276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
2. Tarsus. Bu bölgədə yaşayan və qaynaqlarda varsaq adlanan türkmən oymaqları arasında mühüm bir dodurğa oymağı da vardı. Bu oymaq onu idarə etmiş Əsən bəyə nisbətlə əsənlü adını da daşıyır. Əsən bəyin qərargahı Tarsusun şimalındakı Əsənlü gözü idi. Dodurğalardan meydana gələn bu əsənlü boyu iki qola ayrılmış olub, bunlardan biri bozca-dodurğa, o biri ərtənə (ərdənə) adını daşıyır. Adları çəkilən Bozca və Ərtənə, şübhəsiz ki, Əsən bəyin oğullarıdır. Çuxurova bölgəsinə aid 925-ci il (1519) tarixli ən əski dəftərdə bu dodurğalar 34 obaya ayrılmışlar. Obalardan hər birinin öz əkin tarlası var. Bundan başqa, Uzamış və Quzu adlı kəndlər də onlarındır. Dəftərdə dodurğanın Beş aşıq və Davud obalarına mənsub bəzi şəxslərin «üləma və süləha» olması səbəbilə «əvarizi-divaniyyə və təkalifi-örfiyyədən» qədimdən azad olduqları qeyd olunmuşdur1.
3. Boz-ulus.
II Səlim dövrünə aid Boz-ulus dəftərinə görə2, buradakı dodurğalar 6 kiçik qola ayrılmış bir oymaqdır. Həmzə və qardaşı Əbdi Kətxudalar, Vəli və Şahin Kətxudalar tərəfindən idarə olunan dodurğa oymağının əslində dulqədirli elinə mənsub olduğu bilinir.
4. Ankara.
Ankara sancağına bağlı Xaymana tayfası3 arasında kiçik bir dodurğa oymağı var. Bu oymaq Qanuni dövründə eyniadlı bir kənddə yaşayırdı ki, həmin kənd indi də durur4. Bundan başqa, II Bəyazid dövründə Aksaray yörəsində də dodurğa adlı kiçik bir oymağa təsadüf olunurdu5. XIX əsrin əvvəllərində İranda oğuzların mənşəyi haqda yazılmiş bir risalədə dodurğalardan mühüm bir qismin Türkmən çölündə, yəni Xarəzm türkmənlərinin yurdunda yaşadığı qeyd edildikdən sonra onların çox zərif olmasa da, dözümlü və yaxşı qaçan cins atlara sahib olduqları bildirilir6. Ancaq Xarəzm türkmənləri arasında dodurğaların olmasını təsdiq edən başqa bir qeyd yoxdur.
8. YAPARLI
Kaşğarinin siyahısında olmayan bu boy Rəşidəddinin siyahısında yaparlı şəklindədir. Heç bir qaynaqda və təhrir dəftərində bu boya aid təşəkkül və yer adına təsadüf edilmir. Bu xüsus bəlkə də bu boyun öz adını dəyişdirmiş olması ilə izah edilə bilər.
Bu gün Anadoluda Çarıqlı adlı 5 kənd, Çarıqlar adlı başqa kəndlər də var. Bu kəndlərin Kaşğaridə rast gəlinən çarukluğ boyu ilə əlaqədar olub-olmaması barədə qəti bir şey söyləmək mümkün deyildir. Adana bölgəsindən Niydəyə köçərək orada yaşayan dündarlı oymağının obaları arasında vergi verən 9 nəfərlik çarıqlı adlı çox kiçik bir təşəkkül, Kütahyaya bağlı Şeyxlu qəzasında adı Çarıqlar şəklində yazılmış 142 nəfərlik (vergi verən) bir oymaq da vardı. XIX əsrdə Aydın sancağındakı Sobuca qəzasında çadırlarda yaşayan çarıq adlı bir oymağın da olduğunu bilirik. Onların çarıqluğ boyundan olma ehtimalı çox azdır.
9. ƏFŞAR (AVŞAR)
Əfşarlar XI əsrdən tarixdə mühüm rol oynamağa başlamış və öz adlarını zəmanəmizədək yaşatmış yeganə oğuz boyudur. Rəşidəddində əfşarlar hökmdar yetirmiş oğuz boylarından biri kimi xatırlanır. Bu hal əfşar boyunun oğuzların islamiyyətdən əvvəlki tarixində də əhəmiyyətli rol oynadığını göstərir.
XII əsrdə Xuzistanda əfşarlar 530-cu ildə (1135/1136) Xuzistanda qələbəlik bir türkmən icması yaşayırdı1. Əfşarların və salurların Dəşti-qıpçaqdan, yəni Sır-Dərya boyundan Xuzistana və Kuhi-Giluyəyə gəlmələri Vəssafın göstərdiyi2 tarixdən bir qədər əvvələ aid olmalıdır. Vəssafın qeydinə görə, əfşarların başçısı Arslan oğlu Yaqub idi. O, Xuzistan qəsəbəsində yaşayırdı. Salur bəyi Məvdud oğlu Sunqur isə Sultan Məsud ilə vuruşan Boz Aba öldürüldükdən sonra Farsa hakim olmuşdu. Yaqub bəy Farsı əldə etmək və ya Sunquru tabeliyi altına almaq üçün bir neçə dəfə salur bəyinin üstünə yürüsə də, məğlubiyyətə uğramışdır. Onun ölüm tarixi bilinmir, ancaq 547-ci ildən (1152-1153) əvvəl baş verdiyi şübhəsizdir. Yaqub bəydən sonra Xuzistandakı əfşarlara Şumlanın başçılıq etdiyini görürük. Şumla əfşar bəylərindən birinin adı deyil, ləqəbi idi. Bu sözün mənası və mənşəyi, məncə, məchuldur. Şumlanın əsil adı Ay-Doğdu, atasınınkı isə Küş-Doğan (Güc-Doğan) idi. Şumlanın Yaqub bəylə qohum olub-olmadığı da bilinmir. Deyəsən, Şumla onun dövründə Xuzistanın bir qismi ilə Luristanıı bəzi yerlərini idarə edirdi, Şumla əvvəlcə Sultan Məsudun axırıncı hacibi, yəni bəylərbəyisi Xas bəyin əmiri və yaxın adamlarından biri idi. Əgər qaynaqlardan biri bizi aldatmırsa, Xas bəyin tərəfdarı Zəngi Candar da türkmən idi. Birinci hissədə deyildiyi kimi, Xas bəy öz rəqibləri olan məmlük mənşəli əmirlərlə mübarizə aparmaq üçün özü kimi türkmən bəylərini başına yığma qayəsini daşıyırdı. Xas bəy 547-ci ildə (1152) Sultan Məhəmməd tərəfindən hiylə ilə öldürüldüyü zaman Şumla öz zəkası sayəsində canını qurtara bilmişdi. O bu hadisədən sonra Xuzistana gəldi. O vaxt bura artıq səlcuqlu Məlikşah ibn Məhəmmədin əlinə keçmişdi. Şumla Xuzistana gələr-gəlməz dərhal fəaliyyətə başladı, xırda Luristan əmirlərini özünə tabe etdi3. Həmin dövrdə Bağdaddakı abbasi xəlifəliyi də vəziyyətdən istifadə edərək öz torpaqlarını genişləndirməyə çalışırdı. Xəlifə zəif bir şəxsiyyət olan Məlikşahın əlindən Xuzistanı almaq üçün 550-ci ildə (1155) buraya bir ordu göndərsə də, Şumla öz əsgərlərini yeridərək onun qoşunlarını məğlubiyyətə uğratdı, sərkərdələrini isə əsir aldı (rəcəb-sentyabr). Lakin Şumla onları Bağdada göndərərək xəlifədən üzr istədi, bir qədər sonra isə Məlikşahı qovaraq, Xuzistanın müstəqil hakimi oldu1. 551-ci ildə (1156) səlcuqlu hökmdarı Sultan Məhəmməd xəlifəyə öz hakimiyyətini tanıtmaq üçün Bağdadı mühasirəyə aldığı zaman xəlifənin təhriki ilə Azərbaycan hakimi Eldəniz və digər bəzi əmirlər Məlikşahı sultan elan etmiş və paytaxt Həmədan ələ keçirilmişdi. Şumla da Məlikşahın tərəfdarı kimi Həmədəna gəlmişdi2. Bir il sonra Şumla xəlifənin əmirlərindən Kaymazı məğlub edərək əsir aldığı və Sultan Məhəmmədə göndərdiyi üçün xəlifə onun üzərinə böyük bir ordu yollamış, ancaq əfşar bəyi bir kənara çəkilərək ordu ilə vuruşmamışdı3.
554-cü ildə (1159) ölkəsi əldən gedən Məlikşah məiyyətində həmədanlı Sunqur və Kovdan kimi böyük əmirlər olduğu halda Xuzistana girdi. Şumla onun qarşısına çıxsa da, məğlub oldu və bir qalaya sığınıb gizləndi. Xorasanı alan Məlikşah Farsı da işğal etmək üçün hərəkətə keçdi4. Nəticədə Şumla kimi Fars hakimi Zəngi də Məlikşahı süzeren tanıyaraq hər ikisi onun yaxın əmirlərinə çevrildi. Hətta həmin il (554) Sultan Məhəmməd öldükdə bəzi məliklər səlcuqlu taxtında əyləşmək üçün məhz Məlikşahı dəvət elədilər. Məlikşah bu məqsədlə yanında Şumla və Zəngi olduğu halda İsfahana gəldi. Burada başqa əmirlərin də ona qoşulması ilə qüdrəti artan Məlikşah xəlifədən öz adına xütbə oxunmasını xahiş etdi. Ancaq bir müddət sonra o, zəhərlənərək öldü. Onun zəhərlənməsində xəlifənin əli olduğu ehtimal edilsə də, gərək ki bu, doğru deyil5. 555-ci ildə səlcuqlu taxtına Arslan şah çıxdı. Ancaq bütün iqtidar onu taxta çıxaran Eldənizin əlində idi. Əvvəlcə Rey hakimi olan əmir İnanc bu işə narazılığını bildirdi və çox keçmədən bir sui-qəsd nəticəsində ortadan götürüldü.
Şumla Fars hakimi Zəngi kimi Arslan şaha tabe olduğunu bildirdi və Məlikşahın oğlunun atabəyi oldu. 561-ci ildə (1166) Şumlanın qardaşı oğlu, yəni Şənka oğlu qudası – Bəsrə valisi Məngü-barsın xəlifə tərəfindən öldürüldüyünə hirslənərək həm Bəsrəni, həm də Vasit tərəflərini yağmaladı. Buna cavab olaraq xəlifənin Vasit valisi Hutlu-bars qoşun toplayaraq Şənka oğluna qarşı çıxsa da vuruşmada məğlubiyyətə uğrayıb öldürüldü1. Həmin il Şumla da hərəkətə keçərək Bağdadın ətrafındakı əl-Mahkiyə gəldi və xəlifədən xeyli torpaq tələbində bulundu. Şumla xəlifəyə Vasit və Bəsrənin Sultan Arslan şah tərəfindən Məlikşahın oğluna iqta olaraq verildiyini və özünün həmin şahzadənin atabəyi sifətilə hərəkətə keçdiyini bildirdi. Ancaq qardaşı oğlu Qılıncın xəlifə ordusu ilə vuruşmada məğlub olduğunu və əsir düşdüyünü öyrənən Şumla Xuzistana qayıtdı2.
564-cü ildə (1169) Fars hakimi salqurlu Zənginin əsgərləri Şumlanı Farsa dəvət etdilər. Bunun səbəbi Zənginin əsgərlərə qarşı pis rəftarı idi. Farsa gələn Şumla vuruşmada əsgərlərinin xəyanətinə uğrayan Zəngini asanlıqla məğlub etdi. Zəngi Şabankarə kürdlərinə sığındı. Onlar Zəngiyə əsil qonaqsevərlik göstərdilər. Şumlaya gəlincə, onun xalqa qarşı pis rəftarı bir yana, üstəlik, qardaşı oğlu Şənka oğlu da ölkəni yağmalamışdı. Buna görə də əsgərlər onu çağırdıqlarına çox peşman olmuşdular. Nəticədə Zəngi Şabankarədən gələrək öz ölkəsinə asanlıqla hakim oldu3. Çox gözəl bir fürsəti əlindən qaçıran Şumla isə Xuzistana qayıtdı. Şumla təkcə Xuzistanı deyil, ona qonşu olan Əhvaz bölgəsini də əlində tuturdu. Ancaq o bunlarla kifayətlənmir, Nihavəndi də ölkəsinə qatmaq istəyirdi. Bu məqsədlə atabəy Eldənizdən dəfələrlə böyük məbləğ əvəzində Nihavəndi istəsə də, məqsədinə nail ola bilməmişdi. Ancaq 571-ci ildə (1175) Eldəniz öldükdə bunu gözəl bir fürsət hesab edən Şumla qardaşı oğlu Şənka oğlunu göndərərək şəhəri ələ keçirdi4. Bir il sonra Şənka oğlu Bağdada bağlı əl-Mahki yörəsində bir qala tikdirməyə girişmişdi. Ancaq xəlifənin göndərdiyi qoşunla müharibədə öldürüldü və başı Bağdada götürüldü5. İgid bir savaşçı olan Şənka oğlunun ölümü Şumlanı qüvvətli bir köməkçidən məhrum etmişdi. Əslində bundan sonra özü də çox yaşamadı; 571-ci ildə tabeliyi altında olmayan bir türkmən elatının üstünə hücum etdi və heç gözləmədiyi halda atabəy Pəhləvanın ordusu ilə qarşılaşdı. Sən demə, onun məqsədini sezmiş türkmənlər atabəydən kömək istəmiş, bəzi səbəblər üzündən əfşar bəyini sevməyən Pəhləvan da bir ordu göndəribmiş. Vuruşma zamanı Şumla atılan bir oxla ağır yaralanıb əsir alındı. Qardaşı və qardaşı oğlu da əsir düşmüşdülər. Özü isə iki gün sonra aldığı yaradan öldü6.
Əmir Şumla cəsur, zəki və ağıllı bir şəxsiyyət idi. Sırf bu məziyyətləri sayəsində Xuzistanı və bəzi qonşu yörələri əhatə edən bir bəylik qurmuşdu. Şumlanın yerinə oğullarından biri - Şərəfəddin Əmiran keçdi. Səlcuqlu hökmdarı Arslan şah 572-ci ildə (1177) öldükdən sonra onun qardaşı (o, Xuzistanda Şumlanın oğlu Şərafəddin Əmiranın yanında idi) Məhəmməd səltənəti ələ keçirmək məqsədilə Şumlanın oğlunun tövsiyəsinə uyaraq İsfahana gəldi. Orada Kaymaz oğlu Kavşut və bəzi əmirlər Məhəmmədin ətrafına yığışdılar. Ancaq Pəhləvan sürətlə özünü yetirib onu məğlubiyyətə uğratdı. Məhəmməd Xuzistana qaçsa da, Şumlanın oğlu Pəhləvandan qorxduğu üçün onu öz ölkəsinə buraxmadı. Məhəmməd məcburən Vasit tərəflərə getdi1. Bu əhvalatdan sonra əsərlərdə uzun müddət Şumlanın oğulları haqda hər hansı bir qeydə təsadüf edilmir. Zənnimizcə, Şərafəddin Əmiranın bizə məlum olmayan bir tarixdə ölümündən sonra qardaşı Müzəffərəddin Sü-Sıyan onun yerinə keçmişdir. Sü-Sıyan özü 590-cı ildə (1194) öldükdə oğulları arasına münaqişə düşdü. Onlardan biri Bağdad xəlifəsindən kömək istədi. İllərdən bəri Xuzistanı ələ keçirməyi arzulayan abbasi xəlifəsi ən-Nasir li-dinillah vəziri ibn ül-Qəssabın sərkərdəliyi altında bir ordu göndərdi. İbn ül-Qəssab 591-ci ilin məhərrəm ayında (dekabr, 1194) Xuzistanın paytaxtı Tüstəri (Şüstər) və bir çox qalaları zəbt etdikdən sonra Şumlanın ailəsini yığıb Bağdada apardı. Beləliklə, Xuzistanda əfşar Şumla və oğullarının hakimiyyəti sona yetdi, ölkə isə xəlifənin torpaqları sırasına qarışdı.
Əldəki məlumata görə Şumla və oğullarının şəcərəsi bu şəkildədir: