III prinsip. Ehtimal nəzəriyyəsinin ən mühüm bəndlərindən biridir və burada illüziyalara daha çox yer verilir və bu elə bir qaydadır ki, ehtimallar qarşılıqlı birləşmələrlə artır və azalır Əgər hadisələrdən biri digərindən asılı deyildirsə, onların birgə baş verməsi ehtimalı bu hadisələrin hər birinin ehtimallarının hasilinə bərabərdir. Məs., bir zərin bir dəfə atılmasında bir xalının düşməsi ehtimalı altıda bir olduğu halda, iki zərin bir dəfə atılmasında iki xal düşməsi ehtimalı otuz altıda birə bərabər olur. Doğrudan da, bir zərin hər bir üzü digərinin altı üzü ilə kombinasiya oluna bilindiyindən, onda eyni mümkün otuz altı hal vardır və bunlardan yalnız biri iki xalı verir. Ümumiyyətlə isə, hər hansı hadisənin eyni şəraitdə, verilmiş ədəd dəfə təkrar olunması ehtimalı, bu sadə hadisənin ehtimalının bu ədəd qədər qüvvət üstünə yüksəldilməsindən alınan ədədə bərabərdir. Beləliklə, vahiddən kiçik olan kəsrin ardıcıl qüvvət üstləri həmişə azalır, odur ki, bir sıra olduqca böyük ehtimallardan asılı olan hadisə həddən ziyadə kiçik ehtimallı da ola bilər. Fərz edək ki, hər hansı bir fakt şahidlik edən iyirmi nəfərlə bizə elə surətdə ötürülür ki, birinci onu ikinciyə, ikinci üçüncüyə və s. ötürür: daha sonra fərz edirik ki, hər bir şahidlik ehtimalı 9/10 -a bərabərdir; şahidliklərdən alınan faktın ehtimalı bu halda səkkizdə birdən az olardı. Əşyalardakı aydınlığın azalması ilə ehtimalın da azalmasına ən yaxşı müqayisə: göz qarşısına bir neçə şüşə lövhə qoyulduqda, bir şüşədən tamamilə aydın görünən əşyanın görünməz olması üçün hətta az sayda lövhənin kifayət etməsidir. Tarixçilər, deyəsən, faktların ehtimalının belə tədrici azalmasına kifayət qədər diqqət yetirmirdilər, əgər tarixi hadisələrə çox sayda nəsillər ardıcıllığı keçdikdən sonra nəzər salınarsa, əksəriyyəti yəqin hadisələr sayılan belə hadisələr sınaqlarla yoxlanılsaydı, onlar ən azı şübhə doğurardı.
Sırf riyazi elmlərdə ən əvvəlki nəticələr baş verdikləri prinsipin yəqinliyində iştirak edir. Analizin fizikaya tətbiqində alınan nəticələr faktların və ya təcrübələrin tam yəqinliyinə malikdir. Mənəvi elmlərdə, hər bir nəticə əvvəlki nəticədən doğruyaoxşarlıq əsasında çıxarıldığından, bu nəticələrin nə qədər ehtimallı olmasına baxmayaraq, xətaların sayı onların sayı ilə birlikdə artır, hər hansı bir prinsipin ən əvvəlki nəticələrində gerçəklik şanslarından artıq olur.
Dostları ilə paylaş: |