MƏNİM ATALI DÜNYAM
Bibim oğlu Sədiyarın dediklərindən:
– Onu hamıdan yaxşı mən tanıyıram. Daym başqa adam idi. Dostluğa, yoldaşlığa bütöv adam idi. Ona görə də bütün bu vilayətlərdən gələnlər hökmən dayımın evinə düşər, onun qonağı olardılar. Kişinin qədrini bilən idi. Çünki özü kişi idi. Bu arab-əsərdə dayımın sözünün qabağın deyəni mən görməmişəm. Bir kişi bilmirəm ki, o dayımın sözünü dəbbələsin. Mən üç yaşımdan onunla bir yerdə olmuşam. Yaylaqlarda, qışlaqlarda dayımın fərasətinin şahidi olmuşam. Yaxşı ürəkaçan məclislərdə də, oğru-quldurla mübarizədə də dayımın əvəzi yox idi. Həmişə naqanı, beşaçılanı üstündə olardı. Hələ sovet dövründə də dayımın ağacı dəyən yerdə ot bitməzdi.
Bir dəfə meşədə heyvanlarımızı otarırdıq. Haradansa bir neçə nəfər peyda oldu və bizdən heyvan iddiasında oldular. Guya dayım onlardan heyvan gətiribmiş. Dayım nə qədər dedisə eşitmədilər. İş -------??? Çıxdı Dayım bir selbəyə birini elə vurdu ki, selbə kişini başımızın üstündən 3-4 metr aşağı tulladı. Daha qoyun-quzu yaddan çıxdı. O birilər işi pis görüb yoldaşlarını ölümcül dallarına alıb qaçdılar.
Belə şeylərin çox şahidi olmuşam. Ağac davası tərəkəmələr arasında dəbdə idi. Dayım bütün vuruşlarda qalib çıxardı. Həm Süleyman dayım, həm də Əhliman dayım bir-birlərini çox istəyirdilər.
Müharibənin qızğın çağında hər ikisinin bir oğlu var idi. Müharibədəydilər. Əhliman dayım Süleyman dayıma deyirdi ki, gəl evlənək, bilmək olmaz uşaqlar gələcək, ya yox. Süleyman dayım razılaşmadı. Amma nahaq yerə. Əhliman dayım evləndi, allaha şükür siz varsınız.
Atamın dediklərindən:
– Heyvan-qaramız çox idi. Qoyunun, malın sayı-hesabı yox idi. Baxan yox idi bircə. O illəri yaz açılan kimi qarabulağa düşərdim. Buyruqçum yox idi. Heyvan-qaranı Sədiyar, İxtiyar, Məmmədxan otarırdılar. 1-2 nökər də saxlayırdım.
Bir gün bu Həzərbaba ilə sözləşdim. Savaşdım onunla. Onun da çoxlu – 7-8 oğlu var idi. Mənə acıq vermək üçün dedi:
– Nə lovğalanırsan, sənin qoyunun qədər mənim oğlum var.
Söz məni yaman tutdu. Düz deyirdi. Ona görə də qət etdim ki, evlənəcəyəm. Evləndim də. Peşman olmadım.
Müəllif əlavəsi:
– Allah Həzərbabaya rəhmət eləsin. Nə əcəb ki, o, atamı qayaza mindiribmiş. Atam bu xeyirxah savaşımı, zamanın obyektiv gedişatınınmı təsirindən 1944-cü ildə 3-cü dəfə evlənir. Qulu qızı Xanımı alır. Həmin icdivacdan 6 oğlu, 2 qızı olur ki, mən bu sətirlərin müəllifi onların ən böyüyüyəm. Atam sonuncu dəfə övlad üçün evlənmişdi. Çünki onun qanuni arvadı da var idi.
Nə yaxşı ki, atamın xatirinə dəyildiyi o mənimçün məşum (hansı oğul atasının xatirinə dəyildiyini istəyər ki!..) yaxud iki igidin bir-birinə hərbə-zorba gəlməsi anında o başa qaxınc olmağa gərəksiz söz atama tuşlanıb.
Nə yaxşı ki, atamın heysiyyatına toxunulub. Bu kişi elə o dəqiqə qət edib ki, evlənəcək. Özü də elə o Həzərbabanın əmisi qızı ilə. Qulu qızı Xanımla evlənəcək. 2-3 gün keçəndən sonra kəndə səs düşüb ki, «bəs Əhliman Xanımı götürüb qaçıb».
Atamın bu qadınla birgə yaşayışı 25 il çəkib. Bu icdivacdan atamın 6 oğlu, 2 qızı olub ki, mən onların ən böyüyüyəm. Adımı Ömürşah qoyublar. Ömürşah – uşaqlığımda ən acığım gələn ad idi. Mən də, görünür, bəzi-para cavanlar kimi müasirliyi formada axtarırammış, məzmuna, mahiyyətə fikir vermirəmmiş. Görünür, bir para meyllər mənə də bəzi cavanlar kimi təsir göstəribmiş. Bu adı mənə verdikləri üçün valideynlərimi qınadığım gün də olub.
Hər dəfə anam deyərdi:
– Ay oğul, adına nolub ki?! Addı da. Gülşad bibin verib bu adı sənə. Bir nadir qonağımız var idi. Padarkərimli idi. Sən anadan olan günü o bizdə qonaq idi. Gülşad bibin soruşdu onlan. O da elə-belə dedi: «Ömürşah qoyun adını». Qoyublar, indi dünya dağılmayıb ki?
İndi qocalmağa doğru ildırım sürətilə getdiyim bir vaxtda nədənsə adımdan xoşum gəlir, istər-istəməz ürəyimdən keçirirəm: «Nə yaxşı ki, bu adı mənə veriblər». Adımdan da razıyam, onu mənə yaraşdıranlardan da, Allah onların hamısına rəhmət eləsin!
1962-ci ilin fevral ayı idi. İnstitutun birinci kursunda oxuyurduq. Birinci semestrdən qayıtmışdıq. Hərəmiz respublikanın bir rayonundan idik. Mən Göyçaydan olan Tağı Məmmədovla dostluq edirdim. Tətildən qayıdan Tağı mənə müraciətən:
– Dayım oğlu oldu, adını Ömürşah qoyduq. Bizim kənddə bu ad yox idi. Mən təklif edən kimi razılaşdılar.
Bu yaxınlarda bir sarsıdıcı xəbər aldım. Tağının vəfat xəbərini. Göyçaya getdim. Doğrudan da Tağı müəllim məni dost sarıdan yetim qoydu. Onu haqq yerinə – qəbiristanlığa qoyub geri qayıtdıq. Mənimlə üzbəüz bir cavan igid oturmuşdu. Adamlar ona xitabən «Ömürşah» çağırdılar. Yadıma düşdü. 30 il bundan əvvəlki söhbətimiz yadıma düşdü: «Dayım oğlu oldu. Adını Ömürşah…» Allah sənə rəhmət eləsin, Tağı müəllim. Gorun nurla dolsun, qardaş. 1945-ci ilin uzun qış günlərindən birində padarkərimli qonağın mənə yaraşdırdığı bu adın dostdoğma Göyçay torpağında pərvəriş tapmasına münasibətin mənə münasibətinin təzahürü idi. Əlvida, qardaş, əlvida, əlvida!
Dostları ilə paylaş: |