Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan



Yüklə 0,98 Mb.
səhifə3/16
tarix19.10.2017
ölçüsü0,98 Mb.
#3110
1   2   3   4   5   6   7   8   9   ...   16

Bakının durumu
Fevral inqilabından başlayaraq Bakının durumu necə olmuşdur? İşçilər nümayəndələrinin soveti 1917-ci il martın 7-də təşkil edildi. İnqilabçı sosialistlər, bolşeviklər, daşnaklar və müsavatçılar bu sovet içində idilər. Bu təşkilatlardan hər birinin özünəxas hədəfləri var idi. Bolşeviklər Petroqraddakı olayların axışına görə hərəkət edirdilər. Sağçı sosialistlər və menşeviklər bolşeviklərin bu tutumuna qarşı idilər. Müsavatçılar və daşnaklar milli hədəflərinə yaradıqları ölçüdə inqilabdan yanaydılar. Bakının bu qarışıq durumu bir çox baxımdan Tiflisin durumuna bənzəməkdə idi. Belə bir durumda siyasi təşkilatlar siyasi üfüq aydın olmadığı müddətcə bir-birləri ilə əməkdaşlıq edirdilər. Sovetin ilk oturumu martın 6-da menşevik Ayuloyun başqanlığında açıldı. 52 min seçicinin nümayəndəsi olan 52 nümayəndə tərəfindən Şaomiyan rəyasətə seçildi.22 Bununla paralel martın 17-də məhəlli dumanın təşəbbüsü nəticəsində ictimai təşkilatların icraiyə komitəsi (İ. K. O. O) adı ilə təşkil edildi.23 Bu qurumda 53 təşkilat üzv idi. Adıkeçən təşkilat Petroqraddakı keçici hökümət tərəfindən özünü səlahiyətli təşkilat kimi tanıdır və Bakı şəhərinin hər növ güvənliyindən sorumlu olurdu. Ancaq mali işləri əlində bulunduran şəhər duması bələdiyə işləri ilə məşğul olurdu. Məhəlli sovetdə bolşeviklərin, sadəcə 9 nümayəndəsi var idi. Şaomiyan və Caparidzenin gəlişindən sonra bolşeviklər geniş təbliğata başladılar. Bolşeviklərin istəyi üzərinə aprel ayında yeni seçim keçirilir və 113 nümayəndə sovetə seçilir. Bolşeviklərin nümayəndələrinin sayı 25-ə yüksəlir. Mayın 15-də Şaomiyan Petroqraddakı koalisiya hökümətini qəbul etməməyə çağırır. Menşeviklər və daşnaklar Şaomiyanın bu təklifini rədd edirlər. Beləliklə iki qrup arasında sərt ziddiyətlər başlayır. Bununla da menşeviklər və bolşeviklər arasında bütün əlaqələr həm Bakıda, həm də Tiflisdə tamamən qoparılır. İyul ayında Petroqradda bolşevikləri sıxışdırırlar. İnqilabçı sosialist partiyalar, menşeviklər və məhəlli sovetin icraiyə komitəsi 12-16 iyul arasında Bakıda bir konferans keçirirlər. Adıçəkilən təşkilatların Sadovski, Sahakiyan və Baqaturov kimi rəhbərləri bolşevikləri məhəlli sovetdən kənarlaşdıraraq şəhərdə hərbi diktatura qurmaq istəyirlər. Ancaq müxalifləri sıxışdırmağa cürət edə bilmirlər. Yay boyunca Bakı Soveti azuqə azlığından əziyət çəkir. Bolşeviklərin tərəfdarları və müxalifləri bir-birləri ilə savaş halında olduqlarından Bakıya buğda zamanında çatmamaqdadır. Ərzaq komitəsi müsəlman kəndlilərin buğdasını müsadirə edir. Bu da kəndlilərin etirazlarına səbəb olur. Qıtlıqla qarşı-qarşıya olan işçilərin durumu çox bərbad vəziyyətdədir. Tezliklə işçilər, özəlliklə neft sahəsində işburaxma qərarına gəlirlər. Neft işçiləri işə getməkdən imtina edir. Bolşeviklərə görə işçilərin bu acınacaqlı duruma düşmələrinin tək suçlusu inqilabçı sosialistlər və menşeviklərdir. Bolşeviklərə görə menşeviklər neft burjualarının basqısı altında qalaraq işçilərin haqqını görməzlikdən gəlmişlər. Bolşeviklər bu gərginlikdən öz amacları üçün yararlanmağa çalışırlar və işçilərin haqqını tələb etmək üçün təbliğata başlayırlar. Bakı Sovetinin nümayəndəsi Caparizde iyul ayında Petroqradda keçən sovetlərin 6-cı konqrəsində deyir: “İşçilərin aşırı narazılığı üzündən bizim işimiz gözləniləndən daha çox asanlaşmışdır. Ancaq bu yeni inqilabi dalğadan inqilabi yöntəmlə yararlanmalıyıq.”24

Sentyabr ayında neft sənayesində, nəqliyyatda, toxumacılıqda və digər sahələrdə işçilər işə getməkdən imtina edib qrevə çıxırlar. 21 sentyabrda Caparidze neft işçilərinin konferansında bir təkliflə çıxış edir. Bu təklifə görə neft şirkətlərinin sahiblərinə ultimatom göndərildi. İşverənlərin bu ultimatoma uymamaları üçün 27 sentyabrda ümumi qrev başlayır. Bakı dənizçiləri və əsgərləri də bu qrevə dəstək verirlər. Oktyabrın 2-də sənaye sahibləri işçilərin qrevləri qarşısında təslim olurlar. Bolşeviklərin işçilərin mənafelərini savunmaları onların etibarını artırır. Oktyabrın 27-də məhəlli sovetin icraiyə komitəsinin konferansı keçirilir. Caparidze Petroqraddakı durumla ilgili bilgi verdikdən sonra deyir: “Proletariyanın Petroqaraddakı zəfərindən sonra Bakı proletariyasının da zəfər qazanması gərəkir.”25 İnqilabçı sosialistlər, menşeviklər və daşnaklar bu durumu əngəlləmək üçün kualision bir hökümətin qurulmasını istəyirlər. Bolşeviklər bu təklifi qəbul etmədiklərindən adıkeçən təşkilatlar noyabr ayının 18-də milli qurtuluş komitəsini təşkil edirlər. Bolşeviklər işçilərə müraciət edərək buna reaksiya göstərir, etiraz mitinqləri və qrev təşkil edirlər.

Oktyabr ayının 31-də məhəlli sovet 288 müvafiq, 78 müxalif və 21 tərəfsiz rəylə iqtidarı işçilərdən və əsgərlərdən oluşan daha geniş bir sovetə buraxmaq qərarına gəlir. Noyabr ayının 2-də keçirilən sovetin ilk oturumunda iqtidarın yeni sovetə təslim edilmə məsələsi müzakirə edilir. Menşevik Buqdanov buna etiraz olaraq toplantını tərk edir. Ancaq toplantıda hazır olan 464 nümayəndədən sadəcə 120 nümayəndə onun toplantını tərk etməsinə üzüldüklərini bildirirlər. Bunlar da əsasən inqilabçı sosialistlər, menşeviklər və daşnaklardan oluşmaqdadırlar. Müsavatçılar toplantıda qalırlar və müsavat üçün daha çox nümayəndə tələb edirlər. Onların bu tələbləri rədd edilir.

Sovet rəhbərliyini ələ keçirmiş olan icraiyə komitəsi partiyalar arasında ortaya çıxan ixtilaflardan yararlanaraq təxribatçı saydıqları təşkilatları bir-bir qapadırlar. Noyabr ayının 12-də milli qurtuluş komitəsi qapadılır. 21-də İ.K.O.O qapadılır. Ancaq müxalif partiyalar meydanı tərk etmirlər. Onlar durumu öz xeyirlərinə çevirə bilmələri üçün qurucu məclisin seçiminə çox önəm verməyə başlayırlar. Qurucu məclisin seçimi noyabr ayının 26-da keçirilir. Bolşeviklər 22 faiz səslə məclisdə yer alırlar. Bolşeviklərin arxasınca səs faizlərinə görə müsavatçılar, daşnaklar və inqilabçı sosialistlər gəlməkdədirlər. Aralarında çox cüzi fərq var. Bolşeviklər iddia edirlər ki, bu seçim sosial reallığı əks etdirməməkdədir. Petroqradda bolşeviklərin iqtidarının sağlanmasından həvəslənən bolşeviklər yenidən seçim keçirilməsindən yanadırlar. Yeni seçim dekabr ayının sonlarına doğru gerçəkləşir. Yeni sovet 190 nümayəndədən ibarətdir. 51 bolşevik, 41 daşnak, 38 inqilabçı sol sosialist, 28 sağ sosialistlər, 21 müsavatçı, 11 menşevik. Şaomiyan Tiflisdə bulunduğu üçün Caparidze rəyasətə seçilir. Dekabr ayının 31-də yeni sovet icraiyə komitəsini “Sovet rejimi ilə müvafiq olan nümayəndələr arasından seçir.”26 Yalnız inqilabçı sol sosialistlər bu qərarı qəbul edir. Yeni icraiyə komitəsi 7 bolşevik, 6 inqilabçı sol sosialist, 10 əsgər və 4 dənizçidən ibarətdir. Bolşeviklər məntəqə sovetlərində də əksəriyəti əldə edirlər.

1918-ci il yanvarın 18-də Petroqradda qurucu məclis ləğv edildikdən sonra inqilabçı sosialistlər, menşeviklər, daşnaklar və müsavatçılar Bakı sovetinə daha dostca yanaşırlar. Bolşeviklər bu fürsətdən yararlanaraq neft sənayesində kontrolu ələ keçirməyə çalışırlar. Eləcə də ərzaq, nəqliyyat sahələrini öz kontrollarına alaraq neft sənayesinin milliləşməsini təklif edirlər. Sonunda bolşeviklər tam olaraq Bakı sovetinin hakimi olurlar.

Türklərin saldırısı
Bolşeviklərin təhdidi yenicə bitmişdi ki, daha başqa bir təhlükə ortaya çıxdı. Brest-Litovsk müzakirəsinin kəsilməsindən sonra almanlar fevral ayında saldırıya keçdilər. Türklər də Qafqaz ordu qərargahı ilə imzaladıqları tərki-savaş anlaşmasını ayaq altına alaraq fevralın 12-də cəbhə xəttini yarıb saldırıya keçdilər. Rus ordusundan boşaldılmış Qafqazda türklər müsəlmanların güvənliyini sağlamağı bəhanə etmişdilər. Ancaq gerçək hədəfləri rus istilasından qurtulmaq üçün Qafqazdakı soydaşlarına yardım etmək idi. Martın 6-da Istanbulda yarırəsmi qəzet olan “Təsviri-əfkar”qəzeti Qafqazın durumu ilə bağlı yazırdı ki, gürcülər əvvəllər Qafqaz müsəlmanlarına qarşı kötü niyyət bəsləyirdilər. “Ancaq son zamanlar Osmanlı müdaxiləsindən qorxan ermənilər və gürcülər, fəaliyətlərini birləşdirirərk Türkiyəyə qarşı nifrət savurmağa başlamışlar. Ermənilər Osmanlı ordusunun qarşısında dirənmək üçün iki ordu düzənləmişlər. Onlardan biri türk ordusuna qarşı vurqaç saldırısı düzənləyən dəstələrdən ibarətdir. Bu dəstənin amacı türk ordusunu müqəddəs Osmanlı torpaqlarından içlərə doğru uzaqlaşdırmaqdır. Qafqaz türklərinin tək arzusu öz aqibətlərini Osmanlı türkləri ilə birləşdirərək rus istilasından qurtulmaqdır.”

Türk ordusu dörd illik savaş sürəsində təcrübə qazanmışdı. Erməni və gürcü əsgərlər türk ordusuna qarşı çıxacaq gücdə deyildirlər. Ayrıca, Mesopotamiyadan gələn təqviyə güc də türk ordusuna qatılmışdı. Erməni və gürcü birlikləri 200 min nəfərdən ibarət idi. Müsəlmanlar Qafqaz əhalisinin 40 faizini təşkil edirdi. Onlar öz soydaşları olan Osmanlı ilə savaşmaq fikrində deyildilər. Tam tərsinə, qarşılamaq üçün türk ordusunun saldırısını səbirsizliklə bəkləməkdə idilər.

Rus ordusunun boşaldılıb yerinə erməni ordusunun yerləşdiyi Ərzincana fevralın 13-də türklər saldırdılar. Erməni ordusu Ərzincanı boşaldıb Ərzuruma geri çəkildi. 15 gün Ərzurumda qəhrəmanca dirəndilər. Andranik və onun partizanları erməni birliklərini qorumaq və gücləndirməklə görəvləndirilmişdilər. Onlar kürdlərin və türk ordusunun saldırısından qaçan erməniləri qoruyub yerbəyer etməli idilər. Andranik erməni könüllü birliklərinin məşhur komutanı idi. Savaş meydanında generallıq rütbəsinə yüksəlmişdi. 1917-ci ildə Qərb erəminləri ofisi tərəfindən üçüncü ordu komutanlığına gətirilmişdi. Bir çox erməni partizan birliklərinin rəhbərləri ona tabe idi. Erməni cəbhəsinin düşməsi ilə Andranik ümidsizliyə qapılır. Fevralın 19-da Paris erməniləri nümayəndəliyinin heyyət rəisi Boğus Nober Paşaya bu məzmunda bir teleqram göndərir: “Bizim 12 min əsgərimiz var. Düşmən saldırıya keçmişdir. Qafqaz ermənilərinə ümid bağlamaq olmaz. Onların 8 min nəfərlik ordusu var. Cəbhəni savunacaq gücdə deyillər. Hər şey dağılmaq üzrədir. Kötü xəbərlər gözləməkdəyik. İngiltərənin İrana daha çox qüvvə göndərməsi gərəkir. Müttəfiqlər Kilikiyəyə saldırıb Şərq xəttini işğal etməlidirlər. Bizim qurtuluşumuz ordadır.”27

Türklərin irəliləməsi təhlükəli durum oluşdurmuşdu. Seym general Vahab Paşaya teleqram göndərərək barışdan yana olduğunu bildirdi. Türklərlə müzakirəyə hazır olduqlarını duyurdular. Tərəfsiz bölgə olaraq qəbul edilən Trabzonda müzakirə başlamalı idi. Qafqaz nümayəndə heyyəti Çxen Keli başçılığında on nəfərdən ibarət idi. Gürcü Xaçaznuni və erməni Xatisyan da bu heyyətin içində idi. Heyyət hərəkətə hazırlandığı anda Karaxandan bir teleqraf gəldi. Teleqraf Batumi, Qars və Ərdhanın Türkiyəyə verildiyini bildirirdi. Qafqaz heyyəti sovetlərin qərarına şaşırmışdı. Türklərlə müzakirənin artıq bir anlamı olmayacağını hiss edirdilər. Ancaq heyyət türk tərəfinin Trabzona gələcəyini bildiyində müzakirəyə qatılım qərarı verdi. Heyyət martın 8-də Trabzona çatmışdı. Türkiyə tərəfi martın 12-də Trabzona gəldi. Martın 14-də Hüseyn Rauf bəy başqanlığğında müzakirə başladı. Hüseyn Rauf deyir: “Allaha şükr edirəm ki, mənə nəcib Qafqaz millətinin nümayəndə heyyətini qarşılama imkanı vermişdir. Qafqaz addım-addım bağımsızlığa doğru irəliləyir. Bu mübarək hadisəni görməyi öz həyatımın dəyərli xatirəsi kimi anımsayacağam.” Daha sonra da davam edir ki, təəssüflər olsun Türkiyə Qafqazla bağlı öz tarixi vəzifəsinə gərəyincə önəm verməmişdir. Dil və din baxımından bənzər olan Qafqaz əhalisinə yardım edə bilməmişik.28

Türkiyənin erməni və gürcünü görməzlikdən gəlməsi heç də bu iki millətin gələcəyi baxımından xoş hadisə deyildi. Əslində martın 10-da Vahab paşa general Lebdinskidən ordularını Brest-Litovsk anlaşmasına görə Qarsdan, Ərdhandan və Batumidən geri çəkməyi istəmişdi. Çxen Keli soruşdu ki, bu, müzakirənin davamını durdurmaq anlamındamı? Rauf bəy, özünü elə aparırdı ki, sanki Vahab paşanın bu təklifindən xəbərsizdir və dedi ki, mənim görəvim qurulmaqda olan Zaqafqaziya cümhuriyyətinin nümayəndə heyyəti ilə müzakirə aparmaqdır. Bu üzdən Rauf bəy soruşdu ki, bu cümhuriyyətin qanuni əsası nədir? Çxen Keli cavab verdi: Qafqaz öz məsuliyyətinin həddini bilən bir dövlət olmuşdur. Qafqaz cümhuriyyətinin xəbəri olmadan imzalanan Brest-Litovsk müqaviləsini qəbul etmirik. Türkiyə nümayəndə heyyəti bu cavabdan narahat olmuşdu. Türkiyə tərəfi dedi ki, iki müstəqil dövlət arasında imzalanan müqavilənin üçüncü tərəfin razı olub-olmamasına ehtiyacı olmaz. Zaqafqaziya cümhuriyyəti uluslar arası hüquq imkanlarından yararlanmaq istəyirsə, özünü bu hüququn qaydalarına uyqunlaşdırmalıdır. Örnəyin digər dövlətlər tərəfindən tanınmanız üçün çalışmalısınız. Yanvarın 23-də Zaqafqaziya höküməti bir teleqramla duyurmuşdu ki, öz siyasi fəaliyyətini Rusiya cümhuriyyətinin digər muxtar hökümətləri ilə uyğunlaşdıracaqdır. Bu üzdən Qafqaz özünü müstəqil bir dövlət kimi deyil, Rusiya federasiyasının bir üzvü kimi aparmalıdır. Türkiyə nümayəndə heyyəti davam edir: Osmanlı dövləti Rusiyaya qarşı hərbi əməliyyat keçirir. Zaqafqaziyada yeni dövlətin qurulacağını bildiyimizdə bu dövlətlə münasibət bərqərar etmək istəyimiz olmuşdur.

Türk heyyətinin istəkləri Qafqaz heyyəti tərəfindən qəbul edilir deyildi. Qafqaz nümayəndə heyyəti heç bir nəticə almadan martın 14-də Trabzondan ayrıldı. Zaqafqaziya heyyəti savaşmaq qərarına gəlmişdi. Ümumi səfərbərlik elan etdilər. Gegeçkori, Ramişvili və Karçikiyan müdafiə komitəsi təşkil etmək üçün tam səlahiyyət alıb bu məzmunda bir bəyaniyə yaydılar:

“Vətəndaşlar! Ortaq vətənimizin aqibətinin müəyyən edilməsi üçün uyğun zaman gəəlmişdir. Türkiyə dövlətinin bizə gətirdiyi təkliflərdən yəqin ki, xəbərdarsınız. Qafqaz xalqlarının xəbəri olmadan imzalanan Brest-Litovsk müqaviləsinin tanınmasını Türkiyə bizdən istəməkdədir. Onlar Qafqazı dünyadan təcrid edərək boğmaq istəyirlər. Silaha sarılmazsaq, türklərin qarşısında dirənə bilməyəcəyik.”29

Türkiyə qarşısında hər növ dirəniş ümidini itirən Seym aprelin 22-də fövqəladə bir toplantı keçirib, Qafqazın istiqlalını duyurmaq istədi. Çxen Keli rəisliyindəki hökümət düşünürdü ki, münasibətlər Rusiya ilə pozulmuşsa, o zaman Türkiyə ilə yaxşı münasibət qurulmalıdır. Bu zəif ümid tezliklə ümidsizliyə dönüşdü. Türkiyənin Qafqazın müstəqil olmasında başqa hədəfi var idi. Türkiyə Qafqazı Rusiyadan qopararaq Brest-Litovskdəki müqavilədən artıq imtiyaz əldə etmək istəyirdi. Türk ordusu Qafqazın giriş qapısı sayılan Qarsa yaxınlaşırdı. Seym gərgin günlər keçirirdi. Aprelin 23-də Çxen Keli Seymə xəbər vermədən Qarsı türklərə buraxdı. Çxen Kelinin bu əməli erməniləri sarsıtmışdı. Ermənilər bunu xəyanət olaraq adlandırdılar. Gürcülər Seymin rəyasətini ermənilərə buraxmaq istədiklərində ermənilər qəbul etmədilər. Çünkü ermənilər bilirdilər ki, öz torpaqlarını qorumaq fikrində olan gürcülər onlara dəstək verməyəcəklər. Digər tərəfdən isə, Qafqaz müsəlmanları səbirsizliklə türk ordusunun gəlişini bəkləməkdə idi və türk ordusu ilə işbirliyinə hazır durumdaydılar. 1918-ci il aprelin 26-da Çxen Keli Osmanlı dövlətinə teleqram göndərərək barış müzakirəsinin Batumidə yürüdülməsini istədi.




Bakı kommunası
Menşeviklər Şaomiyanı həbs etmişdilər. O, fevralın 20-də Tiflisdən qaçaraq Bakıya gəldi. O, mərkəzi sovetlərin yardımı ilə qızıl ordu təşkil etməyə ümid bağlamışdı. Bu yolla Tiflisi işğal edib Seymi ortadan qaldırmaq istəmişdi. Çünkü Seymin ortadan qaldırılışı ilə işçilərin və kəndçilərin bolşeviklərin yanında olacağını düşünürdü. Ancaq bu yolla Almaniya və Türkiyənin bölgədəki istəklərinə qarşı çıxa biləcəklərini ön görürüdü. Bir sözlə Qafqazı sovet Rusiyası üçün hazırlayırdı. Tiflisdən Bakıya gəldikdən sonra inqilabi bir komitə təşkil etdi. Bu komitənin rəhbərliyini Kurqanov və Mikoyana buraxır. Bunların 23 yaşları var. İlk dəfə idi Bakıda siyasət səhnəsinə çıxmaqda idilər. Bir qızıl quvardiya, işçilərdən və müxtəlif millətlərin əsgərlərindən oluşan uluslar arası bir alay təşkil etdi. Mart ayında bolşeviklərin altı min əsgərdən oluşan ordusu var idi.

Seym ilə əlaqələrin kəsilməsi və Qafqazın türklər tərəfindən işğal edilmə təhlükəsi Bakıdakı partiyaların düşüncəsini təsirləndirirdi. Daşnaklar türklərin qorxusundan bolşeviklərə yaxınlaşırlar. İnqilabçı sosialistlər və menşeviklər bolşeviklərə güvənməsələr də, Bakının Rusiyanın kontrolunda qalmasını istəyirlər. Müsavatçılar Qafqaz müsəlmanlarının əksəriyyətinin himayəsini qazansalar da, Bakıda məhəlli sovetdə çox az nümayəndələri var. Məhəlli sovet rusların və ermənilərin kontrolundadır. Türklərin Qafqazda irəliləmələri müsavatçıların Rusiyadan ayrılma istəklərini gücləndirirdi. Bundan sonra müsavatçılar açıqca Türkiyə yanlısı siyasət izləməkdədirlər. Və səbirsizliklə türk ordusunun Bakıya girməsini bəkləyirlər. Ancaq türk ordusunun gəlməsi ilə müsavatçılar rəqib partiyaların şərindən qurtula biləcəklərini düşünürdülər.

Bakı soveti icraiyə komitəsi bu ziddiyətlərdən ustalıqla durumu kontrol etmək üçün istifadə edir. Lenin Bakının durumu ilə bağlı Şaomiyandan məlumat istəyirdi. Şaomiyandan gələn məlumata cavab olaraq Lenin onun siyasətini bu şəkildə təqdir edir: “Sizin səmimi və qətiətli siyasətiniz bizi məmnun edir. Siyasətinizi yumşaq diploması ilə Qafqazın mürəkkəb durumuna uyğunlaşdırmağa çalışın! Bu durumda bizim qələbəmiz kəsinləşəcəkdir.”30

Martın 12-də türklər Ərzurumu ələ keçirirlər. Bu xəbər müsavatçıları ruhlandırır. Müsavatçılar məhəlli sovetə qarşı fəaliyyətə başlayırlar. Müsavatçılar daha öncə milli komitə tərəfindən bir ordu düzənləmişdilər. Bu ordu “Vəhşi ordu” adlanırdı və Qərb cəbhələrindən geri dönmüşdülər. Müsavatçılar bu ordunu gücləndirdilər.31 müsavatçılar türklərin yardımı ilə martın 25-də Petrovsk limanını (indiki Maxaçqala) işğal etdilər. Dağıstanda imam Qotsinski bolşevik düşməni idi və müsavatçılarla əməkdaşlıq edirdi. Müsavatçılar beləliklə Bakının şimalla olan irtibatını kəsdilər və buğdanın gəlməsini durdurdular. Müsavatçılar iğtişaş yaradır və Xəzərin güney limanlarını, o cümlədən Lənkəranı ələ keçirdilər. Müsavatçılar Bakıdakı qərargahlarından yardım tələb edirlər. Əsədullayev Bakı milyonerlərindən birinin oğludur. Martın 29-da hərbi bir vahid Əsədullayev başçılığında Lənkərana yollanır. Bu ordunun Lənkərana yola düşməsindən bolşeviklərin xəbəri olmur. “Ulina” adlı gəmi ilə Əsədullayev Lənkərana gedir. Bolşeviklər xəbərdar olduqdan sonra Bakı soveti gəmini ələ keçirmək üçün hərəkətə keçir. Əsədullayev gəmiyə yaxınlaşmaq istəyənlərə qarşı atəş əmri verir. Bu hadisə durumu daha da gərginləşdirir. Martın 30-da M. Ə.Rəsulzadə rəhbərliyində müsavatçı bir heyyət Bakı soveti icraiyə komitəsinə müraciət edərək onlardan silahlarını buraxmalarını tələb edir.

İnqilabçı hərbi komitə etnik savaşın baş qaldıracağından qorxur. Bolşeviklər də etnik savaşı istəməməkdədirlər. Bu üzdən Bakı soveti silahlarını “Hümmət” partiyasına təslimetmə qərarına gəlir. Müsavatçılar bu təklifi qəbul etmirlər. Bunun üzərinə qanlı savaş başlayır. Bu savaşda 20 mindən artıq adam iştirak edir. Martın 30-dan aprelin birinə qədər üç gün ərzində üç mindən artıq adam ölüb yaralanır. Ermənilər şurasının bolşeviklər qədər əsgərləri var idi. Şura bu savaşda öncə tərəfsiz qalmaq istədi. Ancaq öz soydaşlarının canlarını təhlükədə görür. Şura erməni əsgərləri öz məhəllələrində hazır duruma gətirir və müsəlmanlara qarşı savaşa qatılır. Əsas qərargahları içərişəhərdə olan müsavatçılar dənizdən top atışlarının atəşi altındadırlar. Müsavatçılar təslim olurlar. Əlimərdan Topçubaşov rəhbərliyində bir heyyət sovet tərəfindən təsis edilən Bakını qoruma komitəsinə müraciət edir. Heyyət təslim şərtlərini bu şəkildə qəbul etmək zorunda qalır: 1-Müsavatçılar bolşevik icraiyə komitəsini Bakının alternativsiz güvənlik gücü kimi tanımalıdırlar. 2- Müsavatçı əsgərlər ya sovetin əmrlərinə tabe olmalıdır, ya da Bakını tərk etməlidirlər. 3- Tiflis və Petrovsk arasındakı əlaqələri müsavatçılar təhlükə altına almamalıdırlar.

Bolşeviklər bu qələbələrindən sonra öz yerlərini Qafqazda və özəlliklə Bakıda möhkəmləndirmək istəyirlər. Müxalif qəzetlərin yayımını durdururlar. Sənayeçiləri və Bakı burjuaziyasını bolşeviklərə 50 milyon rubl məbləğində para ödəməyə zorlayırlar. Şaomiyan aprelin 13-də Moskvaya göndərdiyi raportunda savaş haqqında yazırdı: “Bir tərəfdə sovet qızıl quvardiyası, bolşeviklərin uluslar arası alayı və qızıl donanma, digər tərəfdə isə, müsəlmanların vəhşi ordusu durmuş savaşırdılar. Vəhşi müsəlman ordusunun içində bir çox rus zabiti də var. Müsəlman qruplar müsavatçıların rəhbərliyi altındadırlar. Savaş bizim xeyirimizə nəticələndi. Savaşı başladan Müsavatçılar idi. Müsavatçılar savaşı qazansaydılar, bütün Qafqaza hakim olacaqdılar. Bu da Qafqazı itirmək anlamına gələrdi. Bizim 6000 savaşçımız və 3-4 min arasında daşnaklara tabe olan əsgərimiz var. Daşnakların iştirakı savaşı etnik zəminə sürüklədi. Ancaq bu, qaçınılmaz idi. Başqa yol yox idi.32

Bolşeviklərin Bakıdakı qələbəsi Qafqaz hökümətini narahat edir. Özəlliklə Gəncəni öz qərargahı olaraq təyin edən müsavatçılar bu işdən çox narahat olurlar. Aprel ayında keçirilən ikinci toplantıda gürcü inqilabçı sosialistlərin nümayəndəsi Ramişvili bəyan edir ki, “Bu məğlubiyətdən sonra bolşeviklərin Tiflisə saldırıb bütün Qafqazı ələ keçirmələrinin yolu açılmışdır.”33 Müsavatçıların tələbi üzərinə Seym, polkovnik Nikita Maqalov başçılığında 6000 nəfərlik ordunu Gəncəyə göndərmə qərarı alır. Ordu müsavatçılarla Gəncədə birləşərək Bakıya doğru hərəkət edir. Dağıstandan imam Qotsinski də 1500 savaşçı müsavatçılara yardım etmək üçün göndərir. Birləşik güclər Bakının 17 km yaxınlığında olan Xırdalana qədər irəliləyir. Xırdalanda ortaq erməni-bolşevik ordusu ilə qarşılaşır və geri çəkilirlər. Bakının mühasirəsi beləcə mümkün olmur. Ayrel ayının sonlarında qızıl güclər Petrovsk və Dərbəndi işğal edirlər. Şimalla irtibat yollarını qurudan və dənizdən açıq tuturlar.

Bolşeviklər Seymin Zaqafqaziyanı müstəqil dövlət olaraq elan etməsini sovet Rusiyasına xəyanət kimi görürlər. Aprelin 25-də bolşeviklər öz hökümətlərini təsisetmə qərarına gəlirlər. Xalq Komiserləri Şurası (SOVNARKOM), ancaq bolşeviklərdən və inqilabçı sol sosialistlərdən ibarət idi. Bu, Bakı kommunası hökümətinin başlanğıcı idi. Şuranın tərkibi bu şəkildə idi: Şaomiyan- şuranın rəisi, Çaparidze-daxili işlər naziri, Kurqanov- müdafiə naziri, Nərimanov-ədliyə naziri, Kariniyan-təhsil naziri, sol sosialist olan Soxartsov- post və teleqraf naziri. Şaomiyan müsəlmanların könlünü ələ almaq üçün Əzizbəyovu Bakı şəhəri komiserliyinə təyin edir. Daha sonra da onu Bakı əkinçilər nümayəndələri sovetinin icraiyə komitəsinin rəisi təyin edir.



1918-ci il mayın 1-də Bakı soveti bir bəyaniyə yayır. Bəyaniyədə deylir ki, Bakı soveti mərkəzi iqtidarla çox sıx əlaqədədir. Sovetin bütün əmrləri Bakı sovetinin kontrolunda olan ərazilərdə qanun xarakteri daşıyır və davam edir: “Bakı soveti bütün Qafqazda və Dağıstanda sovet iqtidarını qorumaq üçün son nəfəsinə qədər savaşacaqdır.”34 Ancaq türklərin saldırısının qarşısını hansı güc ala biləcəkdi? Zəif gürcü-erməni birlikləri türklərə qarşı qoyacaq durumda deyildilər. Müsəlmanlar da türklərə qarşı savaşmaq fikrində deyildilər.

Batumi konferansı
Trabzonda durdurulan müzakirə 1918-ci il mayın 11-də Batumidə yenidən başladı. Türkiyə nümayəndə heyyətini ədliyyə naziri Xəlil bəy və onun yardımçısı Vahab paşa təmsil edirdi. Qafqaz nümayəndə heyyətində Çxen Keli rəisliyində Xaçaznuni və Rəsulzadə bulunmaqda idi. Alman dövləti də Brest-Litovsk müqaviləsini imzalayan tərəf kimi bu müzakirəyə nümayəndə göndərmişdi. Qafqaz nümayəndə heyyəti müzakirənin Brest-Litovsk müqaviləsi əsasında davam etməsini istəyirdi. Xəlil bəy cavab verdi ki, o müqavilə Qafqaz höküməti tərəfindən rədd edilmiş, Qafqaz nümayəndə heyyətinin trabzonu tərk edişindən sonra hərbi əməliyyatlar durdurulmamış, nəticə etibarı ilə yeni durum ortaya çıxmışdır. “Türk ordusu ilə Qafqaz gücləri arasında savaş başlamışdır. Daha sonrakı vəziyyət haqqında hər kəsin bilgisi vardır. Nə yazıq ki, çox qan tökülmüşdür. Ayrıca, münasibətlərimizin mahiyyəti dəyişmişdir.”35 Mayın 14-də türklər daha artıq tələblərlə çıxış etdilər: Brestdə onlara verilən ərazilərdən başqa Axalkalaki və Axaltsix nahiyələrini də istəyirdilər. Bu ərazilərin Türkiyəyə qatılmasının yanı sıra Aleksandropol-Culfa arasında 25 km uzunluğunda sərbəst bölgə tələb edirdilər. Bu sərbəst bölgədən İranda ingilislərlə savaşmaq üçün keçid yol kimi istifadə edəcəklərini söyləyirdilər.36 Türkiyə bu müzakirədəki tələblərinə çatmaq üçün müzakirə gedərkən hərbi əməliyyata başlayır. Mayın 15-də Aleksandropol (indiki Leninakan) dəmiryolunu işğal edir. Bu işğalla da Tiflis və İrəvan təhlükə altına girmiş olur. Şərqi Ermənistanın tamamının işğal edilmə təhlükəsi ermənilərin milli duyğularını təhrik edir. Erməni ordusunun başkomutanı general Nəzərbəgiyan son saatda qəmli bir məsaj göndərir. Mayın 26-da general Danielbek Piromiyan və general Silikiyan komutanlığındakı erməni orduları türk ordusuyla savaşırlar. Savaş İrəvanın yaxınlığında olan Sərdarabadda başlayır. Türk ordusunu geri püskürtməyi başarırlar. Qeyri-hərbi müdafiənin başçısı Aram manukiyandır. O, bu savaşda böyük qəhrəmanlıq göstərir və öz qəhrəmanlığı ilə ermənistanı və onun istiqlalını qorumuş olur. Başabaran və Qarakilsədə də türklərin saldırısı durdurulur. Bu da türklərin Bakıya girişlərini ertələyir. Ancaq böyük savaş təcrübəsi olan türk ordusu qarşısında ermənilər bundan artıq dirənə biləcək gücdə deyildilər. Erməni nümayəndələri Batumi konferansında savaş meydanı ilə əlaqə saxlaya bilmədikləri üçün müzakirə masasında zəfər kartlarından istifadə etməyi başarmadılar. Bu üzdən də ağır barış şərtlərinə imza atmaq zorunda qalırlar. Andranik bu müqaviləni təhqir sayır və öz tərəfdarları ilə Dəlicana çəkilir. Ordan da Naxcıvana gedir. Andranik bu hərəkətləri ilə İranda ingilis güclərinə qatılıb onlardan yardım alacağını xəyal etmişdi.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin