KUFƏLİLƏR HƏZRƏT MÜSLÜMLƏ BEYƏT EDİR
Həzrət Müslüm kufəlilərlə əhd-peyman bağlamaq məqsədini izhar edəndən sonra camaat beyət etmək üçün onun yanına sel kimi axışıb gəlirdilər, beyət əlaməti olaraq onun əlini sıxdılar.
Nəql edilənə görə, Həzrət Müslümlə beyət edənlərin sayı 17 min, başqa bir xəbərə görə 25 min71 və ayrı bir məlumata görə isə 40 min nəfərə çatırdı72
HƏZRƏT MÜSLÜMÜN İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-A YAZDIĞI MƏKTUB
Beyət yüksək göstərici ilə sona çatdıqdan sonra, Həzrət Müslüm dərhal İmam (əleyhis-salam)-a bir məktub yazıb Abis ibni Şəbib Şakiri və Qeys ibni Müshir Seydavi ilə göndərdi. Məktubda camaatın yekdil olmasını, haqq rəhbərin Kufəyə gəlişi üçün hazırlıqlı olmalarını xəbər verərək yazırdı:
Bir tayfanın nümayəndəsi heç vaxt öz yoldaşlarına yalan deməz. İndiyə kimi Kufə əhalisindən 18 min nəfəri mənə beyət edib əlimi sıxmışdır. Mənim məktubumu alan kimi təcili olaraq Kufəyə tərəf hərəkət edin.
Həzrət Müslümün bu məktubu öz şəhadətindən 27 gün əvvəl yazmışdı. Bu məktubla eyni zamanda sair məktublar da (kufəlilərdən) gəlmişdi ki, onların məzmunu belə idi: Ey Rəsulullahın oğlu, tez bizə tərəf gəlin, hal-hazırda Kufədə yüz min qılınc sizə yardım etmək üçün hazırdır. Yubanmayın!
KUFƏ VALİSİ NÖMANIN ÇIXIŞI
Nöman ibni Bəşir Yezid tərəfindən Kufəyə vali təyin edilmişdi. O, camaatın Müslümün ətrafına toplaşıb ona beyət etməsindən xəbər tutduqdan sonra minbərə çıxaraq, camaatın Yezidə qarşı müxalifət etməmələrini məsləhət gördü. Bəni-Üməyyənin həmpeymanlarından bəziləri Nömanın sözlərini bəyənməyərək bu sözləri zəiflik əlaməti kimi qiymətləndirdilər. O, cümlədən Əbdullah ibni Müslüm ibni Səid Nömana dedi:–Sənin bu işin heç də xoşagələn deyildir. Öz düşməninlə zəif danışdın, bunun çarəsi yalnız kobudluqdur.
Nöman dedi:–Məzlum kütlələrlə olmaq mənim üçün daha yaxşıdır.
YEZİDİN TƏRƏFDARLARININ KUFƏDƏ HAZIRLADIĞI HİYLƏ
Həzrət Müslümün Kufədə sakin olması və camaatın ona beyət etməsi Bəni-Üməyyə havadarlarına çox pis təsir etdi. Buna görə də Əbdullah ibni Müslüm Həzrəmi, Əmarət ibni Əqəbət ibni Əbi Müit, Ömər ibni Səd Yezidə belə bir məktub yazdılar: Müslüm Kufəyə gəlmiş, Hüseyn ibni Əlinin şiələri onunla beyət etmişlər. Əgər Kufənin hökmranlığını əlində saxlamaq istəyirsənsə, hökuməti idarə etmək üçün elə nüfuzlu və iqtidarlı bir şəxs seç ki, düşmənlərinlə sənin özün kimi rəftar etsin. Nöman ibni Bəşir ya bacarıqsız, ya da özünü acizliyə vuran bir adamdır.
İBNİ ZİYAD KUFƏYƏ GÖNDƏRİLİR
Yezid bu məktubları alan kimi atasının xidmətçilərindən biri olan Sərcun Rumi ilə Kufəyə kimi vali seçmək barədə məşvərət etdi. Sərcun Übeydullah ibni Ziyadı bu işə münasib gördü. Yezid də dərhal ibni Ziyada belə bir məktub yazdı: Kufədən mənə xəbər çatıb ki, Müslüm ibni Əqil camaatı ətrafına toplayıb, müsəlmanların vəhdətini pozmaq istəyir. Məktubum sənə çatan kimi dərhal, fürsəti itirmədən Kufəyə yola düş, nə yolla olursa olsun Müslümü tutub ya zindana sal, ya qətlə yetir, ya da Kufədən qov. Vəssalam.
Müslüm ibni Əmr Yezidin məktubunu Bəsrəyə, Übeydullahın yanına gətirdi. O, məktubun məzmunundan agah olduqdan sonra dayanmadan səfər tədarükü görərək sabahısı gün Kufəyə yola düşdü. İbni Ziyad səfərə çıxmazdan əvvəl Bəsrə əhalisinə xitabən dedi:–Möminlərin əmiri Yezid məni Kufəyə vali təyin etmişdir. Sabah ora yola düşürəm. Allaha and olsun, çətinliklər mənim qarşımda taqət gətirə bilməyəcək və ictimai hərəkatlar məndə iztirab yaratmayacaqdır. Öz düşmənlərimə qarşı qəddarcasına rəftar edəcəyəm. Mənimlə müharibəyə qalxan hər bir kəs üçün öldürücü zəhərə çevriləcəyəm. Ey Bəsrə əhli, mən Osman ibni Ziyad ibni Əbu Sufyanı öz yerimdə canişin qoyuram və sizi fitnə-fəsad törətməkdən çəkindirirəm. Tək olan Allaha and içirəm, əgər mənə xəbər çatsa ki, sizlərdən biriniz müxalifət edir, onu və bütün dost-tanışlarını qətlə yetirəcəyəm. Həmin şəxsi tapmasam, qohum-əqrəbasını həbs edəcəyəm ki, mənim fərmanlarıma təslim olasınız və heç biriniz nə qiyam, nə də müxalifətə cürət etməyəsiniz. Mən Ziyadın oğluyam və bütün cəhətlərdə onun kimiyəm. Heç kimlə də qohumluğum yoxdur.
Übeydullah bu xütbədən sonra Müslüm ibni Əmr ibni Bahili, Şərik ibni Əvər Harisi, həmçinin xidmətçiləri və ailəsi ilə birlikdə Kufəyə doğru yola düşdü73.
Münzər ibni Carud Əbdi və Əbdüllah ibni Haris Nofəli də beş yüz nəfərdən təşkil olunmuş bir karvanla (İbni Ziyad onları Bəsrə camaatının arasından seçmişdi) yola düşdü. O, bütün yol boyu tam sürətlə irəliləyir, yoldaşlarından heç birinə görə ləngimirdi. Çünki, İmam Hüseyn (əleyhis-salam)-ın ondan qabaq Kufəyə çatmasından və vəziyyətin onun üçün daha da gərginləşməsindən qorxurdu. Hətta Şərik ibni Əvər, Əbdullah ibni Haris və onun başqa yoldaşları yorulub yolda qalmış və elə düşünürdülər ki, Übeydullah onlara görə dayanacaqdır. Amma o, heç kəsə diqqət yetirmədən öz yolunu davam etdirirdi.
Übeydullah Kufə yaxınlığında atdan enib Yəmən parçasından paltar geydi və başına qara əmmamə qoydu. Xalq onu Hüseyn ibni Əliyə oxşatsınlar;-deyə üzünə niqab saldı və Nəcəf istiqamətindən tək-tənha şəhərə daxil oldu74.
Şəhər keşikçiləri ibni Ziyadı bu paltarda görüb onun Peyğəmbər nəvəsi olmasını zənn etdilər və buna görə də ucadan fəryad edib deyirdilər: Salam olsun sənə, ey Rəsulullahın oğlu! İbni Ziyad isə onların heç birinə cavab vermirdi.
Camaatın çox hissəsi onu görmək üçün evlərdən çölə çıxır, sevimli rəhbərin gəlişi münasibəti ilə bir-birini təbrik edirdilər. İbni Ziyad onların Peyğəmbər oğluna qarşı bu qədər məhəbbətli olmasından dilxor olur, amma səsini çıxartmırdı. O, gəlib hökumət sarayının darvazasına çatdı. Nöman darvazanı bağlatdırmışdı. Elə ki, camaatın hay-küyünü eşitdi, qəsrin qülləsinə çıxıb dedi: Ey Rəsulullahın oğlu, mən bu əmanəti sənə tapşırmayacağam. Səninlə döyüşməyə də ehtiyacım yoxdur. Übeydullah qəzəblə fəryad edib dedi:–Qəsrin qapısını aç, yoxsa başına bir oyun açaram ki, cəhənnəmi gözünlə görərsən.
Bu səsi eşitcək oraya toplaşanların rəngi qaçdı və səhv etdiklərini anladılar. Übeydullahın arxasında duranlar onun səsini aydın şəkildə eşidərək, camaatın içinə qayıdıb qışqırırdılar: Kəbənin Allahına and olsun ki bu Mərcanənin oğludur.75 Kufəlilər təzə valinin qorxusundan narahat və əsəbani halda evlərinə dağılışır, bir-birinə deyirdilər: Çox keçməz ki, bu zalım və alçaq günümüzü qara edib bizi quru yurdda oturdar.
Dostları ilə paylaş: |