2. Yeni-el.
Yeni-eldə yaşayan bəydili oymağı bir az yuxarıda dediyimiz kimi Hələb türkmənləri arasındakı ana qoldan yeni ayrılmış və onunla daim təmas və münasibətdə olan qoldur. Bu boy Qanuni dövründə üç obaya bölünmüşdür. Bunlardan 75 nəfər vergi mükəlləfiyyətli birinci oba Dəvədaş adlı yerdə, ikincisi Boz Üyükdə (62 nəfər), üçüncüsü isə Yellüçəyə bağlı Alacaxanda (70 vergi evi) yaşayırdı. Bu obalardan ikisi boyun adını, üçüncüsü isə günəş adını daşıyırdı.
III Murad (1574-1595) dövründə bu bəydili qolunun qələbəlik bir təşəkkül halını aldığı görünür. Bu dövrdə bəydili obalarının ən böyüyü əmtiləklü olub 61 nəfərlik (vergi verən) bəkmüşlü, 26 nəfərlik ərəblu, 26 nəfərlik fəqihlu (fakılu), 56 nəfərlik sincan, 80 nəfərlik günəş, 93 nəfərlik qazlu qollarından meydana gəlmişdir. Əmtiləkin bir şəxs adı olması ehtimal edilir. Əmtiləklüdən sonra bəydili qolunun bu obalarını qeyd etməyə dəyər: qara həsənlu (38 vergi evi), qaracalu (82 vergi evi), Süleyman Kətxuda (128 vergi evi), topaxlu (150 vergi evi), gün (83 vergi evi), otamışlu (49 vergi evi), qara şeyxlu (97 vergi evi), çobanbəylu2 (24 vergi evi), bozqoyunlu (86 vergi evi), Uğurlu bəyə tabe digər bozqoyunlu (47 vergi evi), Şəfaət bəyə tabe bozqoyunlu (32 vergi evi) və quzucaqlı (15 vergi evi)3. Yeni eldəki bu bəydili qolu qışda Hələb bölgəsinə enərək qışlayırdı.
1100-cü ildə (1698) bəydili qolunun yuxarıda adı çəkilən bozqoyunlu və qara şeyxlu obaları Əlbistan qəsəbəsinə yürüş edərək oranı 40 gün mühasirədə saxlamışdılar4. Bunun sadəcə yağma məqsədi ilə, yoxsa başqa bir səbəblə bağlı olduğunu təxmin etmək mümkün deyildir. 1101-ci ildə bəydili bəyləri 150 atlı ilə Avstriya səfərinə çağrılmışdılar1. Həmin bəylər bunlar idi:
Firuz oğlu Şahin bəy
Şədid oğlu Topal Əssaf bəy
Bəkmişlu Qanim bəy
Kor Nasir bəy
Yüz Hatim ağa oğlu Həsən bəy
Seyfxan bəy
Əbu Seyf oğlu Mirzə İsmayıl bəy
Qara Şeyxlu Qızıl İdris oğlu Musa bəy
Şeyx Musa Kətxuda
Şah İsmayıl oğlu Məhmət bəy
Bozqoyunlu Əhməd Kətxuda
Qara Şeyxlu əl-Eys oğulları Kənan və Kəssal bəy
Qırqıl Yəhya oğlu
Bozqoyunlu Mürtəza Kətxuda
Dəyərlü Yeddi bəy
1102-ci ildə (1690-1691) isə bəydili boyu bütün obaları ilə birlikdə Ağcaqaladan Rəqqaya qədər uzanan yerdə, Bəlix çayı sahilində yerləşmək əmrini aldı2. Beləliklə, bəydilinin gözəl günləri sona çatmış, acı və hüznlü günləri başlamışdı. Rəqqada yerləşməsi əmr olunan bəydili obaları Hələb türkmənləri arasında yaşayan və o zamana qədər başqa yerlərə yerləşməmiş olan obalarla Yeni-eldəki bütün obalar idi. Bunlar Yeni-eldən Hacı Əli oğlu Qanim bəyin idarəsindəki 500 vergi evli bəkmişlü obası, qara şeyxlu kəndxudalarının (Əssaf bəy) 600 vergi evli obası, Firuz bəy oğlu Şahin bəyə tabe 600 vergi evli bozqoyunlu obası, Seyf xan idarəsindəki 200 vergi evli digər bozqoyunlu obası, kəndxudaları Pirbudaq oğlu Məhmət və Satılmış olan 500 vergi evli dimləklü obası idi. Onların ümumi sayı 3200 vergi evi edir. Hələb türkmənləri arasındakı bəydilidən isə tatalu, qazlu, balabanlu, ərəblü, daşbaş, sincan, günəş və b. obaların yerləşməsi əmr olunurdu3.
Bunlardan bir qismi yerləşdikləri yerlərdə quldurluq etməyə başlamış, bir çoxları da çox sevdikləri Uruma qaçmışdılar. Ancaq qaçanlar şiddətlə təqib edilərək yerləşmə yerinə gətirildilər. Digər türkmən oymaqları vaxt keçdikcə fürsət taparaq birər-birər qaçsalar da, boy həmrəyliyini mühafizə edən qələbəlik bəydililər Rəqqada qaldılar4. Yerləşdirmə prosesinə Qazızadə Hüseyn Paşa başlamış, bu işi Yusif Paşa başa çatdırmışdır.
Bəydili boyunun məskunlaşdırılmasına dair bir şeirdə hər ikisinin adı çəkilir:
Qazı oğlu Yusif Paşa gələndə1,
Yalan dünya mənim derdi bəydili.
Səksən min evlə Rəqqaya köçəndə,
Tayı, muvalini qırdı bəydili2.
Döyülər davullar, inildər dağlar,
Hərbilər çağrılır, analar ağlar,
Gurlayıb Fiyaxana qonduğu çağlar,
Şəmsəddindən übur etdi bəydili.
Döyülür davullar, çəkildi sancaq*,
Qoç igid atına taxıldı ponçax**,
Həmid il-Abbas bu işi tutdu ancaq,
Köç ilə düşmənə vardı bəydili.
Şeyx əfəndi belə çaldı qələmi,
Namı tutdu bəydilinin aləmi,
Ənnək Südlüoğlu Hüseyn Çələbi,
Çarxacınız Cəfər olsun, bəydili.
Qara bayraq salsaq, şərq evi iraq,
Qara gün olanda əşirət gərək,
Şunda eyi bir nam qazandı Soyban Baraq,
Mində birin oma dikdi bəydili.
Daşdəmirim də söyləyər özündən,
Mədh edəlim bəydilinin yazından,
Ala bucaq Kəttələnin düzündə(n?)
Hamidin sancağın basdı bəydili1.
Bəydililər yerləşdikləri yerə Colab deyirdilər. Colab (Cüllab) əslində Urfanın şərqindəki bir kəndin və çayın adıdır2. Övliya Çələbi3 Çolabdan bir qəsəbə kimi bəhs edir. Bəydili boyu Harranın altındakı Eyn Arus və Ağcaqaladan Rəqqaya çatana qədər Bəlix çayı sahillərində yerləşdirilərkən başçıları-ulu bəyləri bozqoyunludan Firuz oğlu Şahin bəy, qardaşı Kənan və Qurd bəy idi4.
Şahin bəy bütün bəydililərin başçısı kimi görünür. O eyni zamanda Rəqqaya göndərilən bütün oymaqların iskanbaşısı (iskan məskun sözündəndir-tərcüməçi) idi. İskanbaşılıq dövlət tərəfindən verilir, vəzifəsi oymaqların təzə məskəndə yaşamalarına diqqət etmək, aralarında nizam və asayişi qorumaq idi. Əvəzində onlara Balis5 sancaq bəyliyi verilirdi. İskanbaşılar oymaq bəylərindən təyin edilirdi. Şahin bəydən sonra qardaşı Kənan bəyin iskanbaşı təyin olunduğunu bilirik6.
Rəqqa bölgəsinə yerləşdirilən bəyliyi və digər oymaqların rəvayətlərində Şahin bəyin yerinə onun atası Firuz bəyin adı çəkilir:
Toplandıq əşirət, gəldik Colaba,
Baş-bəndi də Firuz bəyin deyilmi?
Əmr eylədi bəylər, qonduq yan-yana,
Hacı Əlinin yurdu Seylan deyilmi?
Ondan aşağıya Bulaq düzüldü,
Bənd sahibi ismi-isminə yazıldı,
Orda Bərk ağanın kefi duruldu,
Nəvələrin yurdu Şirvan deyilmi?
Yurd verildi Ulaşlının bəyinə,
O da qondu Bərk ağanın sağına,
Firqət gəldi Ağcaqala dağına,
Bayındırın yurdu Qoncan deyilmi?
Dədəmoğlu, xeymələrin qurulsun,
Çəkilsin bayraqlar, mehtər* vurulsun,
Döyülsün qəhvən, hərbin** çağrılsın,
Abdalların yurdu örən*** deyilmi?
Rəvayətlərə görə, bəydili boyunun bəyi İskanbaşı Firuz bəy (rəvayətdə: Feruz) bu fəna yerlərdə yaşamaq olmaz deyərək, bəzi obalarla bərabər İrana getmişdir1.
Oymaqların başında duran bəylərin Osmanlı dövlətinin onlara etibar etməməsi, vəzifə verməməsi və xüsusən də dövlət məmurlarının haqsız rəftarı üzündən İrana getdikləri bir faktdır. XV əsrdə və XVI əsrin ilk rübündəki köçəri bəy ailələrinin daha sonra müşahidə edilməməsi onların İrana köçmüş olmaları ilə bağlıdır. İranda isə onlar türk əsilzadələri sırasına daxil edilir, yüksək mənsəblərə təyin olunurdular. Buna görə, Şahin bəyin (rəvayətlərdə Firuz bəy) İrana getmiş olduğu qəbul edilə bilər. Necə ki bu şeir Firuz bəyin İrana getdiyini açıqca göstərir:
Səhərdən avazın bağrımı dələr,
Durnanın qanadı köz kimi yanar,
Qaldırmış qanadın yavru baş sanar,
Firuz bəy Əcəmə getdi, durnalar.
Yeddi atlı ilə mindik, Allah əmanət,
Yetmiş min övliya eyləsin himmət,
Yurdumu bəkləsin oğlum Məhəmməd,
Firuz bəy Əcəmə getdi, durnalar.
Çağırışı-çağırışı yayladan enin,
Enin Eyn-Əlizə2, bir səmah3 dönün,
Bəydən izin olsa, qoruğa qonun,
Firuz bəy Əcəmə getdi, durnalar.
Məndən salam eylə Xəznə sultana4,
Çıxarsın alları, qara bağlasın,
Kiçik oğlu ilə könül əyləsin*,
Firuz bəy Əcəmə getdi, durnalar5.
Bəydililər onları yandırıcı Rəqqa çöllərində buraxıb Əcəmə gedən bəylərini əsla unutmamış, adını uşaqlarına (Feruz şəklində) qoyaraq xatirəsini zəmanəmizə qədər yaşatmışlar. Bu Firuz bəyin iskanbaşı Şahin bəy olması ehtimalı qüvvətlidir. Şahin bəyin Firuz bəy adlı bir oğlunun olduğunu da fikirləşmək mümkündür.
Bəydililər və digər türk oymaqları sonralar dövlət tərəfindən sürgün yeri olaraq qəbul edilən Rəqqa bölgəsində yalnız susuzluq və qovurucu istilərlə deyil, ərəb boyları ilə də mübarizə aparmaq məcburiyyətində qalmışlar. Mübarizə əhalisi qələbəlik olan təyy və ənəzə ərəbləri ilə aparılırdı. Əhalisi çox və qayət vəhşi olan bu qəbilələrlə sayı onlardan çox az olan bəydilinin və digər oymaqların igidliklə döyüşdükləri bilinir1.
Rəqqada məskunlaşma türkmənlərin ərəblərlə, kürdlərlə, xüsusilə axırıncıların rişvan və milli əşirətləri ilə vuruşmalarına dair bir çox şeirlərin zəmanəmizədək gəlib çıxmasına səbəb olmuşdur. Bu gözəl şeir həmin mübarizələrlə bağlıdır:
Rəqqa çöllərindən gələn qazilər,
Rəqqanın da qönçə gülü soldumu?
Yenidən bir xəbər duydum oradan,
Cərid Bəkir öldü derlər, öldümü?
Cərid Bəkir ölsə, qırıldı kilid,
Yolumuza çökdü bir qara bulud.
Kürdülü Kərimlə bayındır Xalid
Qolu bağlı cəlladlara vardımı?
Qul Sədunum der ki, bulmadıq vəfa,
Hökmümüz keçərdi ol Qafdan-Qafa,
Ulaşlu oğlu Hacı Mustafa
Alayları bölük-bölük böldümü? 2
Şeirdən göründüyü kimi, bu savaşlarda ad çıxarmış igidlərin adı çəkilir və Cərid Bəkirin ölümündən doğan təəssüf bildirilir. Cəridlərdən bir oymağın da bəydililərə qonşu olaraq Bəlix çayının sahilində yerləşdiyini bilirik3. Bu, Boz ulus cəridi idi. Baraqların da bu əslində bir cərid obası olduğu barədə fikrimizi əvvəlcədən bildirmişdik.
Bəydili boyu Rəqqa bölgəsinə alışdı, hətta rəvayətlərə görə təhlükəli düşmənləri olan ərəb boyları ondan çəkinməyə başladı. Rəvayətə görə, bir karvan soyğunundan dolayı Hələb valisi Abbas Paşa türk oymaqlarının üstünə qoşun çəkərək, onların dağılmalarına səbəb olmuşdur. Bu şeir türkmənlərin Abbas Paşa ilə vuruşduqlarını göstərir:
Əvvəlcə gəlmişdik iskan olanda,
Dağıtdın Cülabı, sən Abbas Paşa.
Əşirət! Siz də baxın böylə zamana,
Dağıtdın Cülabı, sən Abbas Paşa.
Heydərli, çələbi çıxsın bir yana,
Ərəbli, qədirli döndü aslana,
Dörd yanımız döndü qana, dumana,
Dağıtdın Cülabı, hey Abbas Paşa.
Günəşlə ulaşlı döyüşə ensin,
Qazlı, bayındırlı arxada dursun,
Torunlu, şərq evli hazırlıq görsün,
Dağıtdın Cülabı, hey Abbas Paşa.
Məhmət bəyim der ki, belim büküldü,
Gözüm yaşı sinələrə töküldü,
Dağıldı əşirətim, bəndim söküldü,
Dağıtdın Cülabı, sən Abbas Paşa.
Beləliklə, Abbas Paşaya məğlub olan bəydili, baraq və digər oymaqlar Cülabı tərk edərək dağılırlar. Bu hadisə XIX əsrdə olmuşdur. Rəqqadan çıxan bəydililərin mühüm bir hissəsi Antəbin cənub yörəsinə yerləşmişdir. Onlardan 6 obanın kəndləri Suriya torpaqlarında yerləşir. Ərəbli obasında mənsub kəndlərin çoxu Türkiyədə, üç kənd isə (Çörtən Höyüyü, Tələyli, Ağdaş) Suriyadadır. Qara şeyxli obası kəndləri təmamilə Türkiyədə olsa da, bəkmişli obasının kəndləri Suriyada qalmışdır. Bəkmişlidən başqa qazlı, günəc bayraqlar (əski günəş obası), qədirli, hacı mahlı, heydərli, Çələbi obalarının kəndləri də Suriya torpağındadır.
Bəydililər çoxdan bəri oturaq həyata keçsələr də, son boy təşkilatlarını unutmamışlar. Rəqqa bölgəsinə yerləşmə və ondan sonra baş verən hadisələrə dair xatirələr hələ də canlı bir şəkildə yaşamaqdadır. Əfşarların qovğunlara dair şerləri olduğu kimi, onların da yerləşməyə, ərəb və kürd oymaqları ilə savaşlara dair şerləri də vardır. Şeirlərdən bəzilərini yuxarıda dərc etdik1.
Dostları ilə paylaş: |