ÜBEYDULLAHIN CASUSU MÜSLÜMÜ TƏQİB EDİR
Həzrət Müslümün Haninin evində olmasını sədaqətli şiələrdən başqa heç kəs bilmirdi.
İbni Ziyad Müslümü ələ keçirmək fikrinə düşdükdən sonra bu barədə fəaliyyətə başladı. Bu məqsədlə Şərikin vəfatından sonra Məqəl adlı bir qulu çağırıb ona üç min dirhəm pul verdi, əmr etdi ki, şiələrlə görüşüb özünü Şam əhlindən, Zülməla Hümeydi qəbiləsindən olan bir adam kimi qələmə verib desin ki, mən Allahın lütfü ilə Əhli-beyt dostlarından olmuşam. Eşitmişəm ki, Hüseyn ibni Əlinin tərəfindən bu şəhərə bir nümayəndə gəlib, məndə ona çatası bir miqdar pul vardır. Məqəl şəhərin Came məscidinə gəldi, Müslüm ibni Ovsəcəni orada namaz qıldığını gördü. Camaatdan eşitdi ki, Müslüm ibni Ovsəcə İmam Hüseyn (əleyhis-salam) üçün beyət alır. Məqəl dərhal onun yanına gedib, məqsədini söylədi. Müslüm ibni Ovsəcə onun sözlərinə inanıb onu dua etdi və ondan beyət aldı, onunla əhd-peyman bağlayaraq Həzrət Müslümün gizləndiyi yeri gizli saxlamağı və bu barədə heç kimə bir söz deməməyi tapşırdı.
Beləliklə Məqəl Müslüm ibni Ovsəcə ilə birlikdə Haninin evinə gəlib gətirdiyi pulları Əbu Səmamə Saidiyə tapşırdı. Əbu Səmamə gözüaçıq, pəhləvan və tanınmış bir şiə idi. Həzrət Müslüm onu şiələrin maliyyə işlərini sahmana salmaq, silah və döyüş sursatı almaq üçün məsul təyin etmişdi. Bununla da Məqəl hər gün gündüzlər Müslüm ibni Əqilin yanına gəlir, daxili hadisələrdən, qiyam və gələcək proqramlar barəsində məlumat əldə edir, gecələr isə İbni Ziyada xəbər verirdi.
HANİNİN ÜBEYDULLAH TƏRƏFİNDƏN ÇAĞIRILMASI
Übeydullah Həzrət Müslümün Haninin evində olmasından xəbər tutan kimi Əsma ibni Xaricə, Məhəmməd ibni Əşəs və Əmr ibni Həccac adlı üç nəfəri çağırıb Haninin hökumət qərargahında olmamasının səbəbini soruşdu. Onlar bildirdilər ki, o, xəstədir. Übeydullah onların cavabını qəbul etmədi, çünki onun əlaltıları xəbər vermişdilər ki, Hani gecələr öz darvazasının qarşısında oturur. Buna görə də həmin üç nəfər Haninin yanına gəldi. Ona and verib, birlikdə Übeydullahın yanına getməsini xahiş etdilər; çünki əks təqdirdə onun, çox qəddar bir adamolub heç cür bəhanə qəbul etmək istəmir. Übeydullahın göndərdiyi şəxslərin əl çəkməyəcəklərini görən Hani dəvəsinə minib yola düşdü. Übeydullah Hanini görən kimi qışqırıb dedi: Xain özü-öz ayağı ilə bizim yanımıza gəlibdir.
Sonra üzünü Şüreyhə tutub dedi:–Mən ona bəxşiş vermək niyyətindəyəm, o isə məni öldürmək istəyir, de görüm öz dostuna hansı bəhanələrlə bəraət qazandıracaqsan?
Sonra qəzəbli halda Haniyə xitab edərək dedi:–Sən Müslüm ibni Əqilə öz evində yer verib onun üçün silah yığırsan?
Hani onun sözlərini inkar etdi, nəticədə mübahisə başladı. Sonra Məqəli çağırıb Hanini başa saldı ki, onun hər şeydən xəbəri vardır. Yaşlı bir kişi olan Hani daha Mərcanə oğlunun sözlərini inkar edə bilmədi. Bir an fikrə gedib, sonra üzrxahlıq etməyə başladı:–Mən Müslümü evimə dəvət etməmişəm, onun özü mənim evimə gəlib, məndən sığınacaq istəmişdir. Mən onu qəbul etməməkdən utandım, qəbul etdikdən sonra isə onun mühafizəsini və təhlükəsizliyini təmin etməli idim. Mən öz qonağımın təhlükəsizliyini təmin etməli idim. Sonra İbni Ziyaddan istədi ki, ona icazə versin ki, gedib Müslümdən onun evini tərk etməsini istəsin. Sonra əlavə edib dedi ki, mən Müslümü öz evimdə sənə təhvil verib, həmişəlik ərəblərin lənətini qazana bilmərəm. Bu iş üçün sənin yanında girov qoyuram. İbni Ziyad özündən çıxıb dedi ki, sən Müslümü mənə təhvil verməyincə çölə çıxmayacaqsan91.
Hani dözə bilmədi öz batini əqidəsini açıqlayaraq İbni Ziyada başa saldı ki, Həzrət Müslüm rəhbərliyə səndən daha ləyaqətlidir!
İbni Ziyad qəzəblənərək, ondan qəti surətdə Müslümü onun yanına gətirməsini tələb etdi. Hani də qətiyyətlə Heç vaxt!–dedi–Kişilikdən deyil ki, mən öz qonağımı sənə təhvil verim, sən də onu öldürəsən. Ey ibni Ziyad, əgər Müslüm mənim iki ayağımın altında olsaydı, heç vaxt ayaqlarımı yerdən ayırmazdım. İbni Ziyad yenə də qəzəblənib dedi:–Əgər Müslümü buraya gətirməsən, cəllada əmr edərəm boynunu vurar. Hani dedi:–Əgər bu işi görsən, onda siyirmə qılınclı igidlərlə üzləşməli olacaqsan. (Hani ibni Ürvənin otuz min nəfər döyüşçüsü var idi. O, belə təsəvvür edirdi ki, onun qohum-əqrəbası onunladır və hər an onu müdafiə etməyə hazırdırlar.) Bu sözlərdən qəzəblənən İbni Ziyad Haninin üzərinə hücum edib əlindəki ağac sınana qədər onun baş-gözünə o qədər vurdu ki, üst-başı tamam qana bulaşdı. Hani tam şücaətlə Übeydullahın mühafizəçilərindən aldığı qılıncla onun işini bitirmək istəyirdi ki, yanındakı kişi mane oldu. Übeydullah işi belə görəndə bağırıb dedi:–Sənin qanın mənə haladır!
Sonra qulamlarına əmr edərək, Hanini saray otaqlarının birində zindana saldırdı və ona nəzarət etmək üçün bir nəfər təyin etdi.
Əsma ibni Xaricə Übeydullaha öz narahatlığını bildirərək –Sən ona kələk gəldin– dedi– Bizə əmr etdin və biz də onu sənin yanına gətirdik. İndi isə ona qarşı bu cür hərəkət edirsən! Üz-gözünü yaralayıb, qanını axıdırsan.
İbni Ziyad əmr etdi ki, onu məclisdən qovsunlar.
Məhəmməd ibni Əşəs dedi:–Biz əmirin xeyrimizə, yaxud zərərimizə olan bütün qərarlarından razıyıq, çünki Əli bizi ədəbləndirir!
KUFƏ ƏHALİSİNİN QİYAMI
Əmr ibni Həccaca xəbər çatdı ki, Hanini öldürüblər. (Bir rəvayətə görə Hani onun bacısının əri idi92, başqa bir rəvayətə görə isə Hani Əmr ibni Həccacın qızını almışdı.)93
Əmr dərhal Müzhəc qəbiləsinin adamları ilə hökumət binasına tərəf yürüş edib oranı mühasirəyə aldı.
İbni Ziyad işi belə görəndə Şüreyh qazıya Haninin yanına getməyi, sonra isə onun sağ olması xəbərini camaata çatdırmağı tapşırdı.
Digər tərəfdən Hani qəsrin ətrafındakı, səs-küyü eşidib başa düşdü ki, Müzhəc qəbiləsi onu xilas etmək üçün gəlmişdir, Buna görə də uca səslə dedi: Ey igidlər, dadıma çatın! Hardadır mənim qohumlarım, hardadır imanlılar, həmyerlilərim hardadır? Görəsən qəbiləmdən məni qaniçən düşmənin əlindən xilas edə biləcək on nəfər tapılarmı?
(Görəsən onun səsini kimsə eşitdi? Bu səs çöldəkilərə çata bilərdimi, halbuki qəlblərə qorxu düşmüş, tamah və hərislik vucudlarına hakim olmuşdu).
Bəli, müsəlmanların qazısı Şüreyh, İbni Ziyadın əmri ilə Haninin yanına, oradan isə camaatın yanına gedərək Haninin sağ-salamat olmasını onlara çatdırdı. Onlar da arxayınlaşıb evlərinə qayıtdılar. Əfsuslar olsun ki, heç kəs axıra kimi etiraz edib demədi ki, sən nə cürətlə Haniyə kömək lazım olduğunu gizli saxlamısan. Məgər Hani öz qohum-qəbiləsindən kömək istəmirdimi? Şüreyh nə fikirləşirdi? Nə olardı ki, o da haqq-həqiqətin müdafiəsi yolunda canından keçib mömin bir şəxsi quduz muzdurun caynağından xilas edəydi. Şüreyh kimi qoca və ölüm ayağında olan bir adamın öz həyatını biabırçı surətdə davam etdirməsinin nə faydası var idi? Bəli, Şüreyh zahirdə dindən dəm vuran, amma xəlvətdə zalım hakimlərlə əlbir olan, qoyun dərisinə girmiş canavar idi. Doğrudan da qəribədir, kufəlilərdən soruşmaq lazımdır ki, qəsri mühasirə etdikdən sonra nə üçün bir nəfərin sözü ilə dağılışdınız? Məgər siz, yalnız onun sağ olub-olmamasını bilmək istəyirdiniz? Sağ olsaydı da belə onu canavarların caynağında qoyub getmək nə dərəcədə doğru bir işdir?! Məgər siz onun azad edilməsi üçün səy etməli deyildinizmi?
***
Elə ki, Kufə əhli və Əmr ibni Həccac hökumət evini mühasirə etməkdən əl çəkdi, Übeydullah məscidə gəlib camaata dedi:–Allaha və rəhbərlərinizə (!) itaət edin, ixtilaf və ikitirəlilikdən uzaqlaşın. Çünki bu iş məhvə, rüsvaylığa, münaqişə və pərişanlığa gətirib çıxaracaq94.
Həmçinin o, Məhəmməd ibni Əşəs, Şibs ibni Ribi, Qəqaə ibni Şur Zühəli, Hüccar ibni Əbcər, Şimr ibni Zilcovşən və Əmr ibni Hərisə əmr etdi ki, aman vermək üçün bayrağını qaldırıb camaatı mübarizə fikrindən yayındırsınlar.
Bəzi qorxaqlar elə ilk andan bu muzdurların çağırışına müsbət cavab verdilər; bəziləri isə mal-dövlət tamahı üzündən Həzrət Müslümə kömək etməkdən əl çəkdilər95.
Dostları ilə paylaş: |