Əkin (səpin) normasının və qida sahəsinin hesablanması. Keyfiyyətli əkin materialı əldə etmək üçün hələ
toxumluq sahədə qiymətləndirmə aparılmalıdır. Hektara əkin norması planlaşdırılan məhsuldarlıqdan asılıdır. Suvarılan aran rayonlarında hektardan 30-40 t məhsul götürülür. Bu halda hektara 2-3 t yumru əkilir (50-70 qramlıq yumrulardan 41 min ədəd). Daha məhsuldar qara torpaqlarda suvarılan şəraitdə 50-60 t/ha məhsul alınır. Bu halda hektara 4-5 t yumru əkilir (80-100 qramlıq). Lakin bir hektar üçün əkin norması yumruların iriliyindən və onların gövdə vermə qabiliyyətindən asılı olduğu üçün fermerlər əkin norması kimi hektarda optimal gövdə sayını əsas götürməlidirlər. Bu, həm də cərgədə bitki arası məsafəni (əkin sxemi) təyin etmək üçün vacibdir. Ən yaxşısı odur ki, hər hektarda 200-230 min gövdə olmasını təmin edək. Əkin norması bilavasitə yumrunun iriliyi və əkin sxemindən asılıdır. Qida sahəsi və əkin sxemi də bilavasitə sortun xüsusiyyətindən və şəraitindən asılıdır. Məhsuldarlıq hektarda olan gövdə sayından çox asılıdır. Ona görə də müxtəlif irilikdə əkin materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. Hektarda gövdələrin sayı yumrunun iriliyi və qida sahəsindən asılıdır. Müxtəlif irilikdə əkin materialının gövdə vermə sayı aşağıdakı kimidir: İri yumrular (60-90 q) – 4-5 gövdə Orta irilikdə yumrular (40-60 q) – 2-3 gövdə Xırda yumrular (20-40 q) – 1-2 gövdə Fermerlər kartof əkən maşının nizamlanması və yaxud əllə əkiləcəksə, hektara əkin normasını düzgün paylamaq üçün bir metr cərgəyə əkilən yumrunun miqdarını bilməlidirlər. Əvvəlcə bir metr cərgədə neçə gövdə olmasını hesablayaq. Bir metr cərgədə gövdələrin miqdarını tapmaq üçün əvvəlcə bir hektarda olan ümumi cərgələrin uzunluğunu (paqon metr) tapırıq. Bunun üçün isə bir hektarın sahəsini (10 000 m 2 ) cərgəarası məsafəyə (Azərbaycan şəraitində əsasən optimal cərgəarası məsafə kartof üçün 70 sm götürülür, yüngül (qumsal) torpaqlarda hətta 90 sm götürülə bilər) bölürük. 10 000 m 2 / 0,7 m = 14286 m (paqon metr) Sonra bir hektar üçün optimal gövdə sayını (200 000) hektarda olan ümumi cərgələrin sayını bölürük. 200 000 / 14286 = 14 gövdə Beləliklə, bir metr uzunluğunda cərgədə 14 gövdə olması normal hesab edilir. Bir metr cərgəyə əkilən yumrunun sayını tapmaq üçün bir metr cərgədə olan gövdənin miqdarını (14 gövdə) yumruların iriliyindən asılı olaraq gövdəvermə sayına bölmək lazımdır. İri yumrular – 14 / 5 = 2,8 yumru Orta irilikdə yumrular – 14 / 3 = 4,7 yumru Xırda yumrular – 14 / 2 = 7 yumru Bir metr cərgədə yumru arası məsafəni tapmaq üçün 1 m (100 sm) məsafəni yumruların sayına bölmək lazımdır. İri yumrular – 100 sm / 2,8 = 35,7 sm Orta irilikdə yumrular – 100 sm / 4,7 = 21,3 sm Xırda yumrular – 100 sm / 7 = 14,3 sm Hektara əkiləcək yumru sayını tapmaq üçün isə bir hektarda olan ümumi cərgələrin uzunluğunu (paqon metr) bir metrdə olan yumruların sayına vururuq. İri yumrular – 14286 m x 2,8 = 40000 ədəd Orta irilikdə yumrular – 14286 m x 4,7 = 67144 ədəd Xırda yumrular – 14286 m x 7 = 100000 ədəd kartofçuluq təsərrüfatlarında əkin normasının müəyyən edilməsi təsərrüfat üçün vacib elementlərdən biridir. İndi isə bir hektara əkilən yumru sayını bir yumrunun kütləsinə vuraraq hektara əkilən yumrunun kq-la miqdarını tapırıq. İri yumrular – 40000 x 0,08 = 3200 kq Orta irilikdə yumrular – 67144 x 0,05 = 3357 kq Xırda yumrular – 100000 x 0,03 = 3000 kq Göründüyü kimi yumruların iriliyindən asılı olaraq əkin norması çox az dəyişir. Çünki, iri yumrudan az sayda, kiçik yumrudan isə çox əkilir.