Sağ olun.
Hörmətlə: Ömürşah
16.08.90
O.Babayeva ilə görüşdəki çıxışı
Səsləyirsə arzu, istək, məni sənət dünyası,
Gərək mən də öz səsimi qatam onun sədasına.
Mən qızınım, Azərbaycan, arzularım çiçək-çiçək
Bilirəm ki, qayğın ilə bu arzular göyərəcək.
Nəcib arzudur, saf və təmiz arzudur. Hələ ömrünün erkən gənclik illərini yaşayan Ofeliya Babayeva hiss edib ki, "Günəşlə bir oyanın xalqın qızı" olsa da, arzularına ciddi qayğı nəticəsində çata bilər.
Lakin insan həyatı çox enişli-yoxuşludur. Burada büdrəmələr də ola bilir, müvəffəqiyyətlər də. Zirvəyə qalxan yol asan olmaz ki...
O.Babayeva 30 ilə yaxındır ki, şeir yazır. Onun erkən dövr yaradıcılığına fikir verəndə hiss edirsən ki, şairin səsi çox incədir, lirikdir, hərarətlidir, bir az da kövrəkdir, titrəkdir.
Duyursan ki, qüvvətli həyat eşqinə bu istedadın ehtiyacı vardır. Xoşbəxtlikdən sonralar kədər notları gənc qələm sahibəsinin romantik və ürkək qanadlarını qıra bilmədi.
Yer yox yrəyimdə qəmə, kədərə,
Qayğı dənizində yelkənəm, düzü.
Qayğıyla çatmışam nurlu səhərə,
Qayğıya möhtacdır bütün yer üzü.
Göründüyü kimi, şairə "Düşüncələr" şeirində özü hiss etmişdi ki, insan xilqəti nə qədər böyük qüdrətə malik olsa da, nəhayətsiz istedad sahibi olsa belə, onun dost, el-oba qayğısına ehtiyacı vardır. Nə yaxşı ki, Babayeva bu qayı ilə əhatə olundu. Onun bu gün bir şair kimi yetişməsində respublikanın bütün ədəbi ictimaiyyətinin əhəmiyyətli rolu vardır.
Ofelyanın poeziyaya gəlişi çox qeyri-adi olub. Artıq 11 yaşlı kiçik məktəbli qızın şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc olunmağa başlayıb. İlk şeiri 1958-ci ilə "pioner" jurnalında dərc olunub.
Həmin ildən start götürən poeziya marafonu bu gün müvəffəqiyyətlə davam etdirilir. "Ədəbiyyat", "Ulduz", "Azərbayan" "Azərbaycan gəncləri", "Sumqafıt"... bütün bunlar şairənin şeirlərinin dərc olunduğu qəzet və jurnalların tam siyahısı deyil.
Buna səbəb nədir? Niyə Babayevanın şeirlərinə belə maraq göstərilir? Birinci tələb odur ki, O.Babayeva "psevdoşair" deyil. O, həqiqi, təbii, səmimi bir şairə ömrünü yaşayır. Yəni şairənin şeirlərinin konkret obyekti var, bu insanın ağrılarını, istək və arzularını, həmin arzuların həyata keçirilməsi üçün xoş əzab-əziyyətini tam təbii axarının poetik tərənnümüdür. Şairin istər lirik, istər epik lövhələrində – bəli, elə şeirlər vardır ki, ona lövhədən başqa heç nə demək olmaz – real, konkret ünvan var, o hər cür mücərrədlikdən uzaqdır. Ona görə şeirləri oxuyanda hamı özü haqqında fikirləşir, bu da həmin hisslərin doğma olduğuna dəlalət edir. Yəni şirin tərənnüm etdiyi hisslər fərdi olduğu qədər də ümuminsaniyyət xarakteri daşıyır.
O. Babayevanın yaradıcılıq palitrası rəngarəngdir. Yəni onun şeirlərində təbiətin əsrarəngiz gözəllikləri də öz bədii qiymətini alır, insanın daxili aəlminin çox zəhmətli qatları da.
Əlləri qabar-qabar olan fəhlə də poetik vəsfə layiqdir, yuxusuz gecələr dolu ömrünü körpəsinə qurban verən ana da. Amma bir mövzu şairəyə daha doğmadır: "Ana". Bəzən mənə elə gəlir ki, qüdrətli sənətkarımız C.Cabbarlıdan sonra ana mövzusuna müraciət əbəsdir. Amma Ofeliyanın anası haqqında şeirləri maraqla qarşılanır.
Saçların ağardı vaxtsız-vədəsiz,
Qocalıq yol tapdı ömrünə səssiz.
Ötüşdü dərdlərin böyüdükcə biz
Ana, ay ana.
Yaxud,
Nəsə inildəyir yaşıl qovaqlar,
Kəsilib söhbətlər, susub dodaqlar.
Həsrətli baxışlar kimi soraqlar,
Hardasan elə bil kaman inləyir,
Anam layla deyir, dünya dinləyir.
Bəli, ana laylasındakı sehrin poetik ifadəsinin ən yaxşı nümunəsi... Ana məhəbbətinin şairanə yozumu, insan ülviyyətinin nasiranə dərki... Necə istəyirsiniz elə də adlandırın.
Hörmətli şairə, bir neə il bundan əvvəl Sizinlə olan görüşlərdən birində dediyim söz indiui kimi yadımdadır: "Ofeliya Babayeva şeirlər kitabının adını "dalğalar" qoymuşdur. Kitabda toplanmış şeirlər nəhayətsiz poeziya okeanındakı dalğa təsiri bağışlayır. Babayeva yaradıcılığında 9-cu dalğanı biz çox gözləməyəsəyik, o lap yaxındadır, lap yaxında".
Fikrimiz doğru çıxdı, əziz şairə. Siz bu gün respublikamızın qadın şairləri içərisində ən məhsuldar, sözə, sənətə zərgər dəqiqliyi ilə yanaşan, yazmaq xatirinə deyil, sənət üçün, xalq üçün ömrünü şəm-çıraq etmək xatirinə yaşayan şairəsiniz.
Bu yaxınlarda Siz SSRİ Yazıçılar Birliyinin üzvü seçilmisiniz. İstedadınızın rəsmi təsdiqinə sübutdur bu. Əslində isə geniş oxucu kütlələri Sizi çoxdan sevir, mütaliə edir. Sizə uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
Siz şeirlərinizdən birində yazmısınız:
Kimin ömrünə gərək olmayan,
Ömrü istəmirəm bircə an belə.
Bir yol şölə çəkib alovlanmayan
Ocaq nəyə lazım yanarsa hələ.
Əziz şairə, bugün bütün məktəblərə səpələnmiş həmkarlarımız, şagirdləriiz, dostlarınız Sizin yandırdığınız məşəlin işığından bəhrələnirlər. Ömrünüzü bica yaşamamısınız. Çoxlarının əlindən tutub ona gərək olmusunuz. M.İsmayıl demişkən: "Hələ yaşamağa dəyər".
Dostları ilə paylaş: |