Leonardo da Vinçi proqramı (Leonardo da Vinci programme) - Avropa Birliyinin üzv
dövlətləri tərəfindən dəstəklənən peşə təhsili siyasətinin yerinə yetirilməsi üçün fəaliyyət proqramı.
Leonardo da Vinçi Proqramı üç əsas məqsəd irəli sürür: professional peşə inteqrasiyasını irəlilətmək;
təlimin keyfiyyətini inkişaf etdirmək və təlimə yardımçı olmaq; təlim xidmətini yeniliyə doğru
genişləndirmək.
Liderlik (Leadership) – İnsanların könüllü dəstəyini istənilən məsələdə səfərbər edə bilən, şəxsi
keyfiyyətə əsaslanan bacarıq. Məktəb liderliyi dedikdə, təhsil müəssisəsindəki mövcud insan
resursları və maddi-texniki imkanların müəssisənin səmərəli fəaliyyətinin təmin olunmasına, şagird
müvəffəqiyyətinin yüksəldilməsinə doğru istiqamətləndirilməsi, pedaqoji heyətin qərarvermə
prosesində iştirakının təmin olunması, gələcək fəaliyyətlə bağlı strateji vəzifələrin müəyyən edilməsi
və bu vəzifələrin həyata keçirilməsinə rəhbərlik və s. başa düşülür.
Likert şkalası (Likert Scale) - Respondentin konkret bir fikrə münasibətini öyrənmək üçün
istifadə edilən beşballı şkala. Məsələn, respondentlərə sorğu vərəqəsindəki mühakiməni oxumaq və
aşağıdakı variantlardan birini seçmək təklif oluna bilər: “Tamamilə razıyam”, “Razıyam”, “Nə
razıyam, nə də etiraz etmirəm (Neytral münasibət)”, “Razı deyiləm” və ya “Qətiyyən razı deyiləm”.
Liqa cədvəli (League Table) - İmtahanların nəticələrinə və başqa göstəricilərə görə məktəblərin
reytinq (dərəcələmə) cədvəlini bildirən termin. Hazırda Böyük Britaniyada bu termin bir qədər mənfi
təəssürat yaradır və onun əvəzinə “məktəblərin səmərəlilik cədvəli” termini işlədilir.
Lisenziya (License) - təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi rəsmi razılıq.
Lisey (Lyceum) - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq
təmayüllər üzrə təhsil xidmətləri həyata keçirilən ümumtəhsil müəssisəsi.