Birinci: Uca Allahın bu ayəsinə əsasən: «Süleyman Davuda vərəsə oldu...» (ən-Nəml: 16). Yəni peyğəmbərlikdə və mülkdə varis oldu. Alimlərin yekdilliklə səhih olaraq qəbul etdikləri hədisdə Peyğəmbərin belə dediyi rəvayət olunur: "Biz vərəsəlik mal-dövlət qoymuruq. Nəyimiz varsa hamısı sədəqə sayılır."471
Bu hədis səhih, musnəd və sunən kitablarında bir çox səhabələrdən rəvayət olunur.
Hədis Peyğəmbərin mirasının vərəsələrə bölünməməsinə dair açıq sübutdur. Ona görə Əbu Bəkr əs-Siddiq Peyğəmbərin qoyub getdiyi mal-dövlətin vərəsələrə paylanmasına icazə vermədi. Əgər bu aydın sübut olmasaydı onun mal-dövlətini qızı Fatiməyə , doqquz arvadına (Allah onlardan razı olsun!) və Əmisi Abbasa verərdi. Əbu Bəkr əs-Siddiq mirası onlara nə üçün vermədiyini qeyd etdiyimiz hədislə əsaslandırdı. Eyni hədisi onunla yanaşı bir çox səhabələr də Peyğəmbərdən rəvayət ediblər. Onlardan Ömər ibn əl-Xəttabı, Osman ibn Əffanı, Əli ibn Əbu Talibi, Abbas ibn Əbdülmüttalibi, Abdurrahmən ibn Auvfu, Talhanı, Zubeyri, Əbu Hureyrəni və digər səhabələri (Allah onlardan razı olsun!) misal çəkmək olar.
İkinci: Tirmizi eyni hədisi bütün peyğəmbərlərə şamil edilən mətnlə rəvayət etmiş və onun səhih olduğunu demişdir. "Biz peyğəmbərlər toplumu vərəsəlik mal-dövlət qoymuruq..."
Üçüncü: Peyğəmbərin gözündə dünya malı o qədər dəyərsiz idi ki, onlar onu nə xəzinədə toplamaz, nə də ona çox diqqət ayırmazdılar. O ki qaldı özlərindən sonra övladlarına mal-dövləti qorumağı tövsiyə etsinlər?! Heç onların dərəcəsinə yaxın düşə bilməyən zahid insanlar belə özlərinə varis axtarmazlar.
Dördüncü: Zəkəriyyə dülgər idi və o da Davud kimi öz əlinin zəhməti ilə qazandığını yeyirdi. Adətən insanlar, ələlxüsus peyğəmbərlər özlərindən sonra mal-dövlət saxlamaq məqsədi ilə işləmək üçün dəridən-qabıqdan çıxmırlar. Düşünən və dərk edən insan üçün bu çox aydındır.
İmam Əhməd Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Zəkəriyyə dülgər idi".472
Dostları ilə paylaş: |