ümumi mühakimələri əsaslandıra bilmir (məsələn, mən viola da qamba alətində çala bilmirəm, amma bu, insanlarda musiqi qabiliyyətinin olmamasını sübut etmir).
Amma real nitq praktikasında, artıq yuxarıda qeyd edildiyi kimi, kifayət qədər əsaslandırma qanunu düzgün məntiqi nəticəçıxarma sxemlərinə itaətkar şəkildə riayət etməyi tələb etmir: mənim mühakimələrimin gedişinin tam şəkildə göstərilməsi zəruri deyil. Amma mən həmişə onu, zərurət yaranarsa, bərpa etməyi bacarmalıyam. Mənim həyata keçirdiyim məntiqi əməliyyatların bəziləri (az və ya çox dərəcədə dinləyicilər üçün aydın olan) «səhnə» arxasında qalarsa, bu böyük nöqsan sayılmaz. Kifayət qədər əsaslandırma qanunu məni heç də hər addımıma görə hesabat verməyə məcbur etmir.
Məsələn, mən «Kopenhagen Skandinaviyanın ən böyük paytaxt şəhəri kimi burada modanın istiqamətini müəyyənləşdirir» kimi bir hökm irəli sürürəm. Mən bu zaman heç də bu mülahizəni aşağıdakı əqli nəticə sırası şəklində göstərməli deyiləm:
Norveç, İsveç və Danimarka Skandinaviya ölkələridir.
Oslo - Norveçin paytaxtıdır.
Stokholm - İsveçin paytaxtıdır.
Kopenhagen – Danimarkanın paytaxtıdır.
Stokholm Oslodan iki dəfə böyükdür.
Kopenhagen Stokhomdan iki dəfə böyükdür.
(nəticə)
Kopenhagen Skandinaviyanın ən böyük paytaxt şəhəridir.
Burada əsaslandırılmalı olan hökmlər – paytaxtların daha böyük və ya kiçik olması və onların «moda bazarına» göstərdiyi təsirin miqyasıdır. Digər əqli nəticələri isə buraxmaq olar.
Kifayət qədər əsaslandırma qanunu ilə əlaqədar yaranan ən böyük problemi belə formulə etmək olar. Bir tərəfdən duyğu orqanları ilə əldə edilən məlumatları, digər tərəfdən isə əqli nəticə yolu ilə əldə edilən hökmləri nə vaxt və hansı şəraitdə kifayət qədər əsaslandırılmış hesab etmək olar?
Bu problemin həllini göstərməyərək müasir elm kifayət qədər əsaslandırma qanununun relyativ (nisbi) tətbiqinə icazə verir. Belə ki, o, bir sıra hallarda məlumatı əgər həmin anda onu dəqiq yoxlamaq imkanı olmazsa mötəbər hesab edir. Məsələn, mən miqren (baş ağrısı) xəstəliyə meylli olan insanların həddindən artıq şokolad yeməsinin əleyhinə arqument kimi belə bir hökm irəli sürürəm: «Həddindən artıq şokolad yemək miqren ağrılarının yaranmasına səbəb olur». Müvafiq tibbi versiya mövcud olana, daha döğrusu əksi sübut edilənə kimi mənim mülahizəm kifayət qədər əsaslandırılmış hesab oluna bilər. Amma, əlbəttə, belə arqumentin dinləyiciləri kifayət qədər inandıracağına ümud etmək olmaz.
Kifayət qədər əsaslandırma qanununa dair bütün yuxarıda deyilənlərdən belə bir nəticə çıxır ki, bu və ya digər hökm üçün əsas kimi yalnız məntiqi yolla, daha doğrusu korrekt sillogizmlər qurmaq yolu ilə əldə edilmiş arqumentlər deyil, başqa yolla da əldə edilmiş arqumentlər də çıxış edə bilər. Bura artıq mövcud olan elmi nailiyyətlərdən, mötəbər mənbələrdən və adlardan gətirilmiş sitatlar və s. aiddir.
İstənilən halda arqumentləşdirmə məharəti ilə bu mərhələdə olan tanışlığımızdan sonra arqumentləşdirmənin digər növünə də nəzər salmaq yaxşı olardı. Xatırladaq ki, ritorikada arqumentləşdirmənin iki növü – məntiqi və analoji arqumentləşdirmə öz əksini tapır, indiyə kimi danışdıqlarımız arqumentləşdirmənin birinci növünə aiddir.
Dostları ilə paylaş: |