3. Qoç-hisar.
İç-el bölgəsindəki çox yayılmış boylardan biri olmaqla Silifkə bölgəsində yaşayan böyük boz-doğan boyunun bir qolu Orta Anadoludakı Qoç-hisar bölgəsində yurd salmışdır. II Bəyazid dövründə bu boz-doğan qolunun obaları arasında 93 nəfərlik vergi verən bir iğdir təşəkkülü görünməkdədir. Bu keyfiyyət boz-doğan təşəkkülünun iğdir boyuna mənsub olduğunu göstərə bilər. İç-el bölgəsində də hər iki təşəkkülün yan-yana yaşaması bunu təsdiq edir2.
4. Təkə sancağı.
XVI əsrdə bu sancağın Qara hisar qəzasında 272 nəfərlik bir iğdir oymağı yaşayırdı. Eyni sancaqda bir yörə və 6 kənd də bu boyun adını daşıyırdı. Əsasən bu yer adları iğdirlərin Təkə sancağında qələbəlik bir şəkildə yerləşmiş olduğunu ifadə edir. Yazıçıoğlu Əli3 Antalyanın Qiyasəddnn Keyxosrov tərəfindən fəthini təsvir edərkən «o məmləkətin çölləri və bişələri iğdirdən yörük evi ilə doldu» deyir ki, bu söz müəllifin zamanında iğdirlərin Təkədə qələbəlik bir halda yaşadıqlarını göstərməsi baxımından dəyərlidir.
5. Hamid sancağı.
Bu sancağın Əyridir qəzasındakı yörüklər arasında həmin boya aid bir oymaq vardır ki, onun vergi mükələfiyyətli əhalisi 72 nəfərdir.
6. Məntəşə.
Məntəşə sancağında yaşayan iğdir oymağı bu sancaqdakı böyük təşəkküllərdən biri olan xorzumlu obaları arasındadır. İğdir İsa kimi bir ad daşıyan bu obanın Qanuni dövründə 99 nəfər əhalisi (vergi verən) var idi4.
7. Atçəkən.
II Bəyazid dövründə Aksaray bölgəsindəki təşəkküllər arasında bu adda 5 nəfərlik çox kiçik bir oymaq vardır.
8. İran.
Farsdakı qaşqay adlı böyük türk icması arasında 500 evlik bir iğdir oymağı vardır1.
9. Xəzərarxası türkmənləri.
İğdir boyundan mühüm bir qol da qədimdən bəri eymür, döyər, çavuldur, karkın və salur boyuna aid qollarla birlikdə Manqışlaq yarımadasında yaşayırdı2. XIX əsrin ikinci yarısında bu iğdirlər çavdura (çavuldur, çavundur) tabe olaraq çavdurların digər obaları kimi Aral ilə Xəzər dənizi arasındakı bölgədə yaşayırdılar3. Hazırda köklən türkmənləri arasındakı 150 evlik Çarvar İğdir adlı obanın4 bu iğdirlərin cənuba köç etmiş bir qismi olduğu şübhəsizdir.
Manqışlaqdakı iğdirlərdən bir bölüyünün də çavuldur və soynaçılara aid bölüklərlə bərabər XVIII əsrdə Şimali Qafqaza köç etdiklərindən və sonra bunların Stavropol türkmənləri adı ilə yad edildiklərindən daha əvvəl bəhs olunmuşdu.
22. BÜĞDÜZ
Rəşidəddindəki fəsildə bu boya mənsub Quzuçu adlı bir bəydən bəhs edilir. Orada Quzuçunun son oğuz yabğusu Əli xanın oğlu Şah Məlikin atabəyi kimi adı çəkilir5. Dədə Qorqud dastanlarındakı «bıyığı qanlı» kimi təsvir edilən Əmən bəy də büğdüzdən göstərilir. Bunlar büğdüz boyunun oğuzların islamdan əvvəlki tarixlərində və islam dinini qəbul etdikdən sonrakı dövrün ilk zamanlarında dastanlarda əks-səda doğuracaq dərəcədə bir rol oynadığını göstərir.
Büğdüzlərə aid Anadoluda 22 yer adı qeydə alınmışdır6. Buna görə büğdüzlər Rəşidəddinin siyahısında olduğu kimi, bizim bu yer adları cədvəlində də son yerlərdə (17) dayanır. Bununla bərabər, bu yer adları büğdüzlərin də Anadolunun fəthi və məskunlaşdırılmasında digər qardaş boylarla yanaşı olduqca mühüm bir rol oynadıqlarını göstərir. Lakin həmin boya aid XVI əsrdə ancaq kiçik bir büğdüz oymağı mövcuddur. Hələb türkmənləri arasında görünən bu büğdüz oymağı 65 vergi evi qədərdir. Dəftərdə bu büğdüzlərin Hama tərəflərində yaşadıqları yazılmışdır1. XVI əsrdəki bu 22 büğdüz yer adından bu gün ancaq üçü qalmışdır2.
23. YIVA
Səlcuqlular dövründə adı tez-tez çəkilən boylardan biri də yıvalardır. Kaşğari3 bu boyun adının iva, yava, yıva, yafa və avva kimi deyilmə şəklini təsbit etmişdir. XII əsrdə onlardan əl-ivaiyyə və ya iva şəklində bəhs edilir. Təhrir dəftərdərində isə iva və yıva imlaları özünü göstərir.
Səlcuqlular dövründə yıvalar
1. Bərçəm oğulları.
Yıvalara aid ən qədim məlumat 553-cü ildən (1158) başlayır. Yıvalar bu tarixdə Həmədanın qərbində yaşayırdılar. Hakimiyyətləri altında olan yer İranda Kürdüstan deyilən bölgəni əhatə edirdi. Yıvalar bu bölgədə çox qələbəlik halda yaşayırdılar. Hətta Mosul atabəyi İmadəddin Zəngi onların bir bölüyünü Suriyaya gətirərək, Hələb bölgəsinə yerləşdirmişdi.
Yavların Sır-Dərya boylarından İrana əfşar və salğurlarla birlikdə 1130-cu illərdə gəldikləri əsaslı bir ehtimalla deyilə bilər. 553-cü ildə (1158) İva Bərçəmə mənsub türkmənlərin Cəbəl (Kürdüstan bölgəsi) bölgəsində çapqınçılıq fəaliyyətlərini artırdıqlarına görə Bağdad xələfə höküməti Məngü-Barsın komandanlığı altında onların üzərinə böyük bir qüvvə göndərmişdi. Məngü-Bars türkmənlərə ağır bir zərbə vurmuş, darmadağın olan türkmənlərin kəsilmiş başları və aldığı əsirlərlə Bağdada qayıtmışdır4. 568-ci ildə (1172) Bərçəm tabeliyindəki türkmənlər ilə Həmədan bölgəsinə axın edərək, Dinəvəri yağmalamışdı. Bunu Naxçıvanda eşidən Eldəniz süvari qoşunla sürətlə Bərçəmin üzərinə yürüş edərək onu Bağdad yaxınlığına qədər qovmuşdu. Hətta Eldənizin Bağdad yaxınlığına qədər gəlməsi onun Bağdada girəcəyi ehtimalını oyandırdığından xəlifə bir yandan əsgər toplamağa, digər yandan da qala divarlarını möhkəmlətməyə başladı. Lakin Eldəniz xəlifədən üzr istədi, məqsədinin yalnız Bərçəmi öz ölkəsində yağmalarda bulunmaqdan vaz keçirmək olduğunu söylədi5. Belə görünür ki, Bərçəm xəlifəni öz süzereni hesab edirdi. Oğullarının da bunu sədaqətlə davam etdirdiklərini görürük. Hətta Bərçəmin bu hərəkətə xəlifənin gizli əmri ilə başlaması fərziyyəsi də vardır.
583-cü ildə (1187) son səlcuqlu sultanı Toğrul ilə xəlifənin vəziri Cəlaləddin ibn Yunis arasında Həmədan yaxınlığında başlanan döyüşdə yıvalar da xəlifə ordusu səflərində yer tutmuşdu. Ravəndiyə görə1 döyüş zamanı səlcuqlu ordusunun sol cinahını təşkil edən Ay-Aba komandanlığındakı atabəy əsgərləri (yəni Pəhləvanın məmlükləri) məğlubiyyətə uğrayaraq qaçmışdılar, yıvalar onları təqib edib qovmağa başlamışdı. Ancaq atabəyin əsgərləri sursatları atmaqla türkmənlərin təqibnndən yaxa qurtarmışlar. Türkmənlərin əsil məqsədləri də elə qənimət (doyumluq) əldə etmək idi. Qaçanların sursatlarını əllərinə keçirən kimi türkmənlər döyüş meydanına qayıtmadan öz ölkələrinə yollandılar. Halbuki döyüş Sultan Toğrulun qələbəsi ilə başa çatmışdı. Bu döyuşdə yıvaların başında Bərçəmin oğlu Mahmud dururdu2.
İraq səlcuqlu sultanlığına son qoyan Xarəzmşah Təkiş İraqi-Əcəmdəki bəzi yörələri səlcuqlu əmirlərinə vermişdi. Bunlar xəlifənin təhriki ilə çox keçmədən xarəzmşaha qarşı üsyan etsələr də, xarəzmşahın oğlu Rey valisi Yunus xan tərəfindən darmadağın edildilər. Bu məğlubiyyətdən qaçıb qurtulan əmirlər yıva bəyinə sığındılar3. Bu münasibətlə Ravəndi4 yıva bəyini məlik (kral) kəlməsi ilə vəsf edir. Bu hadisədən sonra xəlifənin qoşunu ilə Xarəzmşah Təkişin Həmədan valisi Mayacığın ordusu arasında baş verən və Bağdad qüvvələrinin məğlubiyyəti ilə qurtaran döyüşdə yıvaların da xəlifə ordusu səflərində olduqlarını bilirik5.
Bərçəm oğlu Mahmuddan sonra yıvaların başına Fəxrəddin İbrahimin keçdiyi məlum olur. 593-cü ildə (1196) atabəy Özbəyin adından Həmədanda valilik edən Nurəddin Göyçə yıva bəyliyini ortadan qaldırmağı düşünərək bu bəyliyin torpaqlarına talançı hücumlar təşkil etməyə başlamışdı. Fəqət Göyçə yıva bəyinin mübarizəyə hazır olduğunu bildiyindən Həmədana dönməyə məcbur oldu6.
Fəxrəddin İbrahimdən sonra Şəhabəddin Süleyman şah yıva bəyi olmuşdur. O, yıvaların ən məşhur əmiridir. Süleyman şah 610-cu ildən (1213) əvvəl aydın olmayan bir səbəbə görə xəlifə ən-Nasir li-dinillah tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı, yerinə qardaşı keçirildi7. Lakin bunun həqiqətən yerinə yetirilib yetirilmədiyi aydın deyil.
Cəlaləddin Xarəzmşah 621-ci ildə (1224) xəlifənin ölkəsinə səfərdən qayıdan baş Həmədan yaxınlığındakı Bahar qalasında olan Süleyman şahın yanına getmiş və orada onun bacısı ilə evlənmişdi1. Süleyman şah Bağdad xəlifəsini öz ağası tanıdığı kimi, Cəlaləddinin hakimiyyətinə də tabe olacağını bildirmişdi2. «Tarixi-güzidə»dəki Luristan məliklərinə aid fəsildə Süleyman şaha dair bəzi məlumatlar da müşahidə edilir. Bunlara görə, kiçik lur əmiri Şərafəddin Əbu Bəkr Süleyman şahın Məlikə xatun adlı bacısı ilə evlənmişdi3. Bu lur əmirinin ölümündən sonra yerinə keçən qardaşı İzzəddin Məlikə xatun ilə evlənmiş və ondan iki oğlu olmuşdur. Lakin İzzəddin öz əmisi oğlu Hüsaməddin Xəlil tərəfindən öldürüldüyünə görə İzzəddinin kiçik yaşlı oğulları dayılarının yanına qaçdılar4. Bundan sonra Süleyman şah ilə yeni lur əmiri arasında fasiləsiz mübarizə başlandı. Baş verən bir çox çarpışmalardan sonra Şapur ovasındakı bir vuruşmada lur ordusu məğlub oldu və Hüsaməddin Xəlil də öldürüldü (1246).
Süleyman şah düşməni olan Hüsaməddin Xəlilin ölümünə kədərlənmiş və onun haqqında o vaxt bir rübai demişdir5.
Süleyman şah xəlifə hökumətinə səmimi bir şəkildə bağlı idi. Qonşu lur əmirləri, Farsdakı səlcuqlular, Mosul hökmdarı Hülaküyə tabe olduqları zaman da, Süleyman şah xəlifədən ayrılmadı. Hətta 1258-ci ildə monqollar Bağdadı mühasirəyə alanda şəhəri müdafiə edənlərdən biri də Süleyman şah idi. Bağdadın süqutundan sonra Süleyman şah da xəlifə və digər türk komandanları ilə birlikdə şəhid edildi6. Bu vaxt o xeyli yaşlı idi. Həmdullah Müstövfiyə görə7, Hülakünün Bağdad səfərinə qoşulan lur əmiri Bədrəddin Məsud Süleyman şahın öldürülməməsini Hülaküdən rica etsə də, xahişi qəbul olunmamışdır. Bununla bərabər Süleyman şahın ailəsini və məiyyətini himayə etməyə müvəffəq olan lur əmiri onları Luristana götürmüşdür. Onların bir qismi ara sakitləşəndən sonra Bağdada qayıtmışdılar.
Süleyman şahın olduqca mədəni bir insan olduğu məlum olur. Yuxarıda onun bir rübaisindən bəhs edilmişdi. Həmdullah Müstövfi8 Süleyman şahın məddahı olan bir şairdən də bəhs edir. Rəşidəddin isə yıva bəyinin nücum elminə vaqif olduğunu bildirir9.
Yenə Həmdullah Müstövfiyə görə3, Süleyman şah zamanında 15 idarə yörəsinə ayrılan Kürdüstanın gəliri 200 tümənə yaxın idi. Halbuki müəllifin zamanında həmin bölgədən ancaq 20 tümən 1500 dinar əldə edilirdi. Bu müqayisə Süleyman şah zamanında Kürdüstan vilayətinin necə varlı olduğunu açıq bir şəkildə göstərir.
Süleyman şaha tabe olan yıvaların aqibəti haqqında məlumatımız yoxdur. Minorski4 qaraqoyunlu ulusuna mənsub baharlı oymağının öz adını Süleyman şahın yaşadığı Bahar qalasından aldığını qəbul edərək qaraqoyunluları yıvaların nəsli hesab edir.
2. Urmiya yıvları.
XII əsrin ilk rübündə qələbəlik bir yıva icmasının da Urmiya yörəsində yaşadığı məlumdur. Böyük ehtimala görə, onlar monqol istilası nəticəsində buraya gəlmiş Süleyman şah yıvalarının ayrı bir qoludur. Qələbəlik olan bu yıvaların 10.000 atlısı vardı. Məhəmməd Nəsəviyə görə5, onlar Sultan Cəlaləddini heçə sayaraq, yollarda vahimə yaradır və hüdud ölkələrinə basqınlar edirdilər. Bu səbəbə görə Cəlaləddin Axlatdan dönərək bunların üzərinə yürüş etdi. Yıvalardan bir çoxları öldürüldü və xeyli qənimət əldə edildi. Qoyun sürülərindən ibarət olan və Muğana aparılan bu qənimətin xəzinəyə aid olan qismi 30.000 dinar qiymətində idi6.
Bu hadisədən 623-cü ildə (1226) bəhs edən ibn ül-Əsir7 yıvaların talançılıq fəaliyyətinə dair geniş məlumat vermişdir: Uşnu və Urmiya şəhərləri yıvaların əlində idi, üstəlik onlar Xoy şəhərindən də xərac alırdılar. Yıvalar Cəlaləddinin əvvəlcə gürcülərlə, sonra da Axlatın zəbt edilməsi ilə məşğul olmasını fürsət sayıb, ticarət karvanlarını soymaqla yolların sakitliyini pozmuşdular. Bu arada Təbriz tacirlərinin Ərzrumdan Təbrizə gətirdikləri 20 min qoyunu da Təbriz yaxınlığında ələ keçirib götürmüşdülər.Yıvaların belə hərəkətlərinin artdığını görən Cəlaləddin son səlcuqlu sultanı Toğrulun qızı olan arvadının xahişi ilə Axlatın mühasirəsindən əl çəkib yıvaların üzərinə yürüş etdi.
Yıvalar Cəlaləddinin Axlatdan əl çəkməyəcəyinə əmin olduqları üçün sərt dağlara çəkilməyərək öz yurdlarında qayğısız yaşayırdılar. Məhz belə bir şəraitdə Cəlaləddin onları çəmbərə saldı, çoxunu öldürdü, arvad-uşaqlarını əsir etdi, mal-qaralarının əksəriyyətini əlinə keçirdi1. Bu hadisədən 6 il sonra monqolların gəlməsi ilə əlaqədar onlar da Azərbaycandakı türkmənlər kimi Qərbə getməyə başladılar.
3. Yaruqlular.
Ağ Sunqur oğlu Zəngi Mosuldan sonra Hələbə hakim oldu. O, səlibçilərlə mübarizəyə girişəndə İran Kürdüstanındakı yıvaların bir bölüyünə Hələb bölgəsində yurd verdi və onları səlibçilərlə döyüşməyə çağırdı, tutacaqları torpaqları özlərinə verəcəyini vəd etdi. Bu vaxt yıvaların başçısı Yaruq adlı bir bəy idi. Onlar səlibçilərlə vuruşdular və xeyli torpaq ələ keçirə bildilər. Bu yıvalar və Yaruqun oğulları yaruqlu (yaruqiyyə) adlanmağa başladılar. Yaruq 564-cü ildə (1168) öldü.
Yaruqdan sonra oğulları Eynüddövlə və Bədrəddin Doldurum fəaliyyətə başladılar. Eynüddövlə Şir-Kuhun həmin ildəki (564-1169) sonuncu Misir səfərində iştirak etmişdir. Şir-Kuh orada öldükdən sonra ordunun komandanlığını qardaşı oğlu Səlahəddin öz üzərinə götürdü. Lakin Eynüddövlə Səlahəddinə heç bir vaxt tabe olmayacağını bildirərək Nurəddinin yanına qayıtdı2. Bədrəddin Dolduruma gəlincə, onu Təll-Başir və Təll-Xalid hakimi olaraq tanıyırıq.
Bədrəddin Doldurum Səlahəddin Əyyubinin məşhur döyüşlərində iştirak edərək böyük igidliklər göstərmişdir. O, igid və yüksək əxlaqa malik bir bəy idi. Doldurumdan sonra oğulları səlcuqlu hökmdarı İzzəddin Keykavusun 1218-ci ildəki Suriya səfərinə qədər Təll-Başiri və Təll-Xalidi əllərində saxlamışdılar ki, bu barədə daha əvvəl bəhs edilmişdir.
Osmanlı dövründə yıvalar
Səlcuqlular dövründə (XIII əsrdə) Anadoluda yıvaların yaşadıqlarına dair ibn Bibidə bir qeydə rast gəlirik. Bu qeydə görə3, Rüknəddin Qılıc Arslanın böyük qardaşı II İzzəddin Keykavusa qarşı səltənət davasına başladığı üçün vəzir Qazi İzzəddin xəzinədə olan pulları sərf edərək, əsgər toplamağa başlamış və qısa bir zamanda ərəb, qürbət (?), iva, gəncə, kürd və qıpçaqdan (qıbcaq) əsgər yığmışdır. Bu yıvaların Urmiyadan Anadoluya gələn yıvalar olması mümkündür.
XVI əsrdə yıvalara aid 20 yer adına rast gəlmək olar4.Bu dövrdə istər yer adları, istərsə də oymaqlar ərəbcə «yıvə» və «yıva» şəklində yazılmışdır. Bu kəlmələri yuva şəklində oxumaq da mümkündür. Ancaq yer və oymaq adlarının «yuvalı» kimi oxunmasına şübhə etməyin yerində olduğunu söyləməliyik. Osmanlı dövründə adı ərəb hərflərilə həm yıvə, yıza, həm də yuvalu şəklində yazılan bəzi oymaqlar vardır ki, bunların ən başlıcalarından aşağıda bəhs edəcəyik.
1. Hələb türkmənləri.
Bu türkmən icması arasında xeyl-yıva şəklində yazılan bir oymaq adı nəzərə çarpır. Burdakı ilk kəlmənin əsli və mənası bizcə, məchuldur. Bu kəlmənin ərəb dilində atlar və atlı mənasını daşıyan xeyli sözü olub-olmadığını bilmirik. Qanuninin ilk hökmdarlıq illərində bu yıva oymağı Əmət Kətxudanın əmrində olub, 200 çadırdan ibarət idi. II Səlim dövründə əhalisi xeyli artan yıva oymağı beş qola ayrılmışdı. Bu qollardan birinin yağmur və yellicə adlı əkinliklərdə yerləşdiyi nəzərə çarpır. XVII əsrin ortalarına doğru bu yıvalardan ancaq 150 çadırlıq bir qol əvvəlki yaşayışını davam etdirirdi1.
2. Dulqədirli.
XVI əsrdə bu icma arasında da yıvalı (yaxud yuvalı) adlı bir oymaq var idi. Bu oymaq Durmuş Hacılu, dərkeç, əsəncəlu, yaxşı-xanlu, süfyanlu və yıvalu adlı obalara ayrılmışdı. Bu obalardan bəziləri cənubda, Gündüzlü və Kınık qəzalarındakı qışlaqlarında əkinçiliklə məşğul olurdu. II Səlim dövründən etibarən bu oymaqlardan qara-yıvalı (və ya yuvalı) adı altında bəhs edilir2. Dulqədirli ulusu arasında yıva adlı 35 vergi evlik ayrı bir oymaq görünməkdədir.
3. Yeni-el.
Yeni-eldə 156 nəfərlik (vergi verən) yıva adlı bir oymağa rast gəlinir. Bu oymağın dulqədirli ulusu arasındakı yıvaların bir qolu olması tam şübhəsizdir3.
4. Kayseri.
Kayseri çevrəsində yaşayan türkmən oymaqlarından biri də yıvalı (və ya yuvalı) adlı 183 nəfərlik oymaqdır. Bundan başqa, Ürgüp ətraflarında da yıva adlı bir oymaq yaşamaqda idi. I Səlim dövründə bu oymaq üç qola ayrılmışdı. Bunlardan 46 nəfərlik birinci qol qışlaq, 48 nəfərlik ikinci qol qara yıvalı (yaxud yuvalı), 41 nəfərlik üçüncü qol isə ağ ishaqlı tarlasında əkinçiliklə məşğul olmaqdadır4.
5. Tarsus.
Bu yörədə II Səlim dövründə yıva adlı iki qola ayrılmış (birincisi 31, digəri II vergi evi) bir oymaq yaşayırdı5.
6. İç-el.
Bəyazid dövründə İç-eldəki böyük icmalardan biri də yıva oymağı idi. Bu oymaq İç-eldəki digər bir çox icmalar kimi, tamamilə kəndlərdə yerləşməklə bərabər oymaq təşkilatını mühafizə edirdi. Bu oymağın adı bəzən yıvalı şəklində də yazılır. İç-el yıvalarının böyük yıva və kiçik yıva olmaqla iki böyük qola ayrıldığı nəzərə çarpır. Böyük yıva qolu qədim Gülnar ilə Anamur arasındakı Ağsaz adlı yerədə toplu halda yerləşmişdir. Kiçik yıva qolu da yenə toplu halda Anamurun cənub və qərbindəki torpaqlarda yurd salmışdır. Bu ikinci qola mənsub bəzi oymaqlar Anamur qəsəbəsində də yerləşmişlər. Ayrıca Böyük Yıva və Kiçik Yıva adlı iki kənd var idi, bu kəndlərin hər ikisi də Kiçik Yıva torpağında yerləşmişdi. Deyəsən, bu kəndlər qolların başında duran ailələrin yaşadıqları yerlərdir. II Bəyazid dövründə Böyük Yıva qoluna aid qırxa qədər kənd göstərilir ki, bunların bir qismi öz adlarını zamanımıza qədər mühafizə etmişdir.
Kiçik yıvalar isə Anamur qəsəbəsindən başqa 14 kənddə yerləşmişdilər. II Bəyazid dövründə İç-el bölgəsindəki başlıca oymaqların daşıdıqları adlar bu oymaqların başında duran ailələrin adları idi: boz-doğan oğulları, turqut oğulları, xoca yunus oğulları, iğdir oğulları, bəydili oğulları və nəhayət, yıva oğulları. Yıva oğullarından adları çəkilən şəxslər bunlardır: Hüseyn bəy, Əli bəy, Məhməd bəy, Əlaəddin bəy və Paşa bəy. Bunlardan Hüseyn bəy Böyük Yıva kəndində bir cami tikdirmiş və bunun üçün də bir vəqf təsis etmişdir. Əli bəyin Qızılca kəndində bir məscidi olduğunu bilirik. Paşa bəy isə Qazançılar kəndində Əxi Seyyidi adlı bir şeyxin namına bir zaviyə tikdirmişdi. Əlaəddin və Məhməd adlı yıva bəyləri də II Bəyazid dövründə timar sahibi idilər. Pirəli adlı bir adamın da Yıva oğullarının atadan-babadan (əbən an cədd) kəndxudası olduğu üçün əvarizi-divaniyyə və təkalifi-örfiyyədən azad olduğunu da bilirik2.
7. İran yıvaları.
İranda monqol istilasından sonra bu adda böyük bir oymaq nəzərə çarpmır. Ancaq səfəvi dövründəki qacar boyunun obaları arasında yıva adlı bir oba müşahidə edilir. Qacar boyunun əslində Anadoludan (Boz-ox bölgəsindən) olduğu daha əvvəl bir neçə dəfə deyilmişdir. XVI əsrin sonlarında İmamqulu xan kimi məşhur qacar bəylərinin qacarın yıva obasına mənsub olduğunu bilirik3.
24. KINIK
Kınıklar, biliidiyi kimi, səlcuqlu xanədanının çıxdığı boydur. Halbuki bu boy oğuz boylarının islamiyyətdən əvvəlki siyasi və ictimai mövqelərinə görə Rəşidəddinin siyahısından axırıncı yerdə dayanır.
Kınıklar bizim yer adları cədvəlində 81 kənd ilə kayı və əfşardan sonra üçüncü sırada yer almışdır1. Bu yer adlarından çox mühüm bir qisminin Anadolunun fəthində iştirak etmiş kınıklara aid olduğu şübhəsizdir. Lakin bu boyun tarixi səlcuqlu xanədanını yaratmaq və Anadolunun fəthində böyük bir rol oynamaqla sona yetməmişdir. XIII əsrdə Suriyadakı qələbəlik türkmən icması arasında yenə bu boydan əhəmiyyətli bir qolun olduğu gözə çarpır. Həqiqətən, bu türkmən icmasının üç-ox qolunu başlıca olaraq yürəgir, kınık, bayındır və salurlar təşkil edirdi. Bu üç-oxlar daha əvvəl deyildiyi kimi, məmlük ordusunun yanında Çuxurovanın fəthində iştirak etdilər və orada məskən saldılar. Belə olduqda Çuxurovadakı ən qədim türk xalqının nüvəsi bu üç-ox boylarından meydana gəlmişdir.
Kınıklar yürəgirlər kimi Çuxurovada geniş bir yerdə məskən saldılar. Bura qərbdə Ceyhan çayından şərqdə Gavur dağlarına qədər uzanırdı. Yəni kınıkların məskəni bu günkü Ceyhan qəzasının bir qism torpaqları ilə Osmaniyyə qəzasını əhatə edirdi. Kınıklar, yürəgirlər kimi üç-oxların və Çuxurova bölgəsinin ən güclü təşəkküllərindən biri idi. Lakin onların başındakı ailəyə dair bu günə qədər heç bir məlumat əldə edilməmişdir.
1375-ci ildə erməni kralını Sisdə mühasirəyə alan türkmən bəylərindən Əbu Bəkr heç şübhəsiz ki, kınıkların bəyi idi.
Başda Ramazan oğullarının yürəgirləri olmaqla üç-ox türkmənləri boz-oxlar kimi məmlük əmirləri arasındakı mövqe və mənsəb uğrunda gedən mübarizələrdən istifadə edərək öz qayələrinə görə hərəkət etməyə başladılar. Onlar 1378-ci ildə üzərlərinə göndərilən Təmür bayın komandanlıq etdiyi məmlük ordusunu tarmar etdikdən sonra məmlük hakimiyyətindən tamamilə xilas oldular.
783-cü ildə (1381/1382) Hələb valisi olan Yel Buğa üç-oxları yenidən özünə tabe etmək üçün ilk tədbir olaraq onlar arasına təfriqə salmağa başladı. Doğrudan da, Yel Buğa bu tədbirində müvəffəq olmuş və 785-ci ildə (1383) kınıklar yürəgirlər üzərinə hücum etmişlər2.
Kınıklar bu hadisədən bir neçə il sonra yanlarında üç-oxlara mənsub digər təşəkküllərlə birlikdə Qazi Bürhanəddinin ölkəsində hərc-mərclik yaratdılar. Ancaq XVI əsrdən etibarən bu kınıklardan bir daha bəhs edilmir. Onlar hansı səbəbə görə siyasi əhəmiyyətlərini itirdilər? Hazırkı vəziyyətdə bu sualın cavabını vermək mümkün deyildir.
Osmanlı fəthinin ilk illərində Kınık nahiyəsinin bəyi Güc-əri oğlu Həmzə bəy idi. Bu bəyin kınıklara mənsubiyyətinə dair heç bir məlumat olmasa da, bu ehtimalı qəbul etmək olar. Osmanlı hakimiyyətinin ilk illərində kınıkların oturaq həyata keçdikləri məlum olur. Aralarında lap az köçəri ev vardı ki, onların da sonradan başqa yerlərdən gəlmiş olduqları şübhə doğurmur. Kınıkların yaşadıqları yer XIX əsrin ikinci yarısına qədər öz adları ilə adlanan bir qəza idi. Amma heyrət doğurur ki, bu gün Çuxurovada heç kim Kınık qəzasının yerini dəqiq müəyyən edə bilmir. Kınık sadəcə ərazinin deyil, eyni zamanda bir qala və qəsəbənin də adı idi.
Kınık qalasının Torpaq qalası olduğu zənn edilir. Qəsəbəyə gəldikdə, onun da qalanın şimal və şərqindəki yer olduğunu təxmin etmək olar. Bu qəsəbə 928-ci ildə (1522) iki məhəllədən ibarət idi. Vaxt keçdikcə böyüyən qəsəbənin 954-cü ildə (1547) artıq 5 məhəlləsi var idi. Xülasə, XVI əsrdə 75 kənd və əkinliyi olan Kınık qəzası çox abad bir vəziyyətdə idi. Lakin XVII əsrdə qəza qəsəbəsi, kəndləri və əkinlikləri ilə birlikdə o dərəcədə təxrib edildi ki, bu gün nə Kınık qəzasının, nə də kınık kəndlərinin əksəriyyətinin yeri bilinmir1.
XVI əsrdə kınık oymaqları
XVI əsrdə Hələb türkmənləri Ankara yörükləri ilə Aydındakı qaracaqoyunlu icması arasında bu adda bəzi kiçik oymaqlar vardı ki, ən əhəmiyyətlisi Hələb türkmənləri arasında olan oymaqdır.
1. Hələb türkmənləri.
Bu türkmən icması arasında yaşayan kınık oymağı bir az əvvəl haqqında danışdığımız kınıkların Şimali Suriyada qalmış bir qismidir. Bu icma Qanuninin ilk səltənət illərində üç qola ayrılmışdı. Bunlardan Kırım Kətxudanın buyruğunda olan birinci qolun 51, Həsən Kətxudanın idarəsindəki ikinci qolun 40, kəndxudası bilinməyən üçüncü qolun da yenə 40 nəfər vergi ödəyən əhalisi olduğu məlumdur.
II Səlim dövründə kınıkların əhalisi bir mislinə yaxın artaraq 254-ə çatmışdır. Həmin dövrdə onlar tək bir kəndxudaya tabe idilər ki, bu da yuxarıda adı çəkilən Kırım Kətxuda idi.
Kınıklar XVII əsrin ortalarına qədər əski yaşayışlarını davam etdirmişlər. Sultan İbrahim dövründə onların Rum (Sivas) vilayətində Aralıq-evi adlı bir yerdə yaşadıqları məlumdur2. 1104-cü ildə (1692/1693) Hama və Xümus sancaqlarında yerləşdirilən türkmən oymaqları arasında kınık-uşaq adlı bir oymaq da vardır. Bu oymaq bəhs etdiyimiz kınıkların köçəri qalığı yaxud başqa bir oymaq idi1. Hama yörəsinə yerləşdirilən bu oymağın 60 nəfərlik kiçik bir oymaq olduğu məlum olur2.
Dostları ilə paylaş: |