4. Yeni-el.
Yeni-eldəki əfşarlardan üç oba (boynu qısalı, dəlilər, səkkiz) köpəkli əfşarına4, digəri də (bidil əfşarı, taifi əfşarı, qızıl Süleyman və s.) imanlı əfşarına mənsub idi5. İmanlı əfşarı obalarından qələbəlik əhalisi olan bidil əfşarı təşəkkülü Yeni-elin ləğv olunması nəticəsində qərbə köçmüş və Ankaranın Bala qəzasında yurd salmışdır. Ankarada Muğan gölü yaxınlığındakı bir yer də bu oymağın adını daşıyır.
5. Sis (Kozan).
XVI əsrdə Sis yörəsində qələbəlik bir əfşar qolu yaşayırdı. 925-ci ildə (1519) onlar 28 obaya ayrılmışdır. Bu obalardan bir neçəsi istisna olmaqla hamısı əkinçiliklə məşğul idilər6. Sis əfşarlarının buraya 1375-ci ildəki məmlük fəthi nəticəsində gəldikləri qənaətindəyik. Məmlük ordusu ilə birlikdə bu səfərdə boz-ox və üç-ox türkmənləri də iştirak etmişdilər. Bu əşfarları XVIII əsrdən etibarən Hələb bölgəsinə getməyərək Çuxurovada qışlayan, Zamantı bölgəsində yaylağa çıxan əfşarlarla qarışdırmaq olmaz. Sonuncular yuxarıda deyildiyi kimi, Hələb türkməni əfşarları idilər. Bir az sonra onlardan bir daha bəhs olunacaqdır.
Əfşarların Orta və Qərbi Anadoluda yer adlarına sahib oğuz boyları arasında ən başda gələn təşəkküllərdən biri olduğunu əvvəlcə söyləmişdik. Bununla bərabər o bölgədəki yörük icmaları arasında da bu boyun adını daşıyan bəzi oymaqlar görünür.
Dostları ilə paylaş: |