ŞƏLALƏYƏ MƏKTUB
İstəkli qızım, sevimli şagirdim!
İnsan xilqəti çox qəribədir. O, söqi-təbii olaraq səmimiyyəti duyur, xoş sözlərin sorağı ilə, səmimi bir söhbətin həsrəti ilə ömrünü-gününü başa vurur. Gözləməkdən gözümün kökü saralır, ehtiyac duyduğu hisslərin həsrəti ilə qocalır. Lakin bir işıqlı söz, bir ilıq kəlmə eşitcək planlanır, durulur, ömrü yeni məcraya yönəlir, mənalanır. Bayaqkı sakitlikdən, soyuqqanlılıqdan əsər-əlamət qalmır, hər şeydə məna axtarmağa başlayır, nə isə demək, etmək, ömrünü şəm-çıraq kimi ətrafdakılara vermək istəyir.
Müəllimlər talecə bədbəxtdirlər. Xüsusilə son illərdə onların nüfuzu elə deformasiyaya uğrayıb ki, bir yolluq unudulub, cəmiyyətdə oynaya biləcəkləri rol yaddan çıxarılıb, həm özünün ağrı-acısı, həm də cəmiyyətin ona qoyduğu «qiymətin» cavabı olaraq bədbinləşiblər, həyat eşqi azalıb, ürəyini çıraq etmək həvəsi yoxalıb, bir sözlə 36,6 dərəcə hərarətlə, yəni yanğısız, odsuz, atəşsiz yaşamağa başlayıblar.
Məktubunda qeyd etdiyin, işindən narazı olduğun müəllimlər belələrindəndir.
Lakin birdən-birə elə bil açıq səmada ildırım çaxır. Yör-yöndəmsiz hərəkətlər, ölçü-biçisiz həyat tərzi yoxalır. Məlum olur ki, sənin hərəkətlərindən kimsə nümunə götürür, kiməsə təsir edirsən, kiməsə ləzzət verir, yaxud da nifrət əmələ gətirir.
Bir sözlə, diqqət mərkəzində olursan, onda müəllimin donmuş fikirləri, sönmüş ürəyi yanmağa başlayır, həyat dəyişir, dünya onun gözlərində maviləşir, qara, tünd rənglərdən əsər-əlamət qalmır.
Şəlalə, mən sənin mənə yazdığın məktubdan sonra, təxminən belə hallar keçirdim. Hiss etdim ki, dünya başqalaşar, həyat gözəlləşir, mənim həyatım mənalanır, müxtəlif çalarlar kəsb edir.
Bilirsən, həyat çox qəribədir, bəzən Adamı doğma övladı duymur, başa düşmür. Bunlar həyatın qabarma-çəkilmələridir ki, bundan yan keçmək mümkün deyil. Atalar deyib ki, «görəcəyi gora aparmaq olmaz».
Mən, qəribə olsa da, tale yazısına inanıram. İnsan öz taleyindən qaça bilməz. Görünür, bizim görüşməyimiz həyatın müəyyən mərhələsində birimizin digərimizə təsirimiz tale yazısı imiş. Yoxsa elə sən həkim olsaydın belə, həyatında bir boşluq olacaqdır, o iş sənin ürəyimdən olmayacaqdı, hətta elə indinin özündə belə ali məktəbə, xüsusilə filologiya fakültəsinə girməyin minbir əzab olduğu zamanda, filoloq olmayıb elə orta təhsillə kitabxanada işləməyini özündə bir kamillik görürəm. Çünki həkimlik də, müəllimlik də bir nöqtədə birləşir; insanlıqda.
Sən indi insansan və insan kimi mənim gözlərimdə alilərdən alisən. Təkcə mənim nəzərimdəmi?..
Amma tam səmimiyyətlə deyirəm ki, sən bəlkə də heç bir çətinliksiz – filansız həkimlik institutuna qəbul olunardım, həkim də olardın, ən nəhayətdə xəstəlik kağızını pula satan başabəla həkimlərdən biri olacaqdın. Ona görə də peşman olmaq üçün əsas yoxdur.
Mən sənin mənə yazdıqlarının səmimiyyətinə inanıram. İnandığım üçün də özümdə bir özümütəsdiq hissi keçirirəm. Sən demə mən də nəyə isə qadirəmmiş.
Şəlalə, inan ki, mənim bütün şagirdlərə münasibətim təbi və səmimidir. Bu 20 il ərzində heç bir vaxt müəllimlikdə süni səthi hissləri yaşamamışam. Nə demişəmsə, nə etmişəmsə, onu ürəkdən yaşamışam.
Ona görə də məni seviblər, hörmət bəsləyiblər. Sinifdə özündən razı olanlar da, narazı olanlar da. Amma onların hər biri mənim hərəkətlərimi sənin qədər düzgün və tam şəkildə mənalandırmayıblar. Sən mənə qol-qanad verdin, Şəlalə. Kaş bir də sən şagird olaydın, mənə də sənə dərs demək üçün təzədən bir müəllim ömrü veriləydi. Təəssüf ki, bu bir daha mümkün deyil. Təranə ilə alınmır. Səndə olan keyfiyyətlər onda yoxdur elə bil çox «qurudur» o qız.
Sənə bu sətirləri yazanda yadıma bir əhvalat düşdü. Bir neçə il əvvəl bir şagirdim hər gün dərsdən sonra mənim otağıma gələrdi və orada saatlarla oturardı. Hətta bəzi ağzıgöyçəklərin qeybəti üçün material da verirdik. Lakin gəlib qapını açıb içəri girən olsaydı görərdim ki, o gözlərindən qanlı yaş tökür. O göz yaşlarına səbəb şagirdi sənətin sehrinə, cazibəsinə cəlb etməyim idi. O, isə valideynlərinin əmri və göstərişi ilə riyaziyyatçı olmalıydı.
Valideynləri onu riyaziyyatçı etdilər, indi o, müəllim işləyir. Məncə, o yerini tanımayıb, ondan riyaziyyatçı olmayacaq.
O mərcan kimi təmiz, dumduru göz yaşları da sənətin sehri ilə valideyn hökm fərmanlığının acı nəticəsi idi.
Sönsə nə yaxşı ki, üsyan etdim. Valideynlərinin arzu və istəklərini kor-koranə yerinə yetirmədim. Bilirəm ki, atan, mənim dostum səni dindirmir. Hətta sənə tənə də edirlər ki, müəllimin sözünü ata-anasının məsləhətindən artıq bilən qızdan nə gözləyəsən? Atadan küsmək, valideynin üzünə ağ olmaq dəhşətdir. İşıqlı dünyada bundan pis heç nəyi fikirləşə bilmirəm. Amma sən qəhrəmansan. Sən ədəbiyyat fakültəsi yolunda çəkdiyin bu əzablarla qəhrəmansan, ədəbiyyatçısan, insansan.
Böyük rus şairi Nekrasovun bir sözü var. «Sən şair olmaya bilərsən, amma vətəndaş olmaq səninçün vacibdir? Bax, mən elə bilirəm ki, sən ədəbiyyatçı olsan da, olmasan da vətəndaş kimi varsan. Bu isə mənim Ən böyük qələbəmdir.
Sən isə, qızım, nigaran olma. Ali məktəbə girə bilmədiyin üçün qəmlənmə, hərçənd ki, oxumaq lazımdır, ali təhsil vacibdir. Sənin ali məktəbə girməməyində mən özümü günahkar hesab edirəm. Deyirəm, bəlkə…
Yox, yox! Min dəfə yox. Sən artıq çox şeyə, nail olmusan. Hörmətin artıq üzün ağ olsun!
Hörmətlə: Ömürşah müəllim
Dostları ilə paylaş: |