Qoşunun enli və dərin çay olan Fəratdan keçməsi çətin bir məsələ idi ki, körpü salmadan, yaxud gəmiləri və qayıqları bir-birinə birləşdirmədən mümkün deyildi. Imam (ə) Riqqə əhalisindən xahiş etdi ki, ordunun Fəratdan keçməsi üçün lazım olan şeyləri hazırlasınlar. Lakin Iraq əhalisinin əksinə olaraq buranın əhalisinin Əli (ə)-a qarşı rəğbəti olmadığından körpü düzəltməkdən imtina etdilər. Imam (ə) müsəlmanların mövlası–tam ixtiyar sahibi olmasına baxmayaraq onların bu işləri qarşısında heç bir əks-tədbir görmədi və öz ordusu ilə uzaqda yerləşən Mənbic körpüsündən keçməyi qərara aldı. Bu vaxt Malik Əştər nərə çəkib onları, sığındıqları qalanı viran etməklə hədələdi. Riqqə əhalisi bir-birinə xəbər verib dedilər ki, Malik həmişə dediyi sözün üstündə durur. Buna görə də dərhal körpü salmaq üçün hazırlıqlarını bildirdilər. Körpü hazır olduqda Imam (ə) və onun piyada qoşunu öz yükləri ilə birlikdə oradan keçdilər. Oradan keçən axırıncı adam Malik oldu.92