Göyçaydan olan dostum Tağı Məmmədovun vəfatı münasibətilə ağı
Göyçaya gedən yol nə uzunmuş, ya rəbb? Elə bil ki, dünyanın o başıdır. Gecənin kimsəsizliyində, gediş-gəlişin qeybə çəkildiyi bir vaxtda maşın ildırım sürəti ilə şütüyürsə də, yol qurtarmır ki, qurtarmır. Adətən yolu söhbət öldürər. Biz isə danışa bilmirik. Aldığımız xəbərin ağırlığından dillərimiz kilidlənib elə bil. Bircə Məqatil ara-sıra papiros çəkir. Heç mənim maşında olmağıma da məhəl qoymur. Sənin ölüm xəbərin qarşısında sarsılmışıq, qardaş.
Maşının pəncərəsindən gözümü gecənin zil qaranlıqlarına dikmişəm. Fikrim çox uzaqlara gedir. Korşalmış hafizəmdə 3-4 yaddaqalan aydın ayaq izi var. Onun biri sənin parlaq, işıqlı xatirəndir.
Xəyalım düz 31 il bundan əvvələ gedib çıxır. Onda sən çox cavandın. Cəmi 24 yaşın vardı. Mənə bir uşaq kimi baxırdın, heç ciddi qəbul etmirdin də. Baxmayaraq ki, hər ikimiz tələbəydik, mənim cəmi 16 yaşım vardı onda. Amma tez dostlaşdıq, isinişdik bir-birimizə. Yataqxanadakı 221 nömrəli otaqda keçən günlərimiz nə fərəhli günlər imiş? Yoldaşlarımız çox idi. Hamı ilə tutmurdu. Dostluq, yoldaşlıq etməyə adam axtarırsanmış. Nədənsə məni seçmişdin. Bunlar hamısı sənin fəaliyyətin idi. Məndə belə qabiliyyət yox idi. Sən ağılla iş görürdün, mən isə gənclik dəliqanlılığı ilə. Sənin sonalayan vaxtın idi, mənim isə sonalamağa nə vaxtım var idi, nə də həvəsim. Sən elə onda da bizim müəllimimiz idin. Hərəkətlərinlə, oturuşunla-duruşunla, deyib-gülməyindəki ölçü-biçi ilə bizə dərs verirdin…
Maşının dayanması məni fikirdən ayırır. DAM işçiləridir. Qətiyyətlə israr edirlər: «gecədən çox keçibdir. Yuxunun şirin vaxtıdır. Ağsu dolaylarından bu vaxt keçmək qorxuludur. Bir qəziyyə-zad olar. Dayanın bir az dincəlin»…
Dincələk?.. Mən DAM işçisini qınamıram. O nə bilsin ki, mən dost itirirəm. Dost itgisi qarşısında dincəlmək, yuxusuzluq, Ağsu dolayları boş şeydir.
Aralanırıq. Uzaqdan doğma kəndim Biconun işıqları görünür. Səninlə orada keçirdiyim günləri xatırlamağa çalışıram. Mənim toyuma gəldiyin gün elə bil dünəndir. Ömür-gün yoldaşın, indi vəfasız çıxdığın Rəhilə xanımla gəlmişdin onda. Mən toyu olan adam, sən toya gələn adam. Hərəmizin öz dünyamız vardı onda. Yəqin ki, ömrümüzdə birinci, həm də sonuncu dəfə ayrı-ayrı qayğılarla yaşayırıqmış. Toydan bir az sonnra dördümüz bir yerə yığışdıq. Tez bir zamanda ailələrimiz arasında səmimiyyət yaratdın.
Eh!.. Şair demişkən:
Keçən günlərimi qaytaraydılar,
Qalan günlərimi qurban verərdim!
Sonralar da çox olubsan Bicoda. Anam-atam vəfat eləyəndə, ğacı-qardaşlarımın toyunda, qohum-əqrəbamın xeyir və şər məclislərinin başında oturmusan. Haqqı-sayın var bicoluların boynunda, qardaş. İndi Bico dərin yuxudadır. Yəqin ki, bir azdan bu məşum xəbər ora da çatacaq, bicolular da qara geyinib, matəm saxlayacaqlar. Amma onlar da mənim kimi sənin ölümünə inanmayacaqlar.
«Axı, Tağı müəllimin ölən vaxtı deyildi. Xəstələnməyib də. Pəhləvan kimi kişidir. Telefonda yəqin səhv eşidiblər. Anası qoca, xəstəxal arvaddır. Odur, yəni səhvv eşidiblər (Mən bu yazını yazanda məlum oldu ki, yazıq arvad oğlunun qırxı çıxmamış rəhmətə getdi)». Azı on dəfə Məqatilə bu sualı vermişəm. O da hər dəfə təkid edir ki, yox, elə deyil. Məsələ ayrı cürdür.
… Bu da Göyçay. Həmişə qoynuna can atdığım bu şəhərə girmək istəmirəm. Şəhərə yaxınlaşdıqca əzabdan üzülürəm. Ürəyimdə bir qəribə arzu baş qaldırıb. «Kaş heç vaxt Göyçaya çatmayaydıq!» Bilirəm ki, bu mümkün deyil. Biz Göyçayın küçələrindəyik. Şəhər yuxudadır. Amma mən yenə də vəziyyətdən çıxış yolu tapıram elə bil. Yalvarıram ki, maşını Əli papagilə sürün, hələ görək nə var, nə yox?
– Hə, doğru eşitmisiniz. Tağı müəllim bu gün saat 4-5 radələrində məktəbdə vəfat edib. Əli papa deyir bunu. Ümidimi tamam qırır.
– Axı, nolub? Hansı vəziyyətdə vəfat edib?
– Heç nə. Elə oturduğu yerdə. Rəhilə də yanında olub. Birdən Rəhiləyə deyib ki, boğuluram. Elə o boğuluram, bu boğuluram. Yarım saatdan sonra qurtarıb.
Hə, indi yavaş-yavaş inanıram. Dərk edirəm ki, sən yoxsan. Ümidim tamam qırılır. İndi mənim üçün ən əzablı an. Rəhilə ilə görüşməkdir. Ay allah, mən onunla necə görüşəcəyəm? Ona mən nə deyəcəyəm ki, təsəlli tapsın?
Budur, bu da sənin evin. Bayaqdan başına fırlandığımız, həyətə girməyə ürək eləmədiyimiz, içərisində gözüdolusu oturmadığın, bircə övlad toyu eləyib «oxqay» demədiyin evin. Pilləkənləri qalxıram. İlhamən – çöhrəsinə kədər tozu qonmasına razı olmadığın qızın – məni pilləkəndə qarşılayır. Fikir verirəm. İlahi, bu nə gündədir? Mənim boynumu qucaqlayır. Nalə çəkir, fəryad qoparır. İmdad istəyir məndən.
– Başımıza daş düşdü, dayı! Atam bizi yetim qoydu. Birdən gözləmədiyim halda:
– Dayı, atam ölümqabağı özü üzünü qibləyə çevirib, ayaqlarını cütləyib, salavat çevirib – deyir. Aman Allah, təcəlliyə bax. Balaca uşaq, diyəsən məndən ağıllıdır. Atasının ölümü ilə ürəyində deyəsən barışıb.
İçəri keçirəm. Tanıdığım və tanımadığım qadınların olduğunu duyuram. Sifətlərin yaxşı ayırd edə bilmirəm. Nəzərlərimi sənə, sənin pəhləvan cüssənə dikmişəm. Səssiz-səmirsiz uzanmısan. Yaş kipriyimdə gizlənir. Bir azdan kiprik çalmağa ehtiyac duyulmur. Baxışlarımla Rəhiləni axtarıram. Sən demə, taqətsiz halda başını sinəmə söykəyibmiş. Ağlamaqdan nə kökə düşüb, Allah?!
– Ay qardaş, sən Allah, Tağını bağışla. Səninlə görüşmək üçün dura bilmir. Sırağa gün elə səni arzulayırdı. Dedi gedək Sumqayıta, Ömürşahı təbrik edək. Dedim qoy pul alaq gedərik. İndi özün öz ayağınla gəlmisən. Yenə bizdən irəli, düşdün. Tağı, dur qardaşını təbrik elə!
Sən isə heç nə olmayıbmış kimi, səssiz-səmirsiz yatırsan. Nə məni təbrik eləməyə durursan, nə uşaqlarının göz yaşlarına, nə yumağa dönmüş ananın ah-vayına, nə də bir gündə bir qərinə qocalmış Rəhilənin vəziyyətinə məhəl qoyursan. Elə bil ki, çoxdan darulbəqaya getməyin həsbəndindəsənmiş. Heç dostlarını-yoldaşlarını demirəm, dərs dediyin uşaqlara, əli qoynunda qalan könül sirdaşına, naləsi ürək odlayan ciyərparan İlhaməyə, rəhm edəydin. Rəhilə Vətən torpağını qoruyan oğlun Elnura nə cavab verəcək, tağı müəllim?
Əziz dost, sən bütün qohum-qardaşı, səni tanıyanları yetim qoydun. Həsəni də, Vəlini də. Bircə möcüzə baş verəydi, durub Həsənə tamaşa edəydin. O kişi elə bil ki, sac içində qorğa kimi qovrulur. Gxzümün yaşı bir an dayanmır. Axı, sən həmişə onun dostluğu ilə fəxr edərdin. Səhv etməmisən, halal olsun ona. Amma ən böyük dağı Rəhiləyə çəkdin. Onun atası da var, anası da.
Amma bu gündən o yetimdir. Sizin axı ilk əhdi-peymanınız mənim şahidliyimlə və iştirakımla olmuşdur. Vallah, biz belə danışmamışdıq. Ömrün-günün bu vaxtında, dörd Allaha bəndəlik etməyən uşaqla, heç birinin bir tərəfə çıxarmamış. Dəhşətdir…
Gözü yaşlıların halın nə bilsin mərdüməzar.
Kəvakib seyrini şəb ya sübh bidar olandan sor.
Bu həqiqəti dərk etmək üçün Rəhiləyə çox vaxt lazım olmayacaq. Tez, lap tez sənin yoxluğun bilinəcək.
Dəfindəki böyük izdihamı, işlədiyin məktəbin yerləşdiyi küçədə adam əlindən iynə atmağa yer olmadığını görəndə dərk etdim ki, təkcə mənim dostum deyilmişsən, hamının dostusanmış. Belə adamlar ölmürlər ki!
Ölüm sevinməsin qoy, ömrünü verməz bada,
El qədrini canından daha əziz bilənlər.
Həzin bir xatirə tək yaşayacaq dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Sən bütün səni tanıyanların xatirində həzin bir xatirə kimi həmişə yaşayacaqsan, əziz dost.
Sən vəfat etdiyin anda da, qəbr evinə qoyulanda da Allah-təala öz nurunu göndərdi. Təbiət də ağladı. Allahın yaxşı bəndəsiydin. Peyğəmbərin anadan olduğu gün – Mövlud bayramı günü qəbrə qoyuldun.
Rahat yat, əziz qardaşım. Nə övladlarınçün, nə sevgilimçün, nə də dostlarımçün narahat olma. Bu sevgi ki, hörmətli, sən Göyçay ictimaiyyətində qazanmısanmış, onun bəhrəsi hamıya bəs edəcək.
Uşaqların, allah qoysa, ev-eşik yiyəsi olacaqlar. Sevinəcəyik onda. Bircə İlhamən gəlin köçəndə hamımız kədərlənəcəyik. Ona xeyir-duanı kim verəcək, Tağı müəllim? Onu lampanın başına kim dolandıracaq? Sən bir başqa, biz bir başqa.
O dərs dediyin uşaqlar da böyüyəcəklər. Sənət-peşə yiyəsi olacaqlar. Bəlkə bir vaxt haçansa keçirilən sorğu vərəqlərində «Müəllimlərindən kimə oxşamaq istərdin?» sualına cavab yazılacaq: «Tağı müəllimə oxşamaq istərdim».
Ömür-gün yoldaşın da ildırım sürətilə qocalacaq, səni görmək ümidi ilə öləcək. Bu zülmü də özü üçün əbədi həyat hesab edəcək.
«Həmişə dəyişmədə, inkişafda olan zəngin bir aləmdən – insan həyatından bəhs edən söz sənətinin tədrisində şagirdlərin müstəqilliyi, yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir».
Dostların da öləcəklər. Bizim nəsildə yarpaq tökümü başladı, qardaş.
Amma bircə Göyçaydan Bığır qəbiristanlığına gedən maşın karvanı, məktəb küçəsindəki izdiham, bir də İlhamənin göz yaşları hələ çox-çox xatırlanacaq.
Rahat yat, Əziz dostum.
Qoy canımdan çox sevdiyim Göyçay torpağı başının altında qu tükü kimi yumşaq olsun!
Darülbəqada görüşənədək.
Əlvida… əlvida… əlvida…
Oktyabr 1992.
Dostları ilə paylaş: |