Məktəb islahatı (School reform) - Məktəblərin təkmilləşdirilməsinə yönəlmiş bir sıra cəhdləri
əhatə edən ümumi termin. İslahat cəhdləri məktəbin necə idarə olunmasından başlayaraq siniflərdə
hansı tədris planının öyrədilməsi məsələsinə qədər tədrisin bütün aspektləri üzərində cəmlənmişdir.
Məktəb muxtariyyəti (School autonomy) - Məktəb, onun idarəetmə strukturu, rəhbərlik və
müəllim heyətinin təhsil fəaliyyəti və imkanların idarəedilməsi haqqında qərar qəbul edə bilmə
dərəcəsi. Bu qərarlar tədris planı, kapital qoyuluşu üstünlüyü, təsdiqetmə, heyətin təyinatı və
fəaliyyətin digər bütün aspektləri üzrə qəbul edilə bilər.
Məktəbdə psixoloq xidməti (School psychological service) - Şagirdlərin psixoloji tərbiyəsinə
yardım üçün məktəbdə mütəxəssislərin iştirakı ilə yaradılmış xidmət. Bu xidmət çərçivəsində
şagirdlərin tələbat və ehtiyaclarının təhlili, kurrikulum daxilində fərdi proqramlar üçün məsləhətlərin
verilməsi, məktəb və valideynlərə yardımın təşkili və s. vəzifələr də yerinə yetirilir.
Məktəb səviyyəli qiymətləndirmə (School-based Assessment, (SBA)) -Şagirdlərin
nəticələrinin məktəb tərəfindən qiymətləndirilməsi. Məktəb səviyyəsində qiymətləndirmə imtahan
paketinin tərkib hissəsi kimi nəzərə alına, alınan qiymətlər açıq imtahanın nəticələrinə daxil edilə
bilər.
Məktəb təlimində deseqreqasiya (Desegregation in schooling) - Şagirdlərin inteqrasiyası
vasitəsilə irqi, milli, dini, cinsi təcrid hallarının aradan qaldırılması prosesi.
Məktəb yaşlı əhali (School-age population) - İcbari təhsil üçün qanunla müəyyən edilmiş yaş
həddində olan əhali qrupu.
Məktəbdən yayınan uşaqlar (Out of school children) - Məktəb yaşında olan, lakin icbari təhsil
üçün qeydiyyatdan keçməyən uşaqlar.
Məktəbəqədər təhsil (Pre-school education) – Məktəb yaşına çatmamış uşaqların
məktəbəqədər tərbiyəsi məqsədini əsas tutan təhsil. Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir:
körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar,
uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən geriliyi olan uşaqlar
üçün məktəbəqədər tərbiyə müəssisələri və s. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və
psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda
mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların
formalaşmasında mühüm rol oynayır. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına
çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.