Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə31/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   27   28   29   30   31   32   33   34   ...   128
9. Xəzərarxası türkmənləri. Kayılardan bir qol qərbə köç­mə­miş, Xə­zər­arxası türkmənlərinin arasında qalmışdı. Əbül­qazi və digər qaynaqların bu kayılardan heç bəhs etməmələri ehtimal ki, onların əhali baxımından çox qələbəlik olmamaları ilə əlaqədardır. Bu kayılar iki kiçik bölük halında ancaq XIX əsr Avropa səyyahları siyahılarında görünür. Həmin bölüklər­dən biri qay adı ilə Əlieli içindədir1.
Kayı-Osmanlı münasibətləri

İlk Osmanlı salnaməçisi Əhmədi Osman bəyin babası Ər­toğrul bəyin yol­­daşlarını oğuz adlandırır. O zaman oğuz adının əvvəllər olduğu kimi türk­­mən mənasında işlədildiyinə dair heç bir məlumatımız yoxdur. XIII əsr­dən etibarən xristian­lar Ana­doluya Türkiyə və Türküstan, türklərə qədim­lər­də olduğu kimi türk deyir, müsəlmanlar isə türkmən adlandırır­dılar. Tür­kiyə türkləri isə özlərini yüksək qiymətlən­dirdikləri və şərəfli bir el saydıq­ları oğuzların nəvəsi hesab edirdilər.

Onların türkmən adını uzun müddət mənimsəmədikləri gö­rünür. Ərtoğ­rul bir türkmən oymağının bəyi idi. Bu oymağın Sö­yüt yörəsinə bəzi os­manlı mənbələrində deyildiyi kimi, An­karanın təqribən 100 km cənubun­dakı Qaraca dağdan gəldiyi qə­­bul edilir. Bu gəlişin monqol təzyiqi ilə bağlı olması müm­kündür. Eyni zamanda Osman bəyin babalarının başçılıq etdiyi oymağın Xorasandan Anadoluya monqol istilası səbəbilə gəldi­yi barədə rə­vayəti də rədd etmək üçün qüvvətli dəlillərimiz yox­dur. Osmanlı xanə­da­nın kayı boyundan olduğunu söyləyən ilk müəllif əsərini II Murad dövründə yaz­mış Yazıçıoğlu Əlidir. Ancaq biz Yazıçıoğlunu tərcümə etdiyi əsərlərə qövmi duyğu­ların təsiri altında əlavələr edən və onlarda təhriflərə yol verən müəllif kimi tanıyırıq. Kayı boyu isə, məlum olduğu üzrə, oğuz elinin ən nə­ca­bətli, ən şərəfli boyu idi. Bu səbəbdən Osmanlı xa­nədanı ilə kayı boyu ara­­sında qəbiləvi münasibət bizə olduq­ca şübhəli görünməklə birlikdə, bu qo­humluğun mümkünlü­yü­nə də inanırıq2.

Doğrudur, Yazıçıoğlu Osman bəyin dilindən


Osman, Ərtoğrul oğlusan,

Oğuz, Qara xan nəslisən,

Haqqın bir kəmtər qulusan,

İstanbulu al, gülzar et –

mənzuməsini desə də xanədan üzvləri arasında oğuzlara və kayı boyuna mən­sub sayılmağa an­caq II Muradın (1421-1451) əhəmiyyət verdiyi mə­lum­­­dur. İndiki məlu­ma­tımıza görə, kayı damğası ilk və son dəfə olaraq onun bəzi pullarına həkk edilmiş, xələfləri zama­nın­da isə bir müddət silahlara vurulmuşdur. Ancaq xanədanın mənsub olduğunu iddia etdiyi kayı boyunun Türkiyədə hələ kö­çərilik həyatını və qəbilə ənənələrini davam etdirən boy­daş­larına yaxın bir əlaqədə olduğuna və onlara qarşı imtiyazlı bir müna­si­bət­də bulunduğuna da­ir heç bir sübut-dəlil yoxdur.

Hətta Türkiyənin fəthində və məskunlaşdırılmasında birinci dərəcəli rol oynadığını gördüyümüz bu boy XV və XVI əsr­lər­də digər oymaqlar kimi ver­­gi məmurları, sipahi və başqaları tərəfindən təzyiqə məruz qalmışdır. XV və XVI əsrlərdə özünü nəzəri baxımdan da olsa oğuz elindən və kayı bo­yun­dan sayan xanədanın daha sonra bunu unutduğunu görürük.

Başlanğıcını qəti bir şəkildə təsbit edə bilmədiyimiz bir za­mandan bəri Əs­kişəhir bölgəsində yaşayan qarakeçili oymağı hər il Ərtoğrul bəyin Sö­yüt­dəki türbəsini ziyarət edir və ziyarət zamanı orada şənliklər keçirirdi. Qö­vmi şüura sahib olan II Əb­dülhəmid qarakeçililərin bu ziyarətinə rəsmi bir ma­hiyyət ver­dir­di, öz oymağı saydığı qarakeçili gənclərindən ibarət bir alay yaradaraq onu Ərtoğrul alayı adlandırdı. Bundan başqa, ya onun dövründə, ya da bir qədər sonra «Ərtoğlunun ocağında oyandım, şəhidlərin qanlarına boyandım» beyti ilə başlayan bir marş da bəstələndi. Əbdülhəmid qarakeçili oymağına mənsub olanları alman imperatoruna öz əqrəbaları kimi təqdim etmişdi. Söyləmək mümkündür ki, əsrlərdən bəri ilk dəfə olaraq bir os­manlı hökmdarı əsrlərlə yalqız və köməksiz buraxılmış millə­tinə qarşı mənən hərir bir sevgi duymuşdur.
2. BAYAT (BAYAD)

Bayatlar, bilindiyi kimi, tariximizdə mənəvi şəxsiyyətlər ye­tirmiş bir boydur. Oğuzların dövlət və din adamı Dədə Qor­qud, məşhur şair Füzuli bu boya mənsub idi. Cəm Sultan üçün Osmanlı xanədanının Oğuz xana qədər gedib çıxan əfsanəvi ataları haqqında «Cami-Cəm-ayin» adlı bir kitab ya­zan Mah­mud oğlu Həsənin də bu boydan olduğunu bilirik.

Səlcuqlular dövründəki oğuz boyları haqqında çox az məlu­matımız var. Bu dövrün qaynaqları da ancaq bir neçə oğuz bo­yundan bəhs edilir. Bu arada səlcuqlu əmirlərindən Ak-Sunqur ul-Buxarinin 513-cü ildə (1119) Bəs­rədəki naibi Sunqurun əl-Bayati nisbəsini daşıdığını bilirik1. Ancaq bu nisbəyə əlavə ola­raq ət-Türkmani nisbəsinin olmaması bizi nisbənin bayat boyu­na aidiyyəti barədə tərəddüdə salır.

Digər tərəfdən, Bağdadın cənub-şərqində Tib çayının mən­bə­sinə yaxın bir yerdə olan İranın Luristan əyalətindəki Bayat qalasının daşıdığı adın o zamanlar mövcud olmadığı anlaşılır. Həmdullah Qəzvini1 bu qalanın adını XV əsrin sonlarında baş verən hadisələr münasibətilə çəkir. O zaman qala­nın hakimi bir türk idi. Həmin dövrdə adı çəkilən bölgə ilə Xuzistanın əfşar­ların əlində olduğunu bilirik. Bu izahlar bizə ehtimal verir ki, bu qala öz adını bayat boyundan almışdır. Anadoluya gəlincə, XVI əsr təhrir dəftər­lə­rində bayatlara aid 42 yer adı var. Onların hamısı digər boylar kimi Ana­dolunun orta və qərb bölgələ­rindədir2. Bayat yer adlarının çoxu bu bu gün də durur3. Bu yer adları bayatların Anadolunun fəthində iştirak etdiklərini gös­tərir. Bundan başqa, XIV əsrdən bəri Şimali Suriyadakı türk­mənlər ara­sında çox böyük bir bayat elatının yaşadığını bi­li­rik. Digər tərəfdən, XVI əsr­də Qərbi və Cənubi-Qərbi Ana­doluda bayat adlı bəzi kiçik, hələ yerləş­məmiş oymaqlar da gö­rürük.

Daha əvvəl də dediyimiz kimi, XIV əsrdə Şimali Suriyada yaşayan bö­yük türkmən icmasının boz-ox qolunu əsas üç boy, yəni bayat, əfşar və bəy­dili boyları təşkil edirdi. Həmin əsrdən etibarən haqqında bəhs edilməyə baş­­lanan dulqədiroğulları, inal­oğulları, köpəkoğulları, gündüzlülər, qutbəyi­oğulları, boz­caoğulları kimi ailələrin bu üç və ya iki (bayat, əfşar) boydan çıx­dıqları bilinir. Bu ailələrin ən böyüyü olan dulqədiroğul­ları­nın xidmə­tin­də həmişə bayatları görürük.

Bu hal boz-oxlardan olduğu dəqiq bilinən bu xanədanın hə­min boya mən­subiyyətini yada salır. Boz-oxlardan olan inaloğullarının bəydiliyə de­yil­sə, bu boya mənsub olduğu şübhə­siz­dir. Bayatlardan olduqları dəqiq bili­nən ailə isə bozcaoğul­larıdır. 801-ci ildə (1399) Sultan Berkuk öldükdə onun yerinə oğlu Fərəc keçmişdi. Fərəc igid bir gənc olsa da, siyasi zəkadan məhrum bir hökmdar idi. Buna görə də onun hökmdarlıq dövrü xüsusilə Şam valisi Şeyx ül-Mahmudi, Çəkim və Novruz kimi əmirlərə qarşı müba­ri­zədə keçmişdi. 807-ci ildə (1404/1405) Hələb valisi Dəmirtaş Antakya ha­kimi türkmən Doğançı oğlu Farisin üzərinə yurüş etdiyi zaman müttəfiqləri Ramazan oğlu Əhməd bəy ilə dulqədirli ailəsindən Xəlil bəy oğlu Əlaəddin Əli bəy idi. Bayatlar və inallılar Əlaəddin Əli bəyin əmrində idi­lər, asi əmir­lərdən Çəkim qaçıb Doğançı oğlunun yanına sı­ğın­mışdı.

Dəmirtaş müttəfiqləri Əhməd və Əli bəylər sayəsində vu­ruş­mada qalib gəl­di4. Sultan Fərəc ertəsi ilə Çəkimi Hələb vali­si təyin etmişdi. Bir neçə ildən bəri sultan olmaq fikrinə düşən Çəkim 809-cu ildə (1406) özünü əl-Məlik əl-Adil (ədalətli sul­tan-tərcüməçi) adı ilə sultan elan etdi və Fəratdan Qəzzəyə qə­dər olan ərazidə öz adına xütbə oxutdu. Çəkim türkmənləri təh­lükəli ünsür sayaraq onlara qarşı hərəkətə keçdi. Nəticədə əfşar, bayat və inal­lıların mühüm bir qismi ağqoyunlu bəyi Qara Yölük Osmana sığınmaq məcburiyyətində qaldı1. Ancaq Çəki­min həmin il Qara Yölük ilə vuruşmada öldürülməsindən sonra təkrar Hələb ətrafındakı yurdlarına qayıtdılar.

811-ci ildə (1409) asi əmirlərdən Novruz ilə döyüşərək, onu məğlub edən Hələb valisi Dəmirtaşın yanındakı türkmənlər ara­sında bayatlar da var­dı. Həmin ilin son ayında isə Fərəc tərəfin­dən bağışlanan Novruz ilə şeyx arasında Asi çayının sahilində baş verən vuruşmada bayatların əfşarla bir­lik­də Novruzun or­du­sunda olduqları məlumdur. Döyüş zamanı bayatların baş­çısı Bozca bəy çaya düşərək boğulmuşdu2. Bu hadisədən sonra ba­yatların ba­şında duran ailə bu bəyə izafətlə bozcaoğulları, boz­calu adlanmışdır.

814-cü ildə (1411-1412) Fərəc tərəfindən bağışlanan Şeyx Hələb valisi təyin olunmuşdu. Həmin ilin cəmadiyül-axır ayın­da Amikə gələn Şeyx bu­rada bayatları, türkmən Saqqalsızoğ­lu­nu, Doğanın oğlunu məiyyətinə alıb, Gündüz oğlu Ömər bəyin üzərinə yürüyərək, onu məğlub etdi3. Ertəsi il Fə­rəc öldürül­dük­­dən sonra Şeyx sultan oldu. Şeyxin sultan olması ilə daxili çə­­­­kişmələr başa çatdı və məmlük dövləti əvvəlki qüdrətini bər­pa etdi.

821-ci ildə (1418) qaraqoyunlu hökmdarı Qara Yusif ağqo­yunlu bəyi Qa­ra Yölük Osmanı qovaraq, Hələbin şimalına qə­dər gəldiyi üçün orada ya­şa­yan inallılar, bayatlar və əfşarlar Trablis yörəsindən Safitəyə qaçdılar. Bu­nun səbəbi isə onların Qara Yölük Osman bəyin Qara Yusifə məxsus Mar­din yörəsin­də apardığı dağıntıda və yağmaçılıqda iştirak etmələri idi. Ba­yat­lar, əfşarlar və inallılar Safitədə qarışıqlıqlar törətdilər. Trab­­lis valisi Bay­bars əd-Dokmaki onlara Qara Yusifin artıq ge­ri qayıtdığını söyləyərək öz yur­dlarına dönmələrini xahiş etdi. Türkmənlər bunu qəbul etdilər. Ancaq Bay­bars köçüb get­məzdən əvvəl onların mal-qaralarını ələ keçirmək üçün hü­cum etdi. Şaban ayının 16-da baş verən şiddətli vuruşmada Baybars məğ­lub oldu. Atabəy Sudun əl-Əsən Dəmiri ilə 13 məmlük əs­gəri vuruşmada öldü. Pərişan bir halda geri dönən Baybars Trab­­lis valiliyindən çıxarılaraq sə­­libçilərdən qalan Mərkəb qa­la­sın­da həbs olundu. O, il yarım həbsdə yat­dıq­dan sonra bağış­landı və Dəməşqdə ona yüz əsgər əmirliyi verildi4. Bu, əmir Tatardan sonra sultan olan məşhur Məlik ül-Əşrəf Baybarsdır (1422-1438).

Bayatlar sonralar əfşarlarla birlikdə ağqoyunlu hərəkatların­da iştirak et­mişlər. 1457-ci ildə dulqədirli xanədanından Qara bəy, bayat bəylərindən Nə­sir Hüseyn bəy və Əbdi ilə birlikdə Uzun Həsən bəyin yanında xidmətə girdilər. Onlar buyruqların­dakı 800 evlik türkmənlə Amid yaxınlığındakı Qa­raca dağda yurd salmışdılar. Bu bəylər qaraqoyunlu hökmdarı Cahan şa­hın Tərxan oğlu Rüstəmin komandanlığında Uzun Həsən bəyin üzə­­rinə gön­dərdiyi ordunun Amidə yaxınlaşdığını eşitcək qor­xu­dan Suriyaya getmək üçün yerlərindən köçdülər. Uzun Hə­sən onları təskin edərək geri qaytarmaq üçün oğulları Xəlili və Uğurlu Məhəmmədi, mosullu Əmir bəyi göndərsə də, türkmən­lər öz qərarlarından vaz keçmədilər. Belə olduqda, şahzadələr on­lar­dan bəzilərinin davarlarını yağmaladılar1. Bununla bəra­bər, Həsən bəylə Tər­xan oğlu Rüstəm arasında Amid yaxınlı­ğın­da, baş verən və ağqoyun­lu­ların parlaq zəfəri ilə nəticələnən vuruşmada əfşarla yanaşı bayatların da iş­tirak etdiyini bili­rik2.

Teymurun Yozqatdakı və ona qonşu bölgələrdəki qara ta­tar­ların mühüm bir qismini Türküstana aparmasından sonra Şi­mali Suriyadakı bu bayatların bir bölüyü də dulqədirli oymaq­ları ilə birlikdə Boz-oxda yurd saldı. Bayat­ların bu qolu şam bayata adı ilə tanınmışdır. Bundan başqa, XVI əsrdə İran­da səfəvilərin xidmətində böyük bir bayat qolunun yaşadığı bilinir ki, zənni­mizcə, onlar Şimali Suriyadakı bayatlardandır. Birinci hissədə müxtəlif yer­lərdə söylədiyimiz kimi, ağqoyunluların nai­liyyətləri və onun ardınca Səfəvi dövlətinin qurulması Şi­mali Suriyadakı türkmənlərə böyük təsir göstərmiş, onlardan bir çoxlarının bu dövlətlərin xidmətinə girmələrinə səbəb ol­muşdur.

875-ci ildə (1471) Dulqədir oğlu Şahsuvar bəylə döyüşmək üçün Hələb­də olan məmlük sərkərdəsi Yeşbəyin hüzuruna ge­dən bəylər arasında Bozca oğlu Xəlil bəy də vardı3. Osmanlı fü­­tuhatının ilk illərində bayatların başçısı olan Bozca oğlu Xəlil bəyin aradakı zaman fərqi dolayısı ilə həmin şəxs ol­duğu barə­də qəti bir şey söyləmək mümkün deyil. Adı çəkilən Bozca oğ­lu Xə­lil bəyin müasiri və həmin ailənin övladı Susa bəyi və Se­vindik bəyi də ta­nıyırıq ki, onlar da Dulqədir oğlu Şahsuvarın müt­təfiqləri idilər4. Digər tə­rəfdən biz Bozca ailəsindən bəzi bəylərin də Uzun Həsənin xidmətində ol­duq­larını bilirik5. Sə­fəvi dövründə İranda yaşayan bozcalılar, gərək ki, on­ların nə­və­ləridirlər.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin