6. İraq və Cəzirə bayatları
Səlcuqlular zamanında səlcuqlu əmirlərindən Ağ-Sunqur ul-Buxarinin Bəsrədəki naibi Sunqurun əl-Bayati nisbəsini daşıdığından və XII əsrin sonlarına doğru Bağdadın cənub-şərqdəki Tib çayının mənbəyinə yaxın yerdəki bir qalanın Bayat adlandırıldığından və bu qalanın hakiminin türk olduğundan bəhs etmişdik. XVI əsrədək İraqda və Cəzirədə bayatların yaşadığına dair heç bir tarixi qeydə rast gəlmirik. XVI əsrə aid Osmanlı təhrir dəftərlərində də ancaq qaraca-bayat adlı çox kiçik bir oymaq görürük. Kərkük yörəsində yaşayan bu oymağın vergi mükəlləfiyyətli 24 nəfər əhalisi vardı4. Bağdadlı münşi Məhəmməd bin Əhmədə görə Bağdaddakı5 son Köləmən valisi Davud paşa zamanında valiyə tabe oymaq qoşunları arasında 1.000 atlı bayat, təyy və milli (kürd) oymaqlarına mənsub idi.
Həmin müəllif (əsər 1822-ci ildə yazılmışdır) Kirmanşah bölgəsindəki bayatların 2.000 çadır olduğunu qeyd etdikdən sonra Tavuk bölgəsində də onlardan 2.000 evə yaxın bir elat olduğunu, türkcə və ərəbcə danışdıqlarını yazır. Müəllif bayatların bəyənilən və əl-əl gəzilən atlar yetişdirdiklərini və onların İraqi-Ərəbdə məşhur olduqlarını da yazır1. Müasir İraq tarixçisi Abbas ül-Əzzavinin, bayatlar haqqında verdiyi məlumata görə2, onların mühüm hissəsi indi Kərkük bölgəsində oturaq həyata keçmişdir. Köçəri həyat sürənlər az olub, 13 obadan, bir neçə qoldan ibarətdir. Həmin müəllifə görə, köçəri bayatlardan bəzi oymaqlar ərəblərlə qarışmışlar.
Lakin onların hamısı ana dilini, türkcəni unutmamışdır. Bu bayatlar Kərkükdə və qonşu bölgələrdə qədimdən bəri yaşayırdılar, yoxsa buralara XVI əsrdən sonra İrandan gəlmişlər? Bu sual hələ də cavabsızdır. Şübhəsiz, İraq bayatları türk ədəbiyyatının ən böyük ustadlarından biri olan Füzulinin həmyerliləri olmaq etibarilə diqqət və marağımızı daha çox cəlb edirlər. Lakin Səfəvi hökmdarı Şah Abbasın kitabxanaçısı, şair, mühərrir və nəqqaş Əfşar Sadığın (əslində, şamluya bağlı xarbəndəlu-xudabəndəlu adlı türkmən obasından idi) sözlərinə baxsaq, Füzuli İraq bayatlarına deyil, İran bayatlarına mənsubdur. Onun dediyinə görə, bayatdan (şübhəsiz, müəllif burada öz ölkəsindəki bayatları nəzərdə tutur) olan Füzuli səfəvi əmirlərindən İbrahim xanın məiyyətində Bağdada getmiş və İbrahim xanın Qanuni Sultan Süleymanın gəlişi ilə əlaqədar İrana qayıtmasından sonra Hillədə yerləşmişdir3. Burada adı çəkilən İbrahim xan Mosullu oymağından olub Bağdad valisi ikən 934-cü ildə (1527) qardaşı oğlu Zülfüqar Sultan tərəfindən öldürülmüşdür4. Buna görə də İbrahim xanın Qanuni Sultan Süleyman tərəfindən məğlub edilməsi barədə Sadığın sözləri doğru deyil.
Dostları ilə paylaş: |