3. Hamid sancağı.
Bu sancaqda Yazır adlı üç kənd vardı. Həmin dövrdə burada yaşayan yazırlar 95 evdən ibarət idi və Əli Fəxrəddin adlı bir oymağa daxil idi4.
4. Təkə sancağı.
Buradakı yazır obası sarı və qara sifətləri ilə iki qola ayrılmışdı. Öz-kənd adlı bir kənddə isə bu oymağın üçüncü qolu yaşayırdı5. Bunlardan başqa, bu bölgədə Yazır adlı iki kənd də vardı. Bütün bunlar Hamiddə olduğu kimi Təkə sancağında da olduqca mühüm bir yazır icmasının yerləşmiş olduğunu göstərir.
5. Ankara.
Bu sancaqdakı yörüklər arasında yaşayan yazırlar kiçik bir oymaqdır. 42 evdən ibarət olan bu oymaq Çukurcaq adlı bir kənddə yaşayırdı6.
6. DÖYƏR
Rəşidəddinin «Türklərin tarixi» fəslində verdiyi məlumata görə, oğuz hökmdarı Dib-Yavkunun bəylərindən Taş bəy və onun oğlu Yalğu (?) bəy, Ala Atlı Kişi Donlu Kayı İnalın vəziri Ayıldır döyər boyundan idilər1. Rəşidəddindəki bu rəvayətləri qiymətləndirmək lazım olsa, deməliyik ki, döyərlər oğuzların islamiyyətdən əvvəlki tarixlərində mühüm bir mövqeyə sahib idilər. Bununla bərabər, onların səlcuqlu fütuhatında da mühüm rol oynadıqlarını söyləmək mümkündür. Çünki XIII-XIV əsr tarixçilərindən Cəzirəli (indiki Cizrə) Şəmsəddin Məhəmməd bin İbrahim (1260-1339) artuqlu xanədanının bu boydan olduğunu yazır2. Artuq bəy və oğullarının isə XI-XII əsrlərdə türkmənlər arasında böyük nüfuz sahibi olduqlarını və əsalətli bir ailə sayıldıqlarını bilirik. Bütün bunlara baxmayaraq təhrir dəftərlərində bu boya aid 19 yer adına təsadüf edilmişdir. Bu yer adları digər boylarınkı kimi Orta və Qərbi Anadoluda müşahidə edilir3.
Döyər Salim bəy və oğulları
Bir çox oğuz boyları kimi qaynaqlar döyərlərdən də XIV əsrin ikinci yarısından etibarən bəhs etməyə başlayırlar. Monqol hakimiyyətinin sona çatması, məmlük əmirlərinin bir-birilə mübarizəsi artıq əhalisi çoxalmış türkmən boylarına fəaliyyətə keçmək imkanı vermişdi. Döyərlər həmin dövrdə Salim adlı bir bəyin başçılığı altında Cəbər yörəsində yaşayırdılar. Onların Suriyadakı türkmən elatına, yoxsa ağqoyunlu və qaraqoyunluları əhatə edən və məmlük tarixçilərinin şərq türkmənləri adlandırdıqları icmaya mənsub olduqları dəqiq bilinmir. 773-cü ildə (1371) döyər Salim bəy Bəşiriyə gəlmiş və Xısn Keyfanın əyyubi hökmdarı Məlik ül-Əşrəfə elçi göndərərək ondan sığınmaq üçün bir yer göstərməsini və ehtiyacları xüsusunda kömək etməsini xahiş eləmiş, sonra öz arvadı ilə yanındakı bəylərin arvadlarını göndərərək təkrar iltimasda bulunmuşdu.
Salim bəyin bu şəkildə hərəkətinə səbəb Dəməşq (Şam) və Hələb qüvvələrindən ibarət bir məmlük ordusunun onu şiddətlə təqib etməsi idi. Salim bəy bu ordunun qabağından qaçaraq Bəşiriyə qədər gəlmişdi, məmlüklər isə onu addımbaaddım izləyirdilər. Döyər bəyinin məmlüklərin qəzəbinə səbəb olmuş hərəkətinin nə olduğu bilinmir. Ehtimal ki, bu ticarət karvanlarını, bəlkə də həcc qafilələrini soymaq xüsusu ilə bağlı idi. Çünki Salim bəyin eyni mahiyyətli bir hərəkətindən dolayı qaraqoyunlu Qara Məhəmmədin hücumuna uğradığını aşağıda görəcəyik.
Xısn Keyfa hökmdarı Salimin adından kömək istəməyə gələnlərə heç nə edə bilməyəcəyini söyləyib onları üzgün halda geri qaytarsa da, Salimin kürəkəni olan öz qardaşı Öməri gizlincə döyər bəyinin yanına göndərmiş və ona ölkədə istədiyi yerə sığınmasını və mümkün olan hər cür köməklik göstərəcəyini bildirərək Salim bəyi sevindirmişdi. Salim bəy Xısn Keyfa ətrafındakı sərt bir dağa yerləşmiş və əyyubi hökmdarından hər cür kömək görmüşdü. Məmlük ordusu Salimi bu dağda bir müddət mühasirəyə alsa da, əliboş geri qayıtdı. Məmlük ordusu uzaqlaşdıqdan sonra Salim məiyyəti ilə birlikdə sığındığı dağın yaxınlığında sevinc içində yeyib-içərkən türkmənlərdən bir bölüyün hücumuna uğradı. Türkmənlər məmlüklərin tuta bilmədiyi döyər bəyini əsir alıb Amidə doğru götürdülər. Xoşbəxtlikdən Salim bəyin əmisi Əbülqadirin oğlu Həsən bəy özünü yetirib onu türkmənlərin əlindən qurtardı1. Ehtimal ki, bu türkmənlər ağqoyunlulardan idilər. Bu hadisədən sonra Salim bəy yurdu Cəbərə qayıtdı.
776-cı ildə (1374/1375) ildə Salim bəy İraq tacirlərini öldürərək mallarını yağmalayan Yaxmur oğlu (bir Anadolu qaynağında vələdi-Umur) Şihabəddin Əhmədin bağışlanması üçün anasını həmin türkmən bəyi ilə Qahirəyə göndərmişdi. Bu, Salim bəyin məmlük sultanı ilə arasının düzəldiyini göstərir. Məmlük sultanı Məlik ül-Əşrəf Şaban çox qəzəbləndiyi Yaxmur oğlunu əfv etmiş və ona Misirdə iqta vermişdi. Beləliklə, öz vəzifəsini uğurla ifa edən və sultandan hörmət görən Salim bəyin anası oğlunun yanına qayıtmışdı2. Yaxmur (Umur) oğluna gəlincə, o sonra Berkukun yaxın adamları cərgəsinə daxil olmuş, Dulqədir oğlu Xəlil bəyi öldürməklə Berkuka mühüm bir xidmətdə bulunmuşdu.
785-ci ildə (1383) qaraqoyunlu bəyi Qara Məhəmməd öz vassal bəylərindən Boz-doğan oğlu Ziyaülmülkü yanına alaraq Salim bəyin üzərinə yürüş etdi. Bunun səbəbi Qara Məhəmmədə aid Mosul şəhəri və bölgəsi hacılarının Salim bəy tərəfindən soyulması idi. Teymur tərəfindən də eyni əməl üstündə ittiham edilən Qara Məhəmməd 12 mindən artıq bir qoşunla ildırım kimi döyər bəyinin üzərinə cumaraq onu məğlub etdi və döyər obalarını yağmayaraq çoxlu qənimət ələ keçirdi. Salim bəy Qələt ül-Müsliminə tərəf qaçmışdı. Qara Məhəmməd ətrafı yağmalayaraq Salim bəyi şiddətlə təqib edirdi. Salim bəy bu təqibdən güclə qurtarıb kəfəni boynunda olduğu halda hadisəni uzaqdan seyr edən məmlüklərin Hələb valisi Yel Buğa (yaxud: Yol) ən-Nasirinin hüzuruna varid oldu. Döyər bəyinə xoş üz göstərən Yel Buğa sultanın buyruğu ilə onu Qahirəyə yolladı3. Həmin ilin rəbiülaxır ayının 19-da (21 iyun 1383) Qahirəyə gələn əmir Salim Sultan Berkukdan hörmət gördü, xələt alaraq Hələb təbilxana əmirliyinə təyin olundu1.
791-ci ildə (1389) Qara Məhəmmədin özündən və əmisi Bayram Xocadan əvvəl şərq türkmənlərinin başçısı olan Hüseyn bəyin oğlu Pir Həsən tərəfindən öldürülməsi nəticəsində iki ailə arasında qanlı bir çarpışma başlamışdı. Salim bəy araya girərək onları barışdırdığı üçün çarpışma bir müddət dayanmışdı. 1390-cı ildə ikinci dəfə məmlük taxtına çıxan Berkuk onun taxtdan salınmasında ən mühüm rol oynamış türk məmlük əmirlərindən Mintaşın Salim bəyin yanında olduğunu öyrənib Hələbə çatarkən Mintaşı təslim almaq üçün Qara Dəmirtaşı döyər bəyinin yanına göndərmişdi. Qara Dəmirtaş 4 gün gözlədiyi halda Salim Mintaşı təslim etmir, müxtəlif bəhanələrlə vaxtı uzadırdı. Salimin bu hərəkətindən qəzəblənən Qara Dəmirtaş döyər bəyinin obasını yağmalatmış, bəzi adamlarını da öldürtmüşdü. Salim Mintaşı da götürərək Sincara qaçdı. Az sonra Salimin obasına gələn Mintaşın köhnə dostu Yel Buğa ən-Nasiri hadisəni öyrənərək əməllərinə görə Qara Dəmirtaşı söymüş, hətta mübahisə əsnasında onu vurmaq üçün əlindəki toppuzu da qaldırmışdı. Bu hadisə Berkukda Yel-Buğanın öz köhnə dostu Mintaşı qoruduğu haqqında deyilənlərin doğru olduğu qənaətini doğurdu. Üstəlik, bir az sonra Salim bəy yazdığı məktubunda Mintaşı Yel-Buğanın xahişinə görə qaçırdığını bildirirdi. Buna görə Berkuk Hələbə qayıdan Yel-Buğanı öldürtdü2. Ancaq Salim Minqaşı Berkuka təhvil verməyərək sərbəst buraxdı. Halbuki varlı olmadığı üçün aradabir karvan soymağa da məcbur olan Salim bəy Mintaşı təhvil verəcəyi təqdirdə Berkukdan böyük ənam ala bilərdi. 796-cı ildə (1393/1394) Salim bəy Teymurun adamlarından Dulat (Dövlət) Xocanı əsir alaraq Hələb valisinə göndərmiş, o da onu Misirə yollamışdı3.
Həmin il Berkuk Teymurla vuruşmaq üçün Dəməşqdə olarkən döyər Salim bəy onun hüzuruna gəlmişdi. Berkuk çadırına girən döyər bəyini ayağa qalxaraq qarşılamış, türk qumaşından paltar və xələt geydirərək ona görünməmiş bir hörmət göstərmişdi4. Ancaq Salim bəyin üç il sonra (799-1396 /1397) naməlum bir səbəbdən Dəməşq valisi tərəfindən həbs edildiyini görürük5. Qaynaqlarda bir daha Salim bəydən bəhs edilmir. Ehtimal ki, bir müddət sonra onu həbsdən buraxmışlar. Əbülfərəc tarixinə yazılmış əlavələrdən birində Qara Yusifin 1399-cu ildə döyərlərin yurduna girib mal-qaranı ələ keçirdikdən sonra onları başçıları ilə birlikdə Cəbərdə mühasirəyə aldığı bildirilir1. Bu hadisədə xatırlanan döyər əmirinin Salim bəy, yaxud onun oğlu Dəməşq Xoca olduğu barədə hələlik heç nə söyləmək mümkün deyil. Çünki 801-ci ilin şəvvalında (iyul, 1399) atasının yerinə sultan olan Fərəc Dəməşq Xocanın Cəbər naibliyi baratını (mənşur) təzələmişdi2. Salim bəyə aid məlumatlar bu döyər bəyinin cəsur, fəal, ağıllı bir şəxsiyyət olduğunu göstərir. Təkcə Mintaşı ələ verməməsi onun kübar bir ruha sahib olduğunu göstərməyə kifayətdir. Atasının ölümündən sonra döyərlərin başçısı olan Dəməşq Xoca Teymur istilasının Yaxın Şərqdə meydana gətirdiyi qarışıqlıqlardan və eyni zamanda Fərəcin zəif bir şəxsiyyət olmasından istifadə edərək, bir çox yerləri də idarəsi altına almış, yağmaçılıq hərəkətlərində də bulunmuşdu. Ağqoyunlu tarixçisi Əbu Bəkr Tihrani3 Dəməşq Xocanın 20 min çadırlıq bir elin başçısı olduğunu, bəni-kilab, bəni-şadi adlı ərəb oymaqlarından 10.000 çadırın da ona tabe olduğunu, Ruha (Urfa), Sivərək, Süruc, Harran, Cəbər və Cəmlim şəhər və qəsəbələrinə ağalıq etdiyini yazır. 806-cı ildə (1403/1404) Hələb valisi Toxmağa qarşı üsyan edən bir əmirə kömək məqsədilə bu şəhərin ətrafına gələn və Hələb kənarında yağmaçılıq edən Dəməşq Xoca Cəbərə qayıtdıqdan sonra məşhur ərəb əmiri Nüöyr bin Həyyarın hücumuna uğradı. Cəbərlə onun şimal-qərbində bir gün davam edən müharibədə Dəməşq Xoca məğlub edilərək öldürüldü (29 mart 1404) və başı Nüöyr tərəfindən Misirə göndərildi4. İbn Tağrı-Birdi5 Dəməşq Xocanın əsasən dövlətə itaətsizlik göstərdiyini, soyğunçu kimi hərəkət etdiyini yazır. Seyfəddin Dəməşq Xocadan sonra döyərlərin başçısı Göyçə Musa oldu. Dəməşq Xocanın öldürüldüyünü eşidən ağqoyunlu bəyi Qara Yölük hərəkətə keçərək Urfanı vuruşma ilə almış və bu şəhəri xidmətində çalışan Göyçə Musanın əmisi oğlu Yağmura vermişdi6. Yağmur bəy Qara Yölükü süzeren tanıyaraq bir müddət Urfaya sahib olmuşdu.
1405-ci ildə qaraqoyunlu bəyi Qara Yusif Dəməşqdən öz ölkəsinə qayıdarkən Cəbərdə Göyçə Musaya qonaq olmuşdu7. Bu tarixdən etibarən getdikcə artan ağqoyunlu təhlükəsi qarşısında döyərlər qaraqoyunluları öz süzerenləri qəbul etmişlər. Göyçə Musa 1406-cı ildə Qara Yusifin Teymurun nəvəsi Əbubəkr ibn Miranşahla Araz çayı sahilində baş verən və zəfərlə sona çatan vuruşmasında, o biri il Şənbi-Qazan yaxınlığında Əbubəkrə qalib gəldiyi vuruşmada iştirak etmişdir1. Hətta ikinci vuruşmada Teymurun nəvəsini Göyçə Musanın bir köləsi öldürmüşdü. Göyçə Musa daha sonra 1410-cu ildə Qara Yusifin cəlayir Sultan Əhmədə Təbriz ətrafında qalib gəldiyi vuruşmada da iştirak etmişdir2. Həmin qaraqoyunlu hökmdarının əmirləri arasında İlyas Döyər adlı bir əmir vardı ki, onun Salim ailəsi ilə qohum olduğu bilinmir. Döyər İlyas bəy Göyçə Musa kimi Qara Yusifin Əbubəkrlə vuruşmasında iştirak etmiş və qaraqoyunlu hökmdarı tərəfindən Pir Ömərlə birlikdə 1409-cu ildə Şəki hakimi Seyid Əhməd üzərinə göndərilmişdi3. Əmir İlyas Qara Yusifin sonrakı səfərlərində də iştirak etmiş və onun 1420-ci ildə Ucan yaxınlığında ölməsindən sonra Diyarbəkir tərəflərə getmişdir4.
Urfa hakimi, Göyçə Musanın əmisi Bahadır Xocanın oğlu Yağmur bəyə gəlincə, onun 807-ci ildə Süruca sahib olduğu bilinir. Həmin il Birəni mühasirəyə alan Yağmur bəy məmlük əmirlərindən Sudun əl-Cəbəlin arvadını əsir aldıqdan sonra Süruc yörəsinə qayıtmışdı. Bunu eşidən Hələb valisi məşhur Çəkim Birəyə gəldikdən sonra Sudun ilə birlikdə Yağmura qalib gəlsələr də, təqib zamanı Sudun döyər bəyinə əsir düşmüşdü. Ancaq çox keçmədən Yağmur bəy Sudunu azad eləmişdi5. 813-cü ildə (1410/1411) Sudun qaraqoyunlu bəyi Qara Yusifin yanına gedərkən Yağmur bəyə baş çəkmişdi6. Ağqoyunlu bəyi Qara Yölük Dəməşq Xocanın ölümündən sonra Urfanı zəbt edərək Yağmur bəyə vermiş, lakin naməlum bir tarixdə şəhəri onun əlindən alıb çox sevdiyi qardaşı oğlu Nurəli bəyə həvalə etmişdi7. Yağmur bəyə gəlincə, o da Mosulda qaraqoyunlulardan kömək aldıqdan sonra Urfanı özünə qaytarmaq istəsə də, Osman bəy tərəfindən məğlub edilmişdi8. 817-ci ildə (1414) Yağmur bəy oğlu ilə bərabər vəbaya tutularaq ölmüşdür9. Ölərkən Sürucun, yaxud bir yerin əmiri olduğu dəqiq bilinmir.
Qara Yölük Osmanın qaraqoyunlulara aid Mardinə hücumu təzəcə hökmdar olan Qara Yusifin oğlu İskəndəri hərəkətə gətirmiş və iki türkmən bəyi Nüseybin ilə Xatuniyyə arasındakı Şeyx kəndində qarşılaşmışlar. Əbubəkr Tihraniyə görə10, döyər bəyi Göyçə Musa oğlu Misirlə birlikdə ağqoyunluların tərəfində idi. Vuruşma 21 gün davam etdi. 21-ci gün Göyçə Musa əsgərləri ilə birlikdə ağqoyunlu səflərini tərk edərək, qaraqoyunlular tərəfinə keçməklə Qara Yölükün məğlubiyyətinə səbəb oldu. Bəzi döyər bəyləri də Kərkük və Tavuk əmiri Cənəkli Həsənin komandanlığı altında 824-cü ilin rəbiülaxırında (aprel, 1421) iki türkmən ulusu arasında baş verən bu döyüşdə iştirak etmişlər1. Ancaq Cənəkli Həsən və onun məiyyətindəki döyər bəyləri haqqında bundan artıq məlumatımız yoxdur.
Belə görünür ki, İskəndər həm atasına, həm də özünə xidmət etmiş qaynatası Göyçə Musaya Mosulu vermişdir. 829-cu ildə (1425) Göyçə Musa Mosulun, adını bilmədiyimiz qardaşı isə Cəbərin hakimi idilər. Göyçə Musa 832-ci ildə (1429) kürəkəni qaraqoyunlu İskəndərin Şahrux ilə Səlmas ovalığında vuruşmasında iştirak etdikdən sonra Mosula qayıtsa da, İraqi-Ərəb tərəflərini böyük qardaşı Şah Məhəmmədin əlindən bir-bir almağa başlayan qaraqoyunlu İspəndə (İsfahan) müqavimət göstərə bilməyərək Mosulu ona vermişdi. Bu hadisədən sonra Göyçə Musa nökərləri ilə birlikdə məmlük sultanı Baybarsın hüzuruna gəlmişdi. Sultan döyər bəyinə iltifat edib ona atlar, qumaşlar vermiş və ərzağa olan ehtiyacını da təmin etmişdi2. Bir az sonra Göyçə Musanın yenidən Cəbər hakimi olduğunu görürük. Qara Yölük Osman bəyin ölümündən sonra döyərlər ağqoyunlu şahzadələri arasındakı toqquşmadan istifadə edərək Amid yörəsinə axın etmişlər. Əbubəkr Tihrani3 bu axının Misir sultanının təhriki ilə edildiyini yazır. Bu axından xəbər tutan Əli bəyin oğlu Cahangir Mirzə Amiddən çıxaraq döyərlərin üstünə yürüdü. Gənc şahzadə təcrübəli adamların düşmən üstünə «hazırlıqsız getmək olmaz» şəklində tövsiyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruşmada ağqoyunlulardan çox adam qırılmış, Cahangir Mirzə nökərlərinin bəzilərilə əsir düşmüşdü4. Göyçə Musa Cahangiri qandallayaraq Qahirəyə göndərdi. Cahangir 840-cı ilin 17 məhərrəmində (1 avqust 1436) Qahirəyə gətirildi. Ancaq Sultan Baybars ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və atası tərəfindən sədaqətinin təminatı olaraq daha əvvəl göndərilmiş qardaşı Hüseyn bəylə birlikdə oturmalarına icazə verdi5. Baybars Göyçə Musaya 1.000 dinar göndərdi, lakin Musa pul çatmadan ölmüşdü. Göyçə Musanın yerinə kimin keçdiyi bilinmir.
Salim bəyin üçüncü oğlu Həsən bəydir. Həsən bəyin anası Qara Yölük Osman bəyin bacısı idi. O və oğlu məmlük xidmətində çalışmışlar. Həsən bəy 836-cı ilin səfər ayında (oktyabr, 1432) xələt geyərək, Buharya valiliyinə təyin edilmiş və ona sultan tərəfindən 100 qaftan, 100 yay, 100 sədəq və 30 at verilmişdir1. Həsən bəy Dəmənhurda yaşayaraq 4 il bu vəzifədə qalmış, 840-cı ildə (1436) işdən çıxarılmışdır, sonralar oğlu da burada vəzifə sahibi olmuşdur. Tarixçi İbn Tağrı-Birdinin Sultan Baybarsın öz sələfi türk aşiqi Şeyxdən fərqli olaraq çərkəzləri daha çox sevdiyini söyləməsinə baxmayaraq, onun dövründə türkmən mənşəli iki vali vardı. Bunlardan biri döyər Həsən bəy, digəri isə Hələb valisi Behisinli Tanrıvermiş idi. Məmlük tarixində, deyəsən, ərəb mənşəli heç bir valiyə təsadüf edilmir.
853-cü ildə (1449) Xümus valisi olan Həsən bəyi 5 il sonra (1454) Aclun valiliyində görürük2. Hətta bu tarixdə qaraqoyunlu hökmdarı Cahan şah məmlük sultanına yazdığı bir məktubda Aclun valisi Həsən bəyi elçi göndərməsini xahiş etsə də, Baybars verdiyi cavabda bunun yalnız böyük əmir Ərəb şahın göndəriləcəyi təqdirdə mümkün olduğunu bildirmişdi3. İbn Tağrı-Birdinin bir az mübhəm olan qeydindən belə çıxır ki, əsərin yazıldığı dövrdə (1454/1464) Həsən bəy öz ata yurdu Cəbərdə hakim imiş. Həsən bəyin ölümü və ondan sonra Cəbərdə kimin hakim olduğu bilinmir. Həsən bəyin Əmirzə (İmirzə) adlı bir oğlunu tanıyırıq ki, o da məmlük xidmətində olmuşdur. Əmirzə (1453-cü ildə) Misirdəki üç valilikdən biri olan Kəşf ül-vəchi-l-qıbəliyə təyin edilmiş və həmin il mərkəzi Dəmənhur olan Kəşf ül-vəchi-l-bəhriyə göndərilmişdir4. Onun 869-cu ildə (1464) hələ də orada olduğunu görürük5. İbn İyasın bir qeydinə görə6 Əmirzə 1485-ci ildə Kərək valisi təyin edilmişdir.
İbn Tağrı-Birdi Yarəli, Mahmud, Katı (bəlkə də Kutlu) adlı döyər əmirlərindən də bəhs edir. Lakin onların Salim bəyin ailəsi ilə qohum olub-olmadığı, qohumsa, qohumluğun dərəcəsi haqda heç bir məlumatımız yoxdur. Onlardan Yarəli Şam valisi İnal əl-Çəkiminin üsyanına qoşulduğu üçün 842-ci ildə (1439) Dəməşqdə yaxalanaraq öldürülmüşdür7. Əmir döyər Mahmuda gəlincə, o da yenə türkmən bəylərindən Saqqalsız oğlu Turəli, İnal oğlu Əmir Əliyar, türkmən Savcı bəy oğulları Əmir Fərəc və İbrahim, ərəb əmiri Nüöyr oğlu Qadir və digər bəylərlə 1439-cu ildə Hələb valisi türkmən Tanrıvermişin Baybarsın yerinə sultan olmuş Çaxmağa qarşı üsyanında iştirak etmişlər8. Əmir Mahmudun aqibəti barədə məlumatımız yoxdur. Döyərlərdən Katı isə 857-ci ilin (1453) əvvəllərində Buharya valisi idi1.
Döyər boy bəyi ailəsinə dair əldə edilə bilən məlumatlar bunlardan ibarətdir. Həmin məlumatlar əsasında döyər boy bəyi ailəsinə aid belə bir şəcərə çəkmək mümkündür:
Osmanlı dövründə döyərlər
Heydər Çələbinin «Ruznamə»si2 və təhrir dəftərlərindəki qeydlərə görə Suriyanı öz torpaqlarına qatan Osmanlı dövləti bu ölkədə dirlik sahibi olan türkmən və ərəb əmirlərinə toxunmamışdır. Kamal Paşazadənin bir qeydinə görə3, Osmanlı fəthi zamanı Cəbər yenə də döyərlərin əlində idi. Ancaq bunu təsdiq edən başqa bir dəlil yoxdur. Bundan əlavə, döyər bəyliyinin süqutu barədə də konkret məlumatımız yoxdur. Bununla birlikdə, təxmin etmək mümkündür ki, döyərlər Göyçə Musanın ölümündən sonra bəlkə də Urbanın təzyiqi altında Cəbəri tərk etmişlər. Bura 1440-1445-ci illər arasında ağqoyunluların əlində idi. XVI əsrdə Hələb türkmənləri, Boz ulus, Kərkük və Sis (Kozan) yörəsində yaşayan türkmənlər arasında bu boya mənsub oymaqlar vardı.
Dostları ilə paylaş: |