Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə52/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   48   49   50   51   52   53   54   55   ...   128
3. Alplu.

Alplunun köpəkli əfşarının bir obası olduğunu əvvəlcə söy­ləmişdik. Bu obadan İsmayıl xan 1003-cü ildə (1514-1515) Ka­zerun hakimliyinə təyin edil­mişdi3. Şah Abbasın ölümü ərəfə­sin­­də vəzifədə olan üç əfşar bəyindən bi­ri Sistanda Fərəh və İsfizar hakimi olan Ər-Doğdu xan da alplu idi. İran­dakı alplu əf­şarının gündüzlü əfşarı və hətta imanlu əfşarı qədər qələ­bəlik ol­madığı bilinir. İsmayıl xanı 1011-1013-cü illərdə (1602-1605) Fərəh ha­kimi kimi görürük4.



4. Usalu.

Bu əfşar obasının daşıdığı adın mənası və mənşəyi, məncə, məchuldur. Şah Abbasın ölümü ərəfəsində Kürdüstandakı Ka­və­rud hakimi İmamqulu Sul­tanın usaludan olduğunu bilirik5.



5. Əbərlü.

XVI əsrdə əbərlülər Qəzvin bölgəsində yaşayırdılar. Şah Sə­­fi taxta çıxan il (1037-1628) Abivərd hakimi olan Cəmşid Sul­tan əbərlüdən idi6. Nadir şa­hın ölümü ərəfəsində tanınmış bəylərdən biri olan Musa bəy də bu boya mən­sub idi7. XVIII əsrdə əbərlü obasından bəzi qolların Tarim və Xalxalda ya­şa­dıqları məlumdur8.

Şah İsmayıl və Təhmasib dövründə hansı əfşar obasına mən­sub olduq­ları bilinməyən bir çox əfşar bəylərini görürük. Bunlardan biri Şah İsmayılın Xorasan səfərində (916-1510/1511) iştirak edən Dana Məhəmməd bəy idi9. Əhməd Sultan ad­­lı digər bir əfşar əmiri də Şah İsmayıl tərəfindən Fərəh ha­kim­liynnə təyin edilmişdi10.

953-cü ildə (1546) Təbrizdə əfşar və zülqədirlər (dulqədir) arasına düşən bir ixtilaf silahlı çarpışmaya qədər böyümüşdü. Bu hadisə zamanı əfşarların başında Sevindik bəy, Şahqulu Sul­tan və Mahmud xan dururdu1. Onlardan qo­rucubaşı Sevin­dik bəy 969-cu ildə (1561/1562) ölərkən yaşı 90-ı keçmiş­di2. Oğlu Hüseyn bəy Təhmasibin və onun xələfi İsmayılın döv­rün­də Xora­san­da müxtəlif sancaqlarda vali olmuş, Sultan Mə­həm­məd zamanında isə va­li olduğu Səbzəvarda üsyan etdiyi üçün yaxalanıb öldürülmüşdü3.

977-ci ildə (1569/1570) Kirman valisi olan Yəqub Sultan və qardaşı Yu­sifqulu Sultan, Koroğlu Xosrov Sultan və Dana bəy oğlu Allahqulu bəy də Təhmasib dövrünün əfşar əmirlə­rin­dən idi. Şah Sultan Məhəmməd zamanın­da Fərəh hakimi Hü­seyn Sultan və qardaşı Əlixan Sultan hansı obadan ol­duq­ları bi­linməyən əfşar bəylərindəndir4. Onlar Fərəh vilayətində ortaya çı­xan Yalançı İsmayıllardan biri ilə vuru­şaraq ölmüşdülər. On­la­rın qohumu Yeyən Sultan Fərəhə və İsfizara vali təyin olun­muşdu5. 997-ci ildə (1588/ 1589) qorucubaşı əfşar Bədir xan idi. O, həmin il Astarabad valisi təyin olundu, qorucubaşılıq əfşar boyundan Kirman hakimi Vəli xana, Kirman valiliyi isə Vəli xa­nın oğlu Bəktaş xana verildi.

997-ci ildə Əfşar Çoban oğlu Mehdiqulu xanın Xorasan səfərində iştirak etməsi əmr olunmuşdu6.

XVI əsrdə Səfəvi dövlətində müxtəlif yerlərdə vəzifə tutan əsas əfşar əmirləri bunlardır. Bu misallar onların dövlətin sü­tu­nu olan əsas boylardan biri olduğunu açıqca göstərir. Bununla bərabər Şah İsmayıl və Təhmasib döv­ründə ustaclu və təkəlu ki­mi Anadoludan gəlmə boyların digərlərinə nə­zərən daha güc­lü nüfuza sahib olduqları görünür. Hətta bu iki boy öz arala­rında nüfuz və iqtidar mübarizəsinə girişərək bir-birinə xeyli zərər də toxun­durmuşdur. Şah Abbas əfşarları, xüsusilə onların Kuh-Giluyədə yaşayan ən qə­ləbəlik qolunu itaətsizlikdən dola­yı cəzalandırmış və onlara etibar etmə­miş­dir. Buna görə də onun ölümü ərəfəsində ancaq üç əfşar əmiri vali idi. Yu­xarıda dediyimiz kimi, bunlar Urmiya hakimi Kəlbəli Sultan (imanlu əf­şarından), Fərəh və İsfizar hakimi Ər-Doğdu xan (alpludan) və Karərud ha­kimi İmamqulu Sultan (usaludan) idilər7. Əf­şar­la­rın ən qələbəlik halda yaşa­dıqları Kuh-Giluyə isə qul nəslin­dən olan əmirlər tərəfindən idarə olunurdu. Hə­min şahın döv­rün­də şamlular böyük etibar sahibi idilər; onlardan 8 vali vardı.

Şamlulardan sonra zülqədər (dulqədir) boyu gəlirdi. Buna görə də türk­mən salnaməçi İskəndər bəy şamluları «taifeyi-cə­lilə», dulqədirliləri isə «ta­i­fe­yi-rəfiə» adlandırır1. Bu dövr­də qa­carların da o qədər üzdə olmadıqları an­­laşılır; onlardan vur-tut ikicə əmir vardı. Bu iki əmirdən biri qacar boyuna sonradan qa­rışmış, bəzi müəlliflərin yazdığına görə, kürd mənşəli iyirmi dörd obasından idi2.

XVIII əsrdə vəziyyət dəyişmişdi. Həmin əsrin əvvəllərində şamlu, dul­qə­dirli və digərləri parçalanmış və zəif bir vəziy­yətdə olduqları halda əfşar­lar və qacarlar həm qələbəlik, həm də qüvvətli idilər. Nadir şah Xorasanda Abivərddə yaşa­yan əf­şarın qırxlu obasından idi. XVI əsrdəki əfşarlar ara­sın­da bu ad­da obaya təsadüf edilmir. Yalnız həmin əsrdə Türkiyədəki Boz-oxda qırxlu adında bir oymaq var idi. XVII əsrdən ediba­rən qırx­lu kosa əh­mədlu, qasımlu, qutulu və bəgəşlu adlı yeni əfşar obaları meydana çıxmışdır. Ehtimal ki, qasımlu obası öz adını imanlu əfşarlarından olan Qasım xandan alıb.

Nadir şah ölkəni qəsbkar əfqanlardan xilas etməklə bərabər özü də fateh hökmdar idi. Ürəyində səmimi bir türkmənlik duy­ğusu daşıyırdı. Digər tə­rəf­dən İran türklüyünü Türkiyə və Orta Asiya türklüyünə yaxınlaşdırmaq üçün məzhəbi bir islahata gi­riş­mişdi. Təəssüf ki, ölümü bu qayənin gerçək­ləş­məsinə aman vermədi.

Qacarlara gəlincə, onlar İranda iqtidarın türklərdən başqa bir qövm əlinə keçməsinə mane oldular. Qacarlar da qövmi şü­u­ra malik bir türk xanədanı idilər. Onlar da əski türkmən xanə­danları kimi oğuz elinə və oğuz boylarına maraq göstərirdilər.

XIX əsrin birinci yarısına aid «Universal coğrafiya»da3 əf­şarların sayı 90.000 göstərilir və başda Urmiya olmaq üzrə on­ların Xuzistan, Fars və Ma­zandaranda yaşadıqları yazılır. Ha­zırda İrandakı əfşarların çoxu oturaq hə­ya­ta keçmişlər. Onlara İranın təxminən hər yerində təsadüf edilməklə bəra­bər kompakt olaraq Urmiya və Xəmsə (Zəncan), Həmədan ilə Kirmanşah ara­­­sındakı Əsədabad yörəsində, Xuzistan, Fars və Kirmanda ya­­­şayırlar. Ur­mi­ya, Xəmsə və Əsədabad yörəsin­də­ki­lər təma­milə oturaq həyata keçmişlər. Farsdakı inamlu (inallu) elatı ara­sında görünən əfşar uşağı da oturaq həyata keçmişdir. Xuzis­tan­dakı gündüzlü əfşarları, Kuh-Giluyədəki axacəri (ağac əri) elatı arasındakı əfşar oymağı ilə Kirmandakı 5.000 çadırlıq əf­şar tə­şək­külü hələ də köçəridir­lər. Bunlardan başqa, Qəzvinin cə­nub-qərbində 97 kənd­lik Əfşar adlı bir qəza var4.

Bu məlumatlardan da göründüyü kimi, əfşarlar tariximizdə ən davamlı rol oynamış böyük bir boydur. Bu baxımdan heç bir oğuz boyu onunla mü­qa­yisə edilə bilməz. Burada əfşarlar haq­qındakı məlumatların xülasəsini ver­­mək yerinə düşərdi.

1. Rəşidəddinin «Türklərin tarixi» fəslində əfşarların hökm­dar yetirən 5 boydan biri olduğu yazılır. Buradan onların oğuz­ların islamiyyətdən əvvəlki tarixlərində də ən mühüm rollar oy­namış boylardan biri olduğu nəticəsi çıxır.

2. Səlcuqlular dövründə öz fəaliyyətləri ilə qaynaqlarda iz bu­raxmış 3-4 boy var ki, onlardan biri də əfşarlardır. Göründüyü kimi, əfşarlar XII əsrin ikinci yarısında Xuzistanda və ona qon­şu yerlərdə 40 ildən artıq sürən bir bəylik qurmuşlar.

3. Əfşarlar XVI əsrdə kayı boyundan sonra ikinci olmaq üz­­rə Anadoluda ən çox yer adına sahib boydur. Bu onların Ana­­­dolunun fəth edilməsi və məs­­kunlaşdırılmasında ən mü­hüm rol oynamış boylardan biri olduğunu gös­tərir.

4. Yazıçıoğlu Əliyə görə, Qaraman oğulları əfşarlara mən­subdur. Bu, çox mümkündür.

5. Əfşarlar oynadıqları böyük tarixi rola baxmayaraq, XIV əsrdə Hələb bölgəsində qələbəlik türkmən icmasını meydana gətirən üç boydan biri idi. XIV əsrdən son dövrlərədək Ana­do­luda və İranda fəaliyyət göstərən əfşarlar həmin əfşarlardır. Bu əfşarlar XIV əsrdə dulqədirli bəyliyinin qurulmasında (imanlu əfşarı), Sisin (Kozan) fəthində və məskunlaşdırılmasında iştirak et­mişlər.

6. XV əsrdə əfşarlar ağqoyunluların fəaliyyətində də iştirak etmişlər. Bu­­nun nəticəsində onlardan bir qismi İrana getmişdir. Səfəvi dövləti qurul­duqda isə Anadoludan İrana yeni əfşar oba­ları köçdü, beləliklə, İranda qüv­vətli bir əfşar varlığı meydana çıxdı. Bu əfşarlara mənsub olan Nadir böyük uğurlar qazanaraq səfəvi hakimiyyətini öz hakimiyyəti ilə əvəz etdi. Əf­şar­lar öz siyasi hakimiyyətlərini itirdikdən sonra da varlıqlarını davam etdir­di­lər. Bu gün İrandakı qələbəlik türk ünsürünün mühüm bir qismi əfşarların törəmələridir.

7. Anadoludakı əfşarlara gəlincə, onlardan bəzi obalar hələ XVI əsrdən eti­barən burada yerləşməyə başlamışdır. Onların bö­yük hissəsi XIX əsrin ikin­ci yarısına qədər köçəri olmuş, son­ra əsasən Kayserinin Pınarbaşı, Sarız və Tomarza qəzala­rında yerləşmişlər.

10. KIZIK

Bu boyun adına tarixi qaynaqlarda təsadüf edilməsə də, təhrir dəftər­lə­rində və digər arxiv sənədlərində rastlanır. Təhrir dəftərlərində kızıklara aid 28 yer adı vardır ki,1 bunların çoxu indi də mövcuddur2. Onlardan beşinin Ankaranın Çubuq və Ayaş qəzalarında olması bu bölgəyə kızık boyuna mən­sub çox mühüm bir elatın yerləşdiyini göstərir.

XVI əsrdə kızıklara aid yalnız bir oymağa təsadüf edil­miş­dir ki, o da Hə­ləb türkmənləri arasındadır. Qanuni dövrünə aid əski dəftərlərdə bu kızık oymağı 162 və 16 evlik iki qola ayrıl­mışdır. Vaxt keçdikcə oymağın əhalisi artmiş və 987-ci ildə ver­gi mükəlləfiyyətli 667 nəfərə, yəni 468 evli, 232 su­baya* yük­səlmişdir3. Əhali artımı davam edən bu oyma­ğın mühüm bir qismi XVII əsrdə Antəb bölgəsində yerləşmiş, yerləşənlər oturaq kızık adlanmışlar. Oturaq kızıklar Sultan İbrahim döv­rün­də (1639-1648) Antəb bölgəsindəki Oğurca, Damlaluça, Çay quru, Saqqal, Qara dinək, Yalan qaz, Üç kilsə və Taşlıca adlı kəndlərdə, Antəb şəhərində və ona bağlı bəzi kənd və qəsə­bə­lərdə yaşayırdılar.

Bunlardan başqa, mihmadlu və boz atlı oba­larının da kızıklara aid oldu­ğunu bilirik4. Oturaq kızıkların yerləşdikləri yerlər XIX əs­rin sonunadək öz adları ilə adlanan inzibati bir yörə (nahiyə) halında qal­mışdır. Onların yer­ləşdiyi kəndlərdən bir çoxu bu gün öz köhnə adlarını və mövcudiy­yətini qoruyur.

Sultan İbrahim dövründə kızıkların oturaq həyata keçmə­miş olanları «kö­çər kızık» adını daşıyırdı. Onların sayı 149 nə­fər idi (vergi verənlər). Həm oturaq kızıkların, həm də köçəri kızıkların 1101-ci ildə (1690) Avs­triya səfərinə çağrıldıqları mə­lumdur. Səfərə çağrılan oturaq kızıkların baş­çısı Qara Kət­xuda oğlu Bəkir bəy, köçər kızıklarınkı isə Hacı Zəkəriyyə oğ­lu Əssaf bəy və Kızık Məhməd oğlu kimi bəylər idilər5.

XVIII əsrə aid vəsiqələrdə kızıklar pəhləvanlıların başçılıq etdiyi Hərə­meyn üş-şərifeyn əşirətlərindən bmri kimi xatır­la­nır6. Bunlar köçər kızıklar idi. Kızıklardan bir qolun XVII əsrin əvvəllərində Orta Anadoluya gəldiyi bilinsə də7, onların aqibəti haqqında hələlik heç bir məlumatımız yoxdur.

XVI əsrdə kızıkların bir qolu da Dəməşq (Şam) bölgəsində yaşayırdı. Qanuni dövründə bu kızık qolu 66 vergi evi olaraq göstərilmişdir8.

11. BƏYDİLİ

Bu boy Rəşidəddinin «Oğuznamə»sində hökmdar yetirən beş boydan biri kimi xatırlanır. Rəşidəddin1 xarəzmşahlar xa­nə­danının bu boydan oldu­ğunu söyləsə də, bu fikri qəbul etmək mümkün deyil. XVI əsrdə bəydiliyə aid təhrir dəftərlərində 23 yer adına tə­sadüf edilmişdir. Həmin boy bu rə­qəmlə 16-cı yeri tutur2. Ha­zırda bu yer adlarından ancaq yarısı qalmışdır3.

Bəydililər Şimali Suriyadakı türkmənlərin boz-ox qolunu mey­dana gə­ti­rən qollardan biri idi. XIV əsrin ikinci yarısında ya­zılmış inşa kitabındakı türkmən boyları və ailələrinə aid siya­hıda4 bəydililərin adı çəkilir. Xəlil əz-Zahiri5 də onları xatırla­dır.

Bəydililər səfəvi dövlətinin yaranmasında da iştirak etmiş­lər. Bununla əlaqədar olaraq onlardan mühüm bir qol İrana get­mişdir. Bundan başqa, XVI əsrdə Boz ulus və Yeni-el arasında Şimali Suriyadakı ana qoldan ay­rıl­mış bəydili qollarına təsadüf olunur. İç-el bölgəsində isə müstəqil bir bəydili qolu vardır.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin