KREDIT SISTEMI HAQQINDA ANLAYIŞ
Kredit sistemi təsərrüfat subyektlərinin fəaliyyətində aparıcı vasitə olub, bazarın
formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Kredit sistemi kredit azarında öz resurslarını kredit-maliyyə institutları vasitəsilə
şirkətlərdən və fərdlərdən toplamalı olduqları əmanətlər (depozitlər) sisteminə girməsi
ilə meydana çıxır. Toplanmış vəsaitlər, sonradan dövlət, şirkət və fərdlər arasında
yenidən bölüşdürülür. Beləliklə, öz vəsaitlərini təklif edən əmanətçilər (kreditorlar) və
bu vəsaitlər ehtiyacı olanlar (borclular) kimi iki qrup yaranır. Birbaşa maliyyə vəsaitləri
şəklində borc almaq istəyində olanlar, kredit bazarında kredit verənlərə qiymətli
kağızlar təqdim etməklə, fondlardan istifadə imkanına malik olurlar. Bu şəraitdə borc
alan iqtisadi subyektlər borclarını gələcəkdə əldə edəcəkləri gəlirlərindən ödəmək
öhdəliyini öz üzərlərinə götürürlər. Dolayı maliyyə vəsaitləri şəraitində əmanətçilər öz
vəsaitlərini müəyyən müddət və faiz ödənilməsi şərtilə kredit-maliyyə institutlarına
verirlər. Sonradan kreditə ehtiyacı olan şirkət və fərdlərin bu ehtiyacları kredit-maliyyə
qurumları tərəfindən təmin edilir. Göründüyü kimi, kredit bazarında borc verənlərlə
borc alanlar arasında qarşılıqlı münasibətləri kredit sistemi tənzim edir. Bu zaman
fondların axını göstərilən iqtisadi subyektlərin bilavasitə görüşməsi nəticəsində deyil,
vasitəçi qurumların köməyi ilə baş verir. Məhz bu əməliyyatlar bankların və bank
olmayan kredit təşkilatlarının vasitəsilə həyata keçirilir.
Bank fəaliyyətinin rüşeymləri hələ quldarlıq cəmiyyəti dövründən məlumdur. Ilk
bank təcrübəsi kimi pul dəyişən sərrafların və məbədlərin pul saxlaması fəaliyyətini
misal göstərmək olar. Sonralar bu fəaliyyət bir qədər təkmilləşdirilərək sələm
kapitalının və sələmçiliyin meydana gəlməsinə səbəb olmuşdur.
Banklar xüsusi bir qurumdur və iqtisadiyyatın inkşafında özünəməxsus yeri var.
Bankların yaranması və inkişafı da dünya mədəniyyəti ilə və cəmiyyətin inkişafı ilə
bərabər getmişdir.
Dostları ilə paylaş: