Bələdiyyələrin dövlət qarşısında məsuliyyəti Bələdiyyələrin dövlət qarşısındakı məsuliyyəti onların fəaliyyətinə inzibati
nəzarətin nəticəsi olaraq yaranır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət
bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan
Respublikasının Konstitutsiyasına və qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
qərarlarına
riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən
qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə tətbiq edilir.
Yerli səviyyədə hüquq normalarının həyata keçirilməsinə dövlət
nəzarətinin effektivliyindən bələdiyyə demokratik institutlarının işləkliyi, insan
hüquq və azadlıqlarının reallığı asılıdır.
Bələdiyyə qanunvericiliyində bələdiyyələrin öz səlahiyyətləri ilə yanaşı
ayrı – ayrı dövlət səlahiyyətlərinin onlara verilməsi və bu səlahiyyətlərin həyata
keçirilməsinə görə onların məsuliyyəti müəyyən edilmişdir. Lakin bu məsuliyyətin
həcmi bələdiyyə orqanlarının dövlət tərəfindən onlara həvalə edilmiş ayrı-ayrı
səlahiyyətlər üçün verilmiş maddi-iqtisadi resursların həcmindən asılıdır. Bu
məsuliyyətin yaranmasının əsasını bələdiyyə orqanları və vəzifəli şəxslər tərəfindən
konstitusiya və qanunların pozulması deyil, onlara həvalə edilmiş səlahiyyətlərin
lazımi səviyyədə icra edilməməsi təşkil edir. Bələdiyyələrin dövlət qarşısında
məsuliyyəti 18 mart 2009 cu ildə keçirilmiş referendumda ölkə Konstitutsiyasının
146 – cı maddəsinə edilmiş II; III; və IV əlavələrdə bir daha artırıldı.