6. Hələb türkmənləri.
Hələb türkmənlərinin inallu boyu arasında da ala-yuntlu adlı bir oba vardır. İki qola ayrılan bu obanın 37 evlik qolu Kilisin Ravəndan nahiyəsinə bağlı bəzi kəndlərdə yerləşmişdir. Digər qol isə daha kiçik olub, 15 vergi evlidir1. İnallu boyu oğuzların boz-ox qoluna mənsub bir təşəkkül idi. Bu səbəblə ala-yuntlu adlı bir oymağın inallu obaları arasında olmasını ala-yuntlular ilə inallular arasında qövmi bir münasibətin varlığı ilə izah etmək mümkün deyildir.
20. YÜRƏGİR
Bu boyun adı təhrir dəftərlərində yürəgir və ürəgir şəklində yazılır. Yürəgirlərə aid həmin dəftərlərdə 44 yer adı nəzərə çarpır2. İndi Türkiyədə hər yerdə yürəgir, ürəgir yer adları yürəgil və ürəgil şəklində işlədilir. Bu yer adlarına daxil olmayan Adananın cənubunda Seyhan-Ceyhan irmaqları arasındakı bərəkətli yörənin adı da Yürəgir olubdur. Bura, aşağıda bəhs ediləcəyi kimi, yürəgir boyunun qışlağı idi. Bu gün bura da yürəgil şəklində tələffüz olunur. İndi Türkiyədə bu yörə adından başqa 10 yer adı qalmışdır3. Bunların hamısı da ürəgil və yürəgil şəklində tələffüz edilir. Yuxarıdakı 44 yer adından dördü Ankara sancağında idi. İndi Ankaranın bir məhəlləsi olan yürəgil bunlara daxil deyildir.
XVI əsrdəki yürəgir yer adlarından biri də Trabzonun cənubundakı Kürtün qəzasına bağlı bir yörəyə aiddir. Bu Ürəgir yörəsində Buğalu, Qaraqaya, Mürtəd çuxuru, Qara Keşiş, Ağ alma, Boynuyoğun, İman-asari və sair kəndlər vardır.
Erməni krallarının idarə etdiyi Kilikyanın məmlüklər tərəfindən fəthində çoxlu türkmən iştirak etmişdir. Bu türkmənlərin çoxunun üç-ox qoluna mənsub olduqları məlumdur. Üç-oxların hakim boyu da yürəgirlər idi. XIV əsrin ortasında yürəgirlər və onunla birlikdə Çuxurovanın fəthində iştirak etmiş olan kınık, bayandır və salurlar artıq bu bölgədə yaşayırdılar. Bu zaman yürəgirlərin başında Ramazan bəy dururdu. Dulqədir oğlu Qaraca bəyin bəzi məmlük əmirləri ilə birlikdə 753-cü ildə (1352/1353) məmlük sultanına qarşı üsyan qaldırması ilə əlaqədar özü vəzifədən çıxarılmış, türkmən əmirliyi üç-oxlu Ramazan bəyə verilmişdir. 755-ci ildə (1354) Ramazan bəyin oğlunun Qahirəyə gələrək sultana və böyük əmirlərə 1000 türk atı təqdim etdiyi məlumdur. Ramazanın oğluna dirlikdən başqa türkmən əmirliyi, məiyyətindəkilərə də təbilxana əmirlikləri verilmişdir. Ramazan oğlunun Qahirəyə gəlməsi və ona türkmən əmirliyinin verilmasi Ramazan bəyin bir qədər əvvəl vəfat etdiyini göstərir.
761-ci ildə (1360) Adana və Tarsus şəhərləri məmlüklər tərəfindən ermənilərdən alındı. 783-cü ildə (1381) Ramazan bəyin oğlu İbrahim bəy yalnız yürəgirlərin deyil, Çuxurovadakı bütün türkmənlərin başçısı kimi göstərilir. Onu iki il sonra Adana valisi kimi görürük. Beləliklə, Adana bölgəsini uzun bir zaman idarə edən Ramazan oğulları bəyliyi quruldu. Yürəgirlərin qışlaq yurdları, yuxarıda deyildiyi kimi, Adananın cənubunda Seyhan ilə Ceyhan irmaqları arasındakı yörə idi. Yaylaqlarının isə şimalda Qızıldağ və Üç qapılı yaylası olduğu məlumdur.
Yürəgirlərin şərqində, Ceyhan qəsəbəsinin yerləşdiyi yerdən şərqdəki Gavur dağlarına qədər uzanan torpaqlarda da kınıklar yaşayırdılar. İbrahim bəy Çuxurovadakı məmlük hakimiyyətinə son vermək, bu bölgəyə müstəqil hakim olmaq qayəsini güdürdü. Hələ 780-ci ildə (1378) qədim Misis-Payas yolu üzərindəki Dəmir qapıda (Qaranlıq qapı) pusqu quraraq, Təmür bay komandasındakı bir məmlük ordusunu darmadağın edən türkmənlərin başında onun durduğu məlum olur.
783-cü ildə (1381/1382) Hələb valisi olan Yel Buğa kınıklar ilə yürəgirlərin arasını vurmuş, hətta kınıkları yürəgirlərin üzərinə qaldıra bilmişdi. Lakin bundan gözlənilən nəticə çıxmadığı və İbrahim bəyin vəziyyətə hakim olduğu məlumdur. İbrahim bəy Qaraman oğlu Əlaəddnn Əli bəy ilə ittifaq bağlayaraq məmlüklərin Sis (Kozan) valisini də sıxışdırmağa başlamışdı. Buna görə Yel Buğa mühüm bir qüvvə ilə Çuxurovaya girdi. Bu əsnada İbrahim bəy bir uğursuzluq nəticəsində Sis valisinin əlinə düşdü. İbrahim bəyi, qardaşını və hətta anasını Sisdə öldürtdürən Yel Buğa geri qayıdarkən Sarıçamda yürəgirlərin basqınına məruz qaldı. Bu basqın nəticəsində məmlük ordusu dağıldı. Əsgərlərin bir qismi Ayasa qədər gedə bildi. Yel Buğa gözündən yaralanmışdı. Biri onu ölülər arasında tanıyaraq güc-bəla ilə Ayasa apardı. Məmlüklər Hələbə qayıtmaq üçün Dəmir qapıya çatanda yenidən türkmənlərin hücumuna məruz qaldılar. Hələbdən yardımçı qüvvələr tam zamanında yetişməsəydi, onlar türkmənlərin əlindən qurtara bilməyəcəkdilər1.
İbrahim bəydən sonra onun yerinə keçən Əhməd bəy dövründə (ölümü: 819-1417) yürəgirlər və Çuxurovadakı digər üç-ox boyları xoşbəxt bir həyat keçirdilər. Ondan sonra Çuxurovada məmlük hakimiyyəti möhkəm yerləşdi və bu, osmanlı dövrünə qədər sürdü. Yürəgir, kınık və özərli türkmənləri arasında əsasən XV əsrdən etibarən əkinçiliyin inkişafı gözə çarpır. Osmanlı hakimiyyəti (1517) başlandığı zaman yürəgir və kınıklar qəbilə təşkilatını itirmiş oldular. Yürəgir və kınık adları da artıq o zaman onların yaşadıqları yerləri ifadə edirdi. Kınık adı indi unudulsa da, yürəgir adı bu boyun Çuxurovdakı mühüm siyasi rolunun bir xatirəsi olaraq zamanımıza qədər gəlmişdir.
XVI əsrdə ancaq Hələb türkmənləri və dulqədirli ulusu arasında çox kiçik yürəgir oymaqlarına rast gəlmək olar. Bu xüsus, şübhəsiz, ən əvvəl yürəgirlərin bütün obalarının Çuxurovada yerləşməsi ilə əlaqədar olmalıdır. Hələb türkmənləri arasındakı yürəgir oymağı 29 nəfər olub, bu oymağın Sultan İbrahim dövründə Əzaza bağlı Qara körpü adlı kənddə yerləşmiş olduğu məlumdur. Bu Qara körpü kəndi Kilisin şərqində yerləşən eyniadlı kənd olacaqdır.
Dulqədirli ulusuna daxil olan digər yürəgir oymağının vergi ödəyən əhalisinin sayı isə 33-dür. Bu oymaq qışda Suriya çölündə, yazda isə Binboğada yaşayırdı1. Çox ehtimal ki, o, Hələb türkmənləri arasındakı oymağın bir qoludur.
21. İĞDİR
Tarixi və coğrafi mənbələrdə adı çəkilməyən boylardan biri də iqdirlərdir (iğdırlardır). Yer adlarına gəlincə, XVI əsrdə bu boya aid 43 kənd və əkinlik nəzəri cəlb etmişdir2. Bunlardan başqa, həmin əsrdə müxtəlif bölgələrdə olmaq üzrə bəzi iqdir oymaqları özünü göstərmişdir.
Dostları ilə paylaş: |