Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
131
bu problemə müxtəlif istiqamət və cəhətdən yanaşılmış,
bunun da nəticəsində dilçiliyin
elmlər sistemində yeri
dəqiqləşməmiş, mübahisəli şəkildə qalmışdır. Dilçiliyin
yeri problemi dil haqqında Azərbaycan elmində də xüsusi
olaraq diqqəti cəlb etmişdir. Dünya filoloji elmində prob-
lemin dəqiqləşdirilməsinə dair bir sıra əsaslı mülahizələr
irəli sürülmüşdür ki, bunlar da məsələnin düzgün həllində
mühüm rol oynayır.
Dilçiliyin elmlər sistemində yerinin dürüst müəyyən-
ləşdirilməsi üçün ilk növbədə dünya elmlərinin qruplaş-
dırılması, ümumi təsnifi məsələsinə müraciət edilməlidir.
3.02. ELMLƏRİN TƏSNİFİ MƏSƏLƏSİNƏ DAİR
Məlumdur ki, kainat rəngarəng varlıqların, müxtəlif ha-
disələrin məcmusundan ibarətdir. Elm çox mürəkkəb olan
maddi aləmi, ona məxsus bütün
əlamət və xüsusiyyətləri
tədqiq edir. Buna görə də dünyada bir-birindən fərqlənən
müxtəlif bilik sahələri yaranır və formalaşır. Elm tarixinə
həsr olunmuş bəzi əsərlərdə belə bir fikrə rast gəlmək olur
ki, guya elm ancaq bir və ya bir neçə ölkədə meydana çıxa
bilər və sonra ölkələrə yayılar. Bu ideya doğru hesab edilə
bilməz. Çünki elm hər bir ölkədə meydana çıxa bilir və bu-
nunla belə, ölkənin böyük və ya kiçikliyinin, xalqın az və ya
çoxluğunun buna heç bir dəxli yoxdur. Elə kiçik ölkə və ya
xalq vardır ki, elmi fəaliyyət baxımından onun nailiyyətləri
müqayisə ediləbilməz dərəcədə yüksəkdir.
Hər bir elm cəmiyyətin inkişafına
öz müsbət təsi-
rini göstərir. Lakin qeyd etməliyik ki, elmin təsiri heç də
birtərəfli deyil, onunla cəmiyyət arasında təsir qarşılıqlı-
dır. Bu məsələni aydın dərk etmək üçün dilçilik sahəsin-
də bir fakta nəzər yetirək. Məlumdur ki, finikiyalılar uzaq
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
132
keçmişdə əlifbanı kəşf etmişlər. Bu kəşf nəticəsində asan
yazı sistemi meydana gəlmiş və hazırda dünya əhalisinin
təxminən üçdə-iki hissəsindən çoxu hərfi yazıdan istifadə
edir ki, bu da, öz növbəsində, cəmiyyətin mədəni tərəqqi-
sində xüsusi rol oynayır. Deməli, cəmiyyətin yaratdığı elm
onun inkişafının əsas vasitəsinə çevrilir.
Zaman keçdikcə insan fəaliyyətinin digər sahələri ilə
yanaşı elm də inkişaf edir, yeni-yeni bilik sahələri mey-
dana çıxır və əsaslı şəkildə formalaşıb ümumi sistemdə
xüsusi yer tapır. Yeni elmlər son zamanlarda əsasən iki
formada – toxunulmamış sahənin öyrənilməsi ilə bağlı və
mövcud müxtəlif elmlərin bir-biri ilə olan yaxın əlaqəsi nə-
ticəsində əmələ gəlir. Tarix boyu yaranmış bütün qədim və
yeni elmlər əhatə etdikləri sahəyə, miqdara görə olduqca
şaxəli və zəngindir. Çoxluq təşkil edən dünya elmlərinin
qruplaşdırılması və onların təsnif olunması elmin qarşı-
sında duran ən zəruri məsələlərdən biri olmuş və öz ak-
tuallığını itirməmişdir. Hələ XIX əsrin ortalarında Fridrix
Engels bu problemin vacibliyindən və əhəmiyyətindən
bəhs edərək demişdir: “Elmlərin təsnifatı, o elmlər ki, on-
lardan biri hərəkətin ayrıca bir formasını, yaxud bir-biri ilə
əlaqədar olan və bir-birinə keçən bir sıra hərəkət formala-
rını təhlil edir: bu təsnifat, eyni zamanda, həmin hərəkət
formasının daxilən onlara xas olan ardıcıllıqla təsnifatıdır,
düzülüşüdür; elmlərin təsnifatının
əhəmiyyəti də məhz
bundadır”
1
.
Fridrix Engels “Təbiətin dialektikası” adlı məşhur
əsərində elmlərin təsnifinə dair mühüm nəzəri ideya irə-
li sürmüşdür. O,
elmlərin, xüsusilə təbiət elmlərinin bir
çox problemlərini həll edərkən dünya elmlərinə aid sxem
vermişdir. Sxemin ön hissəsini təbiət elmləri təşkil edir ki,
1
F.Engels. Təbiətin dialektikası. Bakı, 1996, səh. 219.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
133
burada da riyaziyyat birinci yerdə durur. F.Engelsin öz
sxeminin riyaziyyat elmindən başlaması
heç də təsadüfi
deyildir. Bunun başlıca səbəbi, əsasən, riyaziyyatın elmlərə
nüfuz etməsi idi.
Elmlərin qruplaşdırılması və təsnifi ilə ayrı-ayrı dövr-
lərdə maraqlananların sayı az olmamışdır. Elm tarixinə
həsr edilmiş əsərlərdən aydın olur ki, bu məsələnin uzun
tarixi olmasına
baxmayaraq, hələ də tam həll edilməmiş,
son dərəcə mübahisəli bir şəkildə qalmaqdadır. Hazırda
hər bir elmin tam dəqiqliyi ilə yerini müəyyənləşdirməyə
imkan verən bütöv, tam əhatəli sxemin hazırlanmasına son
dərəcə böyük ehtiyac vardır. Elmlərin təsnifi tarixinə nəzər
salındıqda bu məsələyə bir neçə cəhətdən yanaşıldığına rast
gəlmək olur. Belə ki, bir qrup alim elmlərin bölgüsü üçün
bu və ya başqa bir elmin inkişaf səviyyəsini, sahələrini, xa-
rakterini, digər qrup isə obyektin təbiətini, yaxud tədqiqatın
metodlarını nəzərə almış və müxtəlif meyarlara əsaslanaraq
elmlərin bölgüsündən bəhs etmişdir. Bütün bunların da
nəticəsində elmlərin təsnifi ilə əlaqədar müxtəlif bölgülər,
anlayışlar, ifadələr və terminlər meydana gəlmişdir. Bunlar-
dan bir neçəsini aşağıdakı kimi xatırlamaq olar.
Dostları ilə paylaş: