«88. (Şueyb onlara) belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib, onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!» (Hud: 88). Bu sözlər onlarla mülayim rəftarın və onları aydın dəlillərlə haqqa dəvət etməyin bir nümunəsidir. Şueyb onlara deyirdi: Ey təkzib edənlər «Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm» və bununla Allahın sizə göndərdiyi elçisi olduğumu isbat etsəm necə olar? «Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə» yəni peyğəmbərlik və elçilik mənə verilib, siz isə buna qarşı korsunuz. Belə olan halda mən sizin üçün nə edə bilərəm? Nuh da öz qövmünə eyni sözləri demişdi. Biz bu haqda danışmışdıq. «Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib, onu özüm etmək istəmirəm.» Yəni mən bir şeyi əmr etdikdə, ilk olaraq özüm ona əməl edirəm. Bir şeyi qadağan etdikdə də ilk olaraq özüm o işdən əl çəkirəm.
Tərifəlayiq mühüm vəsf elə budur. Bunun əksi isə qəbuledilməz və məzəmmətlidir. İsrail oğullarının alimləri və cahil vaizləri son vaxtlarında bu kökə düşmüşdülər. Uca Allah buyurur: «44. Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?» (əl-Bəqərə: 44).
"Əs-Səhih" kitabında221 Peyğəmbərin belə dediyi rəvayət olunur: "Bir kişi gətirilib oda atılacaq. Onun qarın-bağırsağı dağılıb töküləcək. Uzunqulaq əl dəyirmanının əhatəsində dövrə vurduğu kimi, o da atəşin içində dövrə vuracaqdır. Cəhənnəm əhli toplanıb deyəcək: Ay filankəs! Sənə nə olub? Sən ki, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirirdin? O deyəcəkdir: Bəli. Mən yaxşı işləri əmr edirdim, amma özüm əməl etmirdim. Pis işlərdən çəkindirir, özüm də pis işlər görürdüm".
Bu, peyğəmbərlərə müxalif olan günahkarların və bədbəxtlərin simasıdır.
Siması nəciblik və müdriklik olan alimlərin halı Allahın peyğəmbəri Şueybin dediyi kimidir: «Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!» (Hud: 88). Mən hər bir halda sizin söz və əməlinizdə islah olunmağınız üçün çalışıram. Hər işimdə müvəffəqiyyət əldə etməyim «yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!» Bütün işlərimdə Allaha təvəkkül edirəm. Son mənzilim və qayıdışım Onadır. Bu dedikləri rəğbətləndirici sözlərdir.
Sonra qorxutma üslubundan istifadə edərək deyir: «89. Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir!» (Hud: 89). Yəni mənə və mənim gətirdiklərimə nifrət etməyiniz sizi azğınlıqda, cəhalətdə və inadkarlıqda qalmağa vadar etməsin. Əks halda Allah sizin kimilərə – Nuh, Hud və Salehin yalançı qövminə verdiyi əzabı sizə də verər. «Lut tayfası da sizdən uzaq deyildir!» Ayəni bir neçə mənada anlamaq olar. Onlar vaxt hesabına görə sizdən çox uzaq deyillər. Küfr və inadkarlıqlarına görə başlarına gələn müsibətlərin üstündən çox keçməmişdir. Digər mənada, onların yaşadıqları məkan sizin məkanınızdan uzaq deyildir. Yaxud başqa mənada, onlar vəsflərinə və etdikləri quldurluq, insanların mal-dövlətini gizli və ya aşkar şəkildə kələkbazlıqla mənimsəmək kimi çirkin əməllərinə görə heç də sizdən uzaq deyildilər. Hər üç mənanı cəm edib demək olar ki, onlar həm vaxt, həm məkan, həm də vəsf baxımından onlardan uzaq deyildilər.
Sonra Şueyb qorxuducu sözlər ilə ümidverici sözləri bir sırada qeyd edib dedi: «90. Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!”» (Hud: 90). Yəni siz hazırki əməllərinizdən əl çəkin, bağışlayan və sevən Rəbbinizə tövbə edin. Kim Ona tövbə edərsə, tövbəsini qəbul edər. Çünki O, bəndələrinə qarşı rəhmlidir. O, bəndələrinə qarşı ananın övladına olan mərhəmətindən daha mərhəmətlidir. O hətta ən böyük günah işlədib sonra tövbə edən bəndəsini də sevəndir.
Dostları ilə paylaş: |