Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 35.78 Kb.
tarix21.10.2017
ölçüsü35.78 Kb.

Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

Yenә dә inkişaf etmiş ölkәlәrin tәcrübәsini biz maksimum



dәrәcәdә tәtbiq etmәliyik. Buna görә dә Azәrbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqәt göstәrilmәlidir vә göstәrilәcәkdir."
İlham ƏLİYEV
İnformasiyanın alınması, emalı və ötürülməsi prosesində elektron hökumətin rolu olduqca böyükdür. O, elektron iqtisadiyyatın bir istiqaməti kimi özünü təzahür etdirir. Nəzərə alsaq ki, demokratiyanın bir göstəricisi olan, adətən iqtisadiyyatı daha çox inkişaf etmiş ölkələrdə e-hökumətin yaradılması zəruriyyəti meydana çıxır, onda Azərbaycanın da bu sıraya qoşulması tamamailə qanunauyğun, həlli vacib məsələlərdəndir. Son illərdə İKT-nin inkişafı elə bir həddə gəlib çatmışdır ki, bu, müxtəlif istiqamətlərdə informasiya texnologiyalarının daha geniş arealda yayılmasına zəmin yaratmışdır. E-hökumətin də yaradılması bu səbəbdən meydana çıxmış və gündəlik informasiya tələbatı kimi özünü göstərməyə başlamışdır. Əlbəttə, görülən tədbirlər vətəndaşların tələbatına hesablanmışdır. Ölkə Prezidenti, cənab İlham Əliyevin vurğuladığı kimi, bu, hər şeydən əvvəl, rüşvətxorluğa qarşı atılan bir addımdır. Respublikamızda İKT-nin inkişafı elə bir həddə çatdırılmalıdır ki, ölkəmiz bu sahədə qabaqcıllığı qoruyub saxlayan ABŞ, Kanada, Cənubi Koreya və digər ölkələrlə ayaqlaşmaq imkanına malik olsun.

Elektron hökumətin yaradılması zərurətini Azərbaycan hökuməti vaxtında hiss etmiş və bəzi sahələrin informasiyalaşmasına başlanılmışdır. Tarixə nəzər salsaq, görərik ki, ölkəmizdə ilk veb-sayt hələ 1995-ci ildə istifadəyə verilmişdir. Bu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradılmış science.az saytıdır. Sayt yarandığı vaxtdan indiyədək sürətli və səmərəli inkişaf yolu keçmiş, ölkənin bir sıra elm sahələrini əhatə etməyə müyəssər olmuşdur ki, bu da respublikamızda İKT-nin sonrakı inkişafına təkanverici stimul bəxş etmişdir. Hazırda öz işini müasir dünya standartları səviyyəsində qurmağa üstünlük verən bu saytın daxilində yenilənmə, müasir metodları əxz etmə və daha çeşidli sahələrin tətbiq edilməsi proseslərinə start verilmişdir.

Yaddan çıxarmaq olmaz ki, bu gün İKT sürətlə inkişaf edərək az qala həyat və məişətimizin gündəlik tələb etdiyi texnologiyalar sırasına daxil olmuşdur. Elə bu səbəbdən də müasir həyatımızı informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyildir və biz də sahədə öz bilik və bacarıqlarımızı daim təkmilləşdirməliyik.

Azərbaycan dövləti digər dünya ölkələri kimi bu sahəyə diqqəti idən-ilə artırır və müxtəlif fəaliyyət proqramları, layihələr həyata keçirir. Ölkəmiz İKT sahəsində artıq möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Belə tədbirlərə misal olaraq "Elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsi" , "Elektron hökumət: Gömrük sahəsində innovasiyalar" mövzularında beynəlxalq konfransları, bu yaxınlarda keçirilmiş Beynəlxalq Bakı Gələcək Forumunu və s. qeyd etmək olar. Beynəlxalq forumda AR rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov növbəti illər üçün respublikamızın inkişafını müəyyənləşdirən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gələcək iqtisadi yüksəliş xəttinin elm, təhsil və texnologiyaların vəhdəti üzərində bərqərar olduğunu xüsusi vurğulamışdır.

Qısa müddət ərzində göstərilən sahə üzrə elmi-tədqiqat işlərinin həcmi artmış, innovasiya yönümlü qurumlar yaradılmışdır. Sevindirici haldır ki, İKT-nin tətbiqi ölkə həyatının, demək olar ki, bütün sahələrini əhatə edir. Bu gün xüsusi proqramlar çərçivəsində istər dövlət, istərsə də özəl qurumlar, o cümlədən orta məktəblər də İKT texnologiyaları ilə təchiz edilir, təhsil müəssisələrində oxuyan şagirdlər bununçün dövlətin xüsusi hamiliyi və qayğısı ilə əhatə olunmuşlar. Azərbaycanın dövlət rəhbərliyi, o cümlədən Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vasitəsilə bu istiqamətə xüsusi diqqət yetirir, təkcə dövlət təşkilatlarının deyil, özəl təsisatların və ayrı-ayrı vətəndaşların da İKT avadanlıqlarından yararlanması məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərinə düşən işi bacarıqla yerinə yetirdiyini, mükəmməl fəaliyyətini, bu işdə xüsusi əməyini vurğulamaq yerinə düşür. Bu gün informasiya texnologiyaları ucqar kəndlərimizə də yayılaraq özünə xeyli sayda müştəri –İKT istifadəçisi tapmışdır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü il ölkəmizdə “İnformasiya texnologiyaları ili” elan edilmiş və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. İnformasiya-kommunikasiya texnologiyaları ilə bağlı Dövlət Proqramı qəbul edilmiş, dövlət başçısı tərəfindən “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərman imzalanmışdır. Qeyd edək ki, hələ bu əhatəli qərarlardan əvvəl də bir sıra mühüm dövlət sənədləri imzalanmış, nəzərdə tutulan fəaliyyət üzrə müəyyən işlər görülmüşdür. Göründüyü kimi, İKT-nin daha geniş miqyasda yayılaraq inkişaf etdirilməsi dövlətin marağındadır ki, bu da təsadüfi deyildir. Çünki son illərdə Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafı üzrə dünyanın aparıcı dövlətləri ilə rəqabətə girmək iqtidarındadır. Bunu ölkə üzrə əldə edilmiş iqtisadi yüksəliş tempi, əhali gəlirlərinin sürətli artımı, neft, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafı sübuta yetirir. Qazanılan nailiyyətlər, əldə edilən uğurlar dünyanın aparıcı tədqiqat və araşdırıcı təsisatlarının icmal, təhlil, hesabat və araşdırmalarında özünə əhəmiyyətli yer tutur. Azərbaycan iqtisadiyyatının sürətli inkişafına görə bir sıra dünya ölkələrini üstələmiş, o cümlədən iqtisadi artım tempinə görə keçmiş postsovet məkanında, Cənubi Qafqazda ön sıralarda qərar tutmuşdur.

Elektron iqtisadiyyatın da inkişafı məhz bu sıradandır. Bir sıra beynəlxalq təsisatlar artıq belə bir fikirlə çıxış edirlər ki, Azərbaycandakı İKT-nin inkişaf modeli mənimsənilsin və geniş əhatə dairəsində tətbiq edilsin. Son illərdə bu istiqamətdə baş vermiş sürətli sıçrayış belə bir fikrin formalaşmasına gətirib çıxarmışdır. Bunu ölkəmizə gələn əcnəbi qonaqlar, xarici ölkə mütəxəssisləri, beynəlxalq forumların iştirakçıları dəfələrlə bəyan və təqdir etmişlər.

Ölkəmizdə bir sıra dövlət strukturları öz saytlarını yaradaraq vətəndaşlara keyfiyyətli xidmət göstərməyə nail olurlar. Vətəndaşların bu xidmətlərdən istifadəsi gündən-günə artır, o cümlədən müraciət tezliyi də çoxalır. Əlbəttə, mövcud hər bir saytdan ayrı-ayrılıqda istifadə mümkündür və çox zaman da müraciətlər üçün işlək vəziyyətdə olur. Lakin belə elektron xidmətlərdən istifadə etmək həmişə lazımi nəticəni vermir. Bəzən ləngimələr baş verir, yaxud bəzi xidmət növləri natamam işlək vəziyyətdə olur, müəyyən texniki çətinliklər və s. yaranır. Bütün bunların bir portalda yerləşməsi isə istifadəçilərin rahatlığına gətirib çıxarır. Məhz buna görə də respublikamızda 2012-ci ilin aprel ayından formalaşmağa başlayan e-hökumət portalı sürətli inkişafa qədəm qoymuşdur. Qısa müddət ərzində bir çox dövlət qurumlarının veb-saytları bu portala inteqrasiya olunmuş və elə məhz bundan sonra bəzi e-xidmətlərin yaranması zərurəti meydana çıxmışdır. Təsadüfi deyildir ki, son zamanlar bir sıra dövlət qurumları öz istifadəçilərinə yeni-yeni xidmət növləri təqdim etmişlər ki, bu səbəbdən vətəndaşların da müraciəti artmağa başlamışdır. Əlbəttə, bütün bu daxilolmaların əksər hissəsini ənənəvi müraciətlər təşkil edir: məsələn, saytlara pensiya məlumatlarının əldə edilməsi (DSMF), lokal danışıqların açıqlanması (RİTN) məqsədilə, ayrı-ayrı kommunal xidmətləri haqqında (“Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC və s.), rabitə xərcləri (RİTN), diplom haqqında məlumatlar (Tənsil Nazirliyi) və s. barədə müraciət edənlər daha çox olur. Bu statistik məlumatların yer aldığı cədvəllərə nəzər yetirsək, görərik ki, istifadəçilərin sayı günbəgün artır, həmçinin e-hökumət portalında getdikcə yeni saytlar və bir sıra saytların çeşidli xidmət sahələri yer alır ki, bununla da onlar öz əhatə dairələrini genişləndirirlər.

Təqdirəlayiq haldır ki, Azərbaycanda sürətli genişzolaqlı rabitə xətlərinin tətbiqinə başlanmışdır. Ölkəmiz yeni texnologiyaların tətbiqini hər an diqqət mərkəzində saxlayır. Daima inkişaf edən, modernləşən texnologiya ölkəmizin İKT təsərrüfatına daxil olur, tətbiq sahələri daima yeniləşir. Qabaqcıl dünya təcrübəsinə yiyələnmək bu sahədə çalışan alim və mütəxəssislərin, tədqiqatçıların daim diqqət mərkəzindədir. Elə bu səbəbdəndir ki, inkişaf etməkdə olan bəzi ölkə mütəxəssisləri məhz bizim təcrübədən öyrənməyə səy göstərirlər. Bu məqsədlə ölkəmizə gələnlərin sayı ildən-ilə artmaqdadır. Təsadüfi deyildir ki, ölkəmizdə səfərdə olmuş Əfqanıstan hökumətinin rabitə texnologiyaları nazirliyinin nümayəndələri İKT sahəsində Azərbaycandan faydalanmağı, bu istiqamətdə ölkəmizdə aparılan məqsədyönlü işləri, qazanılan təcrübəni öz ölkələrində də tətbiq etməyi, qısası, Azərbaycanın təcrübəsindən yararlanmağı təklif etmiş, qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlinmişdir. Bundan başqa bir sıra digər ölkələrin dövlət və hökumət nümayəndələri də respublikamızda səfərdə olmuş, ölkəmizin rəhbər şəxsləri ilə görüşmüş, Azərbaycan mütəxəssislərinin təcrübəsini bəyənmişlər. BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangi, Avstriyanın Beynәlxalq Biznes Mәktәbinin direktoru Klaus Kersten, yenə həmin ölkənin nәqliyyat, innovasiya vә texnologiyalar üzrә federal nazir müavini Andreas Rayxhard və neçə-neçə başqaları İKT sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını bildirmişlər. Bütün bunlar sübut edir ki, ölkəmiz İKT sahəsində mühüm uğurlara imza atmış və bu göstəricilər, mən deyərdim ki, gündən-günə artmaqdadır.

Sahənin daha səmərəli inkişafı üçün bir sıra təkliflər vermək olar. Bu məqsədlə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsini genişləndirmək, yeni texnologiyaların tətbiqini sürətlə daha geniş coğrafi məkanda yaymaq mümkündür. Əlbəttə, bununla bağlı operativ tədbirlər görülür və müəyyən istiqamətlər üzrə nəzərdə tutulan işlər öz tətbiqini tapır. Lakin informasiya texnologiyalarının az qala gündən-günə təkmilləşdiyini nəzərə alsaq, bu sahədə tətbiqin və qısa zaman kəsimində onun yayımının tezləşdirilməsinin necə çətinliklər yaratdığını təsəvvür etmək olar.

Bir sıra dövlət qurumlarının mövcud və yaxud yaranmaqda olan veb-saytlarının www.e-gov.az elektron hökumət portalına inteqrasiyasının sürətləndirilməsi əsas vəzifələrdən hesab olunmalıdır. Bu, ən birincisi, pərakəndəliyi aradan qaldırar, iş daha sadələşər. Bütün bunlar, hər şeydən əvvəl, vaxt itkisinin qarşısını almağa hesablanır və daha operativ, səmərəli, asan, “bir pəncərə” sisteminə uyğun xidmət növlərinə gətirib çıxarır. Çünki bəzi dövlət qurumlarının saytları, onlarla müəyyən toplantılar çərçivəsində bir sıra təşkilatlanma və izahat işi aparılsa belə, hələ də ya günün tələblərinə cavab vermir, ya da vaxtlı-vaxtında işlənərək yenilənmir, bəzi hallarda isə mövcud olanların e-hökumətə inteqrasiya prosesi ləngidilir. Elə bu və ya digər səbəblərdən də xidmət kasadlığı hiss olunur. Əgər bu məqsədlə mütəmadi olaraq məşgul olunsa, hesab etmək olar ki, qarşıya qoyulan müvafiq məqsədə çatmaq mümkündür. Qeyd etmək lazımdır ki, vətəndaşlarla dövlət qurumları arasında onlayn ünsiyyət, bu sıradan sual-cavab və s. istiqamətlərdə zəruri işlər sürətləndirilməlidir ki, bu amillər də e-hökumət portalının fəaliyyətinə müsbət yöndən öz təsirini göstərmiş olar.

www.e-gov.az e-hökumət portalına inteqrasiya olunmuş saytlarda xidmət növlərinin sayını daha da çoxaltmağa nail olunmalıdır. Əlbəttə, bu, operativ onlayn iş prosesində daha dolğun şəkildə meydana çıxa bilər. Bütün bunlar nəzərə alınaraq göstərilən məqsədə çatmaq üçün qaynar iş prosesi yaradılmalı və bu qaynarlıq qorunub-saxlanılmalıdır.

İstifadəçilərin rahatlığı üçün dövlət idarə və müəssisələri, həmçinin özəl obyektlər, o cümlədən yaşayış məntəqələri yüksək sürətli internet xətləri ilə təchiz edilməlidir. Vətəndaşlar üçün internetdən istifadə xərclərinin aşağı salınması da nəzərə alınmalıdır ki, bu da kütləviliyə yol açan amillərdəndir.

Burada bir məsələni də qabartmaq yerinə düşür: sahə üzrə iş prosesində müəyyən mütəxəssis çatışmazlığı yaranması halı tamamilə labüddür. Məlumdur ki, gündən-günə sahə mütəxəssislərinə artan tələbatı bir andaca ödəmək mümkün deyildir. Bu məqsədlə müəyyən tədris-təcrübə kursları təşkil edilməli, ali, yaxud orta ixtisas təhsilli mütəxəssislər informasiya avadanlıqları ilə iş vərdişlərinə yiyələnməlidirlər. Belə bir tələbatın ödənilməsi üçün ölkə Prezidenti cənab İlham Əliyev bu ilin fevral ayında müvafiq sərəncam imzalamışdır. Verilmiş sərəncama əsasən respublikamızda İnformasiya Texnologiyaları Universitetinin yaradılması qərara alınmışdır. Ölkə başçısı tərəfindən atılan bu addım İKT sahəsində kadr hazırlığı məsələsini yəqin ki, həll etmiş olacaqdır.

Mütəxəssis hazırlığı baxımından göstərilən perspektivə qədər bu gün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan yararlanmaq mümkündür. Elmi-tədqiqat müəssisəsindəki mövcud Tədris-İnnovasiya Mərkəzində mütəxəssis hazırlığı üçün hər cür şərait yaradılmışdır. Həmin Tədris-İnnovasiya Mərkəzi Azərbaycanda bu sahədə analoqu olmayan bir strukturdur. Təsadüfi deyildir ki, bu yaxınlarda AMEA-nın prezidenti akademik Akif Əlizadə institutda yaradılan şəraitlə tanış olarkən rəhbərlik tərəfindən görülən işləri bəyənmiş, bu elmi-tədqiqat müəssisəsini AMEA-nın digər institutlarına nümunə göstərmişdir. AMEA rəhbəri son illərdə görülən işlərdən danışarkən instutun təlim-tədris mərkəzində yaradılmış şəraiti yüksək dəyərləndirmişdir. İnstitutun direktoru, AMEA Rəyasət Heyətinin akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev isə çıxışlarının birində mərkəzdə yüksək ixtisaslı İKT mütəxəssisi hazırlığı üçün hər cür şəraitin yaradıldığını, təkcə doktorantların deyil, istənilən ali təhsilli mütəxəssislərin burada təhsil ala bilmələrinin mümkünlüyünü qeyd etmişdir. Onu da qeyd etmək yerinə düşür ki, 2011-ci ildə mən də doktorant kimi bu məktəbin kurslarında oxumuş, təhsil və təlim məqsədilə yaradılan yüksək şəraitin şahidi olmuşam.

Kütlələr arasında maarifləndirmə işini də sürətləndirmək vacib məsələlərdəndir. Bu sahədə hələ ki, bir mükəmməl nəşrdən - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin nəşr edərək pulsuz yayımladığı “Elektron hökumət” bülleteninin müstəsna fəaliyyətindən yararlanmaq faydalıdır.

E-hökumət portalından daha səmərəli istifadə üçün vətəndaşlar e-ünvana malik olmalı, dövlət idarələri və özəl müəssisələrlə səmərəli əlaqə yaradılmalıdır. Yuxarıda sadalananlar da nəzərə alınaraq portalın fəaliyyəti daha da təkmilləşdirilməlidir. Belə olan təqdirdə vətəndaşlar, sahibkarlar, məmurlar daha sadə, rahat, təhlükəsiz, məsafəsiz, ani, şəffaf, əlverişli şəraitdə istənilən məlumatı istənilən anda əldə edə, İKT avadanlıqlarından daha səmərəli şəkildə faydalana bilərlər.

İnanırıq ki, Azərbaycanda İKT ili çərçivəsində e-hökumət portalı öz fəaliyyətini daha da təkmilləşdirəcəkdir. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan tələblərin aktuallığı və perspektivdə duran məsələlər bunu deməyə əsas verir. İnanırıq ki, yaxın perspektivdə www.e-gov.az e-hökumət portalı bütün dünya azərbaycanlılarının vahid informasiya məkanına çevriləcəkdir.
İstinad:

1. www.e-gov.az

2. “Elektron hökumət” bülleteni
Ağahüseyn ŞÜKÜROV,

Elm” qəzetinin müxbiri


Qeydlər:
1. Məqalə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi müsabiqəyə təqdim olunur

2. Məqalənin e-variantı “Bütöv Azərbaycan” qəzetinin www.butov.az saytında, eləcə də qəzetin facebook səhifəsində yerləşdiriləcək

3. www.e-gov.az –da qeydiyyat kodum: 726216 (Qeydiyyat müsabiqənin şərtlərinə uyğun olaraq məqalənin dərcindən əvvəl olub)
4. Qəzetin 1-ci və məqalənin dərc edildiyi 11-ci səhifələrinin skan edilmiş surəti e-məktuba əlavə olunur
5. İş yerim: AMEA Rəyasət Heyətinin binası, 1-ci mərtəbə, “Elm” qəzeti

6. Yaşayış ünvanım: Bakı, Səbail rayonu, 20-ci sahə, Çernyaxovski küçəsi, ö/t ev 12-a


7. E-ünvanım: agahuseyn.shukurov@mail.ru

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə