Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə87/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   83   84   85   86   87   88   89   90   ...   175
1 Multikulturalizmə giriş 2019

2. Dinin transformasiyası nəzəriyyəsi 
XX əsrin sonlarında irəli sürülən bu nəzəriyyənin tərəfdarları bildirirlər ki, 
cəmiyyətin dünyəviləşməsi nəticəsində dinin tamamilə yox olacağını düşünmək 
yanlışdır. Onların fikrincə, sekulyarlaşma və müasirləşmə proseslərinin təsiri altında 
ənənəvi dini qurumların cəmiyyətdəki mövqeyi əhəmiyyətli dərəcədə zəifləsə 
də, dinin özü və ya dini təfəkkür tərzi yox olmayacaq. Yəni, müasir dövrdə din 
keçmişdəki kimi cəmiyyətin inkişafına təsir etmir, lakin cəmiyyətin dünyəviləşməsi 
və tərəqqisi səbəbilə öz şəklini dəyişir, yeni məzmun və forma qazanır. Bu 
konsepsiyanı müdafiə edənlərdən biri müasir kanadalı filosof Çarlz Teylor sayılır.
Dinin transformasiyası nəzəriyyəsinə əsasən, sosial rifah səviyyəsinin 
yüksək olduğu, fərdi mənafeyin kollektiv maraqlardan üstün tutulduğu modern 
cəmiyyətlərdə mənəvi boşluq və həyatın mənasızlığı problemi mövcuddur. 
Dünyəvi və modern ideyalar bu boşluğu doldurmaq iqtidarında deyildir. Həyatın 
mənası axtarışında olan müasir insan bu suallara cavab tapmaq üçün şəxsi dini 
təcrübəsinə önəm verir. O, ənənəvi dini inancları özünəməxsus tərzdə şərh 
edərək onları fərqli şəkildə anlayır, yaxud həyatın mənasını mövcud ənənəvi 
dini qurumlardan kənarda axtarır. Nəticədə fərqli dini inancların sintezindən 
ibarət olan və daha çox fərdin daxili aləminə yönəldilmiş alternativ, yeni dini 
təcrübə və etiqadlar meydana gəlir. Bu nəzəriyyəni müdafiə edən alimlər 
mülahizələrini əsaslandırmaq üçün Qərb dünyasında meydana gələn çoxsaylı 
yeni dini cərəyanları misal göstərir, eləcə də müxtəlif dini-mistik təlimlərə, 
İslam, Buddizm və Hinduizm kimi dinlərə marağın artdığını qeyd edirlər.


199
MÜASİR DÖVRDƏ DİN
3. Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, dini təşkilatların cəmiyyətdə güc və əhəmiyyətini 
itirməsi fərdlərin özlərinin də dindən uzaqlaşması anlamına gəlmir. Qərb 
ölkələrində müasirləşmə və dünyəviləşmə proseslərinin təsiri altında kilsəyə üzv 
olanların, habelə dini ayinlərdə iştirak edənlərin sayında kəskin azalma müşahidə 
olunsa da, bir çox avropalılar Tanrıya və ölümdən sonrakı həyatın varlığına 
inanırlar. Buna nümunə kimi İslandiyanı göstərmək olar. İslandiyanın əhalisinin 
yalnız çox az qismi müntəzəm olaraq kilsələrə gedir. Lakin keçirilən sosioloji 
sorğular onu göstərir ki, islandiyalıların 88 faizi axirətə, 40 faizi reinkarnasiyaya 
inanır. Habelə islandiyalıların 82 faizi gündəlik həyatlarında Tanrıdan yardım 
diləyir. İslandiyanın nümunəsində görmək mümkündür ki, kilsələrə getməyən və 
dini ayinləri yerinə yetirməyən bir çox avropalı üçün dini dünyagörüşü tərzi hələ 
də özünü dərk etmək və həyatın mənasını izah etmək baxımından əhəmiyyətini 
qoruyur. Müasir ingilis sosioloqu 
Qreys Devi
bu fenomeni
“mənsubiyyətsiz 
iman”
(“believing without belonging”), yəni hər hansı dini təşkilata aid olmadan 
inanc bəsləmək kimi səciyyələndirmişdir. Beləliklə, avropalıların ibadətlərə 
biganə yanaşması onların dinsiz olması anlamına gəlmir. 
Müasir Avstriya sosioloqu 
Piter Berger “Sekulyarizmin tənəzzülü”
adlı 
məqaləsində dinin fərdi müstəvidə əhəmiyyətini qoruduğunu belə ifadə etmişdir: 
“Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi 
ərazilərdə bunun daha da çox hiss edildiyi bir həqiqətdir. Amma modernləşmənin 
dünyəviləşməyə qarşı bir çox güclü hərəkatlar ortaya çıxartdığı görünür. 
Bundan əlavə, ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də 
gerçəkləşməsi kimi məcburiyyət yoxdur. Bir çox cəmiyyətdə bəzi dini təşkilatlar 
güclərini və nüfuzlarını itiriblər, amma həm qədim, həm də yeni dini inanc və 
ibadət şəkilləri, bəzən yeni institusional şəkillərə, bəzən də ifrat dini ifadələrə 
çevrilərək fərdlərin həyatında yerlərini qorumuşdur...”. 
4.”Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, dünyəviləşmə konsepsiyasını təsdiqləyən heç 
bir ciddi elmi dəlil yoxdur və bu mülahizə daha çox ideoloji səbəblərlə irəli 


MULTİKULTURALİZMƏ GİRİŞ
200
sürülmüşdür. 
Xose Kazanova, Rodni Uilyam Stark, Barri Qlasner
kimi bəzi 
sosioloqlar dünyəviləşmə nəzəriyyəsini “əfsanə” adlandırmışlar. Müasir 
amerikalı sosioloq 
Rodni Uilyam Stark
isə daha dərinə gedərək 
“sekulyarlaşmanı 
təsdiqlənməmiş nəzəriyyələr məzarlığına atmağı”
təklif etmişdir. 
Dünyəviləşmə nəzəriyyəsinin bir uydurma olduğunu bildirən alimlər 
vurğulayırlar ki, müasir dünyada həm gündəlik, həm də ictimai-siyasi həyatda 
dinin rolu getdikcə artır. Günümüzdə dini təşkilatlar sosial həyatla bağlı 
məsələlərin müzakirəsində aktiv iştirak edir, ictimai rəyin formalaşdırılması 
istiqamətində fəaliyyət göstərir. X.Kazanova 
“Müasir dünyada ictimai dinlər”
adlı kitabında dünyada cərəyan edən ictimai-siyasi proseslərdə dinin fəal rol 
oynadığını sübuta yetirmək üçün aşağıdakı 4 arqumenti gətirir:
1. 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn 
İran İslam inqilabı;
2. 1980-1981-ci illərdə geniş vüsət alan Polşa “Həmrəyliyi” hərəkatında 
Katolikliyin böyük rol oynaması;
3. 1979-cu ildə Nikaraquada Antastasio Somosanın siyasi rejiminin 
devrilməsi ilə nəticələnən Sandinista inqilabında katolikliyin əhəmiyyətli rol 
oynaması;
4. ABŞ-da bir siyasi güc kimi protestant fundamentalizminin nüfuzunun 
artması.
Əvvəllər sekulyarlaşma nəzəriyyəsinin məşhur müdafiəçilərindən olan 
avstriyalı sosioloq 
P.Berger
də sonradan 
“Dünyanın desakralizasiyası” 
və 
“Sekulyarizmin çöküşü” 
adlı əsərlərində dünyəviləşmə tezisinin əsaslandığı 
dəlillərin dünyanın əksər regionlarında özünü doğrultmadığını, əksinə, din 
amilinin getdikçə gücləndiyini etiraf etmişdir. O, qeyd edir ki, dünyəviləşmə 
qlobal bir fenomeni kimi görünsə də, hər cəmiyyətdə fərqli şəkildə təzahür 
etmişdir. Berger öz mülahizəsini əsaslandırmaq üçün müsəlman dünyasını 
misal göstərir. Onun fikrincə, əksər müsəlman ölkələrində təhsil, səhiyyə, sosial 
müdafiə kimi sahələrdə dövlət təminatı aşağı səviyyədədir. Odur ki, həmin 
sahələrdə əhalinin tələbatını əsasən İslam təmayüllü dini təşkilatlar ödəməyə 
çalışır. Bu isə İslam dinin ictimai-siyasi həyatda nüfuzunun artmasına səbəb olur.
Dünyanın fərqli regionlarında dünyəviləşmə proseslərinin eyni səviyyədə 
cərəyan etmədiyinə dair başqa nümunə göstərmək mümkündür. Avropa 
dövlətlərindən fərqli olaraq, ABŞ-da dinin nüfuzu istər fərdi, istər isə ictimai-


201
MÜASİR DÖVRDƏ DİN
siyasi müstəvidə xeyli güclüdür. 
Ateizmin sərt buxovlarından qurtulan keçmiş sovet respublikalarında 
baş verən dinə qayıdış prosesi, bir sıra müsəlman ölkələrində yaşanan islami 
oyanış, həmçinin dünyanın müxtəlif regionlarında din və məzhəb zəminində 
münaqişələrin artması onu göstərir ki, bəşəriyyətin elmi-texnoloji tərəqqisi 
fonunda din amili əhəmiyyətini itirməyib.
Gördüyümüz kimi, dinin müasir cəmiyyətdə yeri və rolu ilə bağlı irəli 
sürülən nəzəriyyələrin hər birinin güclü və zəif tərəfləri var. Onların əsaslandığı 
dəlilləri nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlmək mümkündür ki, elmi-
texnoloji tərəqqiyə və dünyada geniş vüsət almış sekulyarlaşma proseslərinə 
baxmayaraq, din bir dünyagörüşü tərzi kimi hər zaman varlığını qoruyacaqdır. 
Doğrudur, orta əsrlərdə dinin nəzarət etdiyi bir çox ictimai institutlar 
dünyəviləşmişdir. Dövlət idarəçiliyi, təhsil, ailə və başqa ictimai institutlar 
dindən ayrılaraq müstəqillik qazanmışdır. Buna baxmayaraq, “Mən nə üçün 
varam?”, “Həyatımın mənası nədir?”, “Ölümdən sonra həyat varmı” kimi 
suallar bəşər övladını daim narahat edəcəkdir. Din isə həyatın mənası ilə bağlı 
əbədi suallara qəti cavab verməyə çalışan inanclar sistemidir. Bu isə o deməkdir 
ki, fərdi müstəvidə dini dünyagörüşü tərzi daim əhəmiyyətini saxlayacaqdır. 


MULTİKULTURALİZMƏ GİRİŞ
202

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin